Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:32

AzadlıqRadiosunun boğulması və…yaşaması tarixindən


Azad Avropa Radiosunun Münhendəki binası, 1953-cü il
Azad Avropa Radiosunun Münhendəki binası, 1953-cü il

Azərbaycan hökuməti azadliq.org, azadliq.info, azerbaycansaati.com, meydan.tv saytları, Turan telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması üçün məhkəməyə müraciət edib.

Mayın 3-də keçirilən iclasda məhkəmə mayın 12-ədək təxirə salınıb.

Nə qədər təzə və qəribə xəbər olsa da, müxtəlif zamanlarda və müxtəlif ölkələrdə tarixən təqib və basqılara məruz qalmış, ölümlə hədələnmiş AzadlıqRadiosu üçün burada təzə heç nə yoxdur.

Məsələn, hələ SSRİ zəmanəsində ən qəribə hallardan biri bu idi ki, Sovet blokunun ən itaətsiz ölkəsi, Soyuq müharibə şəraitində iki ABŞ prezidentinin səfər etdiyi Rumıniyada AzadlıqRadiosu ən çox hücumlara məruz qalırdı.

Rumıniyanın kommunist lideri Nikolay Çauşesku Qərb ölkələrinə səfərlər edir, ordenlərlə şərəfləndirilir, amma onun ölkə daxilindəki yaxın çevrəsi Azad Avropa Radiosuna qarşı qızdırmalı halda qəsdlər hazırlayırdı.

Başqa sözlərlə, Qərbə Moskvaya itaətsizliyini nümayiş etdirən Rumıniya açıq şəkildə göstərirdi ki, rejim ölkə daxilindəki hakimiyyətini qoruyub saxlamaq üçün bütün vasitələrə əl atmağa hazırdır.

1980-ci illərdə isə Rumıniyadakı daxili ictimai-siyasi vəziyyət son dərəcə kəskinləşmişdi. Qərblə münasibətlər korlandıqca Buxarestin xarici radio yayınlarına dözümsüzlüyü son həddə çatırdı.

O vaxtlar AzadlıqRadiosu Rumın xidmətinin direktoru olmuş Nestor Rateş xatırlayır ki, Rumıniyanın məxfi xidmətləri radioya qarşı hətta tanınmış beynəlxalq terrorçu İliç Ramirez Sançesin və ya ayaması ilə deyilsə, Çaqqal Karlosun xidmətlərindən istifadə etmək qərarına gəlmişdi.

Rumıniya xüsusi xidmətləri AzadlıqRadiosu ilə mübarizədə terrorçu İliç Ramirezdən - Çaqqal Karlosdan istifadə etməkdən belə çəkinmirdi
Rumıniya xüsusi xidmətləri AzadlıqRadiosu ilə mübarizədə terrorçu İliç Ramirezdən - Çaqqal Karlosdan istifadə etməkdən belə çəkinmirdi

Rateş bu qənaətdədir ki, Rumıniyanın Securitate məxfi xidməti 1980-ci illərdə Rumın xidmətinin iki direktorunun və aparıcı müxbiri Noel Bernardın ölümü ilə əlaqəli ola bilərdi.

Rateş deyirdi ki, Bernard Rumıniyada milli qəhrəman kimi qəbul olunurdu, onun “əfsanəvi şəxsiyyət” olduğunu, belə görünür, hətta Çauşeskunun özü də qəbul etmişdi. Amma 1978-ci ilin 22 iyulunda Bernard öldürülmüşdü.

Rateş deyirdi ki, Xarici Kəşfiyyat İdarəsinin sənədlərindən Bernard-ın ölümünün təsadüfi olmadığı başa düşülür.

Lakin təzyiq və təqiblərə məruz qalanlar təkcə AzadlıqRadiosunun əməkdaşları yox, həm də adi dinləyiciləri idi.

1980-ci ilin iyunundan etibarən Rumıniyada AzadlıqRadiosuna qulaq asanların ölkə boyunca və sistematik izlənməsinə başlanmışdı.

Çauşesku hökuməti bu işlə məşğul olacaq xüsusi təhlükəsizlik xidməti qrupu yaratmışdı.

1981-ci ildə müəmmalı şəkildə dünyasını dəyişmiş Noel Bernard (sağda) ailəsi ilə
1981-ci ildə müəmmalı şəkildə dünyasını dəyişmiş Noel Bernard (sağda) ailəsi ilə

Həmin illərdə hökumətin paranoyası o qədər kəskinləşmişdi ki, Efir adlanan əməliyyat qrupu artıq təkcə xarici radio dinləyicilərini yox, radioları dinləmək niyyətində olanları da təqib edirdi.

Bir də əlbəttə, bütün Şərqi Avropa boyunca, sosialist bloku ölkələrində AzadlıqRadiosu dalğalarının boğulması vardı.

Veteran jurnalistlər bildirirlər ki, dalğaların boğulmasından məqsəd heç də təkcə proqramları eşidilməz etmək deyildi. Bununla kommunist rejimləri xarici səslərin dinləyicilərinə mesaj verirdilər.

Bu o demək idi ki, rejimlərin bu səslərin dinlənməsindən xəbəri var və onlar bu səsləri boğmaq iqtidarındadırlar.

Digər tərəfdən dalğaların boğulmasının dayandırıldığı dövrlər də olmuşdu.

Sovet tankları Praqada, 1968, avqust
Sovet tankları Praqada, 1968, avqust

Məsələn “Macar inqilabının” ikinci günündə, 1956-cı il, oktyabrın 24-də “Poçt idarəsi N118” adlı məxfi səsboğma xidməti ölkə boyunca özünün bütün texniklərinə dalğaların boğulmasının dayandırılmasını və ofislərdəki bütün sənədlərin məhv edilməsini əmr etmişdi.

Dinləyicilər Münhendən gələn dalğaların təmizliyinə mat qalmışdlıar. Bu onlar üçün həm də inqilabın verdiyi mesaj idi: “Onlar gediblər, indi biz buradayıq”. Dinləycilər bunun ardınca ölkələrinin azad olunacağını gözləyirdilər. Lakin təbii ki, Qərb əsgəri gəlmədi. 1957-ci ilin yazında dalğalar yenidən küylə əvəz olundu. Bu da mesaj idi. Kommunistlər qayıtmışdılar və rejim öz hakimiyyətini və nəzarətini tam bərpa etmişdi.

Çexoslovakiyada dalğaların boğulması 1964-cü ilədək davam etmişdi. Sonra səsləri boğmurdular. Lakin 1968-ci ilin 21 avqustunda, Sovet tanklarının Praqaya girdiyi gün radiodalğaları yenidən boğmağa başlamışdılar.

Polşadakı Lidzbark Varminskidə radiodalğaları boğan stansiya
Polşadakı Lidzbark Varminskidə radiodalğaları boğan stansiya

Amerikalı politoloq Ken Jowitt deyir ki, AzadlıqRadiosunun kommunizmin çökməsində həlledici rol oynadığını düşünmək səhv olardı. Kommunizmi Qorbaçovun islahatları çökdürmüşdü. Lakin bununla belə AzadlıqRadiosunun Dəmir pərdəni keçən təsiri danılmaz idi.

Jowitt ümumiyyətlə, AzadlıqRadiosunun təsirini iki dövrə ayırır. 1956-cı ildə Sovet lideri Xruşşovun Stalinin şəxsiyyətinə pərəstişi ifşa etməsinə, habelə Polşa və Macarıstan üsyanlarına qədərki dövr və bundan sonrakı dövr.

1956-cı ilə qədər AzadlıqRadiosu ilə Şərq arasında davakar, mətin və barışmaz qarşıdurma vardı.

Lakin Xruşşovun Stalinin fəaliyyətini ifşasından sonra AzadlıqRadiosu ilə Şərq bloku arasında yeni münasibətlər təşəkkül tapmışdı. Bu vaxtdan etibarən AzadlıqRadiosu SSRİ-də və sosialist blokundakı təkamül dəyişikliklərini dəstəkləyirdi.

Bu mənada sosialist blokuna daxil ölkələrin hər birində AzadlıqRadiosuna olan reaksiyalar maraqlı idi.

Rumıniya AzadlıqRadiosu dalğalarının boğulmasını 1963-cü ildə dayandırmışdı, çünki bu dövrdə ölkə Moskvadan asılı olmayan xarici siyasət yürütməyə cəhd göstərirdi.

​ABŞ rəhbərliyi tərəfindən alqışlanan bu cəhdlər Rumıniya rəhbərliyinin Qərbə və o cümlədən onun radio dalğalarına münasibətini daha mehriban etmişdi.

Nikolay və Elena Çauşeskular 1989-cu ilin dekabrında edam edilməzdən az əvvəl
Nikolay və Elena Çauşeskular 1989-cu ilin dekabrında edam edilməzdən az əvvəl

Qocaman Rumıniya diplomatı Mircea Raceanu bildirir ki, 1963-cü ildən 1977-ci ilədək AzadlıqRadiosu Rumın xidmətinin verilişləri rumın rəsmilərinin ürəyindən xəbər verirdi və onlar bu müddətdə radionu hətta “dost” hesab edirdilər.

Lakin hər şey 1976-cı ildə prezident Jimmy Carter Rumıniya hökumətindən insan haqlarının yaxşılaşdırılmasını və demokratiya şəraitinin yaradılmasını istəyəndə dəyişmişdi.

Carter-in Çauşeskuya təzyiqləri artdıqca, rəsmi Buxarestin də AzadlıqRadiosuna basqıları artırdı.

Bundan sonra AzadlıqRadiosu bir nömrəli düşmənə çevrilmişdi. Bu həmin dövr idi ki, Rumıniya hökuməti AzadlıqRadiosundan informasiya mənbəyi kimi faydalanır, lakin eyni zamanda ona qarşı mübarizə aparırdı.

Bütün bunlar Çauşesku və xanımı Elena 1989-cu il dekabrın 25-də Milad günü Milli İxlas Cəbhəsinin qurduğu səhra məhkəməsinin qərarı ilə qanunsuz sərvət toplamaq və öz xalqına qarşı soyqırımda ittiham edilərək edama məhkum olunanadək davam edəcəkdi.

XS
SM
MD
LG