Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

'Atam AXCP üzvüdür, döyüşçüdür... artıq o da çəkinir'


V.Nəsibov
V.Nəsibov

3 ildir Avropada yaşayan mühacir, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Valeh Nəsibov iddia edir ki, onun siyasi fəaliyyətinə, sosial şəbəkədəki paylaşımlarına görə hakimiyyət Azərbaycanda yaşayan qohumlarına təzyiq göstərir.

«Atama, qayınatama və 17 yaşına çatmamış qaynıma təzyiqlər var. Atamı martın 4-də 25-ci polis bölməsinə aparıblar. Onu aparan şəxslər özlərini təqdim etməyiblər. Bundan sonra Nizami Rayon Baş Polis İdarəsinə aparılıb. Atam orda olanda mən onunla danışdım, ancaq idarədən heç kim mənimlə danışmaq istəmədi. Atamı çox sıxırlar. Qayınatamı isə oğlu ilə bərabər Suraxanıda 10-cu polis bölməsinə aparıblar. Elə eyni gündə, atam aparılandan yarım saat sonra», – V.Nəsibov deyir.

O, 65 yaşında olan anasının da bu günlərdə stress içində yaşadığını, bəzən ailə üzvlərinin çox şeyi ondan gizlətdiyini də qeyd edir: «Atam polisdə olanda telefonu əlindən alınıb, ona müdaxilə olub. Mən atamla telefon əlaqəsi saxlaya bilmirəm. Başqa adamlarla danışmalı oluram. O da AXCP üzvüdür, keçmiş döyüşçüdür. Atam mübariz adamdır. Amma ona bu dəfə o qədər təzyiq olub ki, artıq o da çəkinir. 17 yaşı olmayan qaynımı polis bölməsinə aparırlar. Bu, hansı qanunda yazılıb? 65 yaşında olan qayınatamı nə səbəbə incitməlidirlər?».

V.Nəsibovun sözlərinə görə, yaxınlarına olan təzyiqin bir səbəbi onun Facebook sosial şəbəkəsində etdiyi paylaşımlar və Düsseldorfda «Amnesty International» təşkilatının ofisi önündə martın 7-də «Siyasi məhbuslara azadlıq» aksiyasının təşkilatçılarından olmasıdır: «Buna görə də təzyiqlər olurdu ki, paylaşımlar silinsin, mitinqlə bağlı şüarlar, fotolar silinsin. Amma mən silmədim. (Daxili işlər naziri) Ramil Usubovun, (prezident) İlham Əliyevin şəkillərini paylaşmışam. Deyirlər ki, orda təhqirə yol vermişəm. Mən heç kimi təhqir etməmişəm, sadəcə, azad insan kimi fikrimi bildirmişəm».

V.Nəsibov geri addım atmadığını və gələcəkdə də atmayacağını bildirir: «Mən atama, qayınatama demişəm ki, Əliyevlər hakimiyyətdən gedənə qədər mübarizəmi aparacam».

Saday Kərimov: «Yenə bacımın ərinin bölməyə gəlməsini istəyiblər»

Başqa bir mühacir və AXCP üzvü Saday Kərimov da yaxınlarının təzyiqlə üzləşdiyini iddia edir: «Almaniyada ötən il «Siyasi məhbuslara azadlıq» aksiyasında iştirak etmişdim. Bundan sonra bacımın yoldaşı Şahlar Həsənovu polis bölməsinə aparıb 10 sutka həbs verdilər. Ona səbəb kimi mənim siyasi fəaliyyətim göstərildi. Bir ay qabaq yenə Hövsanda 30 saylı polis bölməsindən gəlib bacımgilin qapısını döyüblər, yenə bacımın ərinin bölməyə gəlməsini istəyiblər. Onu incidirlər, həbs etmək istəyirlər. İstədikləri odur ki, mən siyasi fəaliyyətimdən əl çəkim».

Azərbaycanda siyasi mühacirlərin ailələrinə, yaxın qohumlarına təzyiqlər haqda iddialar əvvəllər də səslənib. Orduxan Temirxanın, Məhəmməd Mirzəlinin və başqalarının qohumları polisə aparıldıqlarını, onlara müxtəlif təzyiqlər edildiyini bildiriblər. Hətta bəziləri bu qohumluqdan imtina etdikləri barədə açıqlama ilə çıxış ediblər.

O.Gülalıyev
O.Gülalıyev

«Son günlər digər ictimai fəallarla bağlı da belə məlumatlar almaqdayıq»

Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev son aylarda Avropada yaşayan siyasi fəalların yaxınlarına təzyiq dalğasının başladığını və onlardan birinin də V.Nəsibovun yaxınları olduğunu deyir.

«Mən dünən onun ailə üzvləri ilə görüşdüm. Onun Düsseldorfdakı aksiyadan öncə atasını, qayınatasını və qaynını polisə aparıblar, bu aksiyanın dayandırılması, çağırışların, statusların pozulması tələb olunub. Bu, artıq bir neçə dəfədir təkrarlanır. Siyasi Məhbusların Müdafiə Mərkəzinin «Avropa işi» adlı hesabatı vardı. Biz orda ailə üzvləri təzyiqlərə məruz qalan mühacirlərlə bağlı xeyli məlumatlar əlavə etmişdik. Sonuncu hal bu təzyiqlərin davam etdiyini göstərir. Son günlər digər ictimai fəallarla bağlı da belə məlumatlar almaqdayıq», – O.Gülalıyev bildirir.

Hüquq müdafiəçisinin qənaətincə, məqsəd qorxu, xof yaratmaq və bunu bir az da möhkəmlətməkdir.

«Amma unudulmamalıdır ki, həmin mühacirlərə görə ailə üzvləri məsuliyyət daşımır, onlar artıq uşaq deyil, həddi-buluq yaşındadırlar, ailə başçılarıdır. Bu davranış qanunsuzdur. Kiminsə siyasi fəaliyyətinə görə başqaları cəzalandırılmamalıdır», - deyə hüquq müdafiəçisi fikrini yekunlaşdırır.

Deputat: «Hüquq-mühafizə orqanlarının belə addım atacağına inanmıram»

Deputat Fərəc Quliyevin fikrincə, hər şeydən öncə bu iddialar dəqiqləşdirilməlidir. O, hüquq-mühafizə orqanlarının belə addım atacağına inanmır.

«Orda oturan insanların bəziləri böhtan atmaqla, söyüş söyməklə məşğuldur. Mən bunu siyasi mübarizə üsulu saymıram. Amma əgər doğrudan da, kiminsə qohumu polisə aparılıbsa, kiməsə görə bir başqasından cavab istənirsə, bu, normal hal sayıla bilməz. Amma belə halların olub-olmadığını mən şəxsən bilmirəm. Xaricdə söyüş kampaniyası aparan özü bunlara cavab verməlidir. Mübarizə normal şəkildə aparılmalıdır. Təhqirə yol verilməməlidir və ya orda kimsə kimisə təhqir edirsə, burdakı ailə üzvü buna cavab verməməlidir», – deputat deyir.

AzadlıqRadiosu Daxili İşlər Nazirliyindən bu ittihamlara münasibət öyrənə bilməyib. Hüquq-mühafizə orqanları əvvəllər bu cür ittihamları rədd ediblər.

XS
SM
MD
LG