Piylənmə xərçəngə səbəb olur, əlililik və ölümdə həlledici rol oynayır. Belə bir xəbərdarlıqla Dünya Səhiyyə Təşkilatı (WHO) mayın 3-də yaydığı “Avropa Regional Piylənmə 2022” adlı hesabatında çıxış edib.
Qurumun Avropa regionunda artıq çəki və piylənmə böyüklərin demək olar 60 faizinə, hər üç uşaqdan isə birinə təsir göstərir. Son araşdırmalara görə, artıq çəki və piylənmə regionda qeyri-yoluxucu xəstəliklər uçun dördüncü risk faktorudur. İlk üç yerdə yüksək qan təzyiqi, qidalanma riskləri və tütün dayanır.
Hesabatda deyilir ki, həddən artıq köklük xərçəngin 13 növünə tutulma riskini gücləndirir.
Piylənmədən əziyyət çəkənlər COVID-19-u daha ağır keçirmə riskiylə üzləşiblər.
Avropa regionunda aşırı çəki və piylənmənin yetkin yaşlıların 60 faizinə təsir göstərdiyi qeyd olunur.
Aşırı çəki, o cümlədən piylənmə yaşı 5-dən aşağı 4.4 milyon uşağa təsir göstərir. Bu isə həmin yaş qrupundakı uşaqların 7.9 faizi deməkdir.
Məktəbyaşlı hər üç uşaqdan təxminən biri ya həddən artıq kökdür, ya da piylənmə vəziyyətindədir.
Yeniyetmələrdə isə bu tendensiya müvəqqəti azalır, yalnız 25 faiz artıq çəki problemiylə üzləşir.
Hesabata görə, Azərbaycanda yetkin yaşlı əhalinin azı 53.6 faizi artıq çəkidən, o cümlədən piylənmədən əziyyət çəkir. Sırf piylənmə əhalinin 19.9 faizi arasında yayılıb. Kişilər üzrə göstərici 15.8, qadınlar üzrə 23.6 faizdir. Bu rəqəmlər 2016-cı ilə aiddir.
2020-ci ilin göstəricilərinə görə, Azərbaycanda artıq çəki və piylənmə yaşı 5-dən az uşaqların 9.4 faizini əhatələyib. 2016-cı ildə məktəbyaşlı (5-9) uşaqlar üzrə bu göstərici 20 faiz olub.