Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:09

Astarada şəkər dərmanı növbəsində yaşlı qadın: 'Uzaq kənddən gəlirəm...'


Astara rayon Mərkəzi Xəstəxanasında dərman növbəsi
Astara rayon Mərkəzi Xəstəxanasında dərman növbəsi

Bugünlərdə Astara rayon Mərkəzi Xəstəxanasının şəkər dərmanı verilən otağının önündə böyük növbə var idi. Növbədə hər yaşda adama rast gəlmək mümkündür. Yaşlı qadınlar az sayda qoyulmuş oturacaqlarda əyləşmişdilər. Çoxu ayaq üstə idi. Yenicə gəlmiş bir yaşlı qadın növbəni soruşur. Qapının ağzında durmuş bir nəfər siyahını ona ötürür ki, növbəyə durmaq üçün adını yazsın. Səhər saat 10 olmasına baxmayaraq, siyahıda 40 nəfər var idi. Deyirlər ki, elə gün olur növbədə yüzə yaxın adam olur. Dərman isə saat 9-dan 15-ə qədər verilir.

"Əvvəllər dərman almaq rahat idi"

Yaşlı qadına məsləhət görürlər ki, növbədə çox gözləməməsi üçün növbəti gün saat 8-də gəlsin. O isə cavab verir ki, dərmanı qurtarmaq üzrədir: "Dərmansız qala bilmirəm. Həmin günü dərman atmasam, şəkər qalxar. Evdə də cavan adam yoxdur ki, dərman üçün gəlsin. Özüm də uzaq kənddən gəlirəm. Əvvəllər dərman almaq rahat idi. Son günlər yaxın durmaq mümkün olmur".

Digər xəstə isə deyir ki, səhərdən üç nəfər yola salıblar.

"15-20 dəqiqə keçdi, dedilər ki, sistem işləmir"

"Saat 9-da gəldilər. 15-20 dəqiqə keçdi, dedilər ki, sistem işləmir. Hər dəfə bir iş çıxır. Bu qədər adamı yola vermək üçün içəridə iki adam var. Bir kompüter ilə nə etmək olar? Adamın burada təzyiqi qalxır. Belə biabırçılıq olar?! May ayı bitmək üzrədir. Növbəti aya çıxdın, bu ayın dərmanı batır, yenidən gözləməli olursan. Səkkiz-doqquz günə bu qədər adamı yola vermək olar? Heç olmasa, bu ayın dərmanını növbəti ayda versinlər", - növbədəkilərdən biri şikayətlənir.

Saatlar keçir. Dərman üçün növbəyə duranların sayı azalmır. Astara rayonunda 3 min 700-ə qədər şəkər xəstəsi var.

Şəkər xəstəsi olan müəllimə: 'Dövlətin yardımı azdır. Maddi cəhətdən çökmüşəm'
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

"Səhiyyəmiz gündən-günə bərbad vəziyyətə düşür"

Masallı rayonu sakini, jurnalist Zahir Əmənov deyir ki, rayonların hamısında eyni vəziyyətdir: "Şəkərli diabet xəstələri çoxaldıqca şəkər iynələri azalır. İndi biz nə edək? Deyək ki, "diabet müəllim, sən beş-10 gün mənim içimdə gəziş, iynə hələ yoxdur"? Səhiyyəmiz gündən-günə bərbad vəziyyətə düşür. Ötən il Masallı rayonunda xərçəngdən ölənlərin sayı çox olub. Ürək xəstələrinin sayına görə Masallı rayonu respublikada axırdan üçüncü yerdədir. İynə, dərmanları gah bu ayın əvvəlində, gah da o biri ayın sonunda verirlər".

Jurnalist deyir ki, şəkər dərmanının verilməsində yaranmış acınacaqlı vəziyyət müzakirə olunmalıdır: "Aydınlaşdırsınlar ki, nə üçün iynələr rayona az gəlir. Sirr deyil ki, ölkəmiz dünyanın varlı dövlətlərdən biridir. Min cür oyunlarla insanları şəkərə mübtəla etmisiniz, heç olmasa, iynəsini, dərmanını vaxtında verin, başımıza çarə qılaq...".

Direktor: "Elə xəstələr var idi ki, pulsuz aldığı dərmanı apteklərə satırdı"

Astara rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev isə deyir ki, şəkər dərmanının verilməsi ilə bağlı problem aradan qalxıb: "Dərmanların gecikdirilməsində problem var idi, həll olundu. Xəstələrin dərman almaması barədə məndə məlumat yoxdur. Dərmanı alırlar. İynələrin verilməsində azalma yoxdur. Nə qədər tələb olunur, o qədər də verirlər. Həkim müəyyənləşdirir, xəstənin vəziyyətinə uyğun olaraq dərman yazılır. Əvvəllər kim nə qədər dərman istəyirdi alırdı. Hər iş sistemləşdirilib. Elə xəstələr var idi ki, pulsuz aldığı dərmanı apteklərə satırdı. Ona görə də dərman ancaq xəstəxanalarda verilir".

XS
SM
MD
LG