Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 23:07

Avropa gücləri Tehranın nüvə sazişini pozmasını müzakirə edirlər


Natanz nüvə qurğusunun peyk fotosu
Natanz nüvə qurğusunun peyk fotosu

Almaniya hökuməti bildirir ki, Britaniya, Fransa və Almaniya Tehranın 2015-ci il nüvə sazişi üzrə öhdəliklərini bu yaxında kobud şəkildə pozmasını müzakirə etmək üçün noyabrın 23-də Berlində iclas keçirir.

Bundan iki gün əvvəl BMT-nin nüvə gözətçisi Tehranın saziş şərtlərini pozduğu barədə hesabatı açıqlamışdı.

Almaniya hökumətinin sözçüsü noyabrın 23-də deyib ki, “biz partnyorlarımızla birlikdə Tehranı 2015-ci il nüvə sazişi üzrə öhdəliklərinə tam şəkildə qayıtmağa çağırırıq”.

Almaniya xarici işlər naziri Heyko Maas britaniyalı və fransalı hımkarları Dominik Raab və Jan İv Le Drianla görüşməzdən əvvəl Beynəlxalq Atom Enerjisi Agentiyi noyabrın 18-də açıqladığı hesabatda bildirmişdi ki, İran özünün əsas nüvə qurğusu olan Natanzda uranzənginləşdirən sentrifuqları işə salıb.

Hər şey Baydenə bağlıdır?

2015-ci ildə İranla dünyanın 6 gücü arasında imzalanmış sazişin şərtləri Tehrana yalnız birinci nəsil IR-1 sentrifuqları ilə uran zənginləşdirilməsinə icazə verir.

Lakin ABŞ 2018-ci ildə birtərəfli qaydada nüvə sazişindən çıxaraq Tehran üzərinə sanksiyaları bərpa edib.

Bunun ardınca Tehran da tədricən saziş üzrə öhdəliklərindən geri çəkilib. Söhbət ilk növbədə İranın zənginləşdirilən uranın dərəcəsini, yəni təmizliyini artırmasından, zənginləşdirilmiş uran ehtiyatı limitinin aşılmasından gedir.

2015-ci il sazişinin digər imzaçıları – Rusiya, Fransa, Britaniya, Çin və Avropa İttifaqı israr edirlər ki, bütün bunlara baxmayaraq razılaşma hələ də etibarlıdır və onu qoruyub saxlamaq lazımdır.

Onlar Tehranı sazişin öhdəliklərinə tam əməl etməyə çağırırlar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif noyabrın 17-də demişdi ki, əgər ABŞ-da prezident seçilmiş Co Bayden onun ölkəsinə qarşı sanksiyaları qaldırarsa, Tehran da dərhal sazişin öhdəliklərinə qayıdacaq.

Bayden bildirib ki, Tehranı saziş üzrə öhdəliklərinə qaytarmaq üçün razılaşmanın digər imzaçıları ilə birlikdə işləməyə hazırdır.

XS
SM
MD
LG