Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:32

Amnesty International: Yeni hesabat, köhnə rüsvayçılıq


Amnesty International beynəlxalq insan haqları təşkilatı 2015/2016-cı illər üçün yeni hesabatını açıqlayıb

Amnesty International beynəlxalq insan haqları təşkilatı özünün 2015/2016-cı illər üçün yeni hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, qısamüddətli təhlükəsizlik maraqları və sərt təhlükəsizlik məhdudiyyətlərinə görə hazırda dünyanın bir çox yerlərində insan haqlarının vəziyyəti acınacaqlıdır.

Amnesty International xəbərdarlıq edir ki, 2015-ci ildə bir çox ölkələr beynəlxalq qanunları pozub.

98 ölkədə insanlar işgəncələrə və pis rəftarın başqa formalarına məruz qalıb, 30 ölkə qaçqınları zorla gəldikləri yerlərə qaytarıb, 18 ölkədə müharibə cinayətləri törədilib.

İllik hesabatda dünyanın 160 ölkəsində insan haqlarının vəziyyəti araşdırılıb və təhlil edilib.

Türkiyədə və keçmiş Sovet İttifaqının ərazisində liderlər insan haqlarına getdikcə daha sayğısız yanaşmış, media üzərində nəzarətlərini gücləndirmiş, tənqidçi və opponentlərini hədələmişlər

Suriya və Ukraynadakı münaqişələr, Türkiyədəki daxili toqquşmalar, Fransada terror aktları insan haqlarının ümumi vəziyyətinə öldürücü təsir göstərib.

“Türkiyədə və keçmiş Sovet İttifaqının ərazisində liderlər insan haqlarına getdikcə daha sayğısız yanaşmış, media üzərində nəzarətlərini gücləndirmiş, tənqidçi və opponentlərini hədələmişlər” – deyilir hesabatda.

Hesabatda bildirilir ki, Avropanın özündə də mənfi meyllər daha qabarıq görsənib. Bütün qitə boyunca antimiqrant hissiyyatı güclənib, ifrat sağçı, lakin populist partiyalar seçki uğurları qazanıblar.

Amnesty-nin qənaətinə görə indi Avropa demokratiyalarında insan haqlarının “məhək daşı” statusu laxlamış kimi görünür.

Böyük Britaniyada hakimiyyətə gəlmiş mühafizəkarlar Beynəlxalq İnsan Haqları Qanunundan əl çəkilməsini təklif ediblər, Rusiyada Konstitusiya məhkəməsinə Avropa Məhkəməsinin qərarlarını ləğv etmək səlahiyyəti verilib, Polşada və Şərqi Avropanın bir sıra ölkələrində qanunun aliliyi prinsipi pozulub.

Hökumətin “Avropa Oyunları reketi”

Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, vətəndaş cəmiyyəti və siyasi fərqli düşüncə üzərinə hücumlar davam edib.

Ötən ilin axırlarına olan məlumata görə azı 18 vicdan məhbusu hələ də dəmir barmaqlıqlar arxasında qalıb.

Bu da qeyd olunur ki, Azərbaycan hakimiyyəti müstəqil jurnalistləri və fəalları istər ölkə daxilində, istərsə də xaricdə təqib edib, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrinin ölkəyə buraxılmaması və ya ölkədən qovulması halları yer alıb.

Hesabatda deyilir ki, neft qiymətlərinin düşdüyü və milli valyutanın qiymətini itirməsi əhəmiyyətli bahalaşmaya və real gəlirlərin azalmasına səbəb olub.

Bu da qeyd edilir ki, birinci Avropa Oyunlarının keçirilməsi ağır iqtisadi qiymətə başa gəlib və bəzi məlumatlara görə bu tədbirin keçirilməsi naminə bizneslərə pul dəstəyi vermələri üçün təzyiqlər göstərilib, dövlət sektorunda işləyənlərin maaşları azaldılıb.

YAP-ın “rahat qələbəsi”

Hesabatda Azərbaycanda noyabrın 1-də keçirilmiş seçkidən də söz açılır və bildirilir ki, hakimiyyət tərəfindən təzyiq və təqiblərə məruz qalan müxalifətin boykotu şəraitində hakim YAP rahat qələbə qazanıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları qurumu seçkilərin monitorinqindən imtina edib.

Hakimiyyət tərəfindən təzyiq və təqiblərə məruz qalan müxalifətin boykotu şəraitində hakim YAP rahat qələbə qazanıb

Bu müddət ərzində Human Rights Watch və Amnesty International təşkilatları nümayəndə heyətlərinin ölkəyə girişinə icazə verilməyib.

Sentyabr ayında hökumət Avropa Parlamentinin siyasi məhbusları azad etməyə çağıran qətnaməsinin qəbulundan sonra Avropa Komissiyasının Bakıya səfərini ləğv edib.

Oktyabr ayında Avropa Şurası Azərbaycanda insan haqları məsələləri ilə məşğul olan müştərək qrupu tərk edib.

QHT-lərə tutulan divan

Bu da qeyd olunur ki, hesablarının dondurulması və üzvlərinin mühakimələri ucbatından aparıcı QHT-lərin fəaliyyəti qeyri-mümkün olub.

Bir neçə QHT-nin rəhbərləri həbsxanalara salınıb və ya mühacirət etməyə məcbur edilib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov 10 ay İsveçrə səfirlyində gizləndikdən sonra onun ölkəni tərk etməsinə imkan yaradılıb, lakin o bunun ardınca vətəndaşlıqdan məhrum edilib.

Hesabatda deyilir ki, 2014-cü ildə həbs olunduqdan sonra 4 QHT rəhbəri mənimsəmə, vergidən yayınma və səlahiyyətlərini aşma kimi qondarma ittihamlarla mühakimə və məhkum edilib.

Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla və Arif Yunuslar uzunmüddətli həbsxana cəzalarına məhkum ediliblər.

Leya və Arif Yunus barədə hökmlər dəyişdirildikdən sonra onlar ev məhbusluğuna keçirilsələr də, təhqiqatçı jurnalist Xədicə İsmayılova hələ də məhbəsdədir.

Media üzərinə hücumlar ara vermir

Hesabatda deyilir ki, Azərbaycanda bütün əsas media vasitələri hökumətin nəzarətində qalır, müstəqil media qurumları isə qısnama, hədə, təqib və bağlanma təhdidləri ilə üzləşirlər.

AzadlıqRadiosu Bakı bürosunun qapısı möhürlənib
AzadlıqRadiosu Bakı bürosunun qapısı möhürlənib

Bu da bildirilir ki, yanvarın 26-da Reportyorların Azadlığı və Təhlükəsziliyi İnstitutunun sədr müavini Günay İsmayılova naməlum şəxsin hücumuna məruz qalıb və bu insident indiyədək araşdırılmayıb.

2014-cü ildə ofisinə keçirilmiş reyddən və möhürlənmədən sonra AzadlıqRadiosunun Bakı bürosu fəaliyyətini dayandırıb.

Avqustun 8-də Facebook postuna görə altı nəfər tərəfindən döyülən jurnalist Rasim Əliyev vəfat edib.

Sentyabrın 16-da Meydan TV internet saytının iki reportyoru polis tərəfindən saxlanıb. Aytac Əhmədova sonradan azad edilsə də, Şirin Abbasov həbsxanada saxlanıb.

Dekabrın 8-də Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı Facebook-da hökuməti tənqid etməsinin ardınca həbs edilib.

Beynəlxalq miqyasda qisasçılıq

Hesabatda bu da qeyd olunur ki, hökumət xaricdə fəaliyyət göstərən jurnalistlərin və siyasi fəalların qisasını onların qohumlarından almaqda davam edir.

Hökumət Berlindəki bu aksiyanın qisasını Bakıda alıb
Hökumət Berlindəki bu aksiyanın qisasını Bakıda alıb

Fevralın 13-də Berlində İlham Əliyevin əleyhinə piketdə iştirak etmiş bloger Tural Sadıqlının qardaşı Elgiz Sadlıqlı polis tərəfindən narkotik maddə ilə bağlı ittiham üzrə həbs olunub. O beynəlxalq hiddət ifadəsindən sonra azad edilib.

Meydan TV-nin xaricdə yaşayan direktoru Emin Milli Azərbaycan hakimiyyətindən hədələr almaqda davam etdiyini bildirib.

İyulun 23-də onun qayını Nazim Ağabəyov yenə də narkotik maddə ittihamı ilə polis tərəfindən həbs olunub. Onun başqa bir qohumu, Polad Abdullayev də həbs edilib, lakin bir neçə gündən sonra sərbəst buraxılıb.

Amma bundan əvvəl Emin Millinin bütün qohumları ondan imtina etdikləri barədə məktub yazıblar.

İyul ayında, mühacirətdə yaşayan jurnalist, Türkiyədən “Azərbaycan saatı” teleproqramını aparanQənimət Zahidin üç qohumu polisə müqavimət və narkotik maddə ittihamları ilə tutulublar. Onlardan ikisi 25-30 günlük inzibati cəza çəkdikdən sonra sərbəst buraxılsalar da, jurnalistin üçüncü qohumuna qarşı narkotik maddə ittihamı irəli sürülüb.

Oktyabr ayında Meydan TV-nin mühacirətdə olan redaktoru Günel Mövludun qardaşları həbs ediliblər.

Amnesty-nin hesabatında deyilir ki, Azərbaycanda sərbəst toplaşma azadlığı qaba şəkildə pozulur.

Avqustun 22-də Mingəçevirdə polisdə saxlanarkən ölmüş vətəndaşa görə etiraz edənlərin nümayişi polis dəyənəkləri və gözyaşardıcı qazlarla dağıdılıb.

Bu da qeyd edilir ki. Azərbaycanda işgəncə və pis rəftar cəzasızlıq şəraitində davam edir.

Vicdan məhbusu İlqar Məmmədov oktyabrın 16-da iki həbsxana gözətçisi tərəfindən yumruq və təpiklə döyülüb.

Amnesty İnternational təşkilatının Azərbaycana dair bölümü məhz bu epizodla başa çatır.

XS
SM
MD
LG