Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:52

DST yenə COVID xəbərdarlığı edir


Ottavada etirazçılar səhər yeməyi zamanı
Ottavada etirazçılar səhər yeməyi zamanı

Etirazlar nəticəsində sərhəddə bəzi keçid məntəqələri bağlanıb, paytaxtda ayrı-ayrı yerləri iflic olub

Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusun omikron ştammına yeni yoluxma dalğasının Şərqi Avropaya yönəldiyini deyərək hökumətləri müvafiq tədbirlər görməyə çağırıb.

Son iki həftə ərzində Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Rusiya və Ukraynada COVID-19-a yoluxmalar iki dəfədən çox artıb. DST-nin Avropa regionu üzrə direktoru Hanz Kluge fevralın 15-də bəyanatında bunu qeyd edir. O, Orta Asiyayadək uzanan regionun 53 ölkəsində koronavirusa 165 milyondan çox yoluxma və 1.8 milyon ölümün aşkarlandığını vurğulayıb. Ölümlərin 25 mini son bir həftədə qeydə alınıb.

Bu arada Çex Respublikası və Polşa daxil Avropanın bir sıra ölkələri bildiriblər ki, gündəlik yoluxmalarda azalma davam edərsə, gələn ay COVID-19 məhdudiyyətləri yüngülləşdirilə bilər.

Omikron öncəki ştamlardan daha yüngül olduğundan bir çox ölkələrdə səhiyyə sistemlərinə təzyiq yaranmayıb.

Kluge region ölkələrini vaksinasiyanı gücləndirməyə çağırıb. Qitənin digər yerləri ilə müqayisədə Şərqi Avropada peyvəndləmə ləng gedir. O deyib ki, Bosniya, Bolqarıstan, Qırğızıstan, Ukrayna və Özbəkistanda yaşı 60-dan yuxarı olanların 40 faizindən də azı COVID-19-a qarşı tam peyvənd edilib.

***

ABŞ-dan Azərbaycan və Belarusla bağlı xəbərdarlıq

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) Azərbaycanı Belarusu COVID-19 təhlükəsinə görə ən yüksək səviyyəyə qaldırıb, bu ölkələrə səyahətlə bağlı xəbərdarlıq edib.

CDC fevralın 14-də bildirib ki, bu iki ölkə səyahət xəbərdarlığının ən yüksək – 4-cü səviyyəsinə qaldırılıb. Cənubi Koreya daxil bir neçə ölkə və ərazi də bu səviyyədə yer alıb.

Xəbərdarlıqda deyilir ki, Belarusa, yaxud Azərbaycana getməyə məcbur qalanlar mütləq vaksinlənmiş, səyahətdən öncə COVID-19 vaksinasiyaları “yenilənmiş” olmalıdır. Qurum bildirir ki, hətta vaksin vurduranların belə virusa yoluxma və onu yayma riski var.

Kanada

Kanadanın Baş naziri Castin Trüdo isə ölkədə COVID-19 qadağalarına etirazlara son qoymaq üçün nadir tədbirə əl atacaq – fövqəladə səlahiyyətini işə salacaq. Etirazlar nəticəsində sərhəddə bəzi keçid məntəqələri bağlanıb, paytaxtda ayrı-ayrı yerləri iflic olub.

“Blokadalar iqtisadiyyatımıza ziyan vurar, ictimai təhlükəsizliyi təhdid edir. Qanunsuz və təhlükəli fəaliyyətin davam etməsinə icazə verməyəcəyik”, – Trüdo mətbuat konfransında deyib.

Dörd vilayətin baş nazirləri isə fövqəladə səlahiyyətin işə salması planına qarşı çıxıb, buna ehtiyac olmadığını deyiblər.

Kanada parlamenti bir neçə günə fövqəladə tədbirlərdən istifadənin təsdiqlənməsinə baxmalıdır.

Körpü açılıb

Kanadanın Ontario vilayəti ilə Birləşmiş Ştatlar arasında körpü yenidən açılıb. Etirazçı yük maşınları sürücüləri körpünü bir həftəydi bağlamışdı. Polis fevralın 13-də nümayişçilərdən sonuncuları saxlayıb, blokadanı qaldırıb. 25-dək etirazçının saxlandığı bildirilir.

İki qonşu ölkənin ticarətinin 25 faizə yaxını bu körpüdən keçir və etiraz aksiyası Ford, Toyota və General Motors kimi avtomobil istehsalçılarının işinə təsir göstərmişdi.

750 km məsafədə yerləşən paytaxt Ottavanın mərkəzi isə yük maşınları və onların sürücüləri ilə doludur. Sakinlər etirazçılar tərəfindən qısnamaya, qorxutmaya məruz qaldıqlarını deyiblər.

Qadağalar qaldırılır

Ontarionun Baş naziri Duq Ford elan edib ki, martın 1-dən qapalı məkanlara giriş üçün vaksinasiya sertifikatı göstərmək tələbini qaldıracaq. O, düzgün istiqamətdə getdiklərini, bunu etməyin təhlükəsiz olduğunu deyib.

Fevralın 17-dən vilayətdə restoranların tutumunun 50 faizi həcmində xidmət göstərməsi tələbi də qaldırılacaq.

Omikrona yoluxmalar azaldıqca Kanada bir sıra məhdudiyyətlər – maska tələbi, vaksin pasportları ləğv olunur.

Kanadada yük maşınları sürücülərinin nümayişləri Fransa, Yeni Zelandiya, Niderlandda da oxşar karvanlara stimul verib.

XS
SM
MD
LG