Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:08

Süleyman Sani Axundov. Qaranlıqdan işığa


Bir pərdəli pyes.

İŞTİRAK EDƏNLƏR

O ğ u z - qoca bir türk.
U l u ğ - onun oğlu.
Ə b d ü s s ə l a m - qoca bir ərəb.
Q a s ı m - onun oğlu.
Z e y n əb - onun qızı, Uluğun namizədi.
C ə m ş i d - qoca bir fars.
Q u b a d - onun oğlu.
F i r ə n g i z - onun qızı.
B a h a d ı r - qoca bir hindli.
Ə k b ə r - onun oğlu.
L i-x u n-c a n ğ - qoca birçinli,
X u n-x u z - onun oğlu.
M a r z a v a n - əcinnə jandarması.
C u r c a n - əcinnə komandanı, Daxnaşın pəhləvanı.
İ k i m ə m u r.

Bir taqım əcinnə qoşunu.

Səhnə qaranlıq bir mağara içini göstərir. Pərdə qalxdıqda cavanlar ayaq üstə və qocalar oturmuş görünür.

Ə b d ü s s ə l a m. Ey Oğuz oğlu Uluğ, bizi buraya toplamaqdan məramın
nədir? Bilmək istərik.
C ə m ş i d. Ey Oğuz oğlu, qəlyanımın vaxtıdır, deyəcəyini tez söylə, dözə
bilmirəm.
L i-x u n-c a n ğ. Ey Oğuz oğlu, tiryakim qaldı. Mətləbini əcələ söylə.
U l u ğ. Ey əhli zülmət! Bu qaranlıq dünyada əsrlərcə yatdığın yetər, bu qədər
sərxoş olub alçaqlara qul olduğun yetər, həşərat kimi ayaqlar altında süründüyünüz
yetər. Qəflət yuxusundan ayıl. Acizliyi, zəifliyi burax. Kim olduğunu düşün. Səni
işıqdan məhrum edib bu qaranlığa salan divləri, cinləri yıx, əz, qır, özünü onların
zülmündən xilas et. Bu zülmət aləmindən işıqlı dünyaya çıx!..
B a h a d ı r. Ey Oğuz oğlu, nə söyləyirsən? Məyər bu zülmət aləmindən başqa
bir qeyri dünya da var?
U l u ğ. Bəli, var. Onun adı işıqlı dünyadır. Onu yüksək intəhasız fəzadan günəş
işıqlandırır. İşıqlı dünyanın gözəlliyi vəsfə gəlməz. Yaşıl mənzərəli dağlar,
üzərindən şıqqıltı ilə axıb mühitlərə tökülən nəhrlər, qayalardan fəvvarələnib uçan
şəlalələr, çiçəklərlə bəzənmiş çəmənlər, seyrəngahlar, gülşənlər, onlarda ötüşən
quşlar, uçuşan rəngbərəng pərvanələr, müxtəlif heyvanlar işıqlı dünyanı
zinətləndirir...
Ə b d ü s s ə l a m. Ey Oğuz oğlu, toxda, əcaba əfsanəyi söyləmək üçünmü bizi
buraya toplamısan.
L i-x u n-c a n ğ. Ey Oğuz oğlu, elə nağılları bu çocuqlara söylə, biz qocaları
belə xürafat ilə aldada bilməzsən.
C ə m ş i d. Ey sükuta getmiş Oğuz! Oğlun dəli olmuş, başına çarə qıl.
Ə b d ü s s ə l a m. Oğuz, bu gündən əhdimiz pozulur. Mən qızım Zeynəbi belə
sərsəriyə vermərəm.
O ğ u z. Ey Əbdüssəlam, əhdini tez pozursan. Uluğ sərsəm olmuşdur, - bu
doğru, fəqət onu əqlə gətirmək asandır.
U l u ğ. Ey mənə cünun nami verən əhli-zülmat! Mən söylədiyim əfsanə deyil,
həqiqətdir. Mən o işıqlı dünyanı bütün vücudumla hiss edirəm, görürəm, eşidirəm.
Sizlər isə paslanmış, qabarlanmış əqlinizlə qüvvətdən düşmüş, zəifləşmiş hissinizlə
onu dərk edə bilməyirsiniz.
Səhnə dalından kamança səsi gəlir.
Ah... Yenə qulağıma o dünyanın musiqi sədası gəlir... Dinləyin, dinləyin...
Eşidirmisiniz?
Q o c a l a r. Eşitmirik.
U l u ğ. Eşitməyirsiniz, çünki karsınız...
Yuxarıdan ağ işıq görünür.
Bax... bax... o səmadəki nuri görürmüsünüz?
Q o c a l ar. Görmürük.
U l u ğ. Görmürsünüz, çünki korsunuz. Ey əhli-zülmət! Mən Oğuz oğluna
inanınız. Bu divlər tərəfindən hörülmüş sədləri yıxıb, bu qayaları dəlib deşərəm,
sizi bu zülmətdən işıqlığa çıxardaram. Hər kəs mənə inanırsa, bu qırmızı inqilab
bayrağı altına gəlsin.

Qırmızı bayrağı qaldırır.

Z e y n ə b. Sənə inanıb bayrağın altına gəlirəm. (Gəlib bayrağın allında
durur.)
F i r ə n g i z və Q u b a d. Biz də sənə inanırıq.
Onun tərəfinə keçirlər.
C a v a n l a r. Sənə inanıb bayrağın altına gəlirik. Uluğ tərəfə keçirlər.
Q o c a l a r. Ey divanələr, nə edirsiniz?
O ğ u z. Məyər Daxnaş divin əcinnə qoşununu unutmuşsunuz?
U l u ğ. Xeyr, unutmamışıq. Onlarla qovğa etməyə hazırıq. İndiyə kimi bizə
mane olduğunuz yetər. Çəkiliniz, daha bəsdir. Səbir kasamız dolub daşmış. Ya
hamımız bu yolda öləcəyik, ya da divlərə qalib gəlib işıqlı dünyaya çıxacayıq.
Marzavan iki nəfər məmur ilə daxil olur.
M a r z a v a n. A! Gizli yığıncaq! Qırmızı bayraq! Oğuz, bu nə işdir? Söylə.
O ğ u z. Cənab Marzavan, bu gün bizim bayramımızdır. Cavanlar bir qədər
şadlıq etmək istəyirlər.
C ə m ş i d. Cənab Marzavan, bu gün bahar günüdür. Qədim zamandan bəri bu
gündə baharı yad edərək, qırmızı libas geyib bayram etmək rəsmdir. Bu qırmızı
bayrağa başqa məna verməyiniz.
U l u ğ. Cəmşid baba doğru deyir. Bu gün bizim üçün tarixi gündür. Bu gün biz
inqilab bayrağını qaldırıb siz zalimlərdən xilas olmaq istəyirik. Bəxtiyar, azadə
insanlar sırasına girmək istəyirik.
C a v a n l a r. Bəli, istəyirik!
M a r z a v a n. A!.. Üsyan! İnqilab! Bunu alın! (Uluğu gostərir.)
Q a s ı m və Q u b a d (qılınclarını sıyırıb). Qoymarıq!
Ə k b ə r (qılıncını cəkib). Hər kəs Uluğa əl qaldırarsa, başını boynundan
ayıraram.
X u n-x u z. Görünür, Xun-xuzun əyri moğol qılıncının gücünü bilmək
istəyirsiniz.
B a h a d ı r. Cənab Marzavan, bu əqilsiz cavanların sözlərinə fikir verməyiniz,
əfv ediniz. Biz vəlinemətimiz olan həzrət Daxnaşın ən sadiq, xalis, əməkdar
bəndələriyik. Onun mərhəmətləri sayəsində səadətlə yaşayırıq. Ona itaət etmək
bizim üçün vacib bir əmrdir.
L i-x u n-c a n ğ. Tanrı ədalət, səxavət sahibi olan Daxnaş həzrətlərinə ömritulani1
baxş etsin. Bizlərə öz evladı kimi nəzər yetirir. Tiryəkimizi bol-bol verir.
U l u ğ. Ey azadlığım, irz-namusunu, istiqbalını tiryəkə, şəraba, qızıla satan
qocalar! Daha yetər. Çəkiliniz, yoxsa, sizi də bu zalimlərə qatıb inqilaba qurban
ederəm. Qubad, Qasım, Xun-xuz, bunları tutunuz, həbs ediniz!
Marzavanın və məmurların üstə hücum edirlər. Çarpışma düşür. Marzavan və bir məmur
qətlə yetir. O biri məmur qaçır. Əkbər onun dalınca gedir.
Q o c a l a r. Vay bizim halımıza!
C ə m ş i d. Bu saat Daxnaşın qoşunu buraya töküləcəkdir, qaçmaq lazımdır.
Q o c a l a r. Qaçaq, qaçaq.
Gedirlər.
U l u ğ. Yoldaşlar, durmayınız. Divlərin hörmüş olduğu bu dağları uçurdalım.
Balta, külüng, sünbə, çəkic və qeyri götürüb dağı sökməyə başlayırlar, Əkbər daxil olur.
Ə k b ə r. Daxnaşın qoşunu gəlir.
U l u ğ. Yoldaşlar, hazır olun! Kişilər birinci sırada, qadınlar ikinci sırada
durunuz!
Uluğ dəstənin başında durub. Curcan bir taqım əcinnə qoşunu ilə daxil olur.
C u r c a n. Yahu! Sizsiniz inqilab qaldıran? Üsyan edən? Təslim olunuz!
U l u ğ. Siz alçaqlara təslim olmarıq! (Qılıncını sıyırıb.) Mübariz istəyirəm.
Curcan, cürətin var isə meydana çıx!
C u r c a n. Ha... ha... ha... Ey yazıq çocuq! Gör kimi mübarizəyə çağırırsan.
Daxnaşın birinci pəhləvanı Curcanı!
U l u ğ. Qılınc meydanında söz lazım deyil. Buyur, meydan açıqdır.
C u r c a n. Ay... ay... belə... Al gəldi!
Uluğ ilə vuruşur. Uluğ Curcanı öldürür, qoşun qaçır.
U l u ğ. Yoldaşlar, indi iş dalınca olmalı.
İki hissə olub dağı uçururlar, dal pərdədə bir sərdabə görünür. Onun üç tərəfində üç
böyük hərflə yazılmış: ELM
Q a s ı m. Uluğ, yenə zülmət. Bəs vəd etdiyin işıqlı dünya hanı?
F i r ə n g i z. Uluğ, o gözəl dünyanı ver.
Ə k b ə r. Uluğ, səndən cavab gözləyirik.
U l u ğ. Yoldaşlar, şübhəyə düşməyiniz. Bizi qaranlıqdan işıqlığa üç şey
çıxarar. Qüvvət, zəhmət, bilik. İkisini əmələ gətirmişik, qalıbdır biri. Zənnimcə, bu
sərdabə zülmətdən işığa qapıdır. Onu açmaq lazımdır. Xun-xuz, üst qarmağı aşağı
çək.
X u n-x u z (E hərfini cəkir.) Açılmır.
U l u ğ. Qasım, sağ qarmağı çək.
Q a s ı m (L hərfini cəkir.) Açılmır.
U l u ğ. Əkbər, sol qarmağı çək.
Ə k b ə r (M hərfini cəkir.) Açılmır.
U l u ğ. İndi kənara çəkilin!
Üç hərfi bir-birinə yapışdırır. Sərdabə üzərində qırmızı işıq ilə böyük bir
"ELM" yazılır. Sərdabədən ağ işıq görünür.
C ü m l ə s i. Ah açıldı.
Zeynəblə Firəngiz öpüşürlər.
U l u ğ. Xun-xuz, inanmayan babalarımızı çağır, gəlib görsünlər, taki
inansınlar.
Xun-xuz gedir.
Z e y n ə b. Ah, ürəyim dözməyir. İşıqlı dünyanı tez görmək istəyirəm.
Xun-xuz daxil olur.
F i r ə n g i z. Ah! O dünyanı işıqlı edən günəşi bircə tez görə idim.
Qocalar danışa-danışa gəlirlər.
C ə m ş i d. Elə şey ola bilməz.
L i-x u n-c a n ğ. Heç vaxt inanmam.
B a h a d ı r. Elə şey mümkün deyil.
Ə b d ü s s ə l a m.O müşkül işdir, inanmam.
İşığı görürlər.
C ü m l ə s i. Ah! Doğru. İşıq gəlir.
U l u ğ. Ey əhli-zülmət, hazır olun, işıqlı dünyaya çıxırıq.
Səhnə qaranlıq olur. Həzin-həzin musiqi səsi gəlir. Dal pərdə qalxır. Mənzərəli dağlar,
ciçəklərlə bəzənmiş çəmən və sular görünür. Bir taqım qız, çiyinlərində cürdək bulağın
başına toplasıb, kimi su doldurur, kimi söhbət edir. Bu halda dağın arasından cərgə ilə Uluğ,
Əkbər, Zeynəb, Firəngiz, Qasım, Qubad, Xun-xuz çıxırlar.
Z e y n ə b. Ah, işıqlı dünya nə gözəldir!
F i r ə n g i z. Ah, nə yüksək, nə işıqlı göylər!
Q a s ı m. Sənə baxdıqca göz doymayır, ey çeşməli, həm yaşıl dağlar.
Q u b a d. Nə xoş mənzərən var, ey çiçəkli çəmənlər.
Ə k b ə r. Ey göydə süzən azadə şahin! Məni qaynağına alıb da qaldır. O
yüksək səmada bir qədər seyr edim. Bu təzə cahana doyunca baxım.
X u n-x u z. Ötünüz, ey xoş avazlı, qəlbə zövq verən quşlar!
C ü m l ə s i. Əhsən sənə, əhsən sənə, ey həqiqət işığı.
U l u ğ (al bayrağı qaldırıb). Məhv ol bu cahandan dəxi ey dəhşətli-zülmət!

Pərdə
XS
SM
MD
LG