Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:23

'Anbarlarda yığılan minik avtomobilləri artıb'-media icmalı


Azərbaycan “Khazar” avtomobil zavodu, Neftçala - 2018
Azərbaycan “Khazar” avtomobil zavodu, Neftçala - 2018

Azərbaycanda Milli Dirçəliş Günü, Azərbaycanda istehsal edilən ( yığılan) avtomobillərin bir hissəsinin ambarlarda qalması, pambıqçılığın xeyri və ziyanı medianın aparıcı mövzularındandır...

““ Ağ qızıl”dan qazananlar”

“Yeni Müsavat” qəzetində isə ““Ağ qızıl”dan kim daha çox qazanır?

sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, ölkə rəhbərliyi qarşıdakı 7 ildə pambıq sahələrini 200 min hektara, istehsalı isə 700 min tona çatdırmağı nəzərdə tutur. Bu il isə Azərbaycanda 132 min 502 hektar sahədə pambıq əkilib və istehsalın 260 min tona çatacağı proqnozlaşdırılır.

Müəllif Dövlət Statistika Komitəsi-nin məlumatına əsasən qeyd edib ki, noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 209 min 368 ton məhsul təhvil verilib.

Yazıda vurğulanır ki, bununla yanaşı hökumət bu sahədə emal müəssisəslərini genişləndirir, 18 pambıqtəmizləmə zavodu fəaliyyətdədir, Mingəçevirdə 6 iplik fabiriki açılıb.

Pambıq yığımı
Pambıq yığımı

Müəllif yazıb ki, hökumətin pambıqçılıq planlarına baxış birmnalı deyil:

“Xüsusilə pambıq sahələrinin genişləndirilməsi zamanı heyvandarlıq təsərrüfatlarının sıxışdırılması yaxın illərdə ölkənin ət və süd məhsulları üzrə idxaldan asılılığının əhəmiyyətli şəkildə artacağına dair rəylərin yaranmasına səbəb olur”

Müəllif habelə yazıb ki, pambıqçılığı hökumət əmək tutumlu sahə kimi də təbliğ edir, rəsmi rəqəmlərə görə, hazırda pambıqçılıqda 190 min nəfərdən yuxarı insan çalışır:

“Lakin müstəqil ekspertlər bu rəqəmi inandırıcı hesab etmirlər. Onların fikrincə, pambıqçılıq daimi iş yeri hesab oluna bilməz. Çünki Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, yalnız ilin 11 ayını işləyib gəlir əldə etməyin mümkün olduğu iş yeri daimi hesab olunur. Pambıqçılıqda kütləvi işçi cəlbi isə yalnız yığım vaxtı tələb olunur”

Yazıda ekspertlərə istinadən vurğulanır ki, Azərbaycanda pambıq istehsalından ən çox emal müəssisələri qazanır:

“Mütəxəssislərin fikrincə, pambıqçılıq o zaman gəlirli sahə hesab olunacaq ki, məhsuldarlıq yüksəldilsin, emal sahəsində inhisarçılıq və kartel sövdələşmələri aradan qalxsın”

Avtomobillərin 25 faizindın çoxu ambarlarda qalıb

“Marja.az” saytında “610 ədəd istehsal edilib, 168 ədədi anbarlarda qalıb” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, 2018-ci ilin yanvar-oktyabr aylarında (10 ayda) Azərbaycanda cəmi 610 ədəd minik avtomobili istehsal edilib (daha doğrusu yığılıb).

Sayt Dövlət Statistika Komitəsi-nə istinadən xəbər verir ki, minik avtomobili istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3 dəfə artıb.

“01.11.2018-ci il vəziyyətinə, bu il istehsal edilmiş 610 ədəd minik avtomobilinin 168 ədədi anbarlarda olub. 01.10.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 153 ədəd təşkil etmişdi. Beləliklə, anbarda yığılan minik avtomobillərinin sayı 15 ədəd artıb. Qeyd edək ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır”

Müəllif bildirir ki, bu ilin martında Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Həmçinin Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da (NAZ-Lifan) fəaliyyət göstərir.

““Azərmaş” ASC-yə məxsus Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulur. Zavodun proqnoza əməl etməsi üçün ilin sonunadək 890 avtomobil istehsal etməlidir. Bu da çox çətin görünür”, deyə müəllif qeyd edib.

30 il bundan əvvəl...

Azərbaycan, Azadlıq meydanı – 1988-89
Azərbaycan, Azadlıq meydanı – 1988-89

“Azərbaycan” qəzetində “Tarixin ən güclü Azərbaycanı” sərlövhəli yazı dərc edilib.

Yazıda 30 il bundan öncə, Azərbaycanda 1988-ci il norabrın 17-dən başlamış milli-azadlıq mübarizəsindən bəhs edilir.

Müəllif yazıb ki, ötən əsrin 80-ci illərinin sonlarında artıq çürümüş sovet imperiyasının əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı.

Yazıda vurğulandığıa görə, həmin vaxt öz mövcudluğunu qorumağa çalışan imperiya bu məqsədlə yerlərdə milli zəmində münaqişələrin baş qaldırmasına rəvac verirdi. Müəllif hesab edir ki, xalq da o zaman ölkəyə rəhbərlik edənlərdən fərqli olaraq Qarabağda baş qaldıran separatizmə etiraz edirdi:

“ Ağdamda iki azərbaycanlının qətlə yetirilməsinə, Topxana meşələrində törədilən vəhşiliklərə ilk gündən etiraz səsini ucaltdı. Baş verən hadisələr həm də xalqımızın milli hisslərini alovlandırdı. Milyonlarla insanın toplaşdığı Bakının Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişir, müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsilirdi”

Yazıda vurğulanır ki, 1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması isə Azərbaycanın yeni intibahının bünövrəsi olub.
Müəllif yazının sonlarına doğru da yazıb:
“Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edir. Son 15 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır...”

XS
SM
MD
LG