Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:29

Astara sakini: “Ölkənin bu qədər sərvəti var, rayon mərkəzində kanalizasiya yoxdur”


Binanin zirz'misi
Binanin zirz'misi

Astara şəhəri İranla sərhəddə yerləşir. Azərbaycanın cənub tərəfdən giriş qapısı hesab olunur. Şəhərin 20 minə yaxın əhalisi var. Onun mindən çox əhalisi S.Vurğun küçəsində 5 dörd mərtəbəli, 4 beş mərtəbəli yaşayış binalarında məskunlaşıb. Həmin binaların sakinlərinin dəvəti ilə o, şəhərciyə yollandım...Sakinlər deyir ki, burada kanalizasiya xətti dağılıb, çirkab suları binaların zirzəmisinə axır. Onların bildirməsinə görə, üfunət qoxusu ərazidən əskik olmur.

“Çirkab suyun hamısı bu binanın zirzəmisinə axır”

Sevda Şinayeva
Sevda Şinayeva

​1 nömrəli binaın sakini Sevda Şiniyeva:

“Bu evlər 80-cı illərdə tikilib. Sovet dövründə kanalizasiya xətti var idi. Axıb dənizə gedirdi. İndi o xətlər sıradan çıxıb. Çirkab suyun hamısı bu binanın zirzəmisinə axır. Zirzəminin hündürlüyü 2 metrdir. Ağzına kimi çirkab su ilə doludur. Nəm vurur yuxarı, divarların suvağı tökülür. İllərlədir ki, belədir. Bina demək olar ki, sudadır. Biz çirkablı göldə yaşayırıq. Üfunət iyindən yaşamaq olmur. Körpələrimiz həyətdə gəzə bilmir.”

Binanın zirzəmisinə gedən pilləkan çirkab suyun altındadır. Oranı milçək, ağcaqanad basıb. Sakinlərdən Akif Abbasov də yaranmış vəziyyətlə bağlı bunları deyir:

Akif Abbasov
Akif Abbasov

“Qonaq çağırmağa utanıram”

“Evin içində üfunət iyindən durmaq olmur.Yaxınlarımı qonaq çağırmağa utanıram. Bu binada 32 ailə yaşayır. Uşaq, körpə, qoca. Belə iş olarmı? Gəlsinlər, baxsınlar. Antisanitariya vəziyyətidir. Məmurlar başa düşmr ki, biz burda məhv oluruq. Milçəyi, ağcaqanadı qovmaq üçün təkər yandırırıq. Şəhərin mərkəzində belə biyabırçılıq olar? ”

Binanın yaxınlığında çirkab sularından ötrü kiçik bir anbar da var. Ətrafından çirkab suları axır. Sakinlərin demələrinə görə, anbar daşdığından şəhərcikdəki binalardan birində yaşayanlar mənzillərini bir müddət tərk etməli olublar. Ceyhun Rzayev adlı bir sakin də bunları deyir:

Ceyhun Rzayev
Ceyhun Rzayev

“Binanın altındakı suyu çəksinlər”

“Bizə kömək edin. Binanın altındakı suyu çəksinlər. Çirkab suyu gec-tez birinci mərtəbədə olan mənzillərə çatacaq. Bir vaxt gələcək bina batacaq. Bizim səsimizə səs versinlər...”

“Körpəm xəstədir”

Sakinlərdən başqa biri, Alidə Rzayeva da deyir ki, şəhərcikdə xəstələrin də sayı çoxdur:

“Mənim körpəm xəstədir. Başqa yerdə 1-2 gün qalırıq özünə gəlir. Burada xəstlənir. Nə qədər həkimlərə pul verim? Çirkab suyu mətbəxə, tualetə çıxıb. Gəlib baxırlar, gedirlər. Heç nə etmirlər. Yeni il ərəfəsi evi təmir etmişik. Divarlar 3-4 ayda qaraldı. Suvaqları töküldü.”

Bina sakinləri
Bina sakinləri

Aidə Rzayeva bizi evinə dəvət edir. Mənzildə otaqların divarları həqiqətən də qaralıb, suvaqlar tökülür...

“Prezident rayona gələndə,...”

Şəhərcikdə bütün binalarda vəziyyət eynidir.Yaxınlıqda olan beşmərtəbəli, 50 mənzilli binada da vəziyyət eynidir. 7 nömrəli binanın, adının çəkilməsini istəməyən bir sakini də deyir ki, tikilinin zirzəmisi 20 ildən çoxdur çirkab sularının anbarına çevrilib:

“Sovet dövründə binaların zirzəmiləri mülki mudafiə məqsədi ilə istifadə edilirdi. Zirzəmidə otaqlar var idi. Burada hərbi ləvazimatlar saxlayırdılar. Zirzəminin hündürliyi 2 metrdən yuxarıdır. Prezident rayona gələndə, aparırlar parka, təmir etdikləri yerlərə. Axı bu rayon təkcə parkdan ibarət deyil.”

“Elə su quyusu var ki, ora çirkab sızır”

O, deyir ki, problem köklü sürətdə həllini tapmalıdır:

“Gəlirlər zirzəmidən 1-2 maşın çirkab suyu çəkirlər və gedirlər. Çirkab suyu yenə dolur. Gedəsi yeri yoxdur. Xəttlərin hamısı çürüyüb, dağılıb. Onlar dəyişilməlidir. Kanalizasiya xəttə olmalıdır. Yeni içməli su xətti çəkiblər. Su xəttini mənzilin içərisinə çəkmək üçün pul lazımdır. Pul də hər kəsdə yoxdur. Odur ki, binanın ətrafında qazdıqları quyuların suyundan istifadə edirlər. Elə su quyusu var ki, ora çirkab sızır.Tezliklə tədbir görülməsə fəlakət olar.Bu binalarda mindən yuxarı insan yaşayır...”

“Hər dəfə təxirə salınır”

Mühəndis Asən Həşimli də deyir ki, Astara şəhərinin özündə də kanalizasiya yoxdur və o bunu “biyabırçılıq” adlandırı:

“Rayonda 100 mindən yuxarı əhali yaşayır. Amma kanalizasiyası yoxdur. Bu bilirsiz nə deməkdir? Ekaloji fəlakətdir.Sovet dövründə bu sahədə mühəndis işləmişəm. O vaxtları kanalizasiya xətləri normal işləyirdi. Xəzər dənizinin sahilində 3-4 sutəmizləyici qurğu var idi. Hamısı məhv oldu. Regionların sosial-iqtisadi inkişafında dair Dövlət Proqramında Astara şəhərində kanalizasiyanın inşası nəzərdə tutulub. Bu məsələ hər dəfə təxirə salınır.Ölkənin bu qədər sərvəti var rayon mərkəzində kanalizasiya yoxdur... ”

Rəsmilər nə deyir?

Məsələ ilə bağlı icra hakimiyyətinin Astara şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadova müraciət etdik.O problemin aradan qaldıracaqlarını bildirdi.

”Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 3 saylı Lənkəran Regional su-kanal idarəsinin Astara sahəsinin rəisi Anar Baxşıyev isə iradlarla razılaşmır:

“Binaların zirzəmisində olan su qrunt sularıdır. Köhnə kanalizasiya xətti işləyir. Sadəcə əhali xəttə müxtəlif əski parçalarını buraxırlar. Nəticədə tıxac yaranır. Çirkab suyu getmir. Dəfələrlə xəbərdarlıq etmişik ki, qaydalara əməl etsinlər. Etmirlər, işçilərimiz orda olublar.”

Rəsmi məlumatlara görə Astara şəhərində uzunluğu 70,5 kilometr olan kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulub və layihələşdirilib. Bununla yanaşı 8 kilometr tunel tipli kanalizasiya kollektoru, iki kanalizasiya nasosu stansiyası və məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilməlidir.

Hətta yeni kanalizasiya xətti çəkməkdən ötrü inşaatçıların da, artıq rayona gəldikləri bildirilir.

XS
SM
MD
LG