Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:32

Nizami Gəncəvi. Leyli və Məcnun (64)


əvvəli

LEYLİNİN MƏKTUBUNU
MƏCNUNUN OXUMASI


Məcnun o məktuba tez əl apardı,
Məktubun başında bu sözlər vardı:
"Əqlə dayaq olan, ömrə can verən
Bir şahın adıyla başlayıram mən.
Ondan dərs almayan kamal qalmamış,
Odur dilsizlərin dililə tanış.
Ondan ruzi tapır quşlar, balıqlar,
Işığı, zülməti bölən sənətkar
Göyü ulduzlarla işıqlandırmış,
Yerdə insan adlı günəş yandırmış.
O - calal sahibi əzəliyyətdir,
O - ölmək bilməyən əbədiyyətdir.
Ondan həyat alır bütün canlılar,
Həyatdan qiymətli xəzinəmi var?
Ağlın işığıyla bəzədi canı,
Bunlar da bəzədi bütün dünyanı.
Su kimi gövhərlər saçdı əlləri,
Sövdadan söz açdı onun dilləri.
Bu ipək məktubu oxu, gör nədir?
Bir qəm düşgünündən, dərd əhlindəndir.
Yəni bu hasarda həbs olan məndən
Sənədir ki, uçdun qırıq qəfəsdən
Necəsən, ey əhdi qədim olan yar?
Ey yeddi beşikdə yuva salan yar,
Ey dostluq mülkünə bir xəzinədar,
Məhəbbət işığı səndən alır, yar.
Sən, ey əqiq kimi daşda oturan,
Dağları qanıyla boyayıb duran,
Ey zülmətdə qalan Xızır suyu, sən
Ilk səhər şəminin pərvanəsisən.
Sən, ey vəhşilərin qəlbinə həmdəm,
Pərişan şurinlə dolmuş bu aləm.
Ey mənim tənəmə hədəf olan yar,
Sənlə qiyamətə bir yolumuz var.
Mən verdim könlümü sənin eşqinə,
Sən də sevgimizə sadiqsən yenə.
Bildir, işin nədir, de, nə haldasan?
De, kimi sevirsən, nə xəyaldasan?
Sənin bəxtin kimi uzağam səndən,
Biz ayrı olsaq da, səninkiyəm mən.
Aldanmış ərimi sevmirəm, haşa,
Bir gecə yatmamış mənlə baş-başa.
Dürrüm deşilməmiş, ərisəm də mən,
Bir almas dəyməmiş o dürrə həmən.
Qapısı möhürlü durur xəzinəm,
Bağ qönçəsi kimi bağlıdır bu dəm.
Doğrudur, ərimin calalı vardır,
Sənsiz olan calal xərabəzardır.
Süsənə oxşayıb dursa da bir az,
Sarımsaq yarpağı ələ alınmaz.
Xiyar da saralıb turunca dönər,
Onun şəkli belə turunc görünər,
Dadı da turş olar, turunc dadı tək,
Lakin, turunc dadı verəmməz bişək.
Istərdim, dünyada sağ başım olsun,
Sən kimi bir yuva yoldaşım olsun.
Yolundan kim qaçsa çöl eşşəyi tək,
Meydini belində gətirsin eşşək.
Hicrana düşdüksə bu dünyada, ah!
Söylə ey sevgilim, məndə nə günah!
Ah, səni duymayan soyuq bir ürək
Bəlalar içində ağlasın gərək.
Hər kim ox qaldırıb qıysa canına,
Sağ əli quruyub düşsün yanına.
Bir tükün gözümdə dünyaya dəyər,
Xoşdur hər tikanın gülüstan qədər.
Xızır ətəyidir qaldığın məskən,
Xızır suyu kimi dərmanım ol sən.
Mən ayam, sən də bir günəşsən, inan,
Mən səndən alıram işığı hər an.
Səndən geri qaldım, əfv et məni gəl,
Bilirsən nə idi yolumda əngəl.
Atayın vəfatı incitdi məni,
Ölmüş vücudumdan cırdım kəfəni.
Elə zənn etdim ki, atamdır ölən,
Didib parçaladım üzümü birdən.
Gözümə gül kimi millər çəkərək,
Göy etdim donumu bənəfşələr tək.
Eşqinə sadiqəm, yolunda dustaq,
Dərdinə şərikəm, qəminə ortaq.
Yanına gəlməyim olmadı mümkün,
Başqa şərtlərisə görmüşəm bütün:
Vücudum ayrısa sənin yanından,
Ruhum ayrılmamış yanından bir an.
Dərdindən, qəmindən mən xəbərdaram;
Çarə axtarıram onlara müdam.
Ikicə günlükdür bu düşərgəmiz,
Yola getməliyik zəmanəylə biz.
Sənə camal verən, rəng verən bu ev
Darısqal olsa da, gəl onu sən sev.
Günlərin yenəmi boş keçəcəkdir?
Bir az sakit ol ki, ömür gödəkdir.
Dünyada səbr elə hər şeydən əvvəl
Iradə mülkünün hakimi ol gəl.
Bəsdir, az dərd çəkib şikayət eylə,
Cəfaya dözməyi gəl adət eylə.
Mən də sən gündəyəm, ey talei kəm,
Lakin qədəmimi tutmuşam möhkəm.
Gözünü bağlasa yaxşıdır insan -
Onun göz yaşına gülürsə düşman.
Düşməni şad edib güldürürsə qəm,
Ağıllı dərd çəkib, olarmı dilqəm?
Nə olur, bir az da sevinib şad ol,
Bu dərddən, qüssədən, qəmdən azad ol.
Bu dünya dəyişib dönür əzəldən,
O, alt-üst olsa da, gəl darıxma sən.
Kəndlinin dənini udsa da torpaq,
Yenidən göyərir, sən buna gəl bax.
Xurma ağacında bu gün tikan var,
Sabah yetişəcək şirin xurmalar.
Qönçə tikanlıqda olsa da əgər,
Açılacaq güldən bir müъdə verər.
Qəlbini sıxma ki, sən kimsəsizsən,
Mən kiməm, adamın deyilmiyəm mən?
Heç kəs köməksizəm, deməsin gərək,
Köməksiz olana allahdır kömək.
Yanma şimşək kimi atasızlıqdan,
Bulutlu gözündə qopmasın tufan.
Ata ölmüşsə də, oğul çağ olsun,
Mədən qırılmışsa, gövhər sağ olsun".
Məcnun bu məktubu oxuyan zaman
Çıxdı qönçə kimi öz qabığından...
"Ay allah"dan başqa dinmədi artıq,
Bir anlıq özünə gəlmədi yazıq.
Sonra huşa gəlcək öz adətilə
Bir neçə saatlıq ağladı yenə.
Qasidi ordaca saxlayıb bir an,
Gah əlindən öpdü, gah ayağından.
Dedi: "Nə kağızım, nə qələmim var,
Cavab gözləyəcək məndən o nigar".
Açdı heybəsini qasid belindən,
Heybənin içini tökərək birdən,
Yazı şeylərini göstərdi ona,
Sonra qaydasınca verdi Məcnuna.
Məcnun ki, qələmi aldı əlinə,
Min bir nüktə vurub, nəqş açdı yenə.
Qəlbində gizlənmiş hər dərdi, qəmi
Söz boyunbağına düzdü qələmi
Məktubun başını bağladı sonra,
Qasidə tapşırıb "Qaç" dedi ona.
Qasid də məktubu alıb apardı,
Yel kimi Leylinin yanına vardı.
Məktubu açaraq oxuyanda qız,
Onun göz yaşıyla islandı kağız.

davamı
XS
SM
MD
LG