Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:41

Nizami Gəncəvi. Leyli və Məcnun (62)


əvvəli

MƏCNUNUN ULDÜZLARA ŞİKAYƏTİ


Gecə parlayırdı bir gündüz kimi,
Göylər tər-təzəydi yaşıl düz kimi.
Qızıl həmailin şəddələrindən
Qızıl geyinmişdi göy üzü, bilsən.
Səyyarə ədəblə əl bağlayaraq,
Üfüqün fərşinə döyürdü ayaq.
Uzaqdan lahövlə vəla deyərək,103
Divə qılıncını çəkmişdi şimşək.
Gecənin nafəsi fələkdə yandı,
Ayın gövhərindən yer işıqlandı.
Göydə parladıqca nafəylə gövhər,
Ətirlə, bəzəklə doldu üfüqlər.
Fələk çərx üstündə tutmuşdu qərar.
Qütbün qələsinə çəkmişdi hasar.
Fərqəd öz atını çapırdı yenə,104
Gəmisi çatmışdı Şətt sahilinə.
Fələk hər addımda büsat açırdı
Gecəyə yüz cürə ulduz saçırdı.
Pərvin al və sarı ipək tutaraq,105
Qızıl sancağına çəkirdi bayraq.
Ay sarı ipəkdən tutmuşdu halə,
Rübəndi bənzərdi onun xəyalə.
Ulduzlar girmişdi başqa sifətə,
Min bir yaraşığa, min bir zinətə.
Elə bil ki, şahın öz kamanından
Möhrə atılmışdı aya bu zaman.
Ütarid süzərək göydə gəzərdi,
Fəzaya sancılmış oxa bənzərdi.
Yəhərinin qaşı Zöhrəydi, gerçək.
Gözəl görünürdü onun alnı tək.
Onun qılıncı tək günəş də parlaq,
Gecə örtülüydü, gündüzsə çılpaq.
Mərrix də gözündən qəzəb tökərdi,
Düşmənin gözünə millər çəkərdi.
Onun üzüyünü Bürcis saxlardı,
Onda dünyaların talei vardı.
Onun qılıncını itilər Keyvan,
Belindən bir bilöv asmışdı əlan.
Şahın bu cəlalı heç də solmasın.
Dünya camalından məhrum olmasın.
Bu şah qapısında tapdın məqami,
Şənin nə yüksəkdir sənin, Nizami!
Bürclər, mənzillər dairəsindən
Fələk zəlzələyə düşmüşdü, bilsən.
Həməl bürcü ayın dodaqlarından
Haşiyə tikmişdi göyə bu zaman.
Dərya öküzü tək, o öküz bürcü
Gövhər boğazlıydı, dişləri inci.
Kəmər bağlamışdı Cevza iki qat,
Qoşa payalıydı əyləşdiyi taxt.
Həqə gəlin kimi girib duvağa,
Durmuşdu Hənəylə qulaq-qulağa.
Qayçı dırnağını uzadıb Xərçəng,
Vəhşi dırnağını tuturdu, gerçək,
Nəsrə bir tərəfdə səpirdi gövhər,
Tərfə də bir yanda dağıdırdı zər.
Cəbhə budaqları yanırdı düm ağ,
Şölə saçmadaydı ondan yüz çırağ.
Qəlbüləsəd belə Əsəd bürcündən
Ud alovu kimi yanırdı, bilsən.
Əzra kənar durmaz gözəl Sərfədən,
Sünbülə atmırdı sərfəsiz bir dən.
Əvva güvənərək beş qılıncına,
İtini qovurdu şirlə yan-yana.
"Yetim süfrəsinə" xeyirxahlar tək,
Qüfr, tullamışdı altı pay çörək.106
Mizan öz dilindən alov saçmışdı,
Çox bilmişlər kimi o, dil açmışdı.
Əklil bağışlamış Qəlbəyə bir tac,
Əqrəb də kamana vermişdi xərac.
Nəayim xərcini öyrənsin deyə,
Bəldə çalışırdı iki-üç əllə.
Cədi baş kəsməyin sirrin bilərək,
Başını kəsmişdi keçi başı tək.
Ağzını yumuşdu Zabeh qorxaraq,
Səd cilovlamışdı Əxbiyəni, bax.
Yemək iştahında olmasaydı Bəl,
Duaya açmazdı səhər vaxtı əl.
Dəlv də günəşin gileylərindən
Ağzına su alıb susmuşdu birdən,
Altına qızıldan iki xət salmış
Ki, bu qabaqdadır, o dalda qalmış.
Bir qatar dəvəylə o Rəşa, Xatun
Kəcavə etmişdi bətnini Hutun.
Bürcləri dolduran göy cisimləri
Ulduzlar yoluyla gedir iləri.
Bax Bətnülhəməlin dörd ayağına,
Bağlanmış havanın üç bucağına.
Əyyuqun zoruna, gücünə bax bir,
Tay-tuşdan tac qapıb, bir baş yüksəlir.
Sacayaq adlanan ulduz da bu an
Göyün qazanına pay verir haman.
Şeri yəmənli tək nədənsə, bilməm,
Şersiz rəqs edir yerində bu dəm.
Məbsutə çıraq tək yaxmış özünü,
Məqbuzə çıxarmış qarğa gözünü.
Səyyaf duman rəngli qılıncla durmuş,
Qılıncı Aslanın boynunu vurmuş.
Yalqız adam kimi Fərd adlı ildız
Cənubun üstündə parlayır yalqız.
Sərir üç ulduzla bir məclis qurmuş,
Dördüncü fələyin altında durmuş.
Simak ulduzları cərgəylə köçür,
Ramehdən Əzələ karvanla keçir.
Qoşa qanad açmış uçucu Nəsrin,
Uçurdu üstündə göy adlı qəsrin.
Atını Nəş ilə çapırdı Qarı,
Qarının Nəşsiz gəlməz qərarı.
Suha ulduzu da görərdi uzaq,
Bütün qonşuları geri qoyaraq.
Səhər çağının da Qurd nəfəsi var,107
Yusif tək quyunun dibində parlar,
Fələkdə rəqs edən o səyyarələr
Nəş qızlarına salmışdı nəzər...
Məcnunun qəlbində gizli bir maraq,
Oyunbaz fələyi seyrə dalaraq,
Zöhrə ulduzuna dil açdı qəlbən:
"Ey sənə taleim etimad edən,
Gecənin alnında işıq yandıran,
Səadət bəxtini işıqlandıran,
Xoşbəxtlik yolunun sənsən məşəli,
Sənsən aşiqlərin sövda əməli.
Hər əməl açarı səndədir, yəqin,
Şərbəti səndədir hər piyalənin.
Şahlıq üzüyünün bir qaşısan sən.
Murad sarayının gözəli sənsən.
Səndən yaranmışdır incə hisslər,
Gözəl təbiətin yaranmış ənbər.
Var olan lütfündən ehsan ver bizə,
Bir umud qapısı aç üzümüzə.
Canıma dərmandır sevdiyim dilbər,
Sən yetir canandan mənə bir xəbər".
Üfüqdən göründü yenə Müştəri,
Bu oldu Məcnunun ona sözləri:
"Sən ey səadətin ulduzu sənəm,
Vədəsi, iqrarı daima möhkəm,
Sən ey baxışları bizə ruh verən,
Dünyanı adınla fəth elədin sən.
Ey umud məktubu yazan Müştəri,
Səndəndir ölkənin fəthi, zəfəri.
Bu aləm sayəndə tutmuşdur qərar,
Dünyanı yaşadan bir qüdrətin var.
Sən, ey taleimin şəni-şöhrəti,
Səndədir qəlbimin bütün qüvvəti.
Gəl vəfa gözüylə üzümə bir bax,
Mənim bu dərdimə çarə taparaq,
Gəl mərdlik əlini mənə də yetir,
Bu qara talei üstümdən götür.
Ah! Bir xəbər yetir mənə dostumdan,
Bir gül itirmişdir, fərz et, gülüstan".
Gördü ki, buxardan olan ulduzlar,
Qaçışıb tutmayır fələkdə qərar.
Bildi ki, xəyalın səfası çoxdur.
Amma ki, dərdinə dəvası yoxdur.
Üz tutub yalvardı aşiq bir daha,
Hər dərdin çarəsi böyük allaha.
Dedi: "Ey qapısı son sığınacaq,
Sənsən umud yerim dünyada ancaq.
Zöhrə, Müştəri tək sənin qulun var,
Adınla başlanır aləmdə adlar.
Hamıdan ucadır elmin, hikmətin,
Axar çeşməsisən sən səxavətin.
Sən, ey hər müşkülün açarı olan.
Səxavət ağası, dərdlərə dərman,
Səninlə yüksəlir hər böyük dilək,
Acizə, məzluma bir sənsən kömək.
Qarşında qul kimi bəndələrik biz,
Yoxdur səndən özgə ağamız, şəksiz.
Sən ey yeddi göyü yaradan qüdrət,
Hamımız bir sənin bəndənik, əlbət.
Kainat adlanır qurduğun əsər,
Sənin əlaltındır altı cəhətlər.
Sən o varlıqsan ki, kəc baxsa insan,
Bir dəmdə kor olar gözləri, inan.
Qulundur gövhəri pak olan bəşər,
Sənsiz olan başa torpaq səpilər.
Sən, ey torpağıma su verən allah,
Mənim bu halıma nəzər yetir, ah!
Mərhəmət sayəni kəsmə üstümdən,
Bil ki, bir acizəm, bir qəribəm mən.
Tanrılıq lütfündən mənə də göndər.
Qaranlıq gecəmi gündüzə döndər.
Günümü vəfayla mübarək elə,
Bəxtim kor olmasın bu gündən belə".
Məcnun mətləbini dedikcə göyə,
Yatdı bu sözləri o deyə-deyə.
Onun gözlərinə bir yuxu gəldi,
Bəxtinin ağacı göyə yüksəldi.
O yaşıl budaqdan bir quş uçaraq,
Məcnunun yanına gəldi qaçaraq,
Tacının üstündə düşərək haman,
Gövhər səpələdi o quş ağzından.
Elə ki, röyadan Məcnun oyandı,
Gün çıxdı, üfüqlər ala boyandı.
Aşiqin üzünə güldükcə səhər,
Oxşadı ruhunu gülgün şəfəqlər.
Məcnun o quş kimi qanad açmışdı,
Röya xəyalına şəfəq saçmışdı.
Aşiqin üzünə gülməsə visal,
Ona təsəllidir yuxuyla xəyal...

davamı
XS
SM
MD
LG