Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:52

Abbas Qəhrəmanov: 'Çıxıb auditoriya qarşısında özümə bəraət qazandırmağa ehtiyac da görmürəm'


Abbas Qəhrəmanov
Abbas Qəhrəmanov

«İcazə versinlər, yenə istədiyim kimi, bildiyim kimi yaşayım... Mənə mitinq lazım olsaydı, ora dəfələrlə gedərdim, fikirlərimi bölüşərdim. Mən çəkinmirəm. Amma buna ehtiyac yoxdur», – Milli Akademik Dram Teatrının aktyoru, əməkdar artist Abbas Qəhrəmanov AzadlıqRadiosuna belə deyir. O, bəzi müxalifət partiyalarını birləşdirən Milli Şuranın «Talana yox» şüarı ilə keçirilən etiraz aksiyasında iştirak edən üç aktyordan biridir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 17-də bu məsələyə münasibət bildirib. «Report»un məlumatına görə, nazir deyib:

«Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil».

Nazir daha sonra əlavə edib:

«Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır».

Abbas Qəhrəmanov AzadlıqRadiosuna müsahibəsində bu haqda danışıb.

Abbas Qəhrəmanov: 'Mitinqə müşahidəçi kimi getmişəm'
Gözlə

No media source currently available

0:00 0:06:50 0:00
Direct-ə keçid

– Abbas bəy, doğrudanmı, bir vətəndaşın müxalif düşərgənin mitinqində iştirakı, nazirin söylədiyi kimi, «təəssüfləndirici hal»dır?

– Mən orda müşahidəçi kimi, tamaşaçı kimi iştirak etmişəm. Yəqin səhv məlumat çatdırıblar. Mən bu qədər hay-küy yaranmasına təəccüb etmirəm. Yəqin, tanınmış adamların gedib orda, «iştirak etmək» deməzdim, sadəcə orda olmalarının müəyyən təsiri var. Mən fikrimi demişəm, işdə də izahat istədilər. İzahat deyəndə maraqlandılar, mən də dedim ki, ora aktyor yoldaşımla müşahidəçi kimi getmişəm. Açığı, mən adətən mitinqlərdə iştirak etmirəm, çıxış etmirəm. Buna lüzum da yoxdur. Bu, birtərəfli danışmaq söhbəti deyil. Sadəcə başım öz işimlə, teatrımla, çəkilişlərimlə yaxşı mənada qarışıqdır. Maddi tərəfdən də təmin olunuruq. Şikayət etməyin yeri yoxdur. Teatrda bir qalır rejissor problemi, dramaturgiya problemi, aktyor problemi. Məni narahat edən bunlardır. Sadəcə bilmirdim ki, gedib orda tamaşaçı kimi iştirakım bu qədər narahatlıq doğura bilər. Mən də sözümü demişəm, etiraf etmişəm ki, vəziyyət belədir, bunlar necə qəbul edir… Bundan sonra da bu haqda danışılırsa, mən təəssüf edirəm. Mənim ayrıca çıxış etmək fikrim də yoxdur, çıxıb auditoriya qarşısında özümə bəraət qazandırmağa ehtiyac da görmürəm. Ancaq bilsəm ki, ehtiyac var, çıxış edərəm.

– Necə oldu ki, mitinqə getdiniz?

– Ümumiyyətlə, mitinq olub-olmayacağından xəbərim yox idi. Dostum dedi ki, «gedək baxaq, görək nə baş verir, bugünkü dövrdə nəylə bağlıdır». Bilirəm nəylə bağlıdır, hər şey aydındır, məndə informasiya var. Amma başım yaradıcılıqla məşğuldur. Sadəcə belə səs-küyə düşdü, açığı, təəccüb etdim.

– Sizi təəccübləndirən nədir? Hər bir vətəndaşın sərbəst toplaşmaq, fikrini ifadə etmək azadlığı, haqqı var, amma sizin mitinqdə iştirakınıza görə iş yerinizdə izahat istəyirlər, nazir açıqlama verir. Sizcə, bunu sizin haqlarınıza müdaxilə saymaq olarmı? Bu durum sizi təəccübləndirir?

– Mən siyasətlə məşğul deyiləm, çoxdandır, 15-20 il olar. Bunu laqeydlik kimi başa düşməyin, xahiş edirəm. Sadəcə bu, işimdə məni «nikuda» aparır. Mən sənətimdə özümü daha yaxşı hiss edirəm, sözümü daha sərbəst, daha yaxşı deyirəm. Yəqin, məni yaxşı tanımırlar. Əlbəttə, imkanım var, gedib sərbəst şəkildə mitinqə baxa da bilərəm, orda iştirak da edə bilərəm. Ancaq bu yanaşma məni üç-dörd gün düşünməyə vadar etdi. Yəqin, ola bilər, tanınmış adamam, bəlkə buna görə hərəkətlərimə baxmalıyam, ölçüb-biçməliyəm. Müxtəlif qüvvələr var, müxtəlif fikrilər var, siyasət bir az qəliz məsələdir, qarışmaq istəmirəm. Bunu necə qiymətləndirirlər, mənə qarşı necə münasibət var, öz işləridir. Səmimi deyirəm ki, öz işimlə, sənətimlə, rollarımla rahat, ürəklə məşğul olmaq istəyirəm və buna imkan yaratmalarını istəyirəm. İcazə versinlər, yenə istədiyim kimi, bildiyim kimi yaşayım. Düzdür, heç kəs də narahat etmir. Mənə mitinq lazım olsaydı, ora dəfələrlə gedərdim, fikirlərimi bölüşərdim. Mən çəkinmirəm. Amma buna ehtiyac yoxdur.

– Dediniz ki, bu mitinqin nəylə bağlı keçirildiyi barədə məlumatlı olmusunuz. Milli Şura «Talana yox» şüarı ilə aksiya keçirirdi və hökuməti korrupsiyada ittiham edirdi. Siz bununla bağlı nə düşünürsünüz?

– Mən həmin şəxsin adını demək, onu zərbə altında qoymaq istəmirəm. Mən öz otağımda oturub – böyük sənətkarımız (Fuad Poladov – A.R) xəstələndiyinə, teatrdan getdiyinə görə Qacar rolunu mənə tapşırmaq istəyirlər, uğurlu tamaşadır, gözəl də oynayıb – bu rolu oxuyurdum, təsadüfən otaq yoldaşımdan öyrəndim ki, bu gün mitinqdir, dedi: «təzyiqlərə filana baxmayaraq, vətəndaş kimi ora getmək istəyirəm». Aramızda belə bir söhbət oldu. Mən də dedim ki, «sən çəkinirsənsə, problem varsa, lazımdırsa mən…». Onunla yarım saat, bir saat söhbət etdik. Mən mülahizələrimi demək də istəmirəm, hərə bir cür yozar. Sadəcə, ona izah etdim ki, bizim hər hansı mitinqə getməyə ehtiyacımız yoxdur. Mən özümüzü deyirəm, bəlkə teatrda başqasının var. Amma bizim hər cür şəraitimiz var, maddi baxımdan da. Filmlərə çəkilirik, prezident mükafatı alırıq, mən öz işimdən zövq alıram. Yoldaşıma da bunu məsləhət gördüm. Amma gördüm bir balaca nəm-nüm edir, «zəmanə, o yan-bu yan, filan» deyir, onda dedim ki, «gəl gedək, mən sənə əyani sübut kimi göstərim nə var, nə yox». Ancaq bilmirəm mitinqdə nə teması qoyulub, bəlkə mənim laqeydliyimdir, ola bilər. Sadəcə, bilmədim ki, belə reaksiya olacaq. Çəkinmirəm belə iş etmişəm deyə. Ancaq hadisələr şişdi, qabardı, hətta oradan çıxanda dostum məni qucaqladı ki, «bura bizim yerimiz deyil, biz öz işimizlə, yaradıcılıqla məşğul olmalıyıq». Mən nazirliyi də başa düşürəm ki, şərait yaradılıb. Belə baxanda, ölkə daxilində bizim maaşlarımız həddən artıq yüksəkdir. Ona görə başa düşmürlər ki, biz o mitinqə nəyə getmişik, nə tələb etmişik. Mənim şəxsən şikayət etməyə, problem axtarmağa ehtiyacım yoxdur. Bizim işimiz səhnədədir, orda o qədər bədii problemlərimiz var, onları həll etməliyik. Bütün gücümü də buna yönəltmişəm.

Aktyor bu yerdə «üzrlü səbəbdən» söhbəti başa vurur.

AzadlıqRadiosu digər iki aktyorla əlaqə yarada bilməyib.

XATIRLATMA

Oktyabrın 7-də Milli Şura Bakıda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə «Talana yox», «İstefa» kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.

Mitinqdən sonra KİV-lərə açıqlama verən hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar isə müxalifəti qərəzdə və hakimiyyətin ünvanına böhtan atmaqda günahlandırıblar.

XS
SM
MD
LG