Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:37

'Qar başlayan kimi işıq kabelini kəsib apardılar'


Elektrik dirəyi.
Elektrik dirəyi.

«Bir az əvvəl gəlib işıq kabelini kəsib apardılar. Onsuz da qazsız, soyuqda qalmışdıq. Yeganə ümidimiz o kabel idi, hər dəfə kəsib yerə atıb gedəndən sonra özümüz birləşdirirdik. Qar başlayan kimi yenə gəlib kəsdilər, ancaq bu dəfə yerə atmadılar. Dedilər, «başçı tapşırıb ki, kabeli özümüzlə götürək»».

Bakının mərkəzində – Abdulla Şaiq küçəsində yaşayan sakinlər çarəsiz duruma düşüblər. AzadlıqRadiosuna danışırlar ki, yanvarın 31-də məhəlləyə gələn bir neçə nəfər işıq kabelini kəsib. Ancaq bu dəfə kabeli özləri ilə aparıblar. Bu vaxtadək qazsız qalan məhəllə indi həm də işıqsız qalıb.

«BU QƏDƏR İNSANA NECƏ QIYMAQ OLAR?»

Küçədəki 79 saylı evin sakini olan Cəbrayıl köçkünü Elşən Məmmədov bu addımın ərazidə yaşayanlara vurulan ən ağır zərbə olduğunu deyir: «Qoca, uşaq, xəstə, əlil var... Bu qədər insana necə qıymaq olar... Gözlədilər, qar yağmağa başlayanda gör nə oyun çıxartdılar. Evin içində paltoya, şərfə bürünmüşük, uşaqlar əlcəyi əlindən soyunan kimi əlləri donur».

Qarlı havada bir məhəllənin işığının söndürülməsi burada yaşayan Nabat Kərimovanı da qəzəbləndirib: «Bu məmurlar insanların ən zəif nöqtəsindən vurur. Gözlədilər, qar yağmağa başlayanda gəlib kabeli kəsdilər. Özləriylə apardılar ki, birləşdirə bilməyək. Arxayındırlar ki, dərəbəyilik hökm sürən ölkədə yaşayırıq, bu evlərdən birində bir qoca soyuqdan ölsə, bunun məsuliyyəti ən yaxşı halda ölənin üzərində qalacaq ki, canı çıxaydı, ölməyəydi».

«ÇARƏSİZ QALMIŞIQ»

Səfiyyə Mustafayeva onkoloji xəstədir. Deyir, evdə bir stəkan su isitməyə imkan yoxdur: «Qazı kəsmişdilər, qızdırıcılardan istifadə edirdik. İndi o da yoxdur. Hökumət bizə yaşamaq üçün variant qoymayıb. Bir azdan qaranlıq da düşəcək, çarəsiz qalmışıq».

Yasamal rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qeyd olunan məhəllə söküntü ərazisinə düşür. Sakinlərə evlərini tərk etmək üçün dəfələrlə xəbərdarlıq olunub: «Düzdür, dəfələrlə xəbərdarlıq olunub ki, kommunal xidmətlər dayandırılacaq. Ancaq bu gün kabelin kəsilib aparılmasından xəbərimiz yoxdur. Biz işıq kəsən deyilik ki... İşıq idarəsi var, ora müraciət edib aydınlaşdırsınlar».

«XƏTLƏRİ NECƏ GƏLDİ, BİRLƏŞDİRİRLƏR»

Yasamal rayon işıq idarəsindən də qeyd olunan məhəllədəki hadisədən xəbərsiz olduqlarını və məsələni araşdıracaqlarını bildiriblər: «Orda bir neçə dəfə işıq xətti ayrılıb, ancaq sakinlər özbaşına birləşdiriblər. Söküntü ərazisidir, necə gəldi xətləri birləşdirirlər, sabah bir hadisə baş verəndə bizim boğazımızdan yapışacaqlar. Ancaq bu gün kabelin kəsilib götürülməsindən xəbərimiz yoxdur. Rəis yerində yoxdur, gələndə xəbər verərik, araşdırılar».

A.Şaiq küçəsinin sakinlərini işıqsız, qazsız evlərdə qarşıdakı şaxtalı gecədən salamat çıxıb-çıxmayacaqları düşündürür.

Abdulla Şaiq küçəsi «Sovetski» ərazisinə aiddir və söküntü planına düşüb. Lakin sakinlərin bir hissəsi kompensasiyanın məbləği ilə razılaşmır, bir hissəsi yaşayış və qeyri-yaşayış sahələrinin düzgün ölçülmədiyini iddia edir. Bu səbəblərdən də mənzillərini tərk etmirlər. Son devalvasiyalardan sonra kompensasiya məbləğinin artırılmaması isə sakinləri daha da ümidsiz edib.

XS
SM
MD
LG