Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:41

Evi qəzalı vəziyyətdə olan veteran: 'Çatlar dərinləşir'


İmran Məmmədov
İmran Məmmədov

Astara rayonun Vaqo kənd sakini, Qarabağ müharibəsi veteranı İmran Məmmədov-un yaşadığı ev dağ ətəyində yerləşir. O, evin müxtəlif yerlərində yaranmış çatları göstərib deyir ki, son 3-4 ildə ev belə yararsız hala düşüb:

“Bu ev ötən əsrin 90-cı illərində tikilib. Elə də köhnə deyil”

İmran Məmmədovun evinin içəridən çatları
İmran Məmmədovun evinin içəridən çatları

“Bir vaxt üstümzə uçacaq. Bu ev ötən əsrin 90-cı illərində tikilib. Elə də köhnə deyil. Birdən-birə ev hər yerdən çat verməyə başladı. Səbəbini bilmirəm. Dağ ərazisidir, bəlkə nə isə baş verir? Çatlar dərinləşir.”

İ.Məmmədov daha sonra da əlavə edir:

“Qarabağ döyüşlərində iştirak etmişəm. Həm də əsgər atasıyam. Bir oğlum orduda xidmət edir. Digər oğlumun hərbi xidmət vaxtı çatıb. Siz gördünüz, burda yol yox, təbii qaz yox.”

O, iqtisadi vəziyyətin də yaxşı olmadığını söyləyir:

“İmkanım olsaydı özüm evə əl gəzdirərdim”

İmran Məmmədovun veteran vəsiqəsi
İmran Məmmədovun veteran vəsiqəsi

“Aldığım əməkhaqqı çörəyə çatır. Əlavə nə isə alım, mümkün deyil. İmkanım olsaydı özüm evə əl gəzdirərdim. Əvvəllər yaxın ərazidə sürüşmə baş vermişdi. Orada bir ev dağıldı. Mənə deyirlər ki,burada sürüşmə yoxdur.”

İmran Məmmədov kəndin qayğılarından da danışır. O yaşadığı əraziyə təbii qazın çəkilmədiyini söyləyir:

“Heç olmasa qaz versinlər ”

Vaqo kəndi, 2020
Vaqo kəndi, 2020

“Üç ev o tərəfdə qaz var. Bizdə yoxdur. Elə böyük məsafə də deyil. Qışda əziyyət çəkirik. Odun da yoxdur. Ev hər yerdən dağılıb, qışda elə bil ki, açıq havada yaşayırıq. Bu səbəbdən odun sobası evi qızdıra bilmir. Heç olmasa qaz versinlər.”

Evin arxa divarı da əyilib.

İmran Məmmədov rəsmi orqanlara müraciət etdiyini də deyir:

“Dedilər ki, evin sənədi yoxdur”

“Çoxlu şikayət məktublarım var. Gəldilər, baxdılar, dedilər ki, evin sənədi yoxdur. Get sənədləşdir. Evin sənədləşdirlməsi də pul istəyir. Hardan gətirim? Torpağın sənədi var. Dedilər nə olsun evin sənədini ver. Bu ərazidə tikilən evlərin çoxunun sənədi yoxdur. Hökmət bunu nəzərə almalıdır. Vətəndaşı təhlükə altında qoyublar, sənəd istəyirlər. Belə dərd olar?”

"Məni və oğlanlarımı sənədli, sənədsiz tapıb orduya aparırlar..."

O etdiyi şikayətlərin cavablarını göstərir:

“Bu qədər laqeyd olmazlar. Məni və oğlanlarımı sənədli, sənədsiz tapıb orduya aparırlar. Evim üçünsə sənəd istəyirlər. Bu ev dağılır. Altında qalarıq. Heç kimin vecinə deyil. Sənəd də olsaydı, başqa bəhanə tapardılar. Mənim evimdir, 30 ilə yaxındır bu evdə yaşayıram, rəsmi ünvanı var.”

Rəsmilər nə cavab verib?

Şikayət məktubları
Şikayət məktubları

İmran Məmmədov evin qəzalı vəziyyətdə olması ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə də məktubla müraciət edib.

Nazirlik məktubu öz növbəsində tədbir görmək üçün Astara Rayon İcra Hakimiyyətinə göndərib. Veterana Astara Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsindən cavab məktubu gəlib. Məktubda bildirilir ki, torpağın və evin hüquqi sənədləri təqdim edildikdən sonra Azərbaycan Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinə müraciət olunacaq.

“Bizə bir şey olsa...”

Veteran isə cavabdan razı deyil. O deyir ki, onu top kimi ora-bura atırlar:

“Evdə məktub qoymuşam. Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm...”

“Kompensiyasiya ala bilməmişəm”

Aslan Babayev
Aslan Babayev

Astarada daha bir Qarabağ müharibəsi veteranı da şikayətçidir. O, Marzəsə kənd sakini Aslan Babayev-dir. Həmin şəxs də İmran Məmmədovla Qarabağda bir yerdə döyüşüb. Təqdim etdiyi sənədlərə görə, o hətta döyüşlərdə yaralanıb:

“Hələ indiyə kimi kompensiyasiya ala bilməmişəm. Əlillik də vermirlər. Veteran vəsiqəsini 2014-cü ildə almışam. Oğlum da hərbidə zədə alıb. Ona da konpensasiya və əlillik düşür. Bundan əvvəl də Azadlıq Radiosuna üz tutmuşdum,orada şikayətim gedib. Həmin şikayyətdən sonra oğluma konpensiyasiya verdilər. Əlillik müavinəti də aldı. Amma 3 ildən sonra kəsdilər. Bu günə qədər səbəbini öyrənə bilmirəm.”

Onun bildirdiyinə görə, əmək qabiliyyətini itirməsi ilə bağlı işləyə bilmir:

“Çoxlu borclarım var”

“Ailənin gəliri aldığım 50 manat veteran puludur. Çoxlu borclarım var. Problemlərimlə bağlı Astara Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Nəticə yoxdur. 20 ildir qapıları döyürəm.”

Hər iki müharibə veteranının şikayəti ilə bağlı Astara rayon Fövqəladə Hallar komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudova müraciət etdik. Müavin hər iki məsələni araşdıracaqlarını və tədbir görüləcəyini bildirdi.

Aslan Babayevin şikayəti ilə bağlı isə ayrıca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə danışmaq, hələlik, mümkün olmayıb.

XS
SM
MD
LG