Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:50

Bu ştatlarda koronavirus qadağaları qaldırılır


Kaliforniyanın qubernatoru Gavin Nyusom
Kaliforniyanın qubernatoru Gavin Nyusom

ABŞ-da COVID-19-dan ölüm halları gündəlik 340 civarına düşüb. Yanvarın ortasında bu göstərici 3 min 400-dən yuxarı idi

ABŞ-ın sıx məskunlaşmış iki ştatı – Kaliforniya və Nyu Yorkda vaksinasiyada yüksək göstəricilər əldə olunduğundan pandemiyaya qarşı demək olar bütün qadağalar ləğv olunub. Bu ştatlarda son aylarda gündəlik yoluxmalar da ən aşağı həddə düşüb.

Kaliforniya iyunun 15-də “böyük açılımı” bayram edib, əhalini peyvəndləməyə həvəsləndirmək məqsədilə keçirilən lotereyanın 10 qalibinə yekun 15 milyon dollarlıq uduş məbləğini təqdim edib.

“Bildiyimiz həyata qayıda bilərik”

“Kaliforniya səhifəni çevirdi. Qoy hamımız bu uğuru qeyd edək”, – ştatın qubernatoru Gavin Nyusom deyib.

“Bu gün əcnəbilər, sevgililər, ailə üzvləri ilə yenidən birləşmə günüdür. Adamları qucaqlayın”, – o, sözlərinə əlavə edib.

Nyu Yorda isə iyunun 15-də həyati əhəmiyyətli sektor işçilərinin şərəfinə atəşfəşanlıq etməklə qeyd edib.

Hər iki ştatda böyüklərin 70 faizinə peyvəndin azı bir dozasının vurulduğu bildirilir.

“70 faiz nə deməkdir? Bu o deməkdir ki, biz bildiyimiz həyata qayıda bilərik”, – Qubernator Endrü Kuomo deyib.

Günə 40 yoluxma

19 milyon əhalisi olan Nyu Yorka koronavirus pandemiyasının əvvəlində böyük zərbə dəyib. Ştatda indiyədək 2 milyondan çox yoluxma, 53 mindən çox ölüm qeydə alınıb.

Son bir həftədə isə Nyu Yorkda gündəlik yoluxmalar 40-dan aşağı düşüb ki, bu da pandemiyanın əvvəlindən ən aşağı göstəricidir.

39 milyon əhali yaşayan Kaliforniya isə pandemiyadan ən ağır zərbə görən ştatdır. Bu ştatda 3.8 milyondan çox yoluxma, 63 mindən çox ölüm aşkarlanıb.

Artıq bu iki ştatda sosial məsafə, restoranlara, barlara və digər bizneslərə məhdudiyyət tələb olunmur, maska qadağası da qaldırılıb. Ancaq Nyu York metrosunda maska qadağasının saxlanacağı gözlənir.

Nyusom virusun tamamilə yoxa çıxmadığı haqda da xəbərdarlıq edib. Gündəlik yoluxmalar 300 civarına düşüb, amma yeni açılımla bağlı entuziazm ayıq-sayıqlıqla müşayiıt olunmalıdır, o vurğulayıb.

Gündəlik ölüm 340-a düşüb

Artıq ölkə üzrə bir çox ştatlarda qadalar ya yüngülləşdirilir, ya da tamamilə aradan qaldırılır. Ölkə boyunca COVID-19-dan ölüm halları gündəlik 340 civarına düşüb. Yanvarın ortasında bu göstərici 3 min 400-dən yuxarı idi.

İyunun 15-də ABŞ-da COVID-19-dan ümumi ölü sayı 600 mini keçib.

Dünya üzrə isə ölü sayı 3.8 milyon, aşkarlanmış yoluxma 176 milyondur.

Bir çox ölkələr vaksinasiya ilə virusu nəzarətə almağa çalışırlar. Braziliyada iyunun 15-də 80 mindən çox yeni yoluxma, 2 min 400-dən artıq ölüm qeydə alınıb. Meksikada aşkarlanmış yoluxma 4 min 200-dən artıq, ölü sayı 241 nəfər olub.

Ağ ev 4 iyul – Müstəqillik gününə nikbinliklə yanaşır, ölkənin dirçəlişində həlledici məqam olacağını bildirir.

Prezident Co Bayden o vaxtadək böyüklərin 70 faizinə peyvənd vurulmasını hədəf qoymuşdu. Həmin hədəfə çatılması real görünməsə də, Bayden ölkəboyunca tədbirləri təşviq edir. Ağ evdə təcili yardım işçiləri, həyati əhəmiyyətlə işlərdə çalışanlar, hərbi xidmət əməkdaşları və onların ailələri üçün piknik planlaşdırılır.

XS
SM
MD
LG