Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:47

Vəkili iddia edir ki, Assange-a Trump administrasiyasından əfv vəd olunub


Julian Assange
Julian Assange

WikiLeaks saytının qurucusu Julian Assange-ın vəkillərindən biri bəyan edib ki, onun ekstradisiyası məsələsinə baxan dinləmə zamanı hakimə mühüm məlumat verəcək.

Vəkilin iddiasına görə, ABŞ prezidenti Donald Trump-ın administrasiyası Assange-a əfv vəd edib, amma bir şərtlə ki, o, ABŞ Demokrat Partiyasının elektron poçtundan sızmada Rusiyanın rolunun olmadığını bəyan etsin.

Ötən il Londonda Birləşmiş Ştatların ricası ilə həbs edilmiş Assange bu ölkəyə qarşı casusluqda ittiham olunur və hazırda ekstradisiya olunmamaq üçün hüquq müstəvisində mübarizə aparır.

Məhkəmə onun məsələsinə gələn həftə baxmalıdır.

Fevralın 19-da keçirilən ilkin dinləmədə Assange-ın vəkili Edward Fitzgerald deyib ki, keçmiş respublikaçı konqresmen Dana Rohrabacher 2017-ci ildə, o vaxtlar Londondakı Ekvador səfirliyinə sığınan Assange-a baş çəkib.

Fitzgerald hakimə deyib ki, Assange-ın başqa bir vəkili - Jennifer Robinsonun xatırlamasına görə Rohrabacher bu danışıqları Trump-ın təlimatı əsasında aparıb.

Jennifer Robinson deyib ki, Assange Trump-ın iddia olunan ricasını yerinə yetirərərək elektron məktubların sızmasında Rusiyanın rolunun olmadığını deyəcəyi təqdirdə ona əfv və ya başqa bir yolla azadlığa çıxmaq vəd olunmuşdu.

Mueller təhqiqatı

2016-cı ildə Trump və Hillary Clinton-un ABŞ prezidentliyi uğrunda mübarizə apardığı bir vaxtda WikiLeaks demokratların milli komitəsinin minlərlə gözdən salan elektron məktubunu internetə buraxmışdı.

Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-in hesabatında deyilirdi ki, Rusiyanın GRU kimi tanınan hərbi kəşfiyyatı Milli Demokrat Komitəsinin serverlərinə haker müdaxiləsi edib.

Xüsusi prokuror bildirirdi ki, Moskvanın bundan məqsədi ABŞ elektoratı arasına ixtilaf salmaqla Trump-ı dəstəkləmək idi.

Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə dair iddialar Trump-ın seçki qələbəsinə və onun bütün prezidentlik dövrü üzərinə kölgə salıb və bu vəziyyət hətta 2019-cu ildə Mueller-in hesabatında Trump-ın Moskva ilə sövdələşməyə girdiyinin sübutlarının olmaması bildiriləndən sonra da, indiyədək davam edir.

Rusiya prezidenti Vladimir Putini daim tərifləyən və Moskva ilə daha yaxşı münasibətlər istədiyini bildirən Trump Mueller-in təhqiqatını “çevriliş cəhdi” və “qanunsuz araşdırma” adlandırmışdı.

Üst-üstə 175 il həbsxana

Assange Kremlin aləti hesab edilir, çünki WikiLeaks indiyədək nə Putin, nə də onun hökumətinə ziyanlı ola biləcək heç bir informasiya yaymayıb.

O Milli Demokrat Komitəsinə ziyanlı materialların mənbəyinin Rusiya olmasını danır.

48 yaşlı Assange ABŞ-ın məxfi hərbi və diplomatik sənədlərini 2010-cu ildən yaymağa başlamışdı.

Bu materialları ona ABŞ hərbi kəşfiyyatının keçmiş təhlilçisi Chelsea Manning ötürürdü.

ABŞ-ın ittihamnaməsində deyilir ki, Assange Manning-ə ABŞ kəşfiyyatının məxfi parollarının açılmasında kömək etməyə çalışıb.

Assange bu materialları yaydığına görə ittiham olunmur.

Bu ittihamnaməni siyasi motivli adlandıran Assange-ı üst-üstə 175 il azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

XS
SM
MD
LG