Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:41

Putin Avropadan səslənən qaz ittihamlarını rədd edib


Vladimir Putin enerji konfransında
Vladimir Putin enerji konfransında

Putin deyib ki, Rusiya indiyədək özünün bütün müqavilə öhdəliklərinə əməl edib

Prezident Vladimir Putin Rusiyanın Avropa qaz ixracatında etibarlı partnyor olduğunu bəyan edib və bildirib ki, onun ölkəsi qaz təchizatından siyasi təzyiq vasitəsi kimi istifadə etmir.

Rusiya prezidenti deyib ki, Moskva ehtiyac olarsa daha böyük həcmlərdə qaz nəql etmək iqtidarındadır.

Oktyabrın 13-də Moskvada keçirilən enerji konfransında çıxış edən Putin Rusiyanın guya Avropada qaz qiymətlərinin qalxmasına rəvac verdiyinə dair iddiaları rədd edib.

O deyib ki, “problem bizdə yox, avropalılardadır”.

Oktyabrı 13-də habelə Avropa Komissiyası Avropa İttifaqının ölkələrinə ailələrin və bizneslərin yüksələn qaz qiymətlərindən müdafiə olunması üçün tövsiyələrini təqdim edib.

Son həftələrdə Avropada və dünyada təbii qazın qiymətləri sıçrayışla artıb.

Bu, qazı ondan istilik elektrik stansiyalarında yanacaq kimi istifadə edən ölkələrdə, həm də qış mövsümünün gəldiyi bir vaxtda xeyli bahalaşdırıb.

Rusiyanı niyə ittiham edirlər?

Bəzi təhlilçilər və Avropa Parlamentinin bir sıra deputatları Avropanın ən böyük qaz təchizatçısı olan Rusiyanı tənqid edirlər.

Onlar deyirlər ki, Rusiyanın dövlət enerji nəhəngi Gazprom şirkəti Ukraynadan keçən borularla əlavə qaz tranzitinə dair sifarişləri qəbul etməyib və qiymətin də qalxmasına bu səbəb olub.

Lakin bir sıra başqa ekspertlər deyirlər ki, qiymət artımına bir neçə faktorun məcmusu səbəb olub.

Ekspertlərin sözlərinə görə, Norveçdən qaz təchizatında yaranmış fasilələr, habelə ABŞ-ın maye qazını bu yanacağın baha olduğu Şərqi Asiya bazarlarına yönəltməsi Avropada bahalıq yaradıb.

Daha bir faktor kimi ötən ilin sərt qışında və soyuq yazında daha çox qaz işlədilməsi və qaz terminallarının boşalması göstərilir.

Ukraynadan yan keçən yeni kəmərlər

Rusiya tarixən öz təbii qazını Qərbə Ukraynadan keçən boru kəmərləri ilə nəql edib. Lakin son illərdə Rusiya Ukraynadan yan keçən Türk Axını və Şimal Axını kəmərlərini tikib.

Şimal Axını 2 kəmərinin tezliklə istismara verilməsi ilə Avropaya nəql olunan qazın həcmləri əhəmiyyətli dərəcədə artacaq.

Putin deyib ki, Rusiya indiyədək özünün bütün müqavilə öhdəliklərinə əməl edib.

O bildirib ki, Moskva lazım gələrsə, daha çox qaz ixrac etməyə hazırdır, hərçənd bunun hansı kəmərlərlə ediləcəyini bilmir:

"Əgər onlar təchizatın artırılmasını istəsələr, biz bunu etməyə hazırıq. Biz təchizatı partnyorlarımızın istədiyi qədər artırırıq”.

Bununla belə Avropa Komissiyası qaz qiymətinin kəskin qalxması ilə bağlı “təcili və əlaqələndirilmiş” tədbirlərin görülməsinə çağırıb.

Belə tədbirlərdən biri barədə eneri komissarı Kadri Somson oktyabrın 13-də danışıb.

O əlavə qaz xərclərinin qarşılanması üçün əhaliyə və şirkətlərə dövlət dəstəyinin göstərilməsini təklif edib.

XS
SM
MD
LG