Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:21

Ərdoğanın məktəb dostu ABŞ-ın sanksiya siyahısına salındı


ABŞ Prezidenti Co Bayden (solda) türkiyəli həmkarı R.T.Ərdoğanla
ABŞ Prezidenti Co Bayden (solda) türkiyəli həmkarı R.T.Ərdoğanla

Birləşmiş Ştatlar tanınmış türkiyəli biznesmen Sıtkı Ayanı İranla neft ticarətinə görə sanksiya siyahısına salıb. Onun İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) üçün neft satışını asanlaşdıran ticarət şəbəkəsini idarə etdiyi bildirilir.

Ayanın şirkətləri İran nefti üçün beynəlxalq satış kontraktları qurub, neft göndərişlərini təşkil edib, İİKK-nın bir qanadı olan Qüds qüvvələri adından göndərilən neftin mənşəyini gizlədib, köçürmələri gerçəkləşdiriblər. Məlumatı ABŞ Xəzinədarlığı dekabrın 8-də yayıb.

Oğlu, şirkətinin başçısı...

Ayan, onun oğlu Bahəddin Ayan və Cəbbərültariqdə qeydiyyatdan keçmiş, Ayanın bizneslərini idarə edən ASB Group-un aparıcı rəsmisi Kasım Öztaş sanksiya siyahısına salınıblar. Xəzinədarlıq mayda şəbəkənin digər elementlərini siyahıya daxil etmişdi.

Sözügedən şəbəkənin həm Qüds Qüvvələri, həm də Hizbullah silahlı birləşməsi adından İran neftinin satışını gerçəkləşdirdiyi bildirilir. Xəzinədarlığın məlumatına görə, bu işə Rusiya hökuməti yüksək səviyyədə, eləcə də dövlət müəssisələri dəstələyib.

Ayan ASB Group vasitəsilə neftin mənşəyini, ödənişlərin çatdığı məkanı pərdələyib.

Bahəddin Ayan ASB Group-a bağlı azı beş şirkəti idarə edir və səhmlərinin sahibidir. Öztaş isə “Ayanın biznesinin böyük hissəsini birbaşa idarə edir”, – Xəzinədarlıq (Maliyyə) Departamenti bildirir.

Qarabağda Ərdoğan və Əliyevə bağlı şirkətlər...
Gözlə

No media source currently available

0:00 0:06:31 0:00

İİKK üçün tanker də alınıb

Məlumata görə, Ayan İİKK-ya məxsus yüzmilyonlarla dollarlıq neftin Çinə, Şərqi Asiyada digər alıcılara, eləcə də Avropa və BƏƏ-yə satışını təşkil edib.

Biznesmenin bir şirkəti vasitəsilə İİKK üçün Panama bayraqlı mayeləşdirilmiş təbii qaz tanker aldığı vurğulanır.

Xəzinədarlıq ASB Group-dakı 20-dək şirkəti də siyahıya daxil edib. Sanksiyalar çərçivəsində ABŞ yurisdiksiyasında olan fərd və şirkətlərin aktivləri dondurulur, onların qlobal maliyyə bazarlarına çıxışı bloklanır, ABŞ-da fərdlərin onlarla işbirliyi yasaqlanır.

“Reuters” Ayan, oğlu, yaxud Öztaşla əlaqə yarada bilmədiyini yazır.

ABŞ-ın Ərdoğan seçimi

“POLITICO” dərgisi isə Ayanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostu olduğunu, onların eyni məktəbdə oxuduğunu yazır.

Dərgi qeyd edir ki, Türkiyə prezidentinin yaxın ətrafından birinin İran elitası arasında əməkdaşlıq barədə yüzlərlə səhifəlik sənədlər, biznes kontraktları, bank transferləri ilə tanış olub. Bu sənədlərin çoxu İranın müxalif vebsaytı “WikiIran”da da dərc olunub.

Ancaq Birləşmiş Ştatlar Ayan və şirkətinin iranlılarla işbirliyi barədə dəlillərin aylardır ortada olmasına rəğmən onları yalnız dünən – dekabrın 8-də qara siyahıya salıb. Diplomatların dediyinə görə, Vaşinqtonun bu işə könülsüz yanaşması məhz biznesmeninin Ərdoğanla sıx əlaqələri ilə bağlı olub.

Dərgi yazır ki, bu iş İran, Türkiyə və Ərdoğanın regiondakı nadir və nüfuzlu rolu arasında mürəkkəb dinamikanı üzə çıxarır. Ərdoğanın bəzən Qərblə Rusiya və Yaxın Şərq arasında vasitəçi roluna girməsi ABŞ və müttəfiqlərini ona toxunmamaq seçimi qarşısında qoyur.

Rusiyanın “Ukraynaya qarşı müharibəsi, daha geniş Yaxın Şərqdə sabitsizlik fonunda Türkiyənin İranla əlaqələri onu göstərir ki, Türkiyə lideri öz təzyiq vasitələrinə uyğun gördüyü vaxt və yerdə əl atmaqdan çəkinmir”, – məqalədə deyilir.

1 milyard dollar

Tehran rejimi ASB Group vasitəsilə 2020-ci ildən bəri terrorçu əlaltıları üçün 1 milyard dollara yaxın vəsait əldə edə bilib. Neft satışının əsas benefisiarı isə Qüds qüvvələri olub.

“Sıtkı Ayan hazırda Qüds qüvvələrinin Türkiyədə, ola bilsin, bütün dünyada ən böyük maliyyə şəbəkəsinin başçısıdır”, – bir rəsmi dərgiyə deyib.

Ərdoğan və Ayan İstanbulda İmam Hətip dini məktəbində oxuyublar. Ayan köhnə dostunun “Ağdaş” adlı 25 milyon dollarlıq neft tankerinin sahibi olmasını gizlətməyə kömək edib. Tankeri 2008-ci ildə Ərdoğan və ailəsinə zəngin bir şəxs hədiyyə edibmiş. Bu faktı 2017-ci ildə Maltanın maliyyə hesabatlarına əsasən Avropanın bir araşdırma konsorsiumu üzə çıxarıb.

Qalmaqallı səs yazısı

2014-cü ildə Ayanın adı Türkiyədə manşetlərə çıxdı. O zaman Türkiyə prezidenti ilə oğlu Bilal Ərdoğan arasında iddia olunan söhbətin audiosu yayılmışdı. Prezident oğluna deyirdi ki, “cənab Sıtkı”dan təklif olunan 10 milyon dollardan daha çox pul tələb etməlidirlər. Ərdoğan bu səsyazısını “əxlaqsız montaj”, saxta adlandırdı. Ancaq ölkədə etirazlar baş verdi, onun istefası tələb olundu.

Vaşinqton 2018-ci ildə İranla nüvə sazişindən çıxandan sonra Tehrana sanksiyaları gücləndirib. Həmin saziş beynəlxalq sanksiyaların qaldırılması qarşılığında İranın uran zənginləşdirməsini məhdudlaşdırırdı.

ABŞ Prezidenti Co Bayden (Joe Biden) İranla sazişin bərpası üçün danışıqlar aparıb.

Tehran nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

XS
SM
MD
LG