Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Azərbaycan dayanıqlı bazar iqtisadiyyatı baxımından regionda sonuncudur


Sənaye mənzərəsi: tütünü, kərə yağını xaricdən almasın deyə, Azərbaycan nələr etməlidir?
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Sənaye mənzərəsi: tütünü, kərə yağını xaricdən almasın deyə, Azərbaycan nələr etməlidir?

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "Transition Report 2022-2023" adlı hesabatını yayımlayıb. Hesabatda Azərbaycan iqtisadiyyatı ilə bağlı göstəricilərə də yer verilib. Qurum analitiklərinin fikrincə, gələn il Azərbaycan iqtisadiyyatı şaxələndirilməsə, onun sarsıntılara dayanması imkansız olacaq.

Analitiklər ölkə iqtisadiyyatının inkişafı üçün bir neçə məsələnin həllini vacib sayırlar. Bunlardan ilki rəqabətin tənzimlənməsi sisteminin gücləndirilməsi ilə bağlıdır. Azərbaycanda iqtisadiyyatın bir çox aparıcı sahəsinə məhdud sayda oyunçu qatılır. Rəqabət ortamının əlverişli olmaması üzündən özəlliklə kiçik və orta sahibkarlar daha çox çətinlik yaşayır.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda iqtisadiyyatın bir çox sahələrində dövlətin iştirakının azaldılmasını da vacib sayır. İndi dövlətə məxsus, irili-xırdalı, beş minə yaxın müəssisə fəaliyyət göstərir. Özəlliklə kommunal xidmətlər sahəsində fəaliyyət göstərən şirkətlər nəinki gəlir əldə etmir, hətta çox böyük həcmdə borclanır. Belə irihəcmli borclar hər zaman Azərbaycan iqtisadiyyatı ilə bağlı risk amilləri sırasında sadalanır.

Hesabatda Azərbaycanda maliyyə sektorunun xarici investisiyalara açılması məsələsi də ayrıca vurğulanıb. Qurumun fikrincə, məhz bu yolla kiçik və orta müəssisələrin investisiya fəaliyyətlərini dəstəkləmək mümkün ola bilər. Özəlliklə devalvasiyasonrası illərdə ölkədə biznes subyektlərinin kredit resurslarına çıxış imkanları məhdudlaşıb. Belə imkanı olanlarsa bazarda yüksək faiz dərəcəsindən şikayətçidir. Bu baxımdan, EBRD Azərbaycanın maliyyə sektorunda xarici investisiyaların artırılmasının qeyd edilən problemləri çözəcəyini düşünür.

Qurumun qənaətincə, iqtisadiyyatın karbonsuzlaşdırılması da Azərbaycan üçün əsas öncəlik sayılmalıdır. Hesabat müəlliflərinin fikrincə, enerji resurslarının qiymət artımından götürülən əlavə gəlirlər yaşıl enerjiyə və iqlim dəyişikliyi təsirinin yumşaldılmasına yatırımlar üçün istifadə edilməlidir.

Gələn il artım daha az olacaq

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan iqtisadiyyatının böyüməsi ilə bağlı bu ilə gözləntisi 4.5 faizdir. Qurum gələn il Azərbaycan iqtisadiyyatının daha az – 2.5 faiz böyüyəcəyini proqnozlaşdırır. Hesabatda bildirilir ki, Azərbaycan iqtisadiyyatı ilə bağlı əsas risklər inflyasiyanın davam etməsi və enerji resursları qiymətlərinin potensial olaraq aşağı düşməsi ilə bağlıdır. Ancaq o da əlavə edilir ki, qarşıdakı illərdə də Azərbaycan yaranmış geosiyasi durumdan yararlana bilər. Axı Avropa Birliyi Rusiyadan qaz asılılığını azaltma fəaliyyətini davam etdirəcək. Belə şəraitdə Azərbaycan da qaz sənayesinə yatırımlar cəlb etmək şansı qazanacaq.

Regionda sonuncu ölkə

Avropa Yenidənqurma və İnkişaf Bankı hesabatında 2016-cı ildən bəri struktur islahatlarının altı əsas istiqamətini əsas götürərək ölkələrdəki bazar iqtisadiyyatının dayanıqlılığını qiymətləndirir. Bu altı istiqamətə rəqabət, yaxşı idarəçilik, yaxşı iqtisadiyyat, inklüzivlik, dayanıqlılıq və inteqrasiya daxildir. Qiymətləndirmədə ölkələr hər bir göstərici üzrə 1-10 bal arası qiymətləndirilir. Burada 1 - ən pis, 10 - ən yaxşı göstərici deməkdir. Qurumun açıqladığı qiymətləndirmədən aydın olur ki, hər altı istiqamət üzrə qiymətləndirmədə Azərbaycan üç Güney Qafqaz ölkəsi arasında sonuncu yerdədir.

Rəqabət göstəricisi ilə bağlı regionda ən yüksək göstəricini Ermənistan qazanıb – 4.81 bal. Eyni göstərici Gürcüstanda 4.71 bal, Azərbaycanda isə cəmi 4.29 bal olub. Yaxşı idarəçilik istiqaməti üzrə də Azərbaycanın topladığı bal qonşularıyla müqayisədə daha aşağıdır. Bu istiqamətdə Ermənistan 6.35; Gürcüstan 6.29; Azərbaycan 5.66 balla qiymətləndirilib. Yaşıl iqtisadiyyatla bağlı qiymətləndirməyə gəlincə, Ermənistanda uyğun göstərici 5.70 bal, Gürcüstanda 5.33 bal olduğu halda, Azərbaycanda 5.08 bal olub.

İnklüzivlik baxımından da Azərbaycan digər iki qonşusundan geri qalıb. Bu indikator üzrə qiymətləndirmədə regionda ilk yeri Gürcüstan tutub. Gürcüstanın inklüzivlik üzrə balı 4.97 olub. Ermənistanda həmin göstərici 4.78-ə, Azərbaycanda isə 4.77-ə bərabərdir . Qurumun qiymətləndirdiyi digər bir istiqamət dayanıqlılıqdır. Bu indikator üzrə Ermənistan 5.45 bal, Gürcüstan 5.13 bal, Azərbaycansa cəmi 3.51 bal alıb. Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirmədə yararlandığı sonuncu göstərici iqtisadiyyatın inteqrasiyası – bütünləşməsiylə ilə bağlıdır. Bu göstərici üzrə regionda ən çox balı Gürcüstan toplayıb – 6.34 bal. Azərbaycan, demək olar, Ermənistanla eyni balı bölüşüb (uyğun olaraq 5.49 və 5.48 bal).

XS
SM
MD
LG