Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:42

Astronavt Chris Hadfield: ‘Bu raketlər insanları Marsa apara bilməyəcək’


Söhbət NASA, SpaceX və Blue Origin-in hava gəmilərindən gedir

Əsasən, qravitasiyasız məkanda gitara çalmasıyla yadda qalan astronavt Chris Hadfield-in böyük kosmik uçuş təcrübəsi var.

1995-ci ildə 1-ci, 2001-ci ildə 2-ci, 2013-cü ildə isə 3-cü böyük uçuşunu gerçəkləşdirən Hadfield NASA-nın, Rusiyanın "Soyuz" gəmisinin heyətində olub, Beynəlxalq Kosmik Stansiyada (ISS) çalışıb.

Hazırda təqaüdə çıxmış Hadfield raketlər, kosmik gəmilər, açıq kosmosa çıxmaq və Marsın tədqiqi ilə bağlı təcrübə və düşüncələrini MasterClass onlayn platformasındakı yeni onlayn kursunda bölüşür.

Astronavt Business Insider saytına müsahibəsində deyib ki, NASA-nın Space Launch System, SpaceX-in Falcon və Blue Origin-in New Glenn kosmik gəmiləri insanları Marsa apara bilməyəcək. Hadfield-in sözlərinə görə, insanlar Marsa gedib-gəlməyin praktik yolunu tapmaq üçün ilk öncə tam yeni, fərqli kosmik səyahət texnologiyalarına malik olmalıdırlar:

"Mən bunların insanları Marsa göndərməyin praktik üsulu olduğunu düşünmürəm, axı onlar təhlükəli, yolsa çox uzundur".

Astronavtın fikrincə, bu missiyalarla göndəriləcək astronavtlar mənzil başına sağ çıxa bilməzlər.

Hadfield öz fikrini hər üç raketin Yerdən qalxmaq və kosmosda uça bilmək üçün oxşar yanacaq və oksigenlə işləməsi faktı ilə əsaslandırıb.

“Texnologiya hələ çox bəsitdir”

NASA-nın 2020-ci ildə buraxılması nəzərdə tutulan Space Launch System gəmisinin mühərrikini maye hidrogenlə bərk kimyəvi yanacağın kombinasiyası işlədəcək. Jeff Bezos-un yaratdığı Blue Origin raket şirkəti də maye hidrogendən yararlanmaq niyyətindədir. Elon Musk-ın SpaceX şirkəti maye metana güvənir və şirkət düşünür ki, kosmik gəmi bu yanacağı Marsın səthində sintez edə biləcək.

Elon Musk
Elon Musk

Digər ekspertlər kimi Hadfield də bu kosmik maşınların hər hansı birinin Marsa gedib çıxa biləcəyinə şübhə etmir, amma o, gəminin göyərtəsində olacaq insanların təhlükəsizliyindən narahatdır. Onun sözlərinə görə, partlayışlar, radiasiya, aclıq və başqa problemlər missiyanı davamlı təhlükəyə məruz qoya bilər:

"Biz insanları onillər öncə də Marsa göndərə bilərdik. Yəni hələ mənim uşaqlığımda insanları Aya aparıb gətirən texnologiya bizi Marsa da apara bilər, ancaq bu, ciddi risk olardı. O missiyalara göndərəcəyimiz astronavtların çoxu sağ çıxmaz, ölər, axı texnologiya hələ çox bəsitdir".

Raket istehsalçıları bu çətinliklərdən xəbərsiz deyillər. NASA qurulan zaman kosmik uçuşların riskli fəaliyyət növü olduğu bilinirdi. Onun bununla bağlı çox acı təcrübələri olub. Musk da dəfələrlə şirkətinin gələcək Mars missiyalarında insanların öləcəyini deyib.

NASA, 15 may 2018
NASA, 15 may 2018

“Nəhəng okeanı kanoe və avarlı qayıqla keçməyə bənzəyər”

"Marsa ilk səyahət həqiqətən çox təhlükəli keçəcək. Ölüm riski yüksək olacaq. Bunun, sadəcə, başqa yolu yoxdur", - Musk-ın 2016-cı ildə dediyi sözlərdir.

Ancaq Hadfield-in fikrincə, bu risklər o deməkdir ki, biz bundansa səbrli olub, yavaş-yavaş insanların Marsa çatdırılması məqsədi üzərində çalışmasına üstünlük verməliyik:

""Niyə" sualına cavab vermək çox vacibdir. Biz ora niyə gedirik? Niyə biz Mars haqda çox şeyi öyrənənədək, bir müddət, sadəcə, robotları göndərmirik?".

Hadfield daha sonra deyib ki, sözügedən kosmik gəmilər Günəş sisteminin araşdırılması yolunda mühüm pillə olacaq.

Ancaq o əlavə edib ki, hətta yeni material və kompüter avtomatikasıyla da insanları bu gəmilərlə 225 million kilometrlik məsafədə yerləşən Marsa daşımaq nəhəng okeanı kanoe və avarlı qayıqla keçməyə bənzəyər.

"Biz bir növ hələ nəyi bilmədiyini də bilməyən o ilkin gəmilər kimiyik", - Hadfield bu sözlərlə Xristofor Kolumb, Fernan Magellan və Ceyms Kuk-un gəmilərinə eyham vurub.

XS
SM
MD
LG