Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:42

«Mixaylo»nun öldüyü evi sökə bilərlər…


«Mixaylo» Çepovan kəndindəki Qardaşlıq məzarında dəfn edilib
«Mixaylo» Çepovan kəndindəki Qardaşlıq məzarında dəfn edilib

«Mixaylo» əslində necə ölüb? «Azadlıq» radiosunun «Həmyerli» verilişində budəfəki səfərimiz Sloveniyayadı. Azərbaycanda ilk dəfə bizdən eşidəcəksiniz: Mehdi Hüseynzadənin meyitini kim tapıb? Öləndə «Mixaylo»nun belindəki çantadakı pul nə pul idi? «Mixaylo»yla çiyin-çiyinə döyüşmüş partizanların xatirələrini eşidəcəksiniz, əfsanəvi partizanı azərbaycanlının satması haqda versiyalar barədə söhbət düşəcək. Bir də Anjelikadan xəbər var...



Uzaq sahillərdə filmində «Mixaylo»nun ölüm səhnəsi bədii təxəyyülün məhsuludu – o, həm kənd sakinlərinin güllələnməməsi üçün, həm də qaldığı ev partladılmasın deyə təslim olur, hərçənd buna təslim olmaq da demək olmaz, həm özü ölür, həm də özüylə götürdüyü bomba partlayıb onu mühasirəyə almış almanları öldürür.


Elə əsl həqiqətdə də «Mixaylo» mühasirəyə düşüb, amma təslim olmağı ağlına belə gətirməyib.


Vitovye kəndindəki bir anbarı göstərirlər mənə. Əfsanəvi qəhrəmanın ömrünün son günü burda keçib. Təxminən 3 metrin 3 metrə olan bu səliqəsiz anbara vedrələr, yeşiklər, karton qutular yığılıb. Bu anbar istifadəsiz ikimərtəbəli binada yerləşir, binanın özü isə İkinci Dünya Müharibəsi vaxtı qonaq evi olub.


Həmin gecə onlar bu anbarda saman üstündə yatırdılar. «Mixaylo» və onun partizan yoldaşı Andrey Komel 1944-cü ilin soyuq noyabr günlərinin birində yaxınlıqdakı Triyest şəhərindən xüsusi əməliyyatdan qayıtmışdılar. Nasistlərə məxsus bankı yarmışdılar. Gecə almanların bir neçə nəfərdən ibarət dəstəsi kəndə daxil olur, evi mühasirəyə alır, atışma düşür. Andrey Komel qapıdan çıxır, amma bir az gedəndən sonra onu öldürürlər. «Mixaylo» isə evin arxasındakı pəncərədən atılır. Həmin pəncərə sonradan kərpiclə hörülüb.


Mənə kəndin yerləşdiyi Nova Qoritse rayonunun meriyasında işləyən Andrey Kampara bələdçilik edir, anbarın arxasına keçirik, burdan yol keçir:


«Baxın, sonradan pəncərə daşla hörülüb. «Mixaylo» pəncərədən atılandan sonra 10-15 metr yuxarı qalxıb, amma orda onu vurublar».


Həmin yerə qalxırıq. Eni uzunu 5-6 metr olan bir otluqdu. «Mixaylo»nu burda vurublar onun meyitini 4 yaşlı bir qız tapıb.


«Mixaylo» bu evin yaxınlığında qətlə yetirilib
Həmin qız Mira Xrovatin 63 il qabaqkı hadisəni xatırlayır.Mira Xrovatin deyir ki, «Mixaylo»nun meyitini yolun kənarında tapıb: «Onun belində çanta vardı, içi italyan pullarıyla doluydu. Yolun kənarında kiçik bir su saxlancı vardı, «Mixaylo»nun başı həmin suyun içinə əyilmişdi, su qırmızımtıl rəngdəydi, yağış yağırdı və «Mixaylo»nun saçının boyasının rəngi çıxmışdı. O, almanlara oxşamaq üçün alman zabiti mundiri geyməkdən başqa həm də saçını boyayardı».


Amma «Mixaylo»nun meyiti iki gün sonra tapılıb. Yerli sakinlərin gümanına görə, «Mixaylo»nu ölümcül yaralanıbmış, almanlar atışmadan sonra partizan yuvası olan bu dağ kəndini dərhal tərk edirlər, bir az aşağıdakı qərargahlarına enirlər. Yerli sakinlər güman edir ki, «Mixaylo» bir gün sağ qalıb, amma sonra tapançayla özünü vurub.


Kənd sakinlərinin təşəbbüsü ilə «Mixaylo»nun həlak olduğu yerə xatirə daşı qoyulub – üstündə yazılıb ki, burda Sovet İttifaqı Qəhrəmanı, diversant «Mixaylo» həlak olub. Xatirə daşının önündə güllər əkilib.


Amma Mira Xravatin deyir ki, «Mixaylo» sağ da qala bilərdi, əgər bir nəfərin dediklərinə inansaydı.


«Mixaylo»nun almanların arasında törətdiyi diversiyalardan sonra axtarış başlayırdı və Triyestdəki bankın yarılması da belə fövqəladə hadisələrdən idi. Almanlar Vitovye kəndinə də gəlmişdilər. Kənddəki partizanların biri də Henrik Xrovatin idi, o vaxt 4 yaşı olan Mira Xrovatinin gələcək qayınatasıdır. Henrik qərara gəlir ki, gecəni kənddəki evində keçirməsin, partizanların dağlardakı qərargahına getsin.

Mira deyir ki, almanların gəlməsi xəbərini qayınatası «Mixaylo»gilə də çatdırıb, məsləhət görüb ki, onunla bir yerdə dağlara çəkilsinlər. Amma «Mixaylo»gil almanların kəndin içinə girəcəyinə inanmayıblar. Mira deyir ki, inansaydılar, hər şey yaxşı qurtarardı.



Mira deyir ki, «Mixaylo»gilin kənddə ona görə qalırlar ki, almanlar qabaqlar da Vitovye kəndinin ətrafında görünərdilər, amma partizan yuvası olan bu kəndin içərilərinə girməyə cürət etməzdilər. Mira deyir ki, almanlar həmin gecə onun qayınatasının evini də ələk-vələk ediblər, yataq otaqlarına da giriblər, amma Henriki tapa bilməyiblər. Çünki Henrik Xrovatin kəndi tərk edib 3 gün dağlarda gizlənir.


Elə burdaca bir məqamın üzərində ətraflı dayanmaq istərdim. Belə bir fikir var ki, Mehdi Hüseynzadənin ölümünə səbəb bir satqının almanları onun yeri haqda məlumatlandırması olub. Amma bəlkə də düşünmək olar ki, Mira Xrovatinin dedikləri bu versiyanın üzərinə bir qədər şübhə kölgəsi salır. Hətta Azərbaycanda belə bir ehtimal da səslənir ki, «Mixaylo»nu onunla bir yerdə döyüşmüş bir azərbaycanlı partizan yoldaşı satıb. Mən bunun nə dərəcədə ağlabatan olduğunu «Mixaylo»nun sloveniyalı partizan yoldaşlarından soruşdum – ümumiyyətlə satqınlıq haqda versiyanı təəccüblə qarşıladılar.


Dominik Şirokun 1944-cü ildə 14 yaşı vardı, ləqəbi «Minçe» idi, o partizanları ərzaqla təmin edən dəstədəydi, o cümlədən «Mixaylo»gilə dəfələrlə ərzaq aparıb. Deyir ki, «Mixaylo»nu partizanlardan kiminsə satmasına inanmır, deyir ki, «Mixaylo» bu gün partizan geyimində olurdu, sabah mülki paltarda, o biri gün alman zabiti geyimində, saçının rəngini də dəyişdirirdi, yerlərini də daim dəyişirdilər, ona görə də onun sabah harda olacağını heç kim bilə bilməzdi.


Dominik Şirok deyir ki, «Mixaylo»da qorxu hissi yox idi, əsl qəhrəman idi, hətta almanları ələ də salırdı, bəzən onlarla restoranda yemək yeyib gedəndən sonra kağız göndərirdi ki, ən xoş arzularla «Mixaylo». Almanlar onun başına 300 min marka pul qoyublarmış.


Kənd sakinlərinin təşəbbüsü ilə «Mixaylo»nun həlak olduğu yerə xatirə daşı qoyulub
Sloveniyada «Mixaylo»nun 9 aylıq partizan həyatıyla bağlı üç yerə baş çəkdik: bunlardan biri Vitovye kəndidi, «Mixaylo»nun həlak olduğu yer, Çepovan kəndi – onun basdırıldığı yer və bir də Şempas qəsəbəsi – onun heykəlinin qoyulduğu yer. Sonuncudan başlayaq.


«Orijinala çox yaxındı» – deyir, Siril Zupanc «Mixaylo»nun heykəlini göstərib – «Zupanc «Mixaylo»yla eyni partizan korpusunda döyüşüb, indi 83 yaşı var. Sloveniyada partizan hərəkatı haqda kitabını mənə göstərir –kitabın böyük bir bölümü də «Mixaylo»nun qəhrəmanlıqlarına aiddir.


Kitabda «Mixaylo»nun azərbaycanlı partizan yoldaşı Mirdamətlə birgə şəkli var, Siril Zupanc deyir ki, büst «Mixaylo»unun kitabdakı şəklinə çox bənzəyir.


Əslində bu heykəl yox, postamenti ilə birlikdə təxminən 2 metr yarım hündürlüyündə böyük büstdü - üstündə «Mixaylo»nun Azərbaycanın da qəhrəman oğlu olduğu da yazılıb – abidəni keçən ilin payızında Azərbaycan hökumətinin maliyyəsi ilə qoyublar. Heykəltəraş Akif Ələsgərovdu.


«Şempas vaxtilə partizan oylağı olub» – deyir Andrey Kampara – yaxınlıqdakı Nova Qoritse şəhər meriyasının əməkdaşı – mənə o bələdçilik edir. Mixaylonun heykəli Şempasda - orta məktəbin yanında və şosse yolunun kənarında qoyulub. Slovenlər heykəlin yerini təsadüfi seçməyiblər.


Andrey Kampara deyir ki, elə yer seçiblər ki, uşaq-böyük onun haqda məlumatlansın.


Bir də «Mixaylo» həlak olduğu dağlara daha dəqiqi Vitovye kəndinə baxır.


Bundan sonra yollanırıq Vitovye kəndinə «Mixaylo»nun meyitini tapan qadınla görüşməyə.


Almanlar Çepovan kəndinin daşını daş üstə qoymayıblar - əvvəl bombalayıb, sonra da yandırıblar – bu çepovanlılardan alınan qisas idi – kəndi partizanlar yuvasına çevirdikləri üçün. «Mixaylo» da burda torpağa tapşırılıb.


Çepovan dağların arasında böyük bir dərədə yerləşir – mənzərəli yerdi, amma ucqar bir kənddir. Kəndə hətta çörək dükanı da yoxdu, çörəyi kəndə maşınla gətirirlər.


«Mixaylo» kənddəki Müqəddəs İvan kilsəsinin həyətindəki qəbiristanlıqda dəfn edilib – qardaşlıq məzarında – 10-dan çox partizan yoldaşıyla birlikdə. Mənə başdaşının üstündəki yazıları göstərirlər.


Birinci «Mixaylo»nun adı gəlir, sonra sloveniyalı ayrı partizanların. Qardaşlıq məzarında hətta Monqolustandan olan bir partizan da var.


Amma «Mixaylo»nun Çepovanda son mənzilə yola salınması, məzarında rahat uyuması da onun silahdaşları - partizan korpusu tərkibindəki rus batalyonundan olan yoldaşları üçün asan bir iş olmayıb.


«Mixaylo»yla eyni korpusda döyüşmüş Siril Zupanc danışır ki, rus batalyonu «Mixaylo»nun meyitini Vitovyedən dərhal götürə bilməyib, çünki, bu, təhlükəli idi. Əvvəl iki tabut tapıb onu Vitovyedə basdırırlar. Gecə isə əməliyyat başlayır.


Siril Zupanc danışır ki, gecə partizanlar at arabasıyla kəndə gəlirlər, «Mixaylo»nun tabutunu qazıb çıxarırlar və arabayla Çepovana aparırlar. Bunun hamısı 6 saat çəkir.


Çepovanda kilsənin həyətində basdırılsalar da, Siril Zupanc deyir ki, «Mixaylo» və başqa bölgələrdə həlak olmuş yoldaşları partizan qaydasıyla dəfn ediliblər – havaya atəş açılıb. Qardaşlıq məzarının üstündə isə 5 guşəli ulduz var.



Mehdi Hüseynzadənin Sloveniyada büstü

Sloveniyada olarkən onu axtarmaya bilməzdim Anjelikanı. Hərçənd Azərbaycanda belə bir fikir var ki, «Mixaylo»nun Anjelika adlı sevgilisi olmayıb başqa adlar çəkilir. Amma həmsöbətlərim olan partizanlar dedilər ki, Anjelika yox, Ancela adlı bir qız olub, özü də sağdı, İtaliyanın Triyest şəhərində yaşayır, onda «Mixaylo»nun şəkilləri, hətta «Mixaylo»yla birgə şəkilləri var. Amma mümkün olmadı bu məsələni dəqiqləşdirmək - telefonunu tapa bilmədim Ancelanın. Söz vermirəm, amma çalışacağam ki, növbəti verilişlərin birində bu məsələyə bir də qayıdım.


Sloveniyanın Nova Qoritse şəhərində düşmüşdüm qatardan. Nova Qoritse «Mixaylo»nun həlak olduğu yerdən bir neçə kilometr aralıda yerləşir. Şənbə günü səhər idi – Avropanın bir çox yerlərindəki kimi burda da istirahət günləri demək olar ki, heç yer işləmir. Hamı istirahət edir.


Ac idim, bircə dəmiryolunun bufet açıq idi, orda da yeməyə heç nə yox, ancaq içki var idi. Bir tərəfdən də 30 dərəcədən yuxarı qalxmışdı temperatur. Mineral su götürdüm. Bufetçi cavan bir oğlan idi, soruşdum ki, «Mixaylo»nu tanıyırsanmı, fikrə getdi, əlavə elədim ki, partizan olub, bir az da fikirləşdi, sonra qayıtdı ki, təəssüf ki, sizə kömək edə bilməyəcəyəm, məndə nə onun, nə də başqa partizanların mobil telefonu var.


Bu əhvalatı niyə danışdım. «Mixaylo»nun həlak olduğu evi sökə bilərlər. Mənə bələdçilik edən Nova Qoritse şəhər bələdiyyəsinin əməkdaşı Andrey Kampara dedi bunu mənə.


«Çünki gənc nəsil həmin torpaq sahəsində yaşamaq istəyə bilər. Ola bilsin ki, 5 ildən sonra, 10 ildən sonra həmin ev daha olmayacaq».


Andrey Kampara bunu Azərbaycan hökumətinə mesaj olaraq deyirdimi bilmirəm – dedi ki, maliyyə tapmaq mümkün olsaydı, həmin evi satın almaq, orda «Mixaylo»nun muzeyini düzəltmək olardı.


Beləcə, həm Azərbaycanın, həm də Sloveniyanın öz qəhrəmanı saydığı «Mixaylo» ilə bağlı xatirələr diktofonumda, kadrlar kameramda üz tutdum geriyə - Praqaya. Açığı «Mixaylo»yla bağlı söhbətləri necə deyərlər birinci əldən eşitdikcə onun qəhrəmanlığı adamın gözündə daha da böyüyür, möhtəşəmləşir. Doğrudan da məsələn «Baharın on yeddi anı» filmində almanların içində işləyən polkovnik İsayev haqda söhbət gedir, əslində isə həyatda belə bir qəhrəman olmayıb, onun prototipi sadəcə sovetlərə işləyən yüksək vəzifəli alman zabiti olub. «Mixaylo»nu isə heç bir yazıçı yaratmayıb – bu əfsanə deyil, real bir qəhrəmandı. Alman zabiti mundiri geyib, saçını boyayıb, almanca mükəmməl danışaraq nasistlərin içində işləmiş «Mixaylo»nun şücaəti bu baxımdan doğrudan da tarixdə az-az rast gəlinən qeyri-adi, fenomenal bir qəhrəmanlıqdı.

XS
SM
MD
LG