Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:22

“Azərbaycanda iranofobiya yoxdur”


Ayətulla Əli Xameneyi
Ayətulla Əli Xameneyi

►YouTube sosial şəbəkəsində “İran Azərbaycan əsgərlərinə təlim keçir” başlığı ilə video-çarx yayılıb.

“Müstəqilliyin ilk illərində” yazısı ilə təqdim olunan kadrlarda İranın Azərbaycan şivəsində danışan zabitlərinin azərbaycanlı hərbçilərin qarşısında çıxışından, təlim məşqlərindən fraqmentlər verilir. Kadrlarda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin də iranlı zabitlərlə görüşü əks olunub.

Khamenei-nin mesajı kiril əlifbasıyla

Elə bu ərəfədə İranın ali dini lideri ayətulla Ali Khamenei-nin “Qərb gənclərinə” ünvanladığı ikinci mesajı Azərbaycan dilində, amma kiril əlifbası ilə yayımlanıb.

Sosial şəbəkələrdə bəzi iranlılar statuslarında Azərbaycanda iranofobiya yaranmasından danışır, müstəqilliyin ilk illərində Qarabağ uğrunda döyüşən, Azərbaycana dəstək verdiyini göstərən fotolar da yayırlar. Bəzi azərbaycanlılar isə öz sosial şəbəkə profillərində İranın Ermənistanda elektrik stansiyası tikməsini təpki ilə qarşılayıb.

Bütün bunlar bir müddət öncə Azərbaycan hüquq-mühafizə orqanlarının Bakının “iranpərəst” kimi tanınan Nardaran qəsəbəsində apardığı, ikisi polis olmaqla, 7 nəfərin öldüyü, onlarla şəxsin həbs olunduğu bir vaxta təsadüf edir. Həbs olunanlar Azərbaycanda hansısa terror əməliyyatını hazırlamaqda ittiham edilirsə, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov “dövlətə xəyanət” ittihamı ilə üzləşdirilib.

Doğrudanmı, Azərbaycanda iranofobiyanın əlamətləri görünür və bu, İranı narahat edəcək səviyyədədir? Həmsərhəd ölkələrin münasibətləri korlanmaq həddindədirmi?

Buna da bax: Qaradərili kino sənətçiləri Oscar-ı boykot edirlər

“Münasibətlər hər zamankı kimidir”

Sədrəddin Soltan
Sədrəddin Soltan

İran məsələləri üzrə ekspert Sədrəddin Soltan ikitərəfli münasibətlərin “hər zamankı” kimi olduğunu söyləyir:

“Sadəcəolaraq, bir sıra məqamlarda İrandakı bəzi dairələr Azərbaycandakı hadisələrə, məsələn, Nardaran olaylarına fərqli prizmadan yanaşırlar. Baxmayaraq ki, İranın Azərbaycandakı səfirliyi Nardaranla bağlılığı olmadığını rəsmi bəyan etdi, Tehranda, Təbrizdə yığışıb Nardaran hadisələri zamanı ölənlərə “şəhid” adı verilməsi, hadisələrin başqa cür izahı iki ölkə arasındakı münasibətlərə ziyan verən amildir”.

Sədrəddin Soltan deyir ki, Azərbaycan mediası İranda milli kimliyi, haqqı uğrunda mübarizə aparanlar həbs ediləndə, incidiləndə, sadəcə, xəbər yayırlar, onları hər hansı adla öymürlər:

“İranda isə Azərbaycana münasibətdə belə davranırlar. Təbliğat maşını Azərbaycanla bağlı xof yaratmağa meyllidir”.

Buna da bax: "Neyləməli idilər, kitabları yandırmalı idilər?"

“Latın qrafikasını qəbul etmirlər”

Müsahibimiz Ali Khamenei-nin gənclərə məktubunun azərbaycanca kiril əlifbası ilə yayınlanmasını İranın latın qrafikasini Azərbaycanın rəsmi əlifbası kimi tanımaması ilə izah edir. Onun fikrincə, burda eyni zamanda, İran azərbaycanlılarının azərbaycanca latın qrafikasına alışmaması istəyi də var:

“Davamlı surətdə iranyönlülər Azərbaycanın rəsmi əlifbasına bu şəkildə etiraz edirlər. Kiril əlifbası təbliğatının altında o da var ki, guya bununla güneylilərlə cənublu azərbaycanlıları bir-birindən ayrı tuturlar”.

“Bu, rəsmi tərcümə deyil”

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani İranın ali dini liderinin azərbaycancaya tərcümə edilmiş müraciətinin kiril əlifbası ilə yayınlanmasının texniki səhv olduğunu düşünür və bunun altında məna axtarmamağı məsləhət görür. Keçmiş səfir deyir ki, Azərbaycanın tarixi əlifbası ərəb-fars əlifbası olub, latın daha müasir dövrə təsadüf edir:

“Azərbaycanın müasir əlifbası latındır, o müraciət rəsmi tərcümə deyil, yanlış hərəkətdir, İranın Azərbaycandakı səfirliyi də yazışmalarını ölkənin müasir əlifbası ilə aparır”.

“Müştərək maraqlar istiqamətində əlaqələr inkişaf etdirilməlidir”

Əfşar Süleymani Azərbaycanda iranofobiya görmür, onun fikrincə, iki dövlət əlaqələrin qarşılıqlı hörmət, etimad əsasında inkişafında maraqlıdır:

“Heç bir dövlət bir-birinin daxili işinə qarışmır. Bəzi məsələlərdə fikirayrılığı ola bilər, bu, təbiidir. Ancaq hər iki ölkə çalışmalıdır ki, xalqların milli mənafeyi, müştərək maraqlar istiqamətində əlaqələri daha da yaxşı inkişaf etdirsinlər”.

XS
SM
MD
LG