Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:54

Vüsal Nuru "Qarğalı kənd" (Hekayə)


Kimsə büllur qədəhi pəncərənin sürahisinə qoymuşdu.

İçinə də nəyə görəsə əl iynəsi atmışdı.

İynə çəpəki durduğundan buludlara batıb-çıxan bədirlənmiş ayın işığında yolka zəri kimi parıldayırdı.

Hələ küləyin şüşəyə çırpdığı narın yağış damcıları da elə bil həmin qədəhin içinə dolmaq üçün süzülürdü.

Evin tinindən vurulmuş şlyapaya oxşayan gecə lampasını da külək divara vurub danqıldadırdı. Lampanın işığı saat kəfgiri kimi yellənirdi.

Bu işıqda pəncərənin qarşısındakı iri qoz ağacının gövdəsi gah görünür, gah da yarpaqların kölgəsində itirdi.

Elə bil işıq yoğun budağın birində çömbəlib oturan o qəribə qadının, Lilizin üstündə durmağa qorxurdu. Onun meyit kimi ağarmış çılpaq ağ bədəninə, spiral kimi burulub çiyninə tökülən qara saçlarına toxunub çəkilirdi.

Liliz sol əlini dirsəkdən bükərək dizinin üstünə qoymuşdu.

Sağ əlini isə aralı qoyduğu ayaqlarının arasından uzadıb, oturduğu budağı uzun qara caynaqlarıyla didirdi.

Qabarıq döşlərini sol biləyi və sağ qolu sinəsinə sıxdığından çiyinləri enli, boğazı bir az uzun görünürdü.

İti çənəsi, ətli dodaqları olan iri ağzı, qarğa dimdiyinə bənzəyən nazik, donqar burnu və qıyıq gözləri var idi. Gözünün ağı olmadığından dik almacıqlarının və qara kirpiklərinin içində bəbəyi quyu kimi görünür.

Liliz ovunu güdən yırtıcı kimi iti və amansız baxışlarını pəncərədən içəri zilləmişdi.

***
Havasız və alaqaranlıq otaq nəfəsi kimi hövsələsini də kəsdi. Darıxdı. Çölə çıxmaq istədi. Döyükdü. Amma divarlarda nə qapını tapdı nə də pəncərəni.

Dörd divarın arasında qaldığını anlayanda əsgər təbili kimi çalınan ürəyinin gurultusu başına düşdü. Hətta o təbil səsinin dalğası divarlara çırpıldı.

Səs dörd divarın arasında əks olundu. Gumbuldadı.

Divarlar səsin zərbəsindən teatr pərdəsi kimi yuxarıdan aşağı dalğalandı və dalğalandıqca da ona tərəf yeridi.

O, üstünə yeriyən divarları gördükcə içindəki təbil daha zərblə vurdu.

Nəfəsi tıncıxdı. Ayağına dolaşan qırmızı gecə köynəyinin yaxasını dartıb cırdı, üz-gözünə dağılmış saçını arxaya sığalladı.

Gicgahındakı damarlar az qalırdı şişib, partlasın.

Başını ovuclarının içinə alıb gicgahlarını bərk-bərk sıxdı və ağlını itirmiş kimi bu dəhşətli divarların arasında qəfəsə salınmış vəhşi pişiyə döndü. Özünü bu divardan alıb, o divara çırpdı.

Üstünə yeriyən divarların arasında qalıb necə sıxılacağını düşündükcə bədənində qanı donurdu.

Divarları yumruqladı. Ayaqlarını yerə çırpdı. Və gözlənilmədən döşəmə çatladı. Çat şimşək kimi böyüdü, şaxələndi, vıjıltıyla divarlara yayıldı.

Sonra qəzaya uğramış sualtı qayıq kimi otağın divarlarındakı çatlardan bulanıq su içəri fışqırdı. O, ayağında suyun ilıqlığını hiss edəndə bədəninə soyuq tər gəldi.

Ölümün yaxınlaşdığını gördükcə daha da hikkə ilə özünü divarlara çırpıb uçurtmağa çalışdı. Qorxu bədənini keyitdiyindən ağrı hiss eləmirdi.

Su topuğuna qalxanda ona elə gəldi ki ayaqları murdar suyun içindədir, özü də su artdıqca istilənir.

Divarlardakı çatlardan fışqıran su üzünə, belinə, sinəsinə çırpıldıqca ona elə gəlirdi dərisi soyulur və murdar su ətinə dəyir.

Əti ürpəşdi. Dişləri qamaşdı. Birdən hiss elədi ki, bulanıq suyun içində tüklü qurdlar qaynaşır.

Və ayağına darışan qurdlar onun dərisini gicitkən kimi dalayaraq yuxarı qalxırlar.

Başının tükləri biz-biz durdu. İyrənməyi, ürpənməyi həyəcanına, qorxusuna qarışdı. Dəhşətdən huşunu itirəcək dərəcədə idi.

O bilmirdi dizində, baldırında, ayaqlarının arasında yeriyən qurdları üstündən təmizləsin, yoxsa divarları zərif əlləri ilə yumruqlayıb uçurtmağa çalışsın.

Divarın təsirindən dalğalanan su onun gecə köynəyinin ətəyini yırğaladı. Üz- gözünə sıçradı. Hönkürüb ağlayırdı, qışqırırdı, amma səsi çıxmırdı.

Sadəcə ağzını açıb gücənirdi.

Bu iyrənc sulu və getdikcə darlaşan dörd divarın arasında onun əsgər təbili kimi gumbuldayan ürəyinin səsi var idi və bu səsə onun ölümə aparırdı.

O, daha divardan divara çırpıla bilmədi. Dalğalanan çirkab su onun üzünə-gözünə çırpılır, qışqırmaq istədikcə ağzına dolurdu.

İndi o, qurdları təkcə ayağında, döşlərinin arasında, boynunda yox, həm də qulağında, burnun qabağında və dodağının üstündə hiss edirdi. Çığırmaq üçün ağzını açmağa ürəyi gəlmədi.

O, belini divara söykədi.

Əllərini üstünə gələn divara dayayaraq sıxıb saxlamağa çalışdı. Amma gücü çatmadı və qolları dirsəkdən sinəsinə büküldü. Əli ilə ağzına, burnuna yapışmış qurdları tələsik sildi.

Bu murdar suda boğulmamaq üçün sudan çıxmış balıq kimi çapaladı.

Qışqırmaq üçün dabanını qaldırıb ciyərlərini havayla doldurdu. Ağzını yuxarı tutub qışqırdı. Amma səsi yenə çıxmadı. O, yenə ciyərlərinə güc verdi. Yenə... yenə...

Səsi batmışdı. Boğazından asılmış adamınkı kimi gözləri bərəlib, yerindən çıxırdı, zərif dərisinin altından damarları qabarırdı.

Divarlar bir-birinə yaxınlaşdıqca su daha tez qalxırdı. Artıq gözünün altına çatmışdı.

Və indi anladı ki, qurtuluşu yoxdur o, mütləq öləcək. Bu Allahsız divarların arasından çıxmaq mümkün deyil.

Cəmi bircə dəfə içinə yığdığı nəfəsi buraxmaq üçün ağzını açsaydı suyun içində qaynaşan bütün tüklü qurdlar qarnına dolacaqdı.

Qolları ona mane olduğundan artıq tərpənə bilmirdi. Amma yenə də yaşamaq üçün can atırdı.

Çiyinləri, sinəsi və kürəyi sıxıldı. Bədənində dözülməz ağrılar başladı. Az qalırdı beyninin qapağı açılsın. Divarlar onun sümüklərini şaqqıldatdı.

Daha nəfəsini içində saxlaya bilmədi. Bədəninin ağrısından qışqırmaq üçün pəncəsi üstə qalxdı.

İndiyə qədər çıxmayan səsi əjdahanın püskürdüyü od kimi tavana çırpıldı. Suyu qaynatdı.

Çatlar aralandı və divarlar cilik-cilik olub, gurultu ilə yerə töküldü. İşıq onun gözlərini qamaşdırdı. Üzünə təmiz hava vurdu.

Amma o, yenə də birnəfəsə qışqırırdı.

O, yuxudan ayılanda yarı dikəlmiş halda çarpayısında oturmuşdu. Və qonşu otağın işığı qapıdan düz onun üstünə düşürdü.

Səsinə təkcə özü yox, qonşu otaqdakılar da səksənib tələsik içəri doluşmuşdular. İçəri girənlər otağın işığını yandırdılar.

O, işıqdan qamaşan gözlərini qorxa-qorxa araladı və yerinin içində olduğunu ayıq başla anladı.

Səsə gələn iki baldızı və eltisi idi. Onlardan başqa kim olacaqdı ki? Bu kasıb evdə üç qadın qalırdı. Gəlinin əri sərhəddən kənarda idi.

Baldızlar isə yalnız xəyallarında ərə gedirdilər, o da ancaq televizorda gördükləri məşhur və yaraşıqlı kişilərə. Əslində ikisinin də ərə getmək vaxtları çatmışdı, hətta keçirdi də.

Amma bu kənddə oğlan tapıb ərə getmək nağıllardan gələn ağ atlı oğlana qoşulub qaçmaq kimi bir şey idi. Burada nağılları sevmirdilər.

Çünki bu kəndə satılmamış nə ağ at var idi, nə də xaricə getməmiş oğlan. Bir də ki, bu kəndin qızları daha çox başqa bir kəndə ərə getməyi arzulayırdılar. Lap oğlan kasıb olsun, keçəl olsun, yaşlı olsun, bu onlara fərq eləməzdi.

Əsas o idi ki bu lənətlənmiş hesab etdikləri kənddən çox uzağa getsinlər.

Orta yaşlarında olan Gəlin balaca stəkanda su gətirib eltisinə bir-iki qurtum içirtməyə çalışdı.

- İç, iç! Hamısı yuxuydu. Keçdi. İç! – Gəlinin təkidinə etiraz eləmədi. O, çənəsi əsə-əsə suyu içib, uzandı. Hələ də tövşüyür və hıçqırırdı.

- Qorxma, Güngör, evimizdəsən. Hamımız yanındayıq. Bax, Aydan da, Xavər bacı da, mən də burdayıq. Yanında. Qorxma! Ağlama. Yuxuydu. Vallah nə görümüsənsə, yuxuydu. - Leyla əlini balaca gəlinin alışıb yanan alnına qoydu.

Güngör qızdırmalı adamlar kimi pörtmüşdü. Dodağı səyriyirdi. Qan-tər aparırdı. Leyla çarpayının başına asılmış dəsmalla onun üz-gözünün sildi.

- Yuxu deyildi... – Güngör qorxa-qorxa dedi və içindəki qəfil sancıdan gözünü qıyıb qışqırdı. Əli ilə üstündəki ədyalı kənara itələdi. – Su... su...– dedi. Əliyə böyrəklərinin sıxaraq sancıdan cikkə çəkdi. Qıvrılıb açıldı.

Aydan əl-ayağa düşdü:

- Tez olun, tez olun! Suyu açılıb. İndi doğacaq...

- Dəsmalları... Vannanı... Dənab... – Gəlin tələsik Güngörün gecə köynəyinin ətəyini belindən yuxarı çırmaladı. Baldızları belə vaxtda nə lazım olduğunu bilirdilər. Hətta hamı bu gün üçün çoxdan hazırlaşmışdı. Və hamı bir-birindən xəlvət hər şeyin sağ-salamat qurtarması üçün az qala tanıdıqları bütün seyidlərə, pirlərə nəzir-niyaz demişdilər.

- Doğum evinə aparmaq lazımdı... – Leyla həyəcanını gizlədə bilmədi. Onun içindəki narahatlıq artıq Güngörün doğum sancısı ilə bərabər başlamışdı. Böyük bacısının qəfil sərt baxışı tərs şillə kimi onun üzünə çırpıldı. O, bu an da nə qədər mənasız və yersiz söz dediyini anladı və tutuldu.

Güngörün sancıları kəskinləşdi. Gəlin əldən-ayaqdan gedib onun azad olması üçün şərait hazırladı. Güngörə qabaqcadan öyrətdiklərini təkrar elədi.

Uşağı onun tutacağı hamıya məlum idi. Doğum evinə gedə bilməyən neçə-neçə qonşunun uşağını o tutmuşdu.

Həm doğanı, həm də bu kənddəki evlərin göz muncuğuna dönən kişilərini borca düşməkdən azad eləmişdi. İndi gəlin balaca qaynının belini həmin yükün altından dartıb çıxartmağa çalışırdı. O da bu kasıb evin gözmuncuğu sayılırdı.

Sancılar kəskinləşdikcə Güngör qopmuş kərtənkələ quyruğu kimi qıvrılıb açılırdı. Səsi çatdıqca çığırırdı.

Əldən-ayaqdan gedən bacıların yazığı gəlirdi ona. Bacılar da Güngörlə bərabər sancı çəkir, onun ağrılarını öz qarınlarında hiss edirdilər.

Başqa vaxt olsaydı gəlin onları içəri buraxmazdı və belə durub baxmalarına imkan verməzdi. Amma indi tək bacarmazdı.

Və otuz bir ildən sonra evə gələcək körpəni nəzakətə, ayıba qurban verə bilməzdi.

Sancı Güngörün gözlərini bərəldir, boğazının, alnının damarlarını şişirdirdi.
Uşaq artıq doğulurdu.

Onu otağın quru divarlarına çırpılan anasının çığırtısı çağırırdı və bulanıq suyun içindən çıxmağa məcbur edirdi. Artıq tüklü və bir az da qan qatışmış ağ maye ilə suvanmış baş görünürdü.

İndi o körpə çığırıb bədənini sıxan divarları dağıtmalı, havasızlıqdan və zülmətdən canını qurtarmalı idi.

Güngör var bacardığı qədər gücənirdi. Az qalırdı gözləri pırtlayıb yerə düşsün. Dişlərini qıcadıqca üzünün dərisi qırışdı.

Ağzının, burnunun suyu bir-birinə qarışmışdı. Ara bir gəlin Güngörə üstünə qışqırırdı: “Güc vermə, dayan! Dayan! Gücünü saxla!” Amma o, ha çalışsa da bacarmırdı, onun içindəki əzələlər öz özünə sıxılırdı. Və canından can ayrılırdı.

Yaş ovucların arasından qəfil pırtlayıb çıxan sabun kimi körpə gəlinin qucağına düşdü. Və körpəni sıxan bütün divarlar dağıldı.

Güngör bayaqkı dəhşətli sancının qəfil itdiyinə özü də məəttəl qaldı. Körpənin doğulması ilə onun ağrısı, taqəti eyni anda kəsildi və başı yastığa çırpıldı.

Körpə özü ilə qan gətirdi; ədyal, döşək, gəlinin üstü başı bulaşmışdı. Elə bil yatağın içində pişik başı kəsmişdin.

Qırılmış qulplarının yerinə məftil bağlanmış içi paslı vanna qanlı bulanıq suyla dolmuşdu.

Hətta cift vannanın içinə şappıltıyla düşəndə çirkab su döşəmənin çürüyünü və soyuq üzünü gizlədərək rəngini çoxdan itirmiş yamaqlı keçənin üstünə sıçradı.

Güngör daha çığıra bilmirdi. İçinə çəkdiyi nəfəsi ciyərinə batıb qalmışdı. Bədəninin gücü çığırtısı ilə havaya dağıldığından iflic adamlar kimi süstləşmişdi. Başı yastıqdan düşmüşdü.

- Güngör! Güngör!- Leyla özünü onu üstünə atıb sirkələdi ki, udduğu nəfəsi buraxsın.
O, başa düşürdü ki, hansısa qüvvə Güngördən yapışıb aparır. Və onu da bilirdi ki buna imkan verməməlidir.

İki bacı Güngörü sirkələyir, qışqırır, dəlicəsinə çığırıb onu nəyinsə əlindən geri almaq üçün dartışdırırdılar.

Gəlin uşağı qurulayıb iri dəsmala bükdü və pəncərənin qabağındakı stolun üstünə qoydu. Sonra Güngörün yenidən doğulması üçün o da çalışdı.

***

Bacılar sevindiklərindən əlləri ayaqlarına dolaşa-dolaşa otağı tez-tələsik təmizləyirdi. Hərəsi vannanın bir kənarından tutub həyətə apardı. Gəlin ilıq dənabla Güngörün ayaqlarının, baldırlarının qanını təmizləmişdi.

Bacılar tez qayıtdı. Köməkli Güngörü rahatladılar. Onun paltarlarını və yatağının örtüklərini dəyişdilər.

Göngör üstünə yığılmış dünyanın ağırlığını hiss edirdi.

Bu ağırlığın altında nəyinki əlini-ayağını, hətta gözünü də açıb yummaq əməlli başlı çətinləşmişdi. Bədənində, əsasən də kürəyində dözülməz ağrılar oyanmışdı.

Elə bil nəfəs aldıqca qabırğaları ciyərinə batırdı. Halsızlıq narahat ruh kimi onun bədəninə çökmüşdü. Ona elə gəlirdi ki üstündən qatar keçib.

***

Onlar evlərinə gələn bu xoşbəxtliyə saatlarla baxmağa, ehtiyatla barmaqlarının ucunu o körpənin balaca burnuna sürtməyə, əzizləməyə hazır idilər.

Onlar bu xoşbəxtlikdən gözlərini çəkə bilmirdilər və qeyri-ixtiyari gözlərindən yaş süzülürdü.

Sevinclərindən əlləri ayaqlarına dolaşmışdı. Ana-bala isə bu baxışlardan xəbərsiz yatırdı.

Otağı yığışdıranlar səssiz olmağa çalışdılar ki, evin bu yeni və yeganə gözəlliyi pozulmasın.

Gəlin pəncərənin qabağındakı stolun üstündə qalan əskiləri qatlayıb götürdü. İri, qırmızı dolçadakı suyu həyətə atmaq üçün ehtiyatla pəncərənin cəftəsini çevirdi.

Pəncərəni açmaq üçün özünə tərəf dartanda büllur qədəh yerə düşən kimi çilikləndi. Səs hamının ürəyini qopartdı. Səksəndilər.

Hamı tez çevrilib yatanlara baxdı. Uşağın fısıltısı eşidilirdi, Güngör isə tərpənmirdi.

Yerə dağılmış çiliklərin arasında iynə də parıldadı.

Gəlin suyunu boşaltdığı qırmızı dolçanın içinə çilikləri yığanda iynəni gördü və qəfil meyit görən adam kimi qorxmuş halda üzünü böyük baldızına çevirdi.

İki barmağı ilə dik tutduğu iynəni ona göstərib üzünün kəskin ifadəsiylə səsini boğdu:

- Aydan! İynə... İynə burdadır? Sənə nə demişdim? Batırmamış basdırmısan?

Aydan fəlakətin günahkarı kimi iynəyə baxa-baxa matı-qutu qurudu.

- Eeey, sən allah bəsdirin. Sonalamayın belə şeyləri. İnanmaq lazım deyil. Sonalamayın...

– Leyla dalaşanları sakitləşdirirmiş kimi iynəni görüb şoka düşənlərə dedi. Amma gəlin uşaq sözü ilə təsəlli tapası halda deyildi. O, indi yalnız bir şeyə inanırdı: evdə təzə zahı olduğu üçün yeddi qəbrin ağzı açılıb. Bu fəlakətdən uzaq qaçmaq lazımdır. Cəmi qırx gün.

Onun Leylaya qəfil tuşladığı sərt və zəhmli baxışlarındakı “kəs səsini!” aydın görünürdü. Amma bunu sözlə demədi:

- Sən hələ uşaqsan! Bunu da heç kim özündən uydurmayıb, bildin? Cifti iynə batırılmamış basdırmaq olmaz! Bədbəxtlik gətirir! Bədbəxtlik! – O, axırıncı sözü pıçıldadı və tez də ürəyində bir necə dəfə təkrarladı: “Dilim-ağzım qurusun, Allah!”

- Bəs doğum evlərində? – Leyla ürək eləyib dodağının altında soruşdu. Gəlin üzünün ifadəsini dəyişmədən acıqlı-acıqlı cavab verdi:

- Bu evdə doğan zahılara aiddir, bildin? Başınız yoxdur! Bilmirəm ağlınız hardadır? Axı ikinizə də demişdim... Hələ bu yekəyə bax. Allah, sən bağışla. Allah sən qoru! Dilim ağzım qorusun...

- Ver indi aparım basdırım. – Aydan günahını yumaq üçün gəlinə yaxınlaşdı.

- Sən nə danışırsan? Basdırılan cifti çıxardarlar heç? Otuz yaşın var ey sənin, daha mən bunları sənə öyrətməməliyəm. Ağlınız hardadı axı.

Qızlar günahlarını yumağın yolunu öyrənmək üçün gözlərini gəlinə dikdilər.

Gəlin hələ də yerdə dizi üstə oturaraq elə bil adi bir tikiş iynəsinə yox, bədbəxtliyin qarşısını alacaq sonuncu ümidin cəsədinə əlacsız halda baxırdı. Və nəhayət onun nazik dodaqları aralandı.

- Onların çarpayılarının altına qara toyuğun yumurtasını qoymaq lazımdır. Özü də təcili.

Bir də sübhdə banlamamış xoruzu qurban kəsib qanını ikisinin də alnına sürtmək... Özün də ağa büküb basdırmaq. - O, elə danışırdı ki, elə bil şaman ekstazda idi, ruhlarla əlaqəyə girmişdi və ona deyilənləri qarşısındakılara çatdırırdı.

- Yoxsa nə olar? – Leyla elə soruşdu ki, guya söz istəmədən ağzından çıxdı. Amma gəlin onun səsini, üzünün cizgilərini əzbər bilirdi. Ərinin atası, anası ürək çatışmazlığından öləndə o bir ilin gəlini idi. Və onun otuz üç yaşı ər evində tamam olmuşdu. O vaxt Leylanın yeddi, Aydanın on beş yaşı var idi. Özünün uşağı olmadığından meylini Leylaya salmışdı. İndi o vaxtdan neçə il keçib. Gəlin bu illər ərzində baldızlarını və ərindən balaca olan qaynını doğma balası kimi yaxşı tanıyırdı. Odur ki üzünün acıqlı ifadəsi ilə balaca baldızına baxdı və sadəcə:

- Allah uzaq eləsin! Allah göstərməsin! - dedi.

Gəlin çilikləri yığdığı qabı götürüb otaqdan çıxdı. Bacılar günahlarını yumaq üçün bir birlərini tələsdirdi. Biri xoruz, biri yumurta dalınca qaçdı. Amma bilirdilər ki axşamın bu vaxtlarında axtardıqlarını tapmaq müşküldür.

Güngör çiliklərin səsindən diksinib oyansa da körpə qızı deyilənlərdən xəbərsiz yatırdı. Onun çağa ətri qorxuya düşən anasının burnuna, beyninə dolaraq pis fikirlərin yerini tutmağa çalışırdı.

Elə bil uşaq anasının həyəcanını hiss edirdi və özündən daha çox ətir buraxaraq otağı doldururdu, onun diqqətini özünə çəkməyə çalışırdı.

İstəyirdi ki, anası ondan başqa heç nə haqqında düşünməsin. Amma pis fikirlər anasının beyninə yaş odunun tüstüsü kimi dolurdu.

Odur ki körpənin ətri onu qorxulu qaranlıqdan geri qaytara bilmirdi. Hətta onların bir-birlərinə qarışan ətirləri aralı qalmış pəncərədən çölə yayılırdı.

***

Liliz otaqdan çölə yayılan iyi qanın qoxusu kimi içinə çəkirdi.

Qarğa dimdiyinə bənzəyən burnunun deşikləri genəlib yığılaraq həmin dadlı qoxunu havadan sümürürdü.

Qıyıq gözlərini bərəldikcə daha çox parıldayırdı. Quru sifətinin dərisi gərilirdi.

Qıvrım saçının altında qalmış iti yarasa qulağı titrəyərək otaqda yatanların nəfəsini eşidirdi.

Ayaq barmaqlarındakı və əlindəki uzun qara caynaqları oturduğu budağı cırmaqladıqca budağın qabığı didilirdi. Elə bil hansısa fürsəti, anı gözləyirdi.

Və qəfildən ağac gövdəsindən yelləndi. Cırmaqlanan budaq əzabdan azad oldu.

Güngör başının sıxıldığını hiss edən kimi gözünü açdı. Başının üstündə durub caynaqlı əlləriylə onun gicgahlarını sıxan qadını gördü.

Baxışları onun iti baxışları ilə toqquşdu. Liliz nazik dodaqlarını çırmaladıqca uzun köpək dişləri görünürdü.

Güngör başının üstündə dayanan bu qəribə qadını qəfil görəndə qışqırmaq, kömək çağırmaq istədi, amma dili boğazına yapışdı.

Bir iki dəfə gözünü bərk-bərk yumub açdı ki, yuxudan ayılsın.

Bu əzabdan canı qurtarsın. Amma hər dəfə gözünü yumub açdıqca daha da qorxdu, çünki başının üstündə duran qadın itmirdi və yuxuda olmadığını anladırdı. Bu daha betər idi. Güngör ucalandı, dodaqları, çənəsi əsdi.

Yenə qulağına təbil səsləri gəldi.

İndi o, qulaq batırıcı bu təbil səslərinin içində eşitmək istədiyi yalnız başının üstündə durub iki əliylə onun başını sıxan qıvrım saçlı qadının kim olduğunu və hardan gəldiyini, ondan nə istədiyini kiminsə dilindən eşitmək idi.

Liliz əllərinə güc verdikcə canavar kimi mırıldayır, dişlərini qıcayaraq uzun köpək dişlərini şaqqıldadırdı.

Əslində Liliz caynaqlarını Güngörün düz beyninə qədər soxa bilərdi.

Onun caynaqları çox iti və qolları güclü idi. Amma o, sadəcə ovcundakı başı sıxaraq, caynaqlarının onun dərisinə batırırdı.

Güngör sıxılan başının və dərisinə batan caynaqların ağrısından qışqırdı. Nəhayət ki, qorxudan batan dili açıldı. Liliz qəfil çığırtıdan əsəbiləşdi.

Ovunu qapan canavar kimi onun sifətinə ağız atdı. Burunlarının ucu bir-birinə sürtüldü.

Güngör Lilizin soyuqluğunun ruh kimi bədəninə keçdiyini hiss elədi.

Titrətdi. Onun soyuq nəfəsi və nəfəsindən gələn qan iyi də Güngörün üzünə çırpıldı, burnundan beyninə doldu. Və gözünü bərk-bərk yumub yenə bir nəfəsə qışqırdı.

Gəlin Güngörü sirkələyib özünə gətirməyə çalışırdı. Onun hönkürtüsü kəsmirdi. Gürzə vurmuş adam kimi sayıqlayır, titrəyirdi.

Qızların hərəsi onun bir əlindən tutub yanına sıxırdı. Elə bil tibb bacıları dəlinin qollarını tuturdular ki həkim sakitləşdirici iynəni vursun.

O, bərk-bərk yumduğu gözünü qorxa-qorxa açanda qarşısında Gəlinin simasını gördü. Diqqətlə baxdı.

Əmin oldu ki, qarşısındakı Gəlindi. Sonra baldızlarına baxdı. Gözüylə otağa boylandı. Və qapıya baxanda həmin qadını gördü.

Bir göz qırpımında o qadın başının üstündən itmişdi. Necə olmuşdusa o qadın güzgüdəki əks kimi sakitcə qapının ağzında durub ona baxırdı.

Elə bil yaraşıqlı üzünü, çiyninə hamar və uzun sarışın saçlarını, yaraşıqlı mavi gözlərini, cazibəli əndamını nümayiş etdirirdi.

Əynindəki gümüşü rəngli ilan dərisindən olan kip örtük ay işığına bənzəyən bədənini örtsə də döşləri qabarırdı.

O, birdən birə olduqca yaraşıqlı bir qadına dönüb qapının ağzında durmuşdu.

Və elə bil gözəllik müsabiqəsində jüri qarşısına çıxmışdı. Bu cazibə ilə bütün kişilərin ağlını başından ala bilərdi.

Hətta elə indiki kimi mehriban-mehriban gülümsəməsinə kişilər çox şeylərini “uf” demədən verərdilər. O, Misir fironu Tutanxamon kimi qollarını sinəsində çarpazlamışdı.

Sinəsinə yapışdırdığı əlləri iri brilyant qaşlı üzüyü reklam edən manekenin əlinə bənzəyirdi və dırnağının parıltılı qara boyası gözlərinin rənginə yaraşırdı.

Amma Güngör onun əsil sifətini – uzun köpək dişlərini qıcamasını, iti caynaqlarını, qara yırtıcı baxışlarını görmüşdü və o dəhşətli an gözünün qabağından itmirdi.

O, Lilizi qapının ağzında görən kimi yenə qışqırdı. Hamıya barmağı ilə qapını göstərdi.

Çevrilib baxdılar. Amma gördükləri qapı oldu: açıq, ağ boyası çoxdan saralmış və qabıqlanıb tökülmüş köhnə taxta qapı.

- Sakit ol, sakit ol! Yuxudur. - Gəlin Güngörü sakitləşdirməyə çalışdı. – Qorxma, qorxma heç nə yoxdur.

- Mən gördüm... Burda adam var idi... Gördüm! Başımı sıxırdı! - Güngör qorxudan ucalanaraq ağlayırdı və istəyirdi ki gəlini də baldızlarını da gördüyünə inandırsın.

– O burdaydı. Başımın üstündə. Başımı...

Gəlin çarpayısında dikəlmiş Güngörü yerində uzandırdı:

- Başını heç nə sıxmırdı. İnan mənə. Pəncərə açıq qalıb başına yel vurduğundan ağrıyıb, sən də pis yuxu görmüsən. Narahat olma, yanındayıq.

- Düz deyir, pəncərəyə bax, açıqdır. – Leyla pəncərəni kip örtüb, cəftəsini bağladı.

Güngör şokdan ayılmırdı. O, ruh gördüyünə əmin idi. Hətta nəfəs aldıqca Lilizin iyini, bədəninə dolmuş ölü soyuqluğunu, hiss edirdi.

Liliz Güngörün gözünün yaddaşında şəkil kimi donmuşdu.

- O soyuq idi. Məni üşütdü. Bədənimə girdi. Onun ruhu bədənimə girib! Bədənimə... -
Güngör hıçqırıqlarının arasında güclə nəyisə izah eləmək istəyirdi. Leyla onun üzünün-gözünün yaşını dəsmalla sildi.

- Səni üşüdən pəncərədən gələn soyuq olub. Tərləmisən yel vurub. Özün gördün ki, yaddan çıxıb açıq qalıb ora. Uşaq deyilsən ki, burda bizdən başqa adam nə gəzir? Nə ruh-zad. Belə şeylərə inanmağın vaxtı çoxdan keçib. Gördüyün yuxu idi, niyə bizə inanmırsan? Doğuşdan sonra zahıların çoxunda belə şeylər olur axı. Vallah olur! – Gəlin onun çarpayısında oturub anası kimi danlayırdı, çalışırdı başa salsın. Güngör özü də sakitləşməyə çalışdı. Və istədi ki gördüyünü yuxu olduğuna inansın. Amma eşitdiyinə inanmaq, gördüyünə inanmaqdan çox çətin idi.

- Nə yaxşı... axır ki mən deyənə gəldiniz. Başqa vaxt məni ələ salırdınız, mən danışan kimi ağzımdan vururdunuz. Kafir deyirdiniz... – Leyla özünə güvənlə dedi. – İndi dərk eləyirsiniz ki, sizin inanclarınız eramızdan əvvəldə qalıb, eləmi? İndi başqa əsirdi. Belə şeylərə inanmaq avamlıqdı...

Gəlin sərt baxışla Leylanın üzünə baxdı. Yəni “Səsini kəs!”

Doğuşun bu qədər dəhşətli fəsadlarını Güngörə desəydilər inanmazdı. Ağlına da gətirməzdi ki, doğuşdan sonra belə qarabasmalar olarmış.

Çünki o nə ruhlara, nə də cinlərə inanırdı. Və həmişə deyirdi ki, din camaatın başını xarab edib.

Amma indi hər şey başqa cürə olmuşdu. O inanırdı, amma heç kimi inandıra bilmirdi. Güngör başa düşürdü ki, gözünə görünən o qadın gəlinin dediyi iynədəndir.

Gəlin elə onun yanında baldızlarına dönə-dönə tapşırmışdı ki, cifti basdıranda mütləq iynə sancsınlar.

Ona görə də göz qabağına qoymuşdu. Amma indi cifti basdırılmışdılar, özü də iynəsiz. Və gəlinin Güngördən gizlətdiyi fəlakət nə idisə artıq gəlmişdi. O, bunu hiss edirdi.
Güngör getdikcə sakitləşdi. Hərə yarımçıq qoyduğu işin dalınca getdi. Amma qapını açıq qoydular ki, o, daha qorxmasın.

Güngör körpəsinə baxdıqca anladı ki sevinməyə daha yaxşı səbəbi var. Və bu sevincli anların içində fürsət tapıb ərini düşündü.

Fikirləşirdi ki o, səhər gələcək. Qapını açıb içəri girəndə onları görəcək və sevincindən ağlayacaq.

Güngör düşündükcə ərinin qarayanız simasını açıq-aydın görürdü. Görürdü ki, ərinin körpəni başının üstünə qaldırıb otağın ortasında fırlanır.

Birdən yadına düşdü ki, hələ qızının adı yoxdur. Tez başladı bir-bir ad fikirləşməyə.

Tapdıqlarının heç birini də qızına yaraşdırmadı.

Hətta elə indi ad fikirləşəndə ağlına gəldi ki, onun körpəsi qızdı və bu boyda dünyada ona uyğun ad yoxdur.

Güngör yenə ad seçməyə çalışdı, bütün bildiyi adları ələk-vələk elədi, özündən adlar uydurdu. Amma bu adların da heç biri o balaca qızcığazına yaraşmırdı ki, yaraşmırdı. Bəzən elə köhnə adalar tapırdı ki, özünün də gülməyi tuturdu.

Bu an bircə gəlin suyu qurumuş dəyirmana dönmüşdü.

O, zaldakı ayna bəndin qabağında oturub, ürəyində nəyisə vuruşduraraq həyətə baxırdı. Onun üzü tufan qabağı qarışan göy üzünə bənzəyirdi.

Hərdən də dodağının altında deyirdi: “Lənətə gəlmiş bu kənd elə xaraba qalsa yaxşıdır. Bircə burdan getsəydik... Ay allah sən saxla. Heç nə olmasın. Barı bu dəfə... ”

***

Həyətin qapısı bəxtin darvazasına dönmüşdü, açılmırdı ki, açılmırdı. Bu səhər o qapının açılmağına daha çox ehtiyac var idi.

İçəri girəsi adam evdəki qadınların yeganə arxa-dayağı sayılırdı. Və bu günlərdə o adam daha çox Güngörə lazım idi. Ona görə də Güngör dodağının altında mızıldanaraq onu adı ilə çağırırdı.

Yalvarırdı ki, hardadırsa gəlsin.

Qızını da, onu da qollarının arasında gizlətsin. O gördüyü qadın daha ona əzab verməsin.

Küçə qapısı günortaya qədər açılmadı. Məcburiyyət o qapıdan girəsi adamı bu gecə də hərbi hissədə saxlamışdı.

Bu işlərin belə insafsızlığını o, hələ əsgərlikdə olarkən bilirdi. Amma onu da bilirdi ki, əsgərlikdən sonra tapacağı başqa iş bir balığın qarnındadır, balıq da dəryada.

Ona görə də əsgərlikdən sonra gizir qaldı. Evin üzünü ayda bir dəfə görməyə öyrəşdi.

Aydan ağa bükülmüş xoruzu qoz ağacının altında basdırırdı. Gəlin əlinin qanın aynabənddəki qırantda yuya-yuya Aydana baxırdı. Sonra mətbəxə keçib yumurtaları götürüb otağa girdi.

- Vəziyyətin necədir? – Gəlin Güngörə yaxınlaşaraq soruşdu.

- Elə bil əriyirəm. – Güngör ağzını sürüdü. O, doğrudan da çox halsızlaşmışdı. Gecədən indiyə kimi heç nə yemədiyindən başı gicəllənirdi. Hətta rəngi soluxmuşdu. Görünürdü ki səhərə qədər narahat yatıb. Alnına sürtülmüş qan isə onun üzünə gülməli ifadə vermişdi.

- Möhkəm ol, zahı belə olar də. O boyda uşaq doğmusan. – Gəlin dizlərini yerə qoyub yumurtaları qara əskiyə bükərək bir-bir çarpayının altına qoydu. Güngörün yadına sınmış qədəh düşdü. Gəlinin pıçıltı ilə baldızlarına dediklərini xatırladı. Və evdə dolaşan bəd ruhun izahını istədi:

- Yumurtanı qoyanda nə olur ki? –Güngör sadəlövhcəsinə soruşdu. Gəlin əvvəl heç nə demək istəmədi. Amma o, Güngörün xasiyyətinə bələd olmuşdu. Bilirdi ki, Güngör bilmədiyini öyrənməyənə qədər başından çıxardan deyil. Bütün günü gəlini sorğu-suala tutacaq. Odur ki, Gəlin sözünə hardan başlayacağını düşünüb, sonra dedi:

- Qara toyuğun yumurtasını zahının, belə körpənin başının altına qoyanda onlara xəstəlik yaxınlaşmır. – Gəlin əsas sözü dilinin altında necə gizlətdiyini Güngör o saat hiss elədi.

- Bəlkə pis ruhlar yaxınlaşmır?

- Yox sən nə danışırsan? Belə şeyləri başından çıxart.

- Sən bunlara məndən çox inanırsan. Gizlətmə. Bəs, ciftə iynə sancmayanda nə olur? – Güngör gözünü gəlinin üzünə dikdi. Gəlin qeyri-ixtiyarı alt dodağını dişləyib, buraxdı. Gözləri döyükdü. Güngör bu jesti gözündən qaçırmadı.

Gəlin başa düşdü ki, qədəh sınanda Güngör oyanıb. İndi dünən baldızlarına dediyi sözlərə görə peşman oldu. Gəlin onu da bilirdi ki, nə deyir desin, Güngörün ağlına batmalı idi. Yoxsa qız istədiyini alana qədər onu sualları ilə bezdirəcəkdi. Gəlin yalandan gülümsündü:

- Bu sözdür də deyirlər, guya cin-zad olur. Heç eşitməmisən cinlər iynədən, sancaqdan qorxur? Bunlar bizim kəndin uydurmalarıdır.

- Mən ki, qoz ağacının altından keçmirəm. Bir də ki, sən o iynəni qədəhin içinə atıb pəncərənin ağzına qoyanda hamıya tapşırmışdın ki, onu ciftə batırmaq yaddan çıxmasın. Məndən gizlətmə, xahiş edirəm düzünü de. – Güngör inadla gəlindən cavab gözlədi. Gəlin nəyi necə deyəcəyini aydınlaşdıra bilmirdi. Özünü itirmişdi. Yaxası ələ keçdiyindən əlacsız halda çarpayıda oturdu.

- Nə bilim, elə qədimdən belə adətdir. – Gəlin mızıldandı. - Deyirəm axı, bunlar bizim kəndin əfsanələridir. Həqiqətdə çox gülünc görünür. Ay cin, ay mələk, ay nə bilim nə. Yalandı, hamısı uydurmadı. Sən belə şeylərə fikir vermə. Dünənə qədər Leylaya qoşulub özün bizə demirdin? Demirdin köhnə adətləri unudaq, bizi cahil edir, geridə qalırıq? Kənd yeridir də, necə olacaq? Arvadlar deyirlər gərək cift basdırılanda ona iynə sancılsın...

- Sən də deyirdin ki, biz hələ uşağıq. Belə şeyləri dərk eləmirik. Vaxt gələcək biləcəksiniz. İndi vaxt gəlib. Düzün, Xavər bacı, yoxsa nə olar? – Güngör onun sözünü ağzında tutdu.

Gəlin ağzını sürüyərək:

- Heç, vallah deyirlər də... – dedi.

- Yoxsa nə olar? – Güngör sualını inadla təkrarladı.

- Sən gördüyün pis yuxular görülür... adamı narahat edir... –

- Vəssalam? Elə bu?

- Hə.

- Gəlinbacı, bilirsən ki, gördüklərim yuxu deyil. Səhərə qədər də evdə kiminsə gəzdiyini hiss eləmişəm. Burda kiminsə ruhu var. Məndən də, qızımdan da əl çəkmir. Xahiş edirəm. Fazilə deyin tez gəlsin! – Göngör bir az gəlinə tərəf dikəlib bütün ciddiyyəti ilə onu inandırmağa çalışdı. Və qətiyyətlə dedi. – O qadın burdaydı. Düz başımın üstündə. Onun caynaqlarını hələ də başımda, soyuqluğunu canımda, burnumda iyini hiss edirəm. Sonra bax orda, qapının ağzında əlini qoynuna qoyub üzümə gülürdü. Amma əvvəlki kimi deyildi. Cildini dəyişmişdi. Siz baxanda yoxa çıxdı. Mən onun canavar dişlərinə oxşayan uzun köpək dişlərini öz gözlərimlə gördüm. Bilirəm, yaxşı bilirəm ki o qadın vampirdir. Sən demirdin zahı olanda qırx gün qəbirlərin ağzı açıq olur. Bunu ki, hamı bilir. Deməli o qadın da hansısa qəbirdən gəlib. Niyə mənə inanmırsan? Gərək qanımızı içə, ölək sonra inanasan?

Gəlin tutulmuşdu. Bu kənddə o, elə qadınların hayına getmişdi ki Güngör onların yanında muştuluq idi. Amma necə deyəydi? Axı Güngör bu lənətlənmiş, bütün qızların qaçıb canlarını qurtarmaq istədikləri kəndə uzaqdan gəlin gəlmişdi.

- Mənə bax, Güngör, sən az qala mənim qızım yaşındasan. Mən doğanları da səndən çox görmüşəm. Bu qarabasmalar da zahıların əksəriyyətində olur, ən çox da əsəbiləri kövrək olanlarda. Sən sadəcə dediklərimi eşitmisən. O haqda fikirləşib yatmısan, yuxuna girib. İndi baxarsan, yumurta qoymuşam, elə rahat yatacaqsan ki. Yumurta iynədən də güclüdür. Bu haqda düşün. İnan ki, yumurta bütün qara qüvvələri qovur. Özü də qara toyuğun yumurtası. Bu zarafat deyil ha! Qara toyuğun yumurtasıdı! Alnınıza da qurban qan sürtülüb. Ta nə istəyirsən? Başını at rahat dincəl! – Güngör gəlinin yalan danışdığını hiss eləsə də üzə vurmadı. Bir anlıq fikrə getdi. Gəlin aradakı boşluqdan istifadə edib cəld ayağa durdu, yatmış körpəni əzizlədi. – Evimizin yaraşığı, işığı, Ay allah buna qurban olaram... Şərbətin hamısı içirtdin? Lap yaxşı. Axşam keçi südü içər nənənin, balası. – O, mətbəxdə qoyub gəldiyi yeməyi bəhanə edib otaqdan çıxdı. Öz otağına keçib şalını başına atıb həyətə düşdü. Qaloşlarını geyinib tələsik darvazadan çıxdı. Qamış və kol-kos çəpərli həyətlərin yanından keçib, tozlu, daşlı və ensiz məhəllə yoluyla aşağıya gedirdi. Vaxtından tez ağarmış birçəkləri arxaya sürüşmüş şalının altından görünürdü. Üzündən həyəcan və narahatlıq yağırdı. Baxışlarını qarşıya zilləmişdi.

Qarşıdakı balaca paslı darvazanın qarşısında saçı didilmiş, havalandığı üz-gözündən, əynindəki, cır-cındırdan aydın bilinən arıq, orta yaşlarında bir qadın durmuşdu.

Qucağında əlinə gələn əskiləri bir-birinə dolayaraq düzəltdiyi bələyi tutmuşdu.
Gəlin ürək ağrısıyla ona baxa-baxa qarşısından tələsik keçdi.

O da donuq baxışlarını gəlinə zilləmişdi. Və Gəlin tini dönüb gözdən itənə qədər onun arxasınca baxdı.

Gəlin dəmir darvazanı açıb həyətə girdi. Kürsülü evin qarşısından keçib bağa girdi. Qoz ağaclarının altında taxt qoyulmuşdu. Taxtda oturan qoca və arıq qadın gözlərini qıyıb ona tərəf gələn tanış simaya baxdı.

- Salam Solmaz bibi. – Gəlin əyilib onun qırışmış sarıyanız üzündən öpdü və yanında oturdu.

- Narııın, az bu sənsəən? – Qoca qadın sözü uzadaraq soruşdu və tanıyanda başını yellədi.

- Hə bibi, mənəm. Necəsən?

- Genə doğa bilmədin?

- Gecə Güngör doğdu. Fazilin arvadı.

Qoca qadının üzü gərginləşdi. Qorxurmuş kimi qarşıya zillənmiş baxışlar döyükdü. Və həyəcanlandı. Səsi titrədi.

- Qapıları, pəncərələri bərk-bərk bağlayın! Hər yeri... hər yeri.... bərk-bərk... Qoyma içəri girsin. Evin üstündədir. Bilirəm. Mən bilirəm.

- Bibi, sənin gördüyün qadın necəydi? Həmişə deyirdin ha.

- Yox! Yox! Kəs səsini! Onun adını çəkmə. Çəkmə! Çəkmə! – Qoca qadın əsəbiləşdi.

Əlləri və başı əsdi. Həyəcanlandı.

- Bibi, sən allah kömək elə bizə. Güngör pis yuxular görür. Yazıq qız adam kimi yata bilmir. Başa düşürsən, bibi? Pis yuxular. Kömək elə! Deyir uzun qara caynaqlı qadın başın sıxırmış. Bibi, deyirdin axı onu görmüsən. Necəydi?

- Olmaz! Olmaz! Gecdi! Çıx get burdan! Get! Get!

- Solmaz bibi, - Gəlin qolunu onun boynuna saldı və qılıqlanırmış kimi dedi. - Sən allah məni qorxutma. O evdən neçə ildən sonra körpə iyi gəlir. Qoyma onlara bir şey olsan. Nə bilirsən de, Solmaz bibi.

- Bu kənd lənətlənib! Bildin? Bildin? Lənətlənib! Mənim balamı aparan kimi, qarğalar hamının balasını aparacaq. O qadın eliyir hamısını? Li..lll..iz! Lənətə gəlmiş Adəm! Lənətə gəlmiş! Ona görə bu əzabı çəkirik. Mənim balam ona görə öldü. Lənətə gəlmiş Adəm. Lənətə gəlmiş....

- O, nə istəyir ki, bibi? Qurban olum, de. Bu kənddə onu səndən yaxşı tanıyan yoxdur. On nədir elə?

- Mən də çox istəyirdim özümü bu qoz ağacından asım. Asım... balımın dalınca gedim. Gedim... lənətə gəlmiş Adəm! Bu kənd lənətlənib. Lap elə əvvəldən. Bura qarğa yuvasıdır. Qarğa. Qarğalar... Ona görə haranı qazırsan qəbir çıxır, sür-sümük çıxır. Lənətlənibdir bura. Qəbiristanlığın üstündə salınıb. Qozları da qarğalar gətirib dimdiklərində. Onların kəndidir. Burdan qaçmaq lazımdır. Qarğalar hər gecə mənimlə danışır. Bax bura qonurlar. Bu qozların hamısı onlarındı... – Qoca qadın ətrafa döyükərək tələsik dilləndi. Onun bərk qorxduğu hərəkətlərinə baxan kimi məlum olurdu. Və onu həyəcanı gəlinə də keçmişdi. Onun da bədəni uçalanırdı.

- Bibi, qurban olum, Liliz dediyin nə istəyir axı? Bizim evdə bəd ruh var deyirəm. Kömək elə. Güngör bu kəndə yaddır. O da bizim kimi lənətlənməyib yəqin. Elə onun körpəsi də. Nəsə bir yol olmalıdır axı, ay bibi. Sən qarğalarla danışırsan. Mütləq bilirsən. Bax vallah mən sənə inanıram. Başqaları kimi səni dəli saymıram. İnanıram, Solmaz bibi, bu gündən sonra nə desən inanacağam. Vallah, hamısına...

Qoca qadın başını çevirib bərəlmiş qara gözləriylə Gəlinə baxdı:

- Deməli inanırsan? Bircə sən... Yadında saxla. Nəyə inanırsansa o mütləq olacaq. Mütləq olacaq. Mütləq... mütləq...

- Sənə inanıram, bibi. Bilirəm ki qarğalar danışırsan hər axşam. İnanıram ki, bir gün sən də qarğa olub, uçub gedəcəksən! Körpəni tapıb qayıdacaqsan. Burda hər gün o günü gözləyirsən. İnanıram, Solmaz bibi, dediyin hər şeyə inanıram. İndi de görüm , neyniyim axı. Günahkar mənəm. Ciftə iynə sancılmamış basdırmışıq. Yaddan çıxıb. Qızdar unudublar.

Qoca qadının üzünün ifadəsi dəyişdi. Dəhşətin gözünün içinə baxırmış kimi bərəlmiş gözlərini uzaqlara zillədi. Çənəsi əsdi. Dodağının altında deyindi:

- İlahi, sən saxla. İlahi, sən saxla. İlahi... – Bir az duruxandan sonra pıçıldadı. Elə bil kiminsə eşidəcəyindən ehtiyatlandı, - Qurban istəyir... Haqını yemisiniz... Qisas almağa gəlib... Oyatmısınız... İndi də siz oyatdınız onu... İlahi sən saxla! Saxla... Saxla... O, ilk qadındır. Eşidirsən? Adəmlə bir yaranan ilk qadın. Amma Adəm ona xəyanət elədi. Allah da Adəmə inanıb onu lənətlədi. Sonsuz zülmətə göndərdi. Orda yaşadı Liliz. Çoxlu uşaqları oldu zülmət dünyada. Amma Allahın göndərdiyi mələklər onun uşaqlarını həşərat kimi əzib, öldürdülər. Allah bağışlayandan sonra... Allah bağışladı onu. Bağışladı. O günahkar deyildi. Amma onun zülmətdə doğduğu uşaqlarını öldürdülər. Onlar öldürdü...

- Niyə?

- Tək qalan Adəm Allaha yalvarmışdı ki, Lilizi geri qaytarsın. Günah özündədir. Haqsız olub. Etiraf edir. Allah Lilizi bağışladı. Lənətə gəlmiş Adəm Lilizin haqqını yemişdi. Özünü Allaha daha yaxın göstərirdi. Lilizi özünə kölə eləməyə çalışmışdı. Adəm yerdə allah olmaq istəyirdi. Amma Liliz Adəmin yanına qayıtmağı zülmət dünyada yaşamaqdan ağır sayırdı. Ona görə də onu aparmaq istəyən mələklərə rədd elədi. Allah onu bağışlasa da qayıtmadı. Mələklər də zülm olsun deyə Lilizin yüzlərlə uşağın bir anın içində əzib öldürdü. Həşərat kimi əzib öldürdü. Həşərat kimi... Liliz yerə lənətlərini yağdırdı. Adəmə lənətlər oxudu. Lənətə gəlmiş adəm...

- Bəs Həvva?

Qoca qadın gözləri yol çəkirmiş kimi dedi. - Allah sonra Adəmə itaət eləyəcək Həvvanı yaratdı. Bizim anamızı. O doğdu. Amma yer üzündə doğmaq haqqını Allah ilk dəfə Lilizə vermişdi. Allahın ilk qadına hədiyyəsi. Bu onun haqqıydı. Ona görə də Lilizin nişanəsini üstündə gəzdirməyən hamilə qadınları... balasını əlindən alır. Mənimki kimi. Bu kənddə ki qadınlar kimi...Adəmə zülm olmaq üçün. Kişilərə... Liliz istəyir ki, balası ölən qadınlar onun nə çəkdiyini bilsin. Bu dəhşətdir. Mən heç vaxt buna inanmırdım. Amma.... – Qoca qadının baxışlar meyit gözləri kimi donmuşdu.

- Bəs, indi mən neynəyim, bibi? Başıma haranın daşının salım? O uşağa bir şey olsa... Gör neçə ildən sonra evimizdən körpə iyi gəlir. Ona bir şey olsa...

- Bilmirəm... Bilmirəm.... bəd ruhları qov. Qov! Qov!

- Necə qovum? Yumurta qoymuşam, qan sürtmüşəm, qurban basdırmışam...

- Bilmirəm... Bilmirəm... Mən qarğa olub uçanda... Körpəmi tapanda...

Gəlin başa düşdü ki ona lazım olacaq bundan artıq sözü bibisindən eşitməyəcək. Odur ki, ayağa durub çarpayıdan uzaqlaşdı. Bibisi isə hələ də öz-özünə danışırdı. Gəlin Lilizin haqqını düşündü və istər-istəməz Adəmə qarğıdı.

***

Leyla Güngörün yanında oturmuşdu və heyran-heyran körpənin keçi südünü necə əmdiyinə baxırdı. Şirin-şirin əzizləyirdi. Gəlin onları qapıdan süzüb mətbəxə keçdi. Aydan sual dolu baxışlarını gəlinə dikdi:

- Nə dedi Solmaz bibi?

- Bilmirəm. Qarma-qarışıq şeylər. Həmişəki kimi...

- Görən bunlar düzdü. Yoxsa Leyla haqq edib bizi ələ salır? Geridəqalmış deyir. – Aydan əlini dəsmala silə-silə soruşdu.

-Leylanın qanmadığı çox şey var hələ. İki kitab tapıb oxuyub, olub çox bilmiş! Bu qədər uşaq ölür kənddə, bu qədər zahılar havalanır. Hamısı təsadüfdür? Hansı kənddə bu qədər andıra qalmış qarğa var? Hamı bilir ki bu kənd qəbiristanlığın üstündə tikilib. Camaatı qırıblar burda . Qarğalar da gəlib onların leşin didib. Burda məskən salıblar. Tapdıqları qozları da burda yerə qoyublar. Sonra da camaat gəlib bu yaşıllıqda kənd salıb. Rəhmətlik atan həmişə belə deyirdi. Təkcə əmim yox, köhnə kişilərin hamısı bunu deyirdi. Görmürsən sübh açılan kimi qarğalar xoruzdan qabaq qarıldayır?

- Mən deyirəm bu qoz ağaclarını kəsib rədd edək bu həyət-bacadan. Qarğalar da cəhənnəm olsunlar. Hər səhər qarğaların qarıltısına oyanmaqdan bezmişəm.

- Bu lənətə gəlmiş kənddə başqa şey bitir ki? Camaat nəylə dolansın. Onsus da dolanışıq qeybə çəkilib. Yenə hər il tonla qoz satırlar. Vurğun vurmuş qarğalar həm ruzi verib, həm də bədbəxtlik.

- Deyirəm bircə Adil qaqam gəlsəydi biz də dabanımıza tüpürərdik. Burda bədbəxtlikdən başqa heç nə yoxdur.

Gəlin soğanı şişə keçirtdi. Və ikisi də birlikdə otağa girdilər.

Körpə süd butulkasını boşaltmışdı.

Güngör şişə batırılmış soğanı görüb soruşdu:

- Bu nədən ötəridir?

Gəlin özünə əminliklə dedi:

- Bu da adətdir. Eləyirəm ki, bəd ruhlar, nəzər, xəstəlik səndən, körpədən uzaq dursun.
Leyla özünü saxlaya bilməyib əsəbiləşmiş kimi kəskim etiraz elədi:

- Nə bəd ruh, xeyir ruh ey? Boş-boş inanclardı hamısı. Elə belə cahillik yıxır də bu millətin evin. Nə vaxta qədər belə şeylərin dalınca düşəcəksiniz ey?... din hamınızın evin yıxıb, çöllərdə qalmısınız, yenə başa düşmürsünüz. Vallah bir gün gələcək bu gün biz dəniz, yer, göy, günəş allahlarını təsvir edib inananlara necə gülürüksə bizə də elə güləcəklər. Ələ salacaqlar. Ağlımız hələ də o qədim adamların ağlıyla eynidir. Elə cahil də qalmışıq. Ona görə ki, dinin bataqlığından çıxa bilmirik. Çubuq uzadanları da ya axmaq, ya da kafir sayıb daşlayırıq. Nə bilim neynirik...
Gəlinin üzü sərtləşi:

- Leyla, kəs səsini, sakit otur. Sən nə qədər böyüsən də hələ mənim uşağımsan. Elə-elə qulağının dibini alışdırmayım.

- Gəlin, qurban olum, belə şeyləri burax də. Bu qədər qoz ağacı var kənddə. Camaat asmadan boğulub ölür, sora da durub deyirlər ki, gecə cin gəldi filankəsi boğazından yapışdı... Ay nə filan oldu, bəhmən oldu...
Gəlin səsini qaldırdı:

- Leyla bəsdir! Sən belə şeyləri qanmazsan.

Leyla üstünə atılan şəri sübut etməyə çalışan kimi coşdu:

- Niyə qanmıram axı? Bu boyda kəndin kişiləri qoz ağaclarını kəsməkdən, özləri başlarını götürüb qaçıblar. Bədbəxt qızlar-gəlinlərdə xofdan havalanırlar. Beyinlərində qurdlar qaynaşır. Bu xaraba da bir həkim olsaydı atam-anam da ölməzdi. Heç başqaları da. Burdan gedənlərin hamısı bu kəndə daş qoyanı lənətləyir. Amma bir adam həkim olub qayıtmır anasının, bacısının yanına. Nə olsun Adil mənim atam əvəzidir. Niyə bizi burda atıb, rus qızlarının yanında kef eləyir. Sən də falla, dua-caduyla bəd ruh qovursan. – Leylanı ağlamaq tutdu. - Bura Qarğalı kəndi deyil, yiyəsiz, kişisiz, arvadlar kəndidir. Qorxaq kişilərin qoyub getdiyi bədbəxt arvadların xarabasıdır. Kişilər yaxşı yaşamaq haqqımızı əlimizdən alıblar. Sənin ərin orda kef eləyir, sən də burda qorxudan ucalanırsan. Axı niyə? Bu kəndin qızları evdə qalmalıdır? Niyə biz yaxşı gün görməməliyik?

Aydan istəmirdi ki kənd haqqında Güngör hər şeyi bilsin. Odur ki Leylanın üstünə qışqırdı:

- Leyla, bəsdir. Çıx çölə! Çıx!

- Niyə? Bədbəxt olduğunu eşidəndə pis olursan?

Aydan ona şillə vurdu. Gəlin Güngörün üzünə baxıb onun necə heyrət içində olduğunu gördü. İndiyə qədər gizlətdikləri çox şeyin üstü açılmışdı. Güngörün bu vəziyyətində belə şeyləri eşitməsini heç istəməzdi. Onun qorxusu daha da artacaqdı. Gəlin əsəbi halda Leylanın üstünə qışqırdı:

- Leyla, çıx get əl-üzünü yu! Bəsdir ta. Sən inanmırsan biz inanırıq. Allah bəd ruhlara lənət eləsin! Gör iki dəqiqəyə ortalıq necə qarışdırdı. Çıx şölə!

Leyla dabanlarını yerə çırpa-çırpa otaqdan çıxdı və bir necə saniyədən sonra bütün əsəbini qonşu otağının qapısına çırpdı.

Güngör yalvarış dolu baxışlarını qarşı divardakı ayaq üstə duran əsgər şəklinə zillədi. Elə bil ona yalvarıb deyirdi: “Bərk qorxuram, hardasansa tez gəl. Lap tez. Qızınla mənim alnıma qan sürtülsə də, çarpayımızın altına yumurta, başımızın üstünə soğan asılsa da qorxuram. İndi sənə daha çox ehtiyacımız var. Torpağı yox, gəl indi bizi qoru. Heç olmasa bu dəfə...” - Güngör gözünü şəkildən ayırıb qızına baxdı. O, qolunun üstündə mışıl-mışıl yatırdı. Gəlin onu elə bələmişdi ki, zərif boğazı və başı çöldə qalmışdı. Ona da ağ və küpürlü papaq geyindirmişdilər.

Güngör qızının alnından öpüb, onu özünə bir az da yaxın tutdu. Halsızlığı süzülən gözlərindən də hiss olunurdu. O, gözünü yumdu.

- Deyəsən qızdırman var. – Gəlin əlinin arxasını Güngörün alnına qoyub yoxladı. Tez də əlavə elədi, - olar belə şeylər. Zahısan də...

- Yorğunluqdandır. – Aydan əminliklə onu inandırmağa çalışdı. – Bir az rahat yatsa düzələcək. Əsəbiləri gərgindir...

- Çalış yat. Sənin tayların burdan doğur, ordan da gedib inək sağır. Aydan gəl, qoy bir az yatsın.

Güngör gözünü açmırdı. Açmağa halı-həvəsi də yox idi. Gəlin-baldız otaqdan çıxdılar.
Güngör qızıyla baş-başa qalmağa elə bil ilk dəfə fürsət tapdı.

Onu bir az da özünə yaxın çəkib burnunu ucundan öpdü. Nəfəsini tutub körpənin fısıltısını dinlədi.

Amma külək yenə də çöl tərəfdən vurulmuş gecə lamasının başını divara vurub danqıldadırdı.

Və dünyada yalnız körpəsinin fısıltısı dinləmək istəyən Güngörün onsuz da oyaq olan əsəblərini qıcıqlandırırdı. O, əsəbinin acığına yatmağa çalışdı.

Pəncərənin qarşısındakı stolun üstünə qoyulmuş kitab, dəftərlərin arasından bir yazılı vərəq uçub budaqdan qırılan saralmış palıd yarpağı kimi havada yellənərək o üzünə, bu üzünə çevrilib otağın ortasına düşdü.

Güngör nəsə hiss eləsə də çevrilib baxmağa həvəsi gəlmədi. Birdən servantın aşağı qapıları açılıb çırpıldı. Güngör səksənib, çevrildi. Bir az başını yastıqdan qaldırmışdı.

Otağa göz gəzdirib, ürkmüş halda dinşəyirdi. İçəriyə həyəcanlandırıcı sükut yayıldı. Güngör indi hiss elədi ki, qızının da fısıltısını bu qəfil gələn ölü sükut udub.

Hətta niyəsə çöldəki gecə lampası da danqıldamırdı. Sadəcə işığı yellənirdi.

Güngör qızına tərəf çevrildi. Stolun üstündəki kitab ortadan açılaraq elə bil əsəbiləşmiş adamın barmaqlarıyla bir nəfəsə vərəqləndi. Vərəqlər şıxıltadı. Güngör cəld çevrilib stolun üstünə baxdı.

Gözləri bərəldi və qışqırmaq istədi. Amma niyəsə səsini boğdu. Kitab qəfil səhifələnib qurtardı və çırpılaraq bağlandı.

Güngörün gərgin bədəni titrədi. Qaşları burnunun üstündə düyünləndi və gözləri qıyıldı. Əmin oldu ki, o qəribə qadın yenə gəlib. Dəli kimi döyükdü.

Qəfildən üzünə dəyən yeldən tükləri biz-biz oldu və hiss elədi ki o qəribə qadın onun üstündən keçdi. Əti ürpəndi. Bədənindən cərəyan kimi keçən üşütmədən çiyinlərini əsdi. Çevrilib qızını qucaqladı.

Və Lilizin hardansa çıxacağını gözlədi. Gözlədiyi uzandıqca gərginliyi yumşaldı.

Başını ehtiyatla balışa qoydu. Yorğun gözləri öz-özünə yumulurdu.
Peysərinə qəfil dəyən soyuq nəfəsdən səksəndi. İçinə lil kimi çökmüş həyəcan, qorxu üzünə qalxdı.

Bəbəkləri bərəldi və sol tərəfdən gözünün altı səyridi. Ehtiyatla başını arxaya çevrildi.

Heç kim yox idi. Amma Güngör bilirdi ki tək deyil. Arxası üstə uzanıb tavana baxdı.

Gözləri ilə Allaha yalvardı, onu ağ boyası çoxdan saralmış və qopuqlanıb tökülmüş tavanda görmək istədi.

Yalvardı ki, heç olmasa bu anlarda Fazil yanına göndərəydi.

Güngörün alnında muncuqlanan soyuq tər damcıları böyüdükcə qulağının dibinə tərəf süzüldü. Başı təzyiqdən ağrıyan adamınkı kimi gicgahından keçən arteriya damarları şiddətlə döyündü.

Hətta Güngör o damarın içindən gələn ürəyinin səsini də eşitdi. Və yenə təbil səsləri otağa yayıldı.

Yüksək təzyiqlə damarlarından axan qana baxmayaraq Güngörün sarıyanız bənizi meyit rənginə döndü.

Qorxmuş baxışları qaranlıq zirzəmiyə salınan əl fənərinin işığı kimi otaqdakı hər şeyin üstünə düşdü.

Təlaşla nəyinsə olacağını gözlədi. Qəfil otağın qapısı açıldı və Güngör səksənərək qışqırdı.

- Noldu yenə, dəliliyin tutdu? Ala oyanan kimi bu şərbəti içirt ona. İndi Aydanı göndərirəm keçini sağsın. Özün də yeməsən sabah südün olmayacaq.

- Yox. Heç nə istəmirəm. Ürəyim bulanır.

Gəlin stəkanı çarpayının baş tərəfindən qoyulmuş və söykəncinə paltarlar asılmış stulun üstünə qoydu:

- Ay allah balama qurban olum. Gör necə yatıb. Burnuna bax, burnuna. Qoy görüm qızdırman var. Ay qız, alışıb yanırsan ey. Tərin içindəsən... Ala dəsmalı üz-gözünü qurula. Belə olmaz qoy görüm sənə gətirirəm.

- Yox, gəlinbacı... dayan... sən allah getmə. Yoxsa o yenə gələcək... Bayaq gəlmişdi... burdaydı. Lap yanımda... getmə...

- Ay qız, bəsdir sən allah. Da uşaqsan deyilsən ey. Bu qədər yumurta qoymuşam, qıfıl asmışam, soğan şişləmişəm... Sən nə danışırsan? Ta bu evə heç bir bədlik, ruh ayağının ucunu qoya bilməz ha. Yanar! Vallah yanar! Sən heç bilirsən bunların gücünü?! Dayan indi gəlirəm. - Gəlin otaqdan çıxıb qapını örtdü. Aynabənddəki əlüzyuyanda əlini yudu. Dəsmalı götürüb pəncərəyə yaxınlaşdı. Aydan toyuqları hinə tərəf kişləyirdi.

- Aydan, Aydan! Get keçini sağ. Balam süd istəyir.

Aydan hinin qapısını bağlayıb tövləyə girdi. Gəlin gözünü baldızından çəkib qəfil açılan darvazaya baxdı. Bir on-on iki yaşlarında uşaq tələsik həyətə girdi və qışqıra-qışqıra aynabəndin altına yaxınlaşdı:

- Narın bibi! Ay Narın bibi! Tez ol! Gəl! Solmaz nənə özünü asıb! Narın bibi... - Uşaq sözü gəlinə çatdıran kimi dönüb qaçdı.

Gəlin bir anlıq pəncərənin qabağında dondu. Özünü itirdi. Sonra başı alovlu otağına gedib yaylığını götürdü və həyətə qaçdı.

- Vaayyy! Ay allah! Qarğalar arvadı apardı!

Səsə Leyla otaqdan qorxmuş halda çıxdı və gəlinin darvazadan necə qaçdığını gördü. Anladı ki nəsə dəhşətli hadisə olub. Odur ki gəlinin dalınca getdi.

***

Güngör arxası üstə uzanıb gözünü yummuşdu. Zarıyırdı. Elə bil halsızlıqdan harasa lap dərin bir dərəyə yumbalanırdı.

Qəfildən iri bir kölgə onun üstündən keçdi. Sonra həmin kölgə divardan sürüşdü.

Hiss olunurdu ki, otaqda nəsə sürətlə oyan-buyana qaçır. Nəhayət kölgə itdi.

Liliz çarpayının ayaq tərəfində durub Güngörün üzünə əyilmişdi. O qədər yaxın idi ki az qalırdı qulağının qabağından sallanan buruq saçları onun tər basmış üzünə dəysin.

Birdən Güngör üzünə dəyən soyuq nəfəsdən titrətdi və səksənərək gözlərini aşdı. Burun-buruna durduğu Lilizi görən kimi dəhşətə gəlib qışqırdı və eyni anda Liliz də bağırdı. Və qəfil Liliz havanın içində itdi.

Güngör boylanıb ətrafında onu axtardı. Hiss edirdi ki indi yenə hardansa çıxacaq. Yadına qızı düşən kimi onu qucaqlamaq üçün çevrildi.

Və yenə Lilizlə üz-üzə durdu.

Liliz çarpayının kənarından yerə çömbəlmişdi və körpənin arxası ona tərəf idi. O, elə bil qəsdən Güngörü havalandırmaq istəyirdi.

Uşağın qulağına əyilib ilan kimi fısıldadı. Güngör körpəni cəld bağrına basdı və üzüylə onun başını gizlətdi.

Liliz uzun caynağını körpənin qulağının dibinə sürtərək dişlərini qıcadı. İti və yırtıcı baxışlarını Güngörün dəhşətdən bərəlmiş gözlərinə dikdi.

Və elə bil bu baxışlarıyla Güngörə bildirdi ki, körpənin qanını içməyə hazırdır.

Güngör bir nəfəsə qışqırdı və sonra çarəsiz halda hönkürdü. Liliz qıçanmış dişlərini şaqqıldadara körpənin üstünə əyildi.

Onu iylədi. Elə bil körpənin qanını içmək üçün hansısa məqamı gözləyirdi.

Güngör qəfil cəsarətlənib cəld hərəkətlə qızını üstündən aşırıb o biri böyrünə keçirtdi. Və eyni anda özü də çevrilərək bağrına sıxdığı balasını bədəniylə gizlətdi.

Liliz caynağıyla onun çılpaq çiyinlərini sonra kürəyini cızdı. Əyilib ət ürpədici səslə onun qulağına fısıldadı.

Güngör qırqınclaşıb özünü yığdı və hönkürtüsünə güc verdi.
Liliz caynağını onun üzünə sürtdü və qəfil iti hərəkətlə dərisini cırdı.

Bir necə saniyədən sonra qan damcısı göründü və böyüyüb yanağından burnuna süzüldü. Liliz nazik uzun dilini çıxardıb qanı ləzzətlə yaladı.

Güngör o qədər gərginləşmişdi ki, bədəni titrəyirdi. Gözlərini aça bilmirdi. Və birdən hiss elədi ki, boynuna dəyən hənirti yoxdur.

Ehtiyatla gözlərini araladı. Bütün diqqətini arxasına yönəltdi. Yavaş-yavaş başını çevirdi.

Liliz yoxa çıxmışdı. Güngör ürəklənib əməlli başlı başını çevirib arxaya baxdı, sonra otağa göz gəzdirdi. O yox idi. Amma Güngör hiss edirdi ki, o qadın hardansa lap yaxından ona baxır. Və yenə qəfildən hardansa çıxacaq.

Yəqin ki bu dəfə onun üstünə atılıb qanını sümürəcək. Sonra da qızının...

Güngör gərinləşib bükülən qolunu araladı. Qolları keyimişdi. Qızını sinəsinin altından çıxartdı. Körpə göyərmişdi.

Fısıltısı eşidilmirdi. Güngör əsə-əsə dodaqlarının qızının boynuna yapışdırdı ki, nəbzinin döyüntüsünü hiss eləsin. Amma dodağı qızına dəyən kimi başını geri çəkdi.

Körpə buz parçasına dönmüşdü və ondan Lilizin iyi gəlirdi. Güngör başını geri çəkib diqqətlə qızının üzünə və göyərmiş dodaqlarına baxdı. Sirkələyib oyatmağa çalışdı.

Getdikcə daha bərkdən sirkələdi. Və qəfildən körpə gözlərini açıb iti və yırtıcı baxışlarını ona zillədi.

Dişlərini qıcadı. O Lilizin simasındaydı. Ovuna ağız atan canavar kimi o qəfil köpək dişləriylə Güngörün üzünə ağız atdı. Güngör qışqıraraq üstünə cuman Lilizi qeyri-ixtiyari itələdi.

Liliz arxası üstə döşəməyə çırpıldı. Güngör yerinin içində dikəlib iki əliylə başını sıxaraq bir nəfəsə qışqırdı. Sonra ehtiyatla gözünü açıb itələdiyi Lilizə baxdı.

Və yerdə başının qanı döşəməyə yayılan qızını gördü. Liliz dizlərini və əllərini yerə qoyub onu bir az yana çevirib yarılmış başından axan qanını ac qurd kimi sümür.

Güngör keyimiş halda ancaq bir nəfəsə qışqırırdı. Bədənini hiss eləmirdi ki, balasını vampir qadının əlindən alsın.

Aydan özünü içəri atdı və ilk gördüyü mənzərədən dizləri tutuldu. Çarpayıya çatmamış yerə çökdü. Sonra bir az ayılan kimi oldu və dizlərini çırpıb şivən saldı. Dizin-dizin iməkləyərək başı döşəmədəki qan gölündə batan körpəyə yaxınlaşdı. Dəhşət içində onu qollarının arasına alıb sinəsinə sıxdı və hönkürdü. Güngör hələ də gözünü yerdəki qana zilləyib qışqırırdı. O, əl atıb gah yalın ayaqlarını, gah da üzünü cırdı, saçını didib, yoldu. Özünü şillələdi.

Qapıdan içəri uzun bir kölgə düşdü. Sonra onlara yaxınlaşan Solmaz nənə göründü. Aydanın başının üstündə durub soyuqqanlılıqla körpəyə, sonra da Güngörə baxdı.

Güngör Solmaz nənəni görüb hönkürüb ağladı və əllərini uzadaraq Aydandan körpəsini aldı. Qeyri-şüuri onu əlinə keçən ağ dəsmalla bələdi və sinəsinə basdı.

Elə bil indi kiminsə gəlib onun əlindən alacağından qorxdu. Aydan üzünü tutaraq ürək yandırıcı hönkürtüylə ağlayırdı.

Solmaz nənə pəncərəyə tərəf getdi. Pəncərəni açıb sürahisinə çıxdı. Güngör onun dalınca pəncərəyə yaxınlaşanda Aydan başını qaldırdı.

Və hiss elədi ki Güngör artıq kənddəki bəzi gəlinlər kimi olub. İndi də özünü atmaq istəyir.

Odur ki cəld durub Güngörün qarşısını kəsdi. Pəncərənin sürahisinə qonmuş qarğa ürkərək pırıltıyla uçdu. Aydan pəncərəni örtüb Güngörü qucaqlamaq istədi.

Güngör Aydanın üzünə baxan kimi ondan qorxdu və onun Liliz olduğunu gördü. Çəkilib otağın küncünə qısılıb ölmüş körpəsini bağrına basaraq islanmış pişik balası kimi titrətdi. Aydan ona yaxınlaşıb sakitləşdirmək istədikcə Güngör Lilizin onan yaxınlaşıb balasını əlindən alacağından qorxdu. Və bir nəfəsə qışqırdı. Qorxudan bərəlmiş gözlərindən yaş iri yağış damcısı kimi yanaqlarına tökülürdü.

Aydan onun qarşısında yerə çöküb əlacsız halda dizlərinə döyərək ağlayırdı. Onların səsinə heç kim gəlmirdi...

***
... pərdəsi çəkilməmiş pəncərədən içəri iki göz baxırdı!
XS
SM
MD
LG