Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:28

Nizami Gəncəvi. Leyli və Məcnun (59)


əvvəli

ATASININ ÖLÜMÜNDƏN MƏCNUNUN
XƏBƏR TUTMASI


Bir gün, təsadüfən, doğanda səhər
Şikara gedirdi çölə bir nəfər.
Məcnun Nəcd dağına çıxıb durmuşdu,
Tacda inci kimi tək oturmuşdu.
Yolçu yol üstündə şirə göz atdı,
Qılınc tək dilini ona uzatdı.
Yasa batmış kimi soruşdu ondan:
"Ey evdən, eşikdən didərgin insan,
Leylidir gəzdiyin dünyada ancaq,
Bir öz ətrafından almırsan soraq.
Yadından çıxmışdır atayla ana.
Həyasız adamsan, eyb olsun sana.
Sənin tək bir oğul girsin yerlərə.
Naxələf olmaqdan əl çək bir kərə.
Tutaq ki, ömrünün cavan vaxtı sən
Qaçdın öz atandan, o kimsəsizdən
Indi ki, ölmüşdür o yazıq atan.
Nolar xatırlasan, onu bir zaman.
Olmazmı, gedəsən ziyarətinə,
O ata haqqının son möhnətinə?
Sığınıb qəbrinin pənahına sən,
O incik ruhundan üzr istəyəsən?"
Məcnun, xəbərçinin bu sözlərindən
Sızlayıb çəng kimi büküldü birdən,
Dərdlənib, yerlərə çırpdı özünü,
Dönüb sillələdi o, üz-gözünü.
Kəsildi büsbütün səbri, qərarı,
Qaçdı atasının qəbrinə sarı.
Qəbrin şüşəsinə bir nəzər atdı,
Elə bil bağrına almazlar batdı.
Huşsuz, o türbəyə yıxıldı birdən,
Basdı öz bağrına onu dörd yerdən.
Onun pak ruhuna ağladı zar-zar,
Axan göz yaşıyla islandı məzar.
Gah qəbri qucayıb huşsuz durardı,
Gah dərddən başına qum sovurardı.
Gündüzki dustağın çatdı gecəsi,
Çoxaldı xəstənin can isitməsi.
Bütün ömrü boyu o naxoş bədən
Qəmlər əsiriydi ilk nəfəsindən.
Qorxunun əsiri olsa bir nəfər,
Halı yetimlikdə nə ola bilər.
Ah! O yetim ürək, o dərdli dustaq
Köməksiz, arxasız, yetim qalaraq,
Qıvrılıb torpağa düşdü bir zaman,
Öz müsahibindən axtardı nişan.
Lakin, tapmayınca öz qəmxarını,
Kəsmədi ömrünün qəm ruzgarını.
Ağladı, gözündən qan axıdaraq,
Tamam qızıl qana bulandı torpaq.
Dedi: "Yazıq atam, de hardasan sən?
Oğluna tacını göstərməyirsən.
Ey mənim qəmimə, yasıma həmdəm,
Bu dərdi mən kimə şərh edim bu dəm.
Üzünü torpaqda sən gizlədərək,
Oğulsuz qalmağı istədin, demək.
Mən ki, atasızlıq bilməzdim bir dəm,
Sınadım, nə qədər acıymış bu qəm.
Of!. Könlüm naləsiz, sakit durarmı?
Bir də səndən özgə köməyim varmı?
Yarım da sən idin, yavərim də sən,
Könlüm güc alardı daima səndən.
Oğluna daima yollar açaraq,
Bir səndin dərdimə yananım ancaq.
Sənsiz ki, zillətdə yaşayacağam,
Əfsus, səndən sonra yenə də sağam!
Uzaq düşməyimi başıma qaxma,
Çoxdur xəcalətim, olmuşa baxma.
Hər nəsihətini eylədikcə yad,
Ruhumdan ucalır ah ilə fəryad.
Mənim xoş yerişli atlım şən ikən,
Dönmüşdüm başı bərk ayğırına mən.
Qızıl bir sırğaydın qulağımda sən,
Qapı halqası tək uzaqdım səndən.
Sən mülayim idin, mən dəliqanlı,
Mən soyuqqanlıydım, sən isti qanlı.
Sözlə oxşamadım qəlbini bir an,
Yanında bir gecə yatmadım, aman!
Sən mənim ucumdan dözdün yüz dərdə,
Mənsə xəyal kimi gəzdim çöllərdə.
Mənim yatağımı çırpardın hərdən,
Mənsə ayrılmazdım yenə çöllərdən.
Sən şadlıq büsatı qurardın mana,
Mənsə yıxılardım daşlar qoynuna.
Sən dua elədin, təsir etmədi,
Mən də ağac əkdim, meyvə bitmədi.
Can dostum sənsənmiş, andıqca, inan,
Bil ki, dərd əlindən bağrım olur qan.
Axır libasıma göz qaram hər dəm,102
Bu yolla kor olub, qara geyirəm.
Ah, ata, peşmanam tutduqlarımdan,
Bir dərdim min oldu, beləymiş dövran.
Yersiz incitmişəm, atacan, səni
Əhvalım çox pisdir, bağışla məni.
Səni incitmişəm bu dünyada, ah!
Bizdən sorulmasın bu ağır günah.
Sən, ey ulduzumu işıqlandıran,
Sənin əlindədir əlacım inan!
Sən razı qalmasan oğlundan əgər,
Allah da oğluna cəzalar verər.
"Ciyərim" deyərdin mənə bir zaman,
Indi o ciyərə sən ox vurursan.
Doğrudan ciyərin yarandımsa mən,
Gəl kabab bişirmə öz ciyərindən.
Bir də ciyərindən axırsa bu qan,
Sən niyə torpağın qucağındasan.
Ciyərim qanını axıdaraq sən
Yenə də: "Ciyərim sənsən" deyirsən.
Səni yandırdımsa, ey taci-sərim,
Alışıb od tutdu öz ciyərlərim.
Əgər sənə qarşı günahkar oldum
Özüm öz cəzama giriftar oldum.
Qulaq asmadımsa sözlərinə mən,
Qulağım buruldu sənin zərbəndən".
Məcnun ah çəkərdi aşdıqca dərdi,
Gününü gecə tək qara edərdi.
Gecə sallayardı qara bir bayraq,
Ağlamaq təbili susmazdı ancaq.
Sədəf tək arxası qaralmış gecə
Ayla və balıqla pəncələşincə,
Balıq sədəfindən qızışdı haman,
Bütün dürrləri tökdü ağzından.
Məcnun sədəf rəngli iki gözündən.
Ətrafa incilər səpirdi, bilsən.
O qəbrin üstündə səhərə qədər,
Oxudu qəlbyaxan, acı novhələr.
Türbəylə birləşdi o da türbə tək,
Bu iki mənzildə vurdu bir ürək.
Qəbrə üz sürtürdü o yanıqciyər,
Bu zaman gün çıxdı, açıldı səhər.
Səhərin carçısı səslənən zaman
Şəfəq bayrağını qaldırdı dağdan.
Kimyagər - səhərin böyük iksiri,
Qızıla döndərdi nəfəslə yeri.
Torpaqda sürünən o yazıq insan
Qalxıb Nəcdə getdi yenə pərişan.
Yenə ağlayırdı gözlərində qəm,
Onun varlığını sarmışdı matəm.
Əzabla qatlanıb tale deyənə,
Yüz min çətinliklə yaşardı yenə.
Bir könül şamını gəzirdi təkcə...
Gecəsi gündüzdü, gündüzü gecə.

davamı
XS
SM
MD
LG