Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 21:47

Aparıcı məhkəmə zalında həbs olunub


Yasamal District Court
Yasamal District Court

“Kim TV” internet televiziyasının aparıcısı Abid Qafarov məhkəmə zalından həbs edilib

“Kim TV” internet televiziyasının aparıcısı Abid Qafarov məhkəmə zalından həbs edilib.

İyulun 13-də Yasamal rayon Məhkəməsində ona hökm oxunub. Bir qrup Qarabağ döyüşçüsünün iddiası əsasında məhkəməyə cəlb olunan Qafarov CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib, ona 1 il həbs cəzası kəsilib.

Qafarov bu ittihamları qəbul etmir. O məhkəmə iclası başlamamışdan əvvəl Yasamal Rayon Məhkəməsinin binası önündə AzadlıqRadiosuna bildirib ki, Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırılır:

“Hər kəsə məlumdur ki, mən nə kimsənin adını çəkmişəm, nə də kimisə təhqir eləmişəm. Əksinə, mən Qarabağda can qoyan oğulları hüquqları uğrunda mübarizə aparmağa səsləmişəm. İndi bu adamlardan mənə qarşı istifadə edib, sifarişlə həbsə göndərənlər də Tərtər hadisələrində əli olanlardır”.

Qafarov bu işə Yasamal Rayon Məhkəməsində baxılmasına etiraz edib. O, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev haqqında 6 ay ərzində bu məhkəmədə üç dəfə sifarişlə hökm çıxarıldığını vurğulayıb. Lakin onun etirazı təmin edilməyib.

"Tələm-tələsik bir rəy verildi ki..."

Hökmdən sonra Qafarovun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin müdafiə hüququ pozulub - nə ona vəkil kimi çıxış etməyə, nə də hüquqlarını müdafiə etdiyi şəxsə son söz deməyə imkan verilib.

Vəkil xatırladıb ki, iyulun 6-da linqvistik ekspertiza keçirilməsi haqda qərar çıxarılmışdı. Ekspertiza Qafarovun çıxışında təhqir elementlərinin olub-olmadığını müəyyənləşdirməliydi.

Vəkilin sözlərinə görə, o vaxtdan sonra cəmi iki iş günü olub ki, bu müddətdə ekspertizanın keçirilməsi haqda qərarın göndərilməsi, ekspertizanın keçirilməsi və rəyin hazırlanıb məhkəməyə göndərilməsi ağlabatan deyil:

“Tələm-tələsik bir rəy verildi ki, həbs üçün əsas yaradılsın. Bu rəyi də, məhkəmənin hökmünü də sifarişli hesab edirik. Hökmdən apellyasiya şikayəti verəcəyik”.

Abid Qafarova qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən 7 nəfər müharibə veteranı iddia ərizəsində göstərib ki, o, döyüşçüləri təhqir edib, onları “müti” adlandırıb.

İddiaçıların sayı əvvəl 7 nəfər olsa da, sonradan onlardan dördü şikayəti geri götürüb.

Qafarov həm də “Bakı Birlik Təşkilatı” ictimai birliyinin sədridir.

Tərtər işi çərçivəsində onlarla azərbaycanlı hərbçi Ermənistanın xeyrinə casusluqda ittiham olunub. Onlardan bəziləri işgəncə nəticəsində vəfat edib və ölümündən sonra bəraət alıb. Tərtər işində işgəncə iddiaları bu ilin əvvəlində yenidən araşdırılmağa başlayıb.

XS
SM
MD
LG