Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:46

Astara sakini: 'Əvvəllər bu yolu 20 dəqiqəyə gedirdik, indi bir saata...'


Dağ yolu
Dağ yolu

Astara rayonunun dağ kəndlərinə Deqadi-Pəlikəş və Siyaku-Hamoşam asfalt yolları çəkilib. Bu yollar 29 yaşayış məntəqəsini əhatə edir, ərazidə 10 mindən çox insan yaşayır.

Yolların tikintisindən elə də çox vaxt keçməyib. Deqadi-Pəlikəş yolunun açılışı 2015-ci ildə olub və orada prezident də iştirak edib. Digər yol isə 2019-cu ildə çəkilib. Daha sonra o yol Toradiyə qədər asfaltlaşdırılıb.

"Yolun keyfiyyəti yoxdur, dağılır"

Lakin yolların narahat olması ilə bağlı yerli sakinlərin şikayətləri səngimir. Adının çəkilməsini istəməyən bir rayon sakininin deməsinə görə, Deqadi-Pəlikəş yolu 21 kilometrdir. Yol dəniz səviyyəsindən 1000-1600 metr hündürlüyə qədər qalxır: "Sevindik ki, ilk dəfə olaraq dağa asfalt yol çəkilir. Buna görə qurban da kəsdik. Amma hər dəfə çətinliklərlə üzləşirik. Yolun döngələri çoxdur, enişli-yoxuşludur. Hər dəfə yağış yağanda torpaq sürüşüb yolu tutur. Yeddi-səkkiz yerdə yol aralanıb. Minik maşınları yoldan çətinliklə hərəkət edir. Qışda əziyyət çəkirik. Yolun keyfiyyəti yoxdur, dağılır. Gəlib yolu təmir edirlər, bir-iki ay keçəndən sonra yenə dağılır. Təmirə aylarla vaxt sərf olunur".

Siyaku-Hamoşam-Toradi yolunda isə avtobus işləmir. Yolda, əsasən, sovet istehsalı olan "UAZ" və "Niva" markalı maşınlar hərəkət edir. Bu maşınlar sərnişin daşımaqla məşğul olur. Son dayanacaq olan Toradi kəndinə bir sərnişini 5 manata aparırlar.

"Yuxarıdan torpaq sürüşüb yolun bir hissəsini bağlayıb"

Hamoşam kənd sakini, sürücü Səlim Xansiyev asfalt yolun çəkilməsini müsbət hal hesab etsə də, yolda problemlərin olduğunu deyir: "Bir yerdə yuxarıdan torpaq sürüşüb yolun bir hissəsini bağlayıb. Asfalt bir neçə yerdə dağılıb. İndi yol qarın altındadır. Qar əriyəndən sonra yolun hansı vəziyyətdə olduğunu biləcəyik".

O deyir ki, istifadəyə verilən il yolda rahat hərəkət etmək olurdu: "İndi yox. Mərkəzdən Toradi kəndinə 30 kilometrə yaxın məsafədir. Əvvəllər bu yolu 20 dəqiqəyə gedirdik, indi bir saata yaxın çəkir. Yolun təhlükəli yerləri çoxdur. Keçən il bu yolda dörd qəza baş verib, insan tələfatı da olub. Həmin təhlükəli döngələrdə, enişli-yoxuşlu yerlərdə bordürlər qoyulmalıdır, yoxdur".

Sürücülər
Sürücülər

Toradi kəndinin sakini, sürücü Rizvan Həsənov da özündən əvvəlki müsahibin sözlərinə əlavə edərək deyir ki, yolu özləri də təmizləyə bilərlər: "Qoymurlar, cərimə edirlər. Aylarla yol təmizlənmir. Deyirlər, ekologiyanı pozursunuz. 60 nəfər sürücüyük, pul yığıb yolu qaydaya sala bilərik, qoymurlar. Traktor da gətirə bilərik".

"Toradi kəndinin 70 faizi köçüb"

Onun deməsinə görə, yolun yararsız olması nəticəsində əhali kəndlərdən köçüb gedir: "Toradi kəndinin 70 faizi köçüb. Yaşamağa şərait yoxdur. Ağır vəziyyətdə olan xəstələri mərkəzə vaxtında çatdırmaq problemdir. Kiminsə axşam saatlarında narahatçılığı olsa, sabahı gözləməliyik. Bizdə tibb məntəqəsi və həkim var, Ancaq ağır xəstələrimiz olur".

Marzəsə kənd sakini Şahsuvar Həsənov da yolla bağlı narahatlığını ifadə edir: "Dağda asfalt yolun olması yuxumuza girməzdi. Yol varsa, ilboyu ona xidmət edilməlidir. Dağ yoludur, hər gün bir problem çıxır".

İcra hakimiyyəti: "Doğru məlumat verməyiblər"

Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov isə deyilən iradlarla razılaşmır. Müavinin sözlərinə görə, Siyaku-Hamoşam yolu təzə təmir olunub, heç bir çökmə yoxdur: "Doğru məlumat verməyiblər".

Müavinin qeyd etməsinə görə, bugünlərdə yolda sürüşmə olub və o da təmizlənib: "Bütün təmir işləri ötən ilin avqustunda başa çatdı. Bəndlər qoyuldu, dəmir dayaqlar basdırıldı. İki aydan yuxarı orada iş getdi. Prezidentin yolla bağlı ayırdığı vəsaitlər yolu çəkən təşkilata-Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) köçürülüb. 2018-ci ildə başladılar, 2019-cu ildə bitirdilər. Yolda problem yoxdur".

Məsələ ilə bağlı AAYDA ilə isə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG