ABŞ, raket gəmisi də daxil olmaqla Koreya yarımadası hövzəsinə gəmi zərbə qrupu göndərir.
Bu barədə aprelin 9-da AzadlıqRadiosu Reuters, Accosiated Press və digər qərb agentliklərinə istinadla məlumat yayıb.
ABŞ Sakit Okean komandanlığının sözçüsü Dave Benham aprelin 9-da bildirib ki, əsas tapşırıq Sakit Okeanın qərbində hərbi iştirak və hərbi hazırlığı saxlamaqdır.
O qeyd edib ki, Şimali Koreya əsas problem olaraq qalır, bu ölkənin raket sınaqları, nüvə potensialını genişləndirməsi və nüvə silahı əldə etməyə cəhd göstərməsi regionda sabitliyin pozulması üçün əsas faktordur.
Qeyd edək ki, ABŞ 1953-cü ildən-Koreya müharibəsinin bitməsindən sonra Cənubi Koreyada xeyli, təxminən 28 500 nəfərlik hərbi kontingent saxlayır.
Şimali Koreya dəfələrlə BMT-nin qətnamələrinə zidd olaraq ballistik raketlərin sınağını keçirib.
Vaşinqton Pxenyanın əsas müttəfiqi Çinə deyib ki, əgər Şimali Koreyanın ballistik raketlər və nüvə proqramının qarşının alınması yönündə lazımi iş görməsə, bu məsələ ilə özü məşğul ola bilər və buna hazırdır.
Onu da qeyd edək ki, ABŞ prezidenti Donald Trump aprelin 8-də Cənubi Koreya lideri, hazırda prezidentin səlahiyyətlərini icra edən Hvanq Kio-Anla (Hwang Kyo-Ahn) telefon əlaqəsi saxlayıb, Şimali Koreya və digər məsələlərlə bağlı bağlı sıx əlaqə saxlamaq razılığına gəliblər.
Vaşinqtonun bu addımı, ABŞ-ın aprelin 6-dan 7-nə keçən gecə Suriyadakı hərbi-hava bazasını vurmasından sonra ABŞ-Rusiya münasibətlərinin gərginləşdiyi dövrə təsadüf edir.
Rusiya bunu suveren dövlətə qarşı təcavüz hesab edir. ABŞ isə bunun bu günlərdə Suriya rejiminin dinc insanlara qarşı törətdiyi kimyəvi hücuma cavab olduğunu deyir.
Buna da bax: Rusiya ABŞ-la "Qaynar xətt" i kəsdi.