Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 03:26

ABŞ Rusiya ilə imzalanmış ‘Açıq səmalar’ müqaviləsindən çıxacağını bildirir (VIDEO)


Rusiyanın Tupolev-214 təyyarəsi "Açıq səmalar" uçuşunda
Rusiyanın Tupolev-214 təyyarəsi "Açıq səmalar" uçuşunda

Birləşmiş Ştatlar “Açıq səmalar” müqaviləsindən çıxmaq niyyətində olduğunu bəyan edib.

Vaşinqton bildirib ki, onun bu addımına səbəb Rusiyanın sözü gedən müqaviləni pozması olub.

ABŞ mediasında verilən xəbərlərdə deyilir ki, prezident Donald Trump-ın administrasiyası mayın 21-də öz niyyəti barədə müqaviləyə üzv olan daha 34 ölkəyə bildiriş göndərib.

Mövcud qaydaya görə bu bildirişdən sonra 6 ay müddətində qərar dəyişdirilməzsə, ABŞ müqaviləni tərk etmiş olacaq.

Rusiyanın da daxil olduğu bu müqavilə 18 il bundan əvvəl imzalanıb. Sənəd müqaviləyə üzv ölkələrə bir-birinin ərazisi üzərində sərbəst müşahidə uçuşu hüququ verir.

Bu tədbirdən bir qayda olaraq silahlar və başqa hərbi obyektlərə nəzarət üçün istifadə olunur.

Ağ Ev Rusiyanı bu müqaviləni pozmaqda ittiham edir. Vaşinqton bildirir ki, Moskva Birləşmiş Ştatların müşahidə təyyarəsinə Baltik sahilindəki Kalininqrad eksklavı üzərindən, habelə Gürcüstan ərazisinin yaxınlığında uçmaq imkanı yaratmayıb. Halbuki sözü gedən müqavilə buna tam icazə verir.

Beləliklə, Trump Birləşmiş Ştatları birtərəfli qaydada növbəti böyük qlobal razılaşmadan çıxarmağı planlaşdırır.

Keçən il Trump ABŞ-ı Rusiya ilə imzalanmış Ortamənzilli Raket Qüvvələri Müqaviləsindən (INF) çıxarıb.

Trump-ın bu addımı ehtimal ki, Moskva ilə münasibətləri daha da gərginləşdirəcək, ABŞ-ın Avropa müttəfiqlərini və bəzi Konqres üzvlərini narahat edəcək.

ABŞ prezidenti Dwight David "Ike" Eisenhower
ABŞ prezidenti Dwight David "Ike" Eisenhower

Rusiya və Birləşmiş Ştatların bir-birlərinin ərazisi üzərindən qarşılıqlı uçuşlarının təşkili ideyasını ilk dəfə ABŞ prezidenti Dwight Eisenhower 1955-ci ilin iyulunda səsləndirmişdi. Amma Sovet İttifaqı bu müqaviləyə inamsızlıq göstərirdi.

Buna görə də 1989-cu ilədək müqavilənin imzalanması qeyri-mümkün olmuşdu.

Nəhayət müqavilə prezident George Bush tərəfindən imzalansa da, onun icrasına yalnız 2002-ci ildən başlanıb.

XS
SM
MD
LG