Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:04

Sürücülər deyir ki, avtomobilin batareyasını şarj etmək benzin doldurmaqdan bahadır


"Azərişıq" ASC-nin quraşdırdığı enerjidoldurma məntəqələrində 1 kVt-a görə qiymət 22 qəpik təşkil edir.
"Azərişıq" ASC-nin quraşdırdığı enerjidoldurma məntəqələrində 1 kVt-a görə qiymət 22 qəpik təşkil edir.

Azərbaycanda elektrik avtomobillər üçün enerjidoldurma məntəqələri quraşdırılır. Bunu həm dövlət şirkəti olan "Azərişıq", həm də özəl şirkətlər həyata keçirir.

Bir çox sürücülər isə AzadlıqRadiosuna deyib ki, həmin məntəqələrdə elektrik enerjisinin qiyməti benzin və dizelə nisbətən baha başa gəlir.

Elektrik maşının sahibi Elmar Qasımov (adı şərtidir) bildirib ki, öz avtomobilinin batareyasını tam şarj etməklə 650 kilometrlik yol qət edə bilir: "Buna görə də 28 manat ödəyirəm. Amma elə maşınlar var ki, tam şarjla 300 kilometr gedə bilir, bu, onlara sərf eləmir. 300 kilometrə görə 28 manat pul ödəmək bahadır. Yəni, qiymət maşının texniki parametrindən asılıdır. Söhbət kiçikmotorlu avtomobillərdən gedir. Böyükmotorlu avtomobillərdə xərc daha artıqdır".

Sürücülər həmçinin deyir ki, sözügedən məntəqələr ölkənin bir çox yerlərində hələ quraşdırılmayıb deyə, elektrik avtomobillə uzun məsafələrə çıxmağa risk etmirlər.

Qiymətlər, qiymətlər...

Tarif Şurası, hələlik, enerjidoldurma məntəqələrində 1 kVt enerji üçün qiyməti müəyyənləşdirməyib. Amma "Turan"ın məlumatına görə, "Azərişıq" ASC-nin quraşdırdığı məntəqələrdə 1 kVt-a görə qiymət 22 qəpik, özəl şirkətlərə məxsus cihazlarda isə 27-30 qəpik təşkil edir. Özəl şirkətlərdən agentliyə bildirilib ki, qiymətləri özləri təyin edib tənzimləyirlər: "Qiymətə enerjinin öz qiyməti, texniki xidmət, amortizasiya xərcləri və digər amillər daxildir".

Dünyada elektromobilin şarjı üçün qiymətlər fərqlidir. Avropa Alternativ Yanacaq Rəsədxanasının məlumatına görə, 2024-cü ildə elektromobillər üçün Avropada ən ucuz enerjini İslandiyada satırlar – 100 kilometr getmək üçün sürücülər 2.9 avro (5.30 AZN) ödəyirlər. Digər ölkələrdə isə bu dəfələrlə bahadır.

Elektrik avtomobillərinin idxalı artır

Rəsmi statistikaya görə, ölkəyə idxal olunan elektrik avtomobillərinin sayı artır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəyə 125.3 milyon ABŞ dolları dəyərində 3.1 min elektromobil idxal edilib. Bu, 2021-ci illə müqayisədə 19 dəfə çoxdur.

"Azərişıq" ASC-dən "Turan"a bildirilib ki, Bakıda keçiriləcək (11-22 noyabr) BMT İqlim Konfransı (COP29) ərəfəsində paytaxtın əksər rayonlarında şarj aparatları quraşdırılıb: "Təkcə son bir neçə gün ərzində Bakının müxtəlif ərazilərinə 20-yə yaxın enerjidoldurma məntəqələri quraşdırılıb. Paytaxtla yanaşı, regionlarda – Şamaxıda, Qəbələdə, Şəkidə, Göygöldə, Qubada, Xızıda da məntəqələr quraşdırılıb".

Ərşad Hüseynov
Ərşad Hüseynov

"Adamlar "bu elektrik avtomobil bizim nəyimizə lazımdır" deməsinlər"

Nəqliyyat eksperti Ərşad Hüseynov hesab edir ki, burada doğru bir yanaşma olmalıdır: "Texniki avadanlığın qiymətini, amortizasiyanı, texniki qulluq məsələlərini də nəzərə alıb doldurma məntəqələrində elektrik enerjinin elə qiyməti qoyulmalıdır ki, adamlar yanacaqla müqayisə aparanda "bu elektrik avtomobil bizim nəyimizə lazımdır" deməsinlər".

"Qanunvericilikdə boşluqdan qaynaqlanır"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna deyib ki, Tarif Şurasının qiymət ilə bağlı qərarı yoxdursa, "Azərişıq" elektromobillər üçün qiymət təyin etməkdə sərbəstdir: "Bu, qanunvericilikdə boşluqdan qaynaqlanır".

Natiq Cəfərli
Natiq Cəfərli

Ekspertin sözlərinə görə, "Azərişıq" mütləq nəzərə almalıdır ki, əhaliyə satdığı enerji ilə elektrik maşınların şarj edilməsi üçün stansiyalardakı qiymətlər arasında kəskin fərq ola bilməz: "Elə adaptasiya olunmuş aparatlar var ki, adam evdən də öz maşını elektrik enerji ilə təmin edə bilir. İndiki qiymətlərlə bu da ona, azı, ikiqat ucuz başa gələcək".

N.Cəfərli düşünür ki, qiymət sərfəli olmayacaqsa, bir müddət sonra insanlar elektrik avtomobillərə keçməyə tərəddüd edəcəklər: "Yanacaqla işləyən maşınları hər yerdə doldurmaq mümkündür, elektromobillərin sürücülərinin isə "harada maşını doldura bilərəm, yolda qala bilərəm" qayğıları var. Bunun üzərinə qiymətlərin sərf olmadığı da gəlinsə, təbii ki, ölkədə elektrik avtomobillərə keçidlə bağlı problem yaşana bilər".

XS
SM
MD
LG