Astara rayonundakı həftəlik Pensər bazarı havanın yağmurlu olmasına baxmayaraq qələbəlik idi. Bərdə, Ağdam, Kürdəmir, Lənkəran, Cəlilabad, Masallı, Quba və Azərbaycanın digər rayonlardan gətirilən kənd təsərrüfatı məhsulları birbaşa yük maşınlarından satılır. Sənaye malları, ev quşları, mal-qara satılan yerlər də var. Satıcılardan biri özünü təqdim edir: "Adım Kərimdir. Bu 18-20 kiloqramlıq yerkökü kisələridir. Bərdədən gətirirəm. Kiloqramını 1 manata verirəm. Hər kisədən 1 manat qalır. Cəmi iki kisə satmışam. Alan azdır. Camaatın çörəyə güclə pulu çatır. Bazarlarda sürünürük...".
"Əkirik, yetişdiririk, satmağa gələndə başımıza döyürük"
Yaxınlıqda xiyar satan isə deyir ki, Şəmkirdən gəlib. O əlavə edir ki, məhsulu polietilen altında yetişdirib: "Kiloqramını 1 manat 20 qəpiyə satıram. Maşınpulu, yerpulu, baha başa gəlir. Çörəkpulu çıxır. Elə bilirlər, qaz vurub qazan doldururuq. Allaha and olsun, başqa çarə yoxdur. Yaxşı bazar olsa, yaxşı da dolanmaq olar. Burda həftədə bir dəfə bazar olur. Burdan çıxıb Lənkərana, ya da Cəlilabad bazarına gedəcəyik. Qazandığımız yollara gedir. Qəpik- quruş qalır. Əkirik, yetişdiririk, satmağa gələndə başımıza döyürük".
"Elə bil, camaatın vəziyyəti yaxşı deyil"
Satıcılardan biri də deyir ki, Ağdamdan gəlib, soğan gətirib: "Soğan, əsasən, toylara gedir. Toylara icazə verilsə də, soğan yaxşı satılmır. İndi hər kəsin toy etmək imkanı yoxdur. Bizim kənddə hər il 15-20 toy olardı. İl başa çatır, cəmi iki toy olub. Elə bil, camaatın vəziyyəti yaxşı deyil. Soğan elə də baha deyil, bir kiloqramı 37 qəpiyə düşür".
Tərəvəz satan, amma adının çəkilməsini istəməyən bir xanım isə deyir ki, Masallı rayonundan gəlib. O, qarşısında olan cəfərini, keşnişi və şüyüdü göstərərək əlavə edir: "Çox ucuz satıram. 12 dəstəsini 1 manata verirəm. Amma digər bazarlarda bu qədər göyərtiyə 2 manat verirlər. Hər həftə gəlirəm. İlin bu vaxtında açıq sahədə əkilən tərəvəz məhsulları tükənir, xüsusən göyərti. Ona görə alanlar çoxdur".
80-yaşlı satıcı: "İndi çətin dövrdür"
Bazarda müxtəlif məhsullar satan yaşlı qadınlar az deyil. Onların biri güclə hərəkət edir. O, noxud, qoz ləpəsi satır. Deyir ki, evində işləyəni yoxdur: "Mənim 80-ə yaxın yaşım var. Nə edim, bala?! Hamı işsiz, bekar. Mən də istəyirəm ki, bir parça çörək aparım evə. Pensiya alıram, o da bir dayaqdır. Övladlarım, nəvələrim məni bazara qoymaq istəmirlər. Ətrafa bax, bazarda satıcı və alıcıların çoxu pensiyaçılardır. İndi çətin dövrdür".
Payız fəsli meyvə ağaclarının əkildiyi vaxtdır. Bazarın meyvə tingləri satılan yerində alıcılar daha çoxdur. Burda ən çox satılan naringi və feyxoa tingləridir.
"Evə əliboş qayıtmıram"
Lənkəran rayonundan Cabir Cabbarov da bazara gül dibçəkləri və meyvə tingləri gətirib: "Əhalinin müəyyən hissəsi sitrus və subtropik meyvələr ilə dolanır. Buna görə də naringi tingi daha çox satılır. Gül dibçəkləri də var, həyətyanı sahədə yetişdirirəm. Asan başa gəlmir. Özüm üçün iş yeri yaratmışam. Allaha şükür, pis deyil. Evə əliboş qayıtmıram".
Astara rayonunun Miki kəndindən olan arıçı Habil İbrahimov da müştəri sarıdan elə bir problemin olmadığını deyir: "Bakıda bal yarmarkası oldu, balın çoxunu orda satdım. Bu bazarda da satıram. Hələ ki, pis deyil. 10 kiloqram da, 100 qram da alan olur".
"Bazarda çox şey var, amma pul yoxdur"
Alıcılar isə qiymətlərdən bir elə də razı deyirlər. Hərçənd, bunu məhz həmin bazara bağlamırlar. Əksinə, bura daha çox kasıbların gəldiyini deyirlər: "Alma var, 3 kiloqramı 1 manata. Düzdür, keyfiyyəti aşağıdır. Nar aldım, Kürdəmir narı, 3 kiloqramını 2 manata. Yaxşı nardır. Amma balıq bahadır, ala bilmədim. İran kartofu aldım, 1 kiloqramı 80 qəpiyə. Bazarda çox şey var, amma pul yoxdur. Mən pensionerəm, ərim də həmçinin. İkimizin pensiyası 500 manat eləmir. Bunun dərmanı var, digər işləri var. Oğullarım Rusiyadan pul göndərməsələr, yaşamaq çətin olar".