Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:41

Süleyman Sani Axundov. Tamahkar


Beş pərdəli məzhəkə


İŞTİRAK EDƏNLƏR:

H a c ı M u r a d - 60 yaşında.
İ m r a n - 25 yaşında.
G ü l z a r – Hacı Muradın qızı, 18 yaşında.
M ə h ə r r ə m b ə y - 55 yaşında, xəsis bir mülkədar.
H a c ı S a l e h - 48 yaşında, tacir.
Ş ə r ə f x a n ı m - Hacı Muradın həmşirəsi1.
Ə h m ə d - Şərəfin oğlu, 10 yaşında.
N a b a t - Hacı Muradın xidmətçisi, 25 yaşında.
Q u l u - Hacı Muradın nökəri.
Ə l i q u l u - Məhərrəm bəyin sabiq nökəri.
Q u r b a n Qulunun yoldaşları.
N i y a z

BİRİNCİ PƏRDƏ

Hacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab.

Yanında bir əl ağacı. Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.

Q u l u. Deyən gərək, a qoca kaftar, bu pulları kimə yığırsan, niyə yemirsən?
Arvadın yox, oğlun yox, bir qızın var, o da bu gün-sabah çıxıb allah bəndəsinin
birinə gedər. Yenidən evlənməyə ömrün yox; çünki yaşın altmışdan ötmüşdür. Bəs
bu pulları kimə yığırsan? Adam pulu qazanar ya bu dünya üçün, ya axirət üçün. Bu
dünyada yeyər, içər, aşna-dosta xərclər, kef edər. Axirət üçün də məscid-mədrəsə
tikdirər, fağıra pul verər, yetimə paltar alıb qarnını doydurar. Amma bu zalım
oğlunda bunların heç biri yoxdur. Nə deyim, allahın sirrinə təəccüb qalmalıdır...
Pulu götürüb belə xəsisə verir ki, sandığa doldurub gecə-gündüz keşiyini çəkir və mənim kimi bazburudlu oğlanı da ona nökər edir,
yəni belə malınyeməzin malını yemək haramdır? Vallahi, mənə görə halaldan da
halaldır. Ancaq açarları əlimə sala bilmirəm və özü də nə duyursa, məni otağına
qoymur. İndi gəlib məni burada görsə həşirimi qatacaqdır. (Pəncərədən baxır.)
Odur, gəlir, dədəmin evi yıxıldı.
Süpürgəni yerə atıb tez qaçır, Hacı Murad o biri qapıdan daxil olur.
H a c ı M u r a d. Bu süpürgə burada nə gəzir? Yoxsa yenə zalım oğlu Qulu
burada imiş. Qulu! Qulu! Kar olsan. Nabat! Nabat!..

Nabat daxil olur.

N a b a t. Nə buyurursan, ağa?
H a c ı M u r a d. Qulu haradadır? Bu süpürgə burada nə gəzir?
N a b a t. Qulu indicə əlində süpürgə buraya girdi.
H a c ı M u r a d. Kafir uşaqları kafir, min dəfə demişəm ki, mənim otağıma, ta
özüm çağırmasam girməyəsiniz. Sizin əlinizdən rahat bayıra da çıxa bilmirəm. Bəs
Qulunun özü haradadır?
N a b a t. Ağa, bilmirəm.
H a c ı M u r a d. Get bu saat harada isə tap buraya göndər. (Nabat gedir.)
Axırı bu zalım oğlu Qulu mənim başıma bir iş gətirəcəkdir. Murdar oğlunu görmək
istəmirəm. Üzündən-gözündən oğurluq yağır. (Qulu daxil olur.) Qulu, harada idin?
Səni çağırıram heç səs də vermirsən.
Q u l u. Ağa, bağçada çarhovuza su buraxmışdım.
H a c ı M u r a d.Bu süpürgə burada nə gəzir?
Q u l u. Ağa, gəldim, səndən izin alıb evi süpürəm, gördüm evdə yoxsan,
çıxdım. Özün buyurubsan ki, izinsiz sənin otağına girməyim.
H a c ı M u r a d. Yaxşı, itil get. (Qulu cıxır.) Durum sandığı yoxlayım. Yoxsa
Quluya etibar eləmək olmaz. Xoş o adamın halına ki, pulu əlçatmaz və möhkəm
yerdədir. O gün də Məhərrəm bəy deyir ki, mən pullarımı bangə verirəm. A kişi,
adam da gözü görə-görə pullarını özgəyə verərmi? Bu dünya elə dünyadır ki,
adama bir qəpik də etibar etmək olmaz. Yaxşı, birdən o bangdə pullar itdi, ya
vermədilər, onda mən kimdən alım? Yox, səfih işdir. (Papağının icindən əsgiyə
duyunlu acarları cıxardır, dord tərəfinə baxa-baxa sandığın icindən mucrunu cıxardıb pulları sanayır.) Gərək burada əlli min manat ola. Dünən də Məşədi
İsmayıl istədi ki, müamilədən kəsə, gördü ki, xeyr, mən o adamlardan deyiləm. (Bu
halda Nabat daxil olur. Hacı Murad cəld mucrunu altına qoyub ustunu cuxası ilə
ortur.) Yenə nə var?
N a b a t. Hacı ağa, Gülzar xanım hamama gedəcəkdir, pul istəyir.
H a c ı M u r a d. Hamama gedəcəkdir? Çox qələt edəcəkdir. Evdə su da var,
od da var, qab da var, qazan da var. Su qızdırsın çimsin. Gələniniz əlini açır pul
ver, gedəniniz pul ver. Pul, pul, pul! Haradan alım? Deyəsən xəzinə üstə
oturmuşam. Niyə dayanmısan? İtil get.
N a b a t (gedə-gedə kənara). Qoca kaftar, pulları sandıqlarda gizlədib bir tək
balasına da qıymır.
H a c ı M u r a d (yalqız). Yox, evdə bu qədər pulu saxlamaq olmaz. Heç
olmasa mücrünü bir başqa yerdə gizlədim. Yoxsa sandıq elə şeydir ki, oğru əvvəl
onun üstə yüyürər. (Fikir edir.) Tapdım. Hacı Saleh də pulu gətirsin, onu da
bunlara qatıb basdırım. (Mucrunu yenə sandığa qoyur.) Görəsən nə oldu ki, Hacı
Saleh gec gəldi? Şəhərdə bərk səs var ki, Hacı Saleh banqurotdu.
Bu halda Hacı Saleh pərişan bir halda daxil olur.
H a c ı S a l e h. Salaməleyküm.
H a c ı M u r a d. Əleyküməssəlam. Hacı,buyur əyləş. Nə var? Çox pərişansan,
xeyir ola?
H a c ı S a l e h. Hacı əmi, dünyanın hansı işinə baxıb pərişan olmayım?
İnsanda insaf, rəhm, sədaqət qalmayıbdır. Vaxtı ki, işin sazdır, sənə ehtiyac var,
hamı sənin qulundur. Amma elə ki, işin bir balaca əydi, hamı üstünə ayaq basıb,
sənə qılınc vuracaqdır. Sənə məlumdur ki, bu şəhərin sövdəgərlərinin əksərini mən
pullu etmişəm. Neçələrini dar günündən qurtarmışam. Neçələrinin veksillərini cırıb
atmışam. İllər ilə müamiləsiz pul borc vermişəm. Xülasə, hansını deyim? Özün
bilirsən.
H a c ı M u r a d (kənara). Bu müqəddimədən heç gözüm su içmir.
H a c ı S a l e h. Hacı əmi, Moskvadan gətirdiyim mal tamamilə satılmamış
durur, barama da zərər çıxartdı. Alış-veriş belədir ki, beşinə sən borclu olursan,
beşi də sənə. Mal satılıb qurtarar, borclar verilər. İndi mənim işim bir az dolaşıqdır,
dövlətli etdiyim adamlar mənə macal vermir. Sənin beş min manatını hazır
etmişəm, ancaq altı yüzünə bir həftə möhlət ver, çünki onu Məşədi Niyazquluya
verəcəyəm. O gözləyə bilmir. Doğrudan da, əlində heç zadı yoxdur. Yoxsa onun pulunu nə qədər saxlasam, istəyən adam deyil.
H a c ı M u r a d. Yox, Hacı Saleh, düz söz, gözləyə bilməyəcəyəm. Pul özümə
çox lazımdır.
H a c ı S a l e h. Hacı, sən şəhərimizin birinci dövlətlilərindən hesab olunursan.
Sən niyə pula möhtac olasan?
H a c ı M u r a d. Elə orada evim yıxılıbdır ki, xalq məni dövlətli qələminə
veribdir. Hansı borclunun üstünə gedirəm, deyir, Hacı, sən dövlətlisən, gözlə.
Baba, haradan dövlətli oldum. Qırx il külüng çalıb bir cüzi pul əlimə almışam. O
da onda-bunda.
H a c ı S a l e h. Hacı, buyur bu dörd min dörd yüzü al, yerdə qalan altı yüzə də
bir həftə vaxta, kağızı təzələyib, mənə möhlət ver. Eybi yoxdur, müamiləni də artır.
H a c ı M u r a d. Xeyr, xeyr, heç vaxt qəbul edə bilmərəm. Gərək beş mini
tamam qabağıma qoyasan, bax kağızın vaxtından iki gün də keçibdir. Mən təəccüb
edirəm ki, niyə mənim pulumdan kəsib Məşədi Niyazquluya verirsən, çünki məni
yumşaq tanıyırsan.
H a c ı S a l e h. Hacı Murad, bu sözləri mənə deyirsən? Mənə bir həftə vaxt
vermirsən? Neçə dəfə səni dar gündən qurtarmışam, a biin-saf kişi? Səni ilan
ağzından qurbağa kimi, borclulardan xilas etmişəm. İndi mənə aman vermirsən?
H a c ı M u r a d. Onlar keçmiş əhvalatdır. Mən də sənə az etməmişəm. Köhnə
palan içi açmaq lazım deyil. Daha bir gün də gözləyə bilmərəm. Dünya ölümitimdir
və bundan əlavə də Kərbəla ziyarətinə gedəcəyəm. Pul lazımdır.
H a c ı S a l e h (rişxəndlə). Hacı Murad, ziyarətin qəbul olunsun, ancaq
soruşmaq eyib olmasın, hansı əməl ilə gedirsən?
H a c ı M u r a d. Niyə? Mən nə pis əməl etmişəm ki, ziyarətim də qəbul
olmasın?
H a c ı S a l e h. Hələ cürət edib soruşursan da? Sənin yediyin, içdiyin it
qanından da murdardır, çünki oğurluqla, qaçaqlıqla, yetimin malını mənimsəməklə
yığılıbdır. Hansı əməlini deyim. İmranın atasının pulu ilə mal-dövlət sahibi
olduğunu hamı bilir və yetim İmranı nə tövr saxladığın cümləyə məlumdur. Amma
onun atasının sən çöldəqalmışı öz oğlu kimi, xəz paltolu saxladığı hamıya
məlumdur.
H a c ı M u r a d. Babam, mənimlə davaya gəlmisən? Bir qəbih iş görmürəm ki,
öz pulumu istəyirəm də.
H a c ı S a l e h. Kağızı ver buraya, bihəya kimi! Buyur, bu sənin beş min
manatın. (Pulları verir.) Sən elə zalım deyilsən ki, adama rəhm edəsən. Boynuma
torba salıb dilənməyə hazıram, nəinki sənin kimi adamdan minnət götürməyə.
(Veksili Hacı Muraddan alıb cıxır.)
H a c ı M u r a d (pulları sayarkən). Yaxşı çrxartdım. Hacı Saleh az qalmışdı ki,
İmranın qəyyumu olub Şeyx Əlinin malını məndən iddia edə. Dünyada qəribə
adamlar var. Bir də görürsən ki, səndən iddia edir ki, mənim babam sənin babanı
filan qərinədə əsirlikdən azad edibdir. İndi gərək sən də mənə qul olasan. Durum
mücrüyə yer qazım. Qulu! Qulu!
Qulu gəlir.
Q u l u. Nə buyurursan, ağa?
H a c ı M u r a d.Get mətbəxdə bir xəncər tiyəsi var, onu buraya gətir. (Qulu
gedir.) Bu döşəkcənin altını qazaram və basdırıb üstündə oturaram. Ancaq
Quludan və Nabatdan həmişə sərvaraq olmalıyam. Ələl-xüsus o şeytan Quludan.
Hər bir şeyə diqqət edir. İndi soruşacaqdır ki, bu xəncər tiyəsini neynirsən?
Qulu daxil olur.
Q u l u. Ağa, bunu neynirsən?
H a c ı M u r a d. Canına dərd edəcəyəm, səfihoğlu səfih! İndi durub mənnən
silist edecəkdir. Nə edəcəyəm, dırnaqlarımı kəsəcəyəm.
Q u l u. Ağa, bunnan mən ət döyürəm. Bu dırnaq kəsməz.
H a c ı M u r a d. Sarsaq oğlu sarsaq, itil cəhənnəmə.
Q u l u. Ağa, niyə acığın tutur. Bu elə kütdür ki, heç yer də qalmaz.
H a c ı M u r a d. Nə dedin? (kənara) Allah, divarların da qulağı var. Bu zalım
oğlu haradan bildi ki, mən tiyəni nə üçün istəyirəm.
Q u l u (kənara). Bəli, məlum oldu ki, tiyə nə üçündür.
H a c ı M u r a d. Qulu, indi başımı sandığaqoyub yuxuyagetmişdim, yuxuda
gördüm ki, sən surətdə bir adam evə girib istəyir ki, mənim pul sandığımı yarıb...
belə boğub məni o boş sandığa saldı. Çox vaxt yuxu doğru olur. İndi onun ücün
bunu səndən istədim ki, yanımda silah olsun.
Q u l u. Bəli, ağa, adam gərək ehtiyatlı olsun. Yanında silah saxlasın. (kənara)
Amma necə inandım, məni hec şeytan da aldada bilməz, istəyir bu aldatsın. (Hacı Murada) Ağa, mən getdim, yoxsa toyuq ocaqda yanar.
H a c ı M u r a d. Ay gədə, toyuq nədir? Nə deyirsən? Kim sənə izin veribdir ki,
toyuq kəsirsən. Bu zalım uşaqları axırı məni dilənçi edəcəklər, elə bu saat da
dilənçi halındayam. Kafir oğlu kafir, bu dəqiqə o toyuğu mənə dirildərsən.
Q u l u. Ağa, mən neyləyim. İmran ağa buyurdu ki, axşama plov bişir, iki
toyuğu da kəs qoy aşın altına, qonağım var.
H a c ı M u r a d. A kafir oğlu, mənəm sənin ağan, yoxsa İmran? O haradan ağa
oldu. Bir yetim gədə idi. Rəhmim gəlib saxlamışam. İndi mənim evimi dağıdır?
Get bu saat onu buraya çağır. (Qulu gedir.) Evin yıxılsın, İmran. Yaxşı evimi
dağıdırsan. Heyf sənə, çil toyuq. Hamı toyuqlardan yumurtlayan idi. (İmran daxil
olur.) Atam, belə ki, sən başlamısan, tezliklə mənim boynuma torba saldırıb
diləndirəcəksən.
İ m r a n. Nə olmuş?
H a c ı M u r a d. Atam, bu nə qonaqlıqdır? Bu nə toyuqplovdur? Atam, yağ,
düyü müftə deyil. Hamısına pul vermişik. Axır mənə deyən gərək, ay axmaq, niyə
evə yağ, düyü alırsan ki, gədə-güdə hər gün aş bişirib yesin? Bu xərcə heç
Süleyman padşahın xəzinəsi də davam edə bilməz.
İ m r a n. Sən evə nə yağ alansan, nə düyü. Bu günkü plovun xərci də mən
ilədir. Budur, on iki ildir ki, mən bu evdə oluram, burada bir qonaq üzü
görməmişəm və özüm də sənin qorxundan çağırmamışam. Amma indi bazardan
gəlirdim, bir fağır qəribə rast gəldim. Bu gecəliyə qonaq olmağı rica etdi, naəlac
qalıb razı oldum. Bir də, qəribə kömək etməyi allah, peyğəmbər buyurmuşlar.
H a c ı M u r a d. İndi de durub mənə şəriət öyrədəcəkdir. De görüm, ağa
İmran, o hansı tatın kitabındadır ki, toza, torpağa batıb min əziyyət ilə pul
qazanasan. Verəsən toyuqplova, onu da gəlib-gedən lotu-potu yesin. Özü də çil
toyuğun əti ilə.
İ m r a n. Daha mən sənə nə deyim? Sənin üçün allah, peyğəmbər, quran, şəriət
hamısı puldur ki, yığasan sandıqlara, nə özün xərcləyəsən, nə də başqasına verəsən.
H a c ı M u r a d. Kəs səsini, nadürüst, namərbut. Budur, on iki ildir ki, sən ataanasız
yetimi öz oğlum kimi bəsləyib, paltar, çörək verib bu boya çatdırmışam.
Onun əvəzində mənə dediyi sözə bax. Çörəyim sənə haram olsun.
İ m r a n. Sənin məndə heç bir haqqın yoxdur, mənim səndə var. Hələ atam
Şeyx Əli sənə elədiyi yaxşılıq və qoyduğu dövlət dursun kənarda. Mən özüm gecə
və gündüz çalışıb sənə pul qazanmışam. Amma bu vaxta kimi heç bir şeyə
ixtiyarım yoxdur ki, əl vuram. Yığ, yığ görək kimə qalacaqdır... (Cıxır.)
H a c ı M u r a d. Ümid ol, sənə qalacaqdır. Çox tələsmisən. Yox, dəxi
dayanmaq yeri deyil. Lazımdır tezliklə Gülzarı bir dövlətli yerə verib İmranı
qovmaq. Baxaq görək, şəhərimizdə arvadsız dövlətli kimdir. Kərbalayı Cəfər.
Yaxşı dövləti var. Amma irəliki arvaddan beş oğlu var, dörd də ayı kimi qızı. Heyf,
bunlardan mənə heç şey düşməz. Hacı İmanqulu. Malı-dövləti çox, özünün də sill
azarı var. Bu gün-sabah təşrif aparacaqdır. Amma bu bədbəxt də molla, seyidin
kələyinə düşüb cəmi dövlətini məscidə vəqf etmiş. Bəs kim qaldı? (Fikirləşir.)
Tapdım, Məhərrəm bəy. Yaxşı pulu, mülkü var. Qapısında nökər-qulluqçunun
sayı-hesabı yoxdur. Heç bir övladı da, qohum-əqrəbası da yoxdur. Sinni də mənə
yovuqdur. Qulu! Qulu!

Qulu daxil olur.

Q u l u. Nə buyurursan, ağa?
H a c ı M u r a d. Qulu, bir az naxoş kimiyəm, tezdən yatacağam, heç kəsi
buraya qoymazsan. Gələn olsa, deyərsən ki, ağam azarlıdır, yatıb. Di get.
Q u l u. Ağa, bəs plov yeməyəcəksən?
H a c ı M u r a d. Xeyr, ağan İmran yesin. (Qulu cıxır.) Durum mücrü üçün yer
qazım. (Durub qapıları bağlayır, tiyəni goturub yeri qazır.) İndi, oğrular, tapın
görüm Muradın pulu haradadır? Heç şeytanın da ağlına gəlməz ki, mən burada pul
basdırmışam. Qulu demiş, tiyə elə kütdür ki, yeri də qazmır. (Mucrunu basdırıb
ustunu torpaqla ortur.) Daha təşvişdən qurtardım. Gör ürəyim necə atdanır. (Bu
halda Qulunun papağı şuşəni sındırıb pəncərədən icəri duşur, Hacı Murad
diksinib qalxdıqda ayağını tiyə kəsir. Bərkdən qışqırır. Sonra Qulunun papağını
gorur.) Bu yenə zalım oğlu Qulunun işidir. (Durub qapını acır və cağırır.) Qulu!
Qulu!
Qulu başı açıq daxil olur.
H a c ı M u r a d (papağı gostərir.) Bu nədir, a kafir oğlu?
Q u l u. Ağa, vallah, təqsir məndə deyil, Nabatdadır. Aydınlıq gecdir, həyəti
süpürməyə başladım. Nabat gəlib birdən başıma bir qapaz salıb qaçdı. Mənim də
elimə bir şey düşmədi, papağı dalınca atdım, gəlib pəncərəndən içəri düşdü.
H a c ı M u r a d. Kafir uşaqları kafir. Yeyin mənim yağlı-yağlı xörəklərimi,
sonra qızışıb şıllağa durun. Görün sizin başınıza nə gətirəcəyəm. Elə indicə yuxuya
getmişdim, şüşənin səsindən diksinib qalxdıqda tiyə ayağımı kəsdi.
Q u l u (kənara). A... indi basdırdığı yeri də bildim.
H a c ı M u r a d. Get, zirzəmidə divarın çatlağında pambıq gizlətmişəm və
küncdə əsgi var. Tap buraya gətir.

Qulu gedir.

H a c ı M u r a d. Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur.
Gərək adamın arvadı ola ki, canı rahat ola yoxsa arvadsız kişinin günü it günüdür.
Yəni bir tərəfə də baxanda arvada da etibar yoxdur. Evin baş oğruları onların
özləridir. (Qulu axsaya-axsaya daxil olur.) Tez gəl, tənbəl oğlu tənbəl. Məni görüb
ayağı da axsamağa başladı.
Q u l u. Ağa, mən də sən düşən günə düşdüm. Ayağıma mıx batdı.
H a c ı M u r a d. Çox yaxşı oldu. Əlbəttə, ağasına xəyanət edəni allah elə edər.
İndi gəl ayağımı sarı.
Q u l u (Hacı Muradın ayağını bağlarkən kənara). Xəsis kaftar. İt sümük yığan
kimi, anbarı doldurubdur mıx ilə, nal parçası ilə, kəndir qırığı ilə, əsgi ilə, əlinə hər
nə düşübdür, siçan kimi yuvasına yığıbdır.
H a c ı M u r a d. İndi həkim olsaydı, bir parça pambıqdan ötrü əpteyə
göndərib məndən xeyli pul çıxartmışdı. Adam belə olmasa pul yığa bilməz.
Q u l u. Ağa, vallah mən belə pul yığsaydım, indi mənim də sənin kimi
dövlətim vardı.
H a c ı M u r a d. Sən niyə zəhmət çəkəsən? Ağanın min əziyyətlə
qazandığından yeyib eşşək kimi şıllaq atırsan. Mən olmuşam bir leş, siz olmusunuz
bir ac qurd. Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. Hə, qurtardın? İndi
get orda dur. (Cağırır.) Nabat, Nabat! (Nabat daxil olur.) Xanım, indi de
papaqaldıqaç oynuyursan?
N a b a t. Ağa, vallah, Qulu yalan deyir, nahaq yerdən gəlib məni sənə
çuğullayır.
Q u l u. Yəni gündə hər səhər-axşam samovarı təzələyib xanım kimi altı-yeddi
istəkan salma çay içdiyini də yalan deyirəm.
N a b a t. Ağa, vallah, yalan deyir, inanma Quluya. Mən də sənin kimi gizlin,
gündə ocaqda yumurta bişirib yeyirəm?
Q u l u. Ağa. Nabat qəndi doğrayanda ciblərinə doldurur.
H a c ı M u r a d. Dayanın, kafir usaqları, siz mənim evimə quldurluğa
gəlmisiniz, mənim evimi tar-mar etmişsiniz. Mənim xəbərim yoxdur, bu saat sizin
divanınızı edəcəyəm.

Qalxıb istəyir ki, ağacına tərəf getsin, Qulu və Nabat qaçırlar. Hacı Murad da ayağının ağrısından ufultu ilə yerə yıxılır.

Pərdə


İKİNCİ PƏRDƏ

Səhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvverdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib.
İmran isə gəzinir.

İ m r a n. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi
zülmə davam edib səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O
günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi,
pul ver həkim gətirim. Deyir həkim zad lazım deyil. İkicə gün ac qalsın sappasağ
olsun ayağa dursun. Hamı azar, deyir, yeməkdəndir. Az yesin, qanı da az olsun.
Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özgədən borc
alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, allahın belə
birəhm ata yaratdığına təəccüb edirəm.
G ü l z a r. İmran, bir ata ki qızını bu mal-dövlətlə on iki il bacı evində qoya ki,
xərc çıxmasın, daha ondan nə ummaq olar?
İ m r a n. Gülzar, əbəs yerə indiyə kimi ümid bağlamışıq.
G ü l z a r. Necə, atam sənə nə deyib?
İ m r a n . Nə deyəcək? Vaxtı ki, karvansaranı və dükanları satmamışdı,
oğlumsan və qızım da sənindir deyə məni əlindən buraxmırdı, amma elə ki, onların
hamısını satıb pul elədi və sandıqlara doldurdu, daha mənə ehtiyacı qalmadı. İndi
sözünü dəyişdirib deyir ki, mən heç vaxt öz qapımdakı nökərimə qızımı vermərəm.
G ü l z a r. Yəni bu sözləri özü dedi?
İ m r a n. Xeyr, sən azarlı olan vaxtı bazarda Hacı Qəhrəmanın dükanında
oturubmuş. Hacı Qəhrəman məni tərif edirmiş: deyirmiş ki, Hacı Murad, sən çox
xoşbəxtsən ki, İmran kimi kürəkənin var. O vaxtı, o da həmin cavabı vermişdi.
Bundan əlavə, özüm də görürəm ki, məni çox incidir ki, təngə gəlib gedəm.
G ü l z a r. Xudaya, ata-anaya ehtiram edib sevməyi övlada vacib etmisən. Mən
belə atanı necə sevim?
İ m r a n. İndiyədək mənim adım sənin üstündə olduğuna görə hər kəsin qabağı
alınmışdı. Bundan sonra buradan elçilərin ayaqları kəsilməz.
G ü l z a r. İmran, səhv edirsən. Belə iş olmaz. Cəmi şəhər bilir ki, mən sənə ad
olunmuşam, heç kəs cürət edib bu qapıya gələ bilməz.
İ m r a n. Gülzar, o səni mənə heç vaxt verməyəcəkdir. Onun fikri odur ki, səni
bir dövlətli adama verə ki, ondan nəfbərdar ola.
G ü l z a r. İmran, buna heç inana bilmərəm. Yəni atamın fikri odur ki, mənlə
alış-veriş edib qazanc eləsin?
İ m r a n. İnanmamağa haqqın var, çünki sən atanla az olmusan. Onu yaxşı
tanıya bilməzsən.
G ü l z a r. İmran, atam o qədər zalım ola bilməz. Bizim məhəbbətimizə rəhmi
gəlib bir-birimizdən ayırmaz.
İ m r a n. Gülzar, özün bilirsən ki, məni burada saxlayan məhz sənə olan
məhəbbətimdir. Amma bunu atana qandırmaq mümkündürmü? Onun məşuqəsi
puldur. Onun namazı sandıqdır ki, gündə beş dəfə durub baş çəksin. Onun Kəbəsi
mücrüdür ki, gündə yeddi dəfə başına dolansın. Gülzar, çox çəkməz ki, atan səni
bir dövlətliyə verməyi aşkar edər və heç bir qanlı göz yaşı onun qət etdiyini poza
bilməz. O vaxtı mənim ilə getməyə razısanmı?
G ü l z a r. Əlbəttə razıyam. Sənsiz mənə dirilik yoxdur.
Nabat daxil olur
N a b a t. Xanım, Dürrə xanım gəlib səni görmək istəyir. Gülzar və Nabat
çıxırlar.
İ m r a n (yalqız). Zavallı qız, çox böyük müsibətdir ki, atan ola, özün yetim
sayılasan. Dövlətin ola, kasıb kimi hər şeyə möhtac olasan.
Hacı Murad əlində əsa daxil olur.
H a c ı M u r a d. Əhvalın necədir, İmran ağa? Nə qəm dəryasına batmısan?
İ m r a n. Sizdən rica edirəm ki, mənlə rişxənd ilə danışmayasınız. Mən ağa
olsaydım, sənin üçün nökər, dalandar olmazdım.
H a c ı M u r a d. Acığın niyə tutur, adam özü üçün pul qazanmağa çoban da
olar, arabaçı da olar, hətta hambal da olar. Görmürsənmi mən qoca kişi necə
çalışıram? İndi bu saat bazardan gəlirəm. Ac-susuz, altı saatdır o tacirin, bu tacirin
dükanının qabağını kəsdirib borc yığıram. Bunların hamısı sənin işindir. Lakin sən
əlini ağdan qaraya vurmaq istəmirsən. Deyirsən, qoy Hacı Murad zəhmət çəkib
qazansın, axırda mənimdir. Əlbəttə, sənindir. Mənim daha kimim var. Amma yenə
də lazımdır ki, özün də çalışıb qara gün üçün pul qazanasan.
İ m r a n (kənara). Görəsən yenə nə kələyi var. Xeyr, hiyləsinə aldanmam.
(Hacı Murada) Xeyr, məni əfv edəsiniz. İndiyə kimi çalışdığım bəsdir.
H a c ı M u r a d. Oğlum, ağlını başına cəm elə, yenə irəliki kimi işə-gücə get.
Yoxsa səni danlayıb nəsihət etdiyimdən inciyirsən? Mən sənin xeyrindən ötrü
çalışıram. İstəyirəm ki, ağıllı, kamallı adam olasan ki, mən də öləndə bu dünyadan
arxayın gedim.
İ m r a n (kənara). Ay ilan, dilin baldır, dişin zəhər. (Hacı Murada) Təəccüb
edirəm ki, bazarlarda mənə nökər adı verib dükanlarda danışırsan. Amma evdə
olduq da oğlumsan, malım, canım hamısı sənindir deyirsən.
H a c ı M u r a d. Nökərimsən? Əstəğfürulla, belə söz mənim ağzımdan
çıxmamış. İnanma, oğlum, bunlar düşmən böhtanıdır. Onlar istəyir ki, ata-oğul
arasına inciklik salıb ondan nəfbərdar olsunlar.
Bu halda Məhərrəm bəy daxil olur.
İ m r a n (kənara). Zalım oğlu nə pis yerdə gəldi.
M ə h ə r r ə m bəy.Salaməleyküm,hacı. Kefin necədir? İmran oğlan, xoş
gördük.
H a c ı M u r a d. Salaməleyküm, Məhərrəm bəy. Buyur, buyur, nə əcəb biz
tərəflərə də qədəmi-şərifinizi basdınız. Qədim dostunuzu yada saldınız?
M ə h ə r r ə m b ə y. Ay hacı, işlər olub çox, özüm də tək, əgər gədə-güdə
ümidinə qoyursan, hərəsi bir tərəfə çəkib evimi dağıdır. Hanı keçən vaxtlar, hanı
qədim adamlar? Etibar, hörmət, izzət, insaniyyət, hamısı onlarnan getdi.
İ m r a n (kənara). Yaxşı tapışmıslar. Xəsislikdə bir-birlərindən qalmazlar.
H a c ı M u r a d. Bəli, bəli, çox yaxşı buyurursan. Zəmanəmiz çox pis
zəmanədir. Qocalar ömür çürüdür, pul qazanırlar, cavanlar isə əllərini bellərinə
qoyub ver yeyim, ört yatım deyirlər.
M ə h ə r r ə m b ə y. Ay hacı, sənin nə dərdin var? İmran kimi işləyən, can
yandıran köməkçin var. Dərd mənim dərdimdir ki, heç kəsim yoxdur. Özüm də
gün-gündən geri gedirəm, kənd-kəsəyi dolandıra bilmirəm.
H a c ı M u r a d. Doğru buyurursan, İmran çox canyandıran oğlandır. Ancaq
bu axır vaxtlarda əlini ağdan-qaraya vurmaq istəmir. İndi sən gələndə onun üstə
danışıq edirdik. İmranın atası rəhmətlik Şeyx Əli çox yaxşı, rəhmli adam idi. Ölən
zaman Təbrizdə çox pulları batdı. Ələ bir şey gəlmədi. Çox adama pulu kağızsız
vermişdi. Kağızı olanlar da fağır adı ilə yedilər getdi. Tacirbası Hacı Əlinin o
zaman bir pirkeşiyi vardı. Məmməd Sadıq adlı. Şeyx Əli vəfat edəndə iki min
manatı o şəxsdə qalmışdı; pulu olmadı ki, versin. Ondan bəri, o pul onda qalıbdır.
Öldü-qaldısından da xəbərim yoxdur. İndi istəyirəm İmranı onun dalınca İrana
göndərəm, həm özü ücün səyahət etsin, həm də pulları alıb gətirsin.
İ m r a n (kənara). Hə, indi bildim ki, mənə etdiyi bu qılıqlar nə üçün imiş.
Məni Gülzardan ayırmaq fikrindədir.
M ə h ə r r ə m b ə y. Çox yaxşı fikirdir. (kənara) Deyəsən işim əvvəldən yaxşı
gətirir. (Hacı Murada) İndi, ay hacı. Evdə sandığı açıb köhnə kağızlara baxırdım.
Atamın siyahi dəftəri əlimə düşdü. Baxıb gördüm ki, cümlə borcların üstünə öz
xətti ilə qələm çəkilmişdir. Ancaq mərhum atanıza yüz manat borcu var imiş. Onun
üstə qələm cəkilməmişdir. Dərhal durub gəldim ki, o borcu sizə verib atamın
boynundan saqit edəm. Buyurunuz.
Hacı Murad alıb sayır.
İ m r a n (kənara). Burada bir sirr var. Onsuz deyil, yoxsa xəsislikdə bu ondan
qalmaz.
H a c ı M u r a d. Mərhəba, mərhəba, a kişi, bu zamana adamı belə iş elərmi?
M ə h ə r r ə m b ə y. Ay hacı, indiki adamlarda halal, haram nədir? Borc
vermək nədir?
H a c ı M u r a d. Doğru buyurursunuz, bu saat bazardan gəlirəm. Səhərdən o
dükanın, bu dükanın qabağını kəsdirib, müamiləsiz-zadsız verdiyim borcları ala
bilmirəm. (İmrana) İmran, qadan alım, zəhmət çək Quluya de çay gətirsin.
İmran çıxır
M ə h ə r r ə m b ə y. İndi de görüm, qardaş sən nə tövr gün keçirirsən?
H a c ı M u r a d. Heç soruşma, mənim günüm it günü. Adamın bişiribdüşürəni
gərəkdir, qulluq edəni gərəkdir, yoxsa nökər-qulluqçudan nə rahatlıq
olacaqdır?
M ə h ə r r ə m b ə y. Hacı, niyə evlənmirsən? Bir az ömrün var, evlən, günün
rahatlıq ilə keçsin.
H a c ı M u r a d. Ay sağ olmuş. Mənim ömrüm keçmişdir, qocalıqda nə
yorğalıq. Mən sənə təəccüb edirəm ki, indiyə kimi nə üçün evlənməmisən? Allaha
şükür, nəyin əskikdir? Altı-yeddi mədaxil gətirən göyçək qız al, gətir evinə qoy,
gecə-gündüz başına dolansın.
M ə h ə r r ə m b ə y. Hacı, doğru buyurursan. Özümündə xahişimdən keçir,
ancaq hanı elə qız?
H a c ı M u r a d. Qıza nə gəlibdir. Ancaq sən məni vəkil elə, gör sənə necə qız
alıram?
M ə h ə r r ə m b ə y. Mən hazıram və səni də o işdə vəkil edirəm. Ancaq
bayzadələrdən olmasın. Özün bilirsən ki, mənim onlarnan qədimdən aram yoxdur.
H a c ı M u r a d. Yaxşı, bəylərə qələmçəkdik. Qaldı sövdəgər sinfi. Onlar da
neçə qisimdir. İndi, de görüm, üzümü hansı tərəfə tutum?
M ə h ə r r ə m b ə y. Sövdəgər qismindən hamıdan artıq həqiqi dostum sənsən.
Mən özümü çox xoşbəxt hesab edərdim ki, səninlə qohumlaşmaq mümkün olaydı.
O da ki, mənim bəxtimdən mümkün deyil. Xülasə, birdəfəlik səni vəkil edirəm nə
tövr istəyirsən elə et.
H a c ı M u r a d. Çox əcəb. İndi ki, sənin xahişin mənlə qohum olmaqdır, dəxi
nə üçün özgə qapısına gedək? Əvvəl evin içi, sonra bayırı.
M ə h ə r r ə m b ə y. Hacı, hərgah öz qızınızı buyurursunuzsa, mən onu
İmrana nişanlı bilirəm.
H a c ı M u r a d. A pir olmuş, aslan meydanına tülkü çıxa bilərmi? Tərlan
yerini sar tuta bilərmi? Bir de öz qapımdakı gədəyə qız vermək mənə eyib gətirər.
M ə h ə r r ə m b ə y (kənara). Kəməndime yaxşı düşdü, bu gün-sabah təşrif
aparar, pulları da mənə qalar. (Hacı Murada) Ancaq, hacı, bir iş var, bəlkə qız
mənə gəlmək istəmədi?
H a c ı M u r a d. Ne danışırsan, a kişi? Atanın xahişi olanda qızın nə ixtiyarı
var razı olmaya (kənara). Yaxşı düşdü toruma, bu gün-sabah təşrif aparar, pulları
mənə qalar.
M ə h ə r r ə m b ə y. Hacı əmi, indi işi qət olunmuş hesab edək?
H a c ı M u r a d. Bəli, bəli. Ancaq özünüz bilirsiniz ki, mənim heç zadım
yoxdur, gərək hər bir xərc sizinlə ola və sonra da mən qocanı nəzərdən salma.
M ə h ə r r ə m b ə y. Əlbəttə, hər bir xərci öhdəmə götürərəm və sonra da
mənim evimin və qeyri şeyimin ixtiyarı sənnən olacaqdır.
H a c ı M u r a d. Çox gözəl, çox yaxşı. Allah bu qohumluğu qayim-qədim
etsin. (Qulu podnosda uc stəkan cay gətirir. Verəndə birini salıb sındırır.) Ay ayı
oğlu ayı, üsullu tərpənə bilmirsənmi, istəkan niyə üçdü? Biz ki iki adamıq.
Q u l u. Ağa elə bildim ki, İmran ağa da buradadır.
H a c ı M u r a d. Çox qələt etdin. Adam gəlib əvvəl qonağın hesabını bilər.
Sonra da ona görə çay gətirər.
Q u l u. Baş üstə, ağa, bundan sonra buraya qonaq gəlsə, çayı qonağın sayına
görə gətirərəm.
H a c ı M u r a d. Bəs niyə qənd gətirməmisən?
Q u l u. Ağa qənd salmışam.
H a c ı M u r a d. Yenə də qələt etmisən. Bəlkə biri çayı şirin içməyəcəkdir.
Dişləmə içəcəkdir.
Q u l u. Ağa, dedim yanında qonaq var, bəlkə salma içəcəksiniz.
H a c ı M u r a d. Zalımoğlu, hər şeyə cavab verməsə olmaz. Di itil get.
Q u l u (gedirkən kənara). Deyəsən Məhərrəm əmi də ova çıxıbdır.
H a c ı M u r a d. Görürsən bu zalım uşaqları mənim başıma nə iş gətirir?
M ə h ə r r ə m b ə y. Bəli, yaxşı nökər adamın canını rahat edər, amma pisi
ömrünü azaldar. Hacı, bu günlərdə əlimə bir həmşəri düşübdür, nökər tutmuşam, bir düzgün, yaxşı qulluq yetirən fağırın biridir. Göndərim gəlsin pulsuz-zadsız sizə qulluq etsin.
H a c ı M u r a d. Çox sağ olun. Mərhəmətin artıq olsun. Göndər gəlsin, ta
Qulunun murdar üzünü görməyim. Məhərrəm bəy, buyur çay iç, ağzını şirin et.
Çay özü də şirin kimi bir şeydir. A kişi, deyirlər ki, çayın əsli yerində ki, ibarət
olsun Çindən, çayı qəndsiz içirlər. Amma bizim adamlar müəllimlərindən ağıllı
çıxmışlar. Qəndi istəkana doldurub doşab edirlər. Nədi, nədi, mən çay içirəm. Yeni
əslində bir şey deyil. Artıq xərcdir də...
M ə h ə r r ə m b ə y. Ondan əlavə bədənə də zərərdir, ürəyi bişirib tərk edir.
Bəli, bir çox bu kimi izafə xərclər aramızda adət olmuşdur. Məsələn: toy işində,
vay işində məsrəf olan xərclər kimi.
H a c ı M u r a d. Yox, onlar da dədə-babadan qalma adətlərdir. Tərk etmək
lazım deyil. Ancaq bu kürsü, çəngəl-bıçaq və qeyri-izafə şeylər ki, yenilər adət
etmişlər, qızın cehizində verilsin, bax bu bir şey deyil. Allah əl veribdir yeməyə,
diz veribdir əyləşməyə.
M ə h ə r r ə m b ə y (kənara). Bəli, işarəsini anladım. (Hacı Murada) Hacı,
indi qulluğunuzdan mürəxxəs olum və özüm də tədarükdə olum.
H a c ı M u r a d. Çox əcəb, get mən də vaxtında sənə məlum edərəm.
M ə h ə r r ə m b ə y (qalxır.) Hacı, xudahafiz.
H a c ı M u r a d. Xudahafiz. Get, allah amanında olasan. (Məhərrəm bəy
cıxır.) Afərin sənə Hacı Murad, işi elə tutdum ki, Məhərrəm bəy özü gəlib qızıma
elçi düşdü, amma o da hərifdir, özünü o yerə qoymuşdu ki, guya heç bir zaddan
xəbəri yoxdur. İndi qaldı İmranın bir cür başını əkib İrana göndərmək. (Cağırır.)
Qulu, Qulu!
Q u l u (daxil olur.) Nə buyurursan, ağa can?
H a c ı M u r a d. Canına dərd buyururam. Məni Məhərrəm bəyin yanında
biyabır etdin.
Q u l u. Ağa, mən nə elədim?
H a c ı M u r a d. Hələ nə elədin? O nə cavab idi verirdin? Çay verməkdə də
qabiliyyətin yoxdur.
Q u l u. Ağa, adam gərək doğru danışsın, sən soruşursan, mən də düzünü
deyirəm. O ki qaldı çayın tökülməyi, onda da təqsirim yoxdur, çünki padnos elə
köhnədir ki, ortası qozbel adamın beli kimi qalxıbdır. İçində istəkan da durmur.
H a c ı M u r a d. Səsini kəs. Ayı oğlu ayı, hər şeyə bax belə cavab verirsən.
Daha məni təngə gətirmisən. Sənə söz kar eləmir. (Ağacı goturur.) Ayını, bax,
bunnan öyrədərlər.

Döyür, Qulu da qışqırır.

Pərdə

davamı
XS
SM
MD
LG