Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:01

Nizami Gəncəvi. Leyli və Məcnun (35)


əvvəli

ATASININ MƏCNUNU KƏBƏYƏ APARMASI


O sövda bayrağı qalxandan bəri
Leylinin hüsnü tək tutdu göyləri.
Aləmdə Məcnunu bu rüsvay etdi,
Onun dəliliyi kamala yetdi.
Başa divanəlik gəlsə hicrandan,
Bütün zəncirlərdən qurtarır insan.
Talein ürəyi yanmırdı ona,
Atası baxdıqca yazıq oğluna,
Dua edirdi ki, günəş görünsün,
O qaranlıq gecə gündüzə dönsün.
Duasız bir qapı, bir pir qoymadı,
Yazıq yalvarmaqdan cana doymadı.
Bütün qohumlar da pirə gedərdi,
Atayla birlikdə dua edərdi.
Gördülər bir əlac yoxdur bu dərdə,
Bir xeyir verməyir ziyarətlər də;
Bu oldu dostların verdiyi qərar:
Bu dərdə Kəbədən qapı açılar.
Bütün yer üzünün o pənahıdır,
Yerin də, göyün də qibləgahıdır.
Dedilər: "Həcc vaxtı gələndə yenə,
Gedərik Məkkənin ziyarətinə...
Ata bu səfərə çıxdığı gündə,
Kəcavə bəzədi dəvə üstündə.
Oğluna yalvardı: "Gəl əyləş", deyə,
Oturtdu ay kimi onu beşiyə.
Çatınca Kəbəyə o dərd atası
Taxdı qulağına qulluq sırğası.
Gövhəri qızıla qatıb yüz kərə,
Qum kimi səpdi o qum rənglilərə.
O qədər xəzinə payladı ki, tək
Qaldı xəzinəsi boş bir daxma tək.
Kəbənin üzünü görüncə ata
Istədi mətləbi yetsin murada.
Öpüb, qucaqladı yazıq oğlunu,
Kəbə kölgəsində saxladı onu.
Dedi: "Oyun yeri deyil bu, oğlum,
Əlaca gəlmişik, qurbanın olum.
Kəbə zəncirindən yapışsan bu an,
Qəmlər zəncirindən azad olarsan.
De ki: - Böyük tanrı, bu hərzəlikdən
Canımı bir dəfə azad eylə sən.
Rəhm elə, məni öz himayənə al,
Gəl bu divanəni doğru yola sal.
Bu dərdi canımdan irağa göndər,
Bir də bu eşqdən qəlbimi döndər.
Mən eşq əsiriyəm, bir məni yad et,
Eşqin bəlasından məni azad et".
Məcnun eşq sözünü eşidən zaman
Əvvəlcə ağlayıb, güldü sonradan,
İlan tək qıvrılıb, sıçradı yerdən,
Kəbə halqasına əl atdı birdən,
Halqanı öpərək, dedi: "Ey allah!
Mən də bir qapının halqasıyam, ah!
Eşqin halqasında inildəsin can,
Bir gün də düşməsin o qulağımdan.
Mənə deyirlər ki: - Gəl eşqi burax, -
Bu, dost məsləhəti deyildir ancaq.
Eşq ilə yaşayır aləmdə səsim,
Eşqsiz aləmdə batar nəfəsim.
Eşqdən yoğrulmuş ruhum, bədənim,
Eşqsiz bir günüm olmasın mənim.
Eşqsiz bir ürək heçliyə varsın,
Onu qəm selləri yuyub aparsın.
Ilahi, birliyin xatirəsinə,
Yenə yalvarıram ürəkdən sənə.
Qoy eşqim ucalıb, namidar olsun,
Mən özüm ölsəm də, eşqim var olsun.
Eşqin günəşindən ayırma məni,
Silmə gözlərimdən sən bu sürməni.
Könül bu sövdadan sərxoş olsa da,
Qoy bundan da bətər olum dünyada.
Deyirlər: - Eşqi tut özündən kənar,
Leylini sevməyi qəlbindən çıxar.
Ilahi, sən saxla mənim Leylimi,
Çoxalt hər dəqiqə ona meylimi!
Ilahi, ömrümdən kəs indən belə
Leylinin ömrünə cala əlinlə!
Mən tükə dönsəm də onun qəmindən,
Başından bir tük də əskik etmə sən.
Qoyma ki, boş qala qulağım bir an,
Yarın öyüd verən o halqasından.
Cananın meyiylə dolsun piyaləm,
Sikkəsi düşməsin adımdan bir dəm.
Qoy alsın canımı yarın camalı.
Qanımı içsə də olsun halalı.
Qəmindən şam kimi yansa bədənim,
Bir günüm olmasın o qəmsiz mənim.
Bu eşq aləmində ürək düz olsun,
Eşqim yaşadıqca, birə yüz olsun".
Ata dinlədikcə oğlunu, yenə
Dərin bir susqunluq çökdü qəlbinə.
O indi bildi ki, nədir məhəbbət,
Dərmansız, davasız yaranmış bu dərd.
Baş alıb qayıtdı öz evlərinə,
Bütün qohumlarla görüşdü yenə.
Dedi: "Bu zənciri qırılmış bədbəxt
Kəbə halqasına əl atdığı vaxt
Qulağım titrədi zəmzəməsindən,
Mən də Zəmzəm kimi coşdum səsindən80.
Deyirdim, əl açar oğlum Kəbəyə,
Leylinin dərdindən qurtarsın, deyə.
Osa öz canına qarğadı yalnız,
Dualar etdi ki, yaşasın o qız".

davamı
XS
SM
MD
LG