Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:45

'Ameli' möcüzəsi davam edir


Odri Totu Kann Film Festivalında. 2013
Odri Totu Kann Film Festivalında. 2013

BBC yazır ki, "Ameli" (Amélie) filminin 20 yaşı tamam olur. 20 il bundan əvvəl Parisin Monmartr hissəsində yaşayan bu sısqa qız bütün dünyanın sevimlisinə çevrilib. Jan-Pyer Jönenin sayca dördüncü tammetrajlı bədii filminin qəhrəmanı Ameli Pulenin güclü təxəyyülü var. O, həm də həyatın bəxş etdiyi ən adi şeylərdən həzz almağı bacarır. Cümə axşamı filmə baxmaq, yaxud krem brülenin üzərindəki şəkər qatını qaşıqla qırmaq kimi. Ancaq o, yenə də özünü tənha hiss edir. Uşaqlığı tənha keçmiş Ameli ətrafındakı insanlarla ünsiyyət qurmağa çalışır.

Jönenin bu qeyri-adi romantik komediyasında tamaşaçı Odri Totunun çox gözəl oynadığı Amelidən başqa özü kimi qəribə adamları və əlbəttə ki, Fransa paytaxtının şarmını görür. Film ekranlara çıxdığı andan bəri auditoriyanın qəlbini fəth edib. Ancaq 20 il sonra belə onun zəngin irsi davam edir. "Ameli" filmi bir müziklə ilham verib. Hətta yeni kəşf edilmiş bir qurbağaya onun adı verilib. Filmin pərəstişkarları arasında Parisə gedib onun çəkildiyi məkanları görmək istəyənlər də var, geyim və saç düzümünü Amelininkinə oxşatmağa çalışanlar da. Görəsən, tam adı "Ameli Pulenin inanılmaz taleyi" olan bu filmi möcüzəli edən nədir?

Boşluğu doldurmaq

"Ameli"yə qədər artıq bir neçə filmi ilə tanınmış Jan-Pyer Jöne əvvəlcə Ameli rolunu ingilis aktrisa Emili Outsona vermək istəyirmiş. Ancaq onun fransızcası kifayət qədər güclü olmadığından rejissor bu fikrindən daşınmalı olub.

Odri Totu onun audisiyadan keçirdiyi ilk aktrisa olub. Jöne daha əvvəl onu ""Venera" gözəllik salonu" (Venus Beauty Institute) adlı başqa bir fransız komediyasının afişasında görmüşdü. Baş rol Totuya verilib. Düzü, artıq Amelinin hər hansı başqa aktrisa tərəfindən oynanıldığını düşünmək çox çətindir.

Ameli həyatını başqalarını xoşbəxt etməyə həsr edəcəyinə söz verir. Ancaq bu, sanki onun öz tənhalığının gətirdiyi boşluğu doldurmaq üçündür. O, ətraf dünyanın gətirdiyi təcrübələrlə bağ qurmağa çalışır və beləliklə, problemlərin həlli üzrə əsl ekspertə çevrilir.

Möcüzələr şəhəri

Tamaşaçı Amelinin Parisdə bir-birinin ardınca yaşadığı macəraları böyük həzlə izləyir. Operator Brüno Delbonnelin işi sayəsində şəhər çox gözəl, ancaq həm də daimi hərəkətdə olan, möcüzələrin baş verdiyi maraqlı məkan kimi qarşımıza çıxır. Parisin görüntüləri poçt açıqcalarını xatırladır. Filmin parlaq qırmızı və sari tonları isə Amelinin həyat eşqini əks etdirmək üçün çəkilişdən sonra xüsusi olaraq daha da qabardılıb.

Əlbəttə, bütün bu sevgi və gündəlik möcüzə hissini daha da artırıb gözəlləşdirən Yan Tyersenin möhtəşəm instrumental bəstələridir. Jöne bu Amelinin şıltaq əhvalını əks etdirməkdən ötrü bu musiqidən məharətlə istifadə edir. Bu, əsl Paris deyil. Bu, hər küçəsində, hər metro stansiyasında möcüzələr olan dəyişdirilmiş və qabardılmış reallıq, xəyalpərəstlərin məkanıdır. Real dünya çox vaxt amansızdır. Ancaq Jöne və filmin yaradıcı heyəti bu filmlə daha xoş, daha mərhəmətli bir reallıq yaratmağa cürət ediblər.

Ancaq Ameli evində tək olanda onun tənhalığı daha aydın hiss olunur. Bu təcrid hissi şəhər yerində, insanlarla əhatə olunmuş məkanda yaşamasına baxmayaraq, münasibət qurmağa çətinlik çəkən insanlara tanışdır. Filmin bu tərəfinə pandemiya kontekstində baxmaq da maraqlıdır.

10 milyon dollara çəkilmiş film

2001-ci ilin noyabrında, film ilk dəfə ekranlara çıxanda onun tayı-bərabəri olmayan uğurunu iki ay öncə baş vermiş 11 Sentyabr hadisələrinin travması ilə izah etmişdilər. Ancaq büdcəsi cəmi 10 milyon dollar olan filmin, nə az, nə çox, 174.2 milyon dollar kassa gəliri gətirməsi dünya tamaşaçısının Ameliyə vurulduğunu göstərdi. Film bir müddət "üçüncü ən çox gəlir gətirən xarici film" titulunu qoruyub saxlaya bildi. O zaman ilk yer "Həyat gözəldir" (Life Is Beautiful) filminə məxsus idi.

İndi buna inanmaq çətindir, ancaq "Ameli" ilk dəfə Kann film festivalına təqdim olunanda rədd edilmişdi. Festivalın proqram direktoru Jil Jakob onu "maraqsız" adlandırmışdı. Bu ilin iyulunda " Ameli", nəhayət, Kann festivalında göstərildi. Bu, çimərlikdə təşkil edilən xüsusi yubiley nümayişi idi. Filmi ulduzların altında seyr etməyə yüzlərlə tamaşaçı gəlmişdi.

XS
SM
MD
LG