Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:28

​​​​​​​Kiyevdə AzadlıqRadiosunun müxbiri həlak olub (Bəyanat)


Vira Hiriç
Vira Hiriç

“Ötən gecə Kiyevdə Ukrayna xidmətimizin əməkdaşının ölümündən dərin kədər hissi keçiririk. Əziz həmkarımızı itirmişik, o, peşəkarlığı, özünü missiyamıza həsr etməsilə yadda qalacaq”, – AzadAvropa/AzadlıqRadiosunun Prezidenti Ceymi Flay (Jamie Fly) bəyanatında deyib.

“Onun öz ölkəsində, sevdiyi şəhərdəki evində həyatını belə əbəs yerə itirməsindən sarsılmış və qəzəblənmişik. Onun xatirəsi hələ çox illər Ukraynada və ondan kənardakı işimizdə bizi ruhlandıracaq”, – Flay deyib.

***

Kiyevə raket zərbəsi nəticəsində AzadlıqRadiosunun əməkdaşı Vira Hiriç həlak olub. Məlumatı onun həmkarı Aleksandr Demçenko yayıb.

Demçenkonun sözlərinə görə, Hiriç mərmi düşən yaşayış evində olub. Onun meyiti bu gün səhər dağıntılar altından çıxarılıb.

Müharibə başlayandan 20 jurnalist həlak olub

“Bu, Vira Hiriçin kiçik maşınıdır. İki il qabaq onunla bizi Nemeşaevoya apardı, işğal olunmuş ərazilərdə informasiya axtarmaq barədə danışdı. Vira daha yoxdur. Rusiya raketi onun evinə düşüb, Vira bütün gecəni orda qalıb, onu səhər tapıblar”, – jurnalist yazıb.

Aprelin 28-də Kiyevə azı iki zərbə endirilib. Şəhər hakimiyyəti raketlərdən birinin Şevçenko rayonunda 25 mərtəbəli evə düşdüyünü bildiriblər. Nəticədə 10 nəfər yaralanıb. Bu gün Kiyev meri dağıntılar altından bir meyitin çıxarıldığını açıqlayıb.

Vira Hiriç 2018-ci il fevralın 1-dən AzadlıqRadiosunun Kiyev bürosunda işləməyə başlayıb. O vaxtadək o, aparıcı Ukrayna telekanallarında çalışıb.

Rusiya Ukraynada müharibəyə başlayandan bu ölkədə yerli və xarici media orqanlarının 20 əməkdaşı həlak olub.

Quterreşlə danışıqlar bitən kimi

Kiyevə raket zərbəsi BMT-nin Baş katibi Antonio Quterreşin səfəri zamanı endirilib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Quterreşlə danışıqlar bitəndən dərhal sonra paytaxt şəhər atəşə tutulub.

Rusiyanın Müdafiə Nazirliyi dəqiq silahlarla Kiyevdə “Artyom” raket-kosmik sənaye müəssisəsinin korpusuna zərbə endirildiyini bildirib.

Ukrayna hakimiyyəti isə “Artyom” müdafiə zavodunun istehsalat korpuslarının dağıdılması haqda məlumat verməyib.

Apreldə Kiyev hakimiyyəti xəbərdarlıq edirdi ki, şəhəri tərk etmiş sakinlərin qayıtması üçün tezdir, raket zərbələri təhdidi hələ yox olmayıb.

Rusiya fevralın 24-dən Ukraynanı işğal etməyə başlayıb. Yaşayış məhəllələrinin, xəstəxanaların vurulmasına dəlillərin mövcudluğuna baxmayaraq, Moskva mülki obyektləri hədəfə almadığını bildirir.

XS
SM
MD
LG