Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:52

Abbas Hüseynov: 'Rəis və müavinləri məni ağzıüstə yerə yıxıb təhqir edirdi...'


A.Hüseynov
A.Hüseynov

Müsəlman Birliyi Hərəkatının üzvü, Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynov sağlamlığı və həyatının təhlükə qarşısında olduğunu bildirir. Bu barədə o, yaxınları vasitəsilə ictimaiyyətə ünvanladığı məktubunda yazıb. Onun sözlərinə görə, pandemiya ilə əlaqədar sovqat qadağasından sonra cəzaçəkmə müəssisəsinin daxilindəki dükanlarda kəskin qiymət artımına, məhbusların sağlamlığına olan biganə münasibətə etirazlarına görə xeyli əziyyətlərlə üzləşib: "Təklif və etirazlarıma görə məni cəza olaraq 3 həftə hamamdan, ailəmlə telefon zənglərindən məhrum etdilər. İki dəfə ardıcıl karsa salındım. Rəis və müavinləri məni ağzıüstə yerə yıxıb təhqir edir, öldürüb adını intihar qoymaqla hədələyirdilər. Üstümə 20-25 dəyənəkli nəzarətçi göndərdilər, qaldığım kameranı dağıtdılar, bəzi əşyalarım yoxa çıxıb. Bir aya yaxındır ki, əslində pulsuz olan konvert üçün pul versəm də, mənə məktub yola salmağa imkan verilmir. Məktubların hamısını rəis oxuyur".

AŞPA məruzəçisi ilə görüşdən sonra...

A.Hüseynov iddia edir ki, saxlandığı 8 saylı Cəzaçəkmə Müəssisəsində də aprel və may aylarında koronavirusa yoluxan məhbuslar olub. Amma bu müəssisədə məhkumlar arasında virusun yayılmasının qarşısını almaqdan ötrü lazımi addımlar atılmayıb. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində məhkumlara verilən yeməklər çox keyfiyyətsizdir. Evdən sovqat gətirilməyən, müəssisə daxilindəki dükanlardan da ərzaq ala bilmədiyinə görə oranın yeməkləri ilə qidalanmaq məcburiyyətində qalan məhkumların əksəriyyətinin immuniteti zəifdir.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir bu ilin yanvarında Bakıya səfəri zamanı A.Hüseynovla da görüşmüşdü. Nardaran məhbusu deyir ki, o görüşdən sonra ona qarşı münasibət kəskinləşib, pandemiya dövründəki etirazlarından sonra isə dözülməz hal alıb:


"Bəzi dustaqların əliylə həyatıma təhlükə yaratmaq istəyirlər. Göz görə-görə mənə qarşı təxribat hazırlayırlar. Hər gün fiziki işgəncədən betər psixioloji zərbələr alıram. Hər gün üst-başımı yoxlayırlar, təhqiramiz ifadələr işlədirlər. Dəfələrlə rəisə xəbər göndərib, bunun qarşısının alınmasını istəmişəm. Amma vecinə olmayıb. Elə bil, təxribat planını özü cızır".

"Hamısı yalandır"

Penitensiar Xidmət isə A.Hüseynovun məktubunda yazılanların həqiqətəuyğun olmadığını bəyan edib.

"Onun dediklərinin hamısı yalandır", - Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna belə deyib.

M.Sadıqov bundan öncə də bildirmişdi ki, məhkumlara verilən yeməklərin keyfiyyətsizliyi və müəssisədəki ticarət köşklərində qiymətlərin bahalığı haqda iddialar yalandır: "Məhkumlar gündə üç dəfə kolorili, standartlara uyğun qida ilə təmin olunur. Müəssisələrdə zəruri tələbat mallarının satıldığı ticarət köşklərində də qiymətlər adi mağazalarda olduğu kimidir. Orada hesablaşmalar da nağdsız ödənişlə aparılır. Yəni, məhkumun hesabındakı vəsaitdən çıxılır".

Xatırlatma

A.Hüseynov 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaran hadisələrinə görə ümumilikdə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. T.Bağırov və A.Hüseyovun hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG