Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:51

Baş prokuror Mueller hesabatına münasibətini müdafiə edir


ABŞ ədliyyə naziri və baş prokuroru William Barr
ABŞ ədliyyə naziri və baş prokuroru William Barr

ABŞ ədliyyə naziri və eyni zamanda baş prokuror William Barr prezident Donald Trump-ın seçki kampaniyası ilə Rusiya arasında iddia edilən sövdələşməni araşdıran xüsusi prokuror Robert Mueller-in yekun hesabatı barədə gördüyü təbdirləri və davranışını müdafiə edib.

Baş prokuror William Barr mayın 1-də Senatın Ədliyyə Komitəsinin suallarına cavab verirdi. Demokratlar Mueller-in hesabatı ilə Barrın bu hesabatdan çıxardığı nəticələrin uyğun gəlmədiyini bildirirlər.

Barr komitəyə gəlməzdən əvvəl başqa bir Konqres komitəsi Mueller-in ona yazdığı məktubun məzmununu açıqlayıb.

Robert Mueller bu məktubda baş prokuror William Barrın onun Rusiya hesabatına yazılmış dörd səhifəlik xülasəsindən narazılıq bildirib və deyib ki, bu xülasə “onun komandasının gəldiyi nəticələri məzmun, təbiət və mahiyyəti etibarilə tam əks etdirmir”.

Martın 27-də imzalanmış məktubda daha sonra deyilirdi:

"İndi təhqiqatımızın nəticələrinin kritik aspektlərinə dair ictimai çaşqınlıq var. Bu, nazirliyin xüsusi prokurorun təyinatında əsas məqsədini sarsıtmaq təhlükəsi yaradır”.

Eyni gündə məktubun açıqlanması və Barrın sorğu-sual edilməsi redaktəli variantı aprelin 18-də açıqlanmış Mueller hesabatı ətrafındakı ziddiyyəti daha kəskinləşdirib.

Mueller öz hesabatında ABŞ kəşfiyyatının Rusiyanın 2016-cı il seçkisinə müdaxilə etdiyinə dair gəldiyi nəticələri qəbul etmiş, habelə Trump-ın onun təhqiqatına maneçilik törətmək cəhdlərini sənədləşdirmişdi.

Lakin Mueller belə bir nəticəyə gəlmişdi ki, Trump-ın komandası ilə Rusiya arasında sövdələşməni təsdiq etmək üçün kifayət qədər dəlil olmayıb.

Barr aprelin 18-də Mueller hesabatının 448 səhifəlik redaktəli variantını açıqlamazdan əvvəl dörd səhifəlik qısa xülasə vermişdi.

Demokratlar şikayət etmişdilər ki, Barr bilərəkdən hesabatın Trump üçün neqativ olan məqamlarını yumşaldıb. Onlar baş prokuroru hesabatı yanlış şərh etməkdə ittiham ediblər.

Baş prokuror bu xülasədə yazırdı ki, Mueller prezident Trump-ın seçki kampaniyası ilə Rusiya arasında sövdələşmənin olduğuna dair dəlillər aşkar etməyib.

Barr bunu da bildirmişdi ki, Mueller Trump-ın ədalətə mane olub-olmadığı barədə də nəticəyə gələ bilməyib.

Lakin Mueller-in mayın 1-də Konqresdə açıqlanmış məktubundan xüsusi prokurorun baş prokurorun hərəkətindən narazı qaldığı görünür.

O yazır ki, baş prokurorun belə mövqeyi “nazirliyin xüsusi prokurorun təyin edilməsinə dair qərarını gözdən salır və ictimaiyyətin təhqiqat nəticələrinə inamını sarsıdır”.

XS
SM
MD
LG