Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:07

Azərbaycan Çinə yaxınlaşır və yeni sövdələşmələrdən faydalanıb investisiya yatırır


Çin Xalq Respublikasının sədri Si Cinpin və Azərbaycan prezidenti İlham Əliyev Pekindəki Xalq Yığıncaqları Evində qarşılanma mərasimi zamanı.
Çin Xalq Respublikasının sədri Si Cinpin və Azərbaycan prezidenti İlham Əliyev Pekindəki Xalq Yığıncaqları Evində qarşılanma mərasimi zamanı.

Rəsmi Bakının Pekinlə əlaqələri cəmi iki ay içində sürətlə irəliləyib. İki ölkə arasında bağlanan bir sıra müqavilələr Çinin regionda nüfuzunu gücləndirə və Azərbaycana Çin sərmayəsinin qapısını aça bilər. AzadlıqRadiosunun əməkdaşı Reyd Stendiş hazırladığı materialda iki dövlətin münasibətlərində gözəçarpan yaxınlaşmanı incəliklərinədək araşdırıb.

Bu son addımlar silsiləsi iyulun 3-də Azərbaycan prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammitində Çin lideri Si Cinpinlə görüşündən bəri başlanıb. İki lider ölkələrin iqtisadi, hərbi və siyasi istiqamətlərdə yeni ikitərəfli strateji tərəfdaşlıq dövrünə qədəm qoyduğunu açıqlayıb.

Avqustun 20-də Bakı ŞƏT-dəki "dialoq tərəfdaşı" statusunun "müşahidəçi" statusuna dəyişdirilməsi üçün müraciət edib. Bu, potensial olaraq, tamhüquqlu üzvlük yolunda bir mərhələdir.

Azərbaycan avqustun 20-də Çinlə Rusiyanın rəhbərlik etdiyi, Braziliya, Hindistan və Cənubi Afrika Respublikasının da daxil olduğu BRICS qrupuna qoşulmaq üçün müraciət etdiyini də bəyan edib.

Pekinin dəstəyinə Bakının ehtiyacı var?

Bu addımlar toplusu bütövlükdə Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bəri Çinin regionda investor və ticarət tərəfdaşı kimi artan nüfuzunun göstəricisidir.

Bu, Xəzər dənizi regionunda ticarət yollarının üzərində yerləşən Azərbaycan üçün "Orta Dəhliz" yolunu cəlbedici etdi. "Orta Dəhliz" Rusiyadan yan ötməklə Orta Asiya və Cənubi Qafqazdan keçərək Çinlə Avropa İttifaqını birləşdirən və milyardlarda dollar dəyərində sərmayə yatırılan alternativ ticarət marşrutudur.

""Orta Dəhliz" mühüm məsələdir və Pekinin dəstəyinə Bakının ehtiyacı var. …Narahatlıq ondan ibarətdir ki, uzunmüddətli perspektivdə Çinlə Avropa arasında güclü marşrutun yaradılması baxımından "Orta Dəhliz"in uğuru Çindən malların davamlı axınından asılıdır", - Karneqi Rusiya Avrasiya Mərkəzinin təqaüdçüsü Zaur Şiriyev AzadlıqRadiosuna belə deyib.

"Orta Dəhliz"ə Çinin daha çox maraq və sərmayəsini cəlb etmək Azərbaycanın başlıca öncəliklərindəndir. Bu məsələ iyulda imzalanan strateji tərəfdaşlıq sazişinin də mərkəzində durur.

Sənəddə Çin ticarət marşrutunun tikilib istifadəyə verilməsinə yardım göstərəcəyini vəd edib. Bakı, beləcə, Çinin infrastruktura daha çox sərmayə qoyacağına ümid bəsləyir. Belə olarsa, marşrut daha rəqabətədavamlı olacaq və Azərbaycanın bölgədə mərkəzi qovşaq kimi rolu güclənəcək.

Ancaq Şiriyev deyir ki, yaşıl enerji, öncül texnologiya və hərbi satınalmalarda da maraqlı olan Bakının Pekinlə "əməkdaşlıq menyusu" genişdir.

Bakı limanı. Çin Bakıdan narazıdır?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Azərbaycan hökuməti Çin elektrikli avtomobil istehsalçılarının ölkədə regional istehsal qovşağı yaratmasında da maraqlı olduğunu dilə gətirib və Çin sərmayəsini aktiv şəkildə ölkəyə dəvət edib. İki ölkə arasında ikitərəfli ticarət də artmaqdadır. Ancaq bu ticarətdə balans, əsasən, Pekinin xeyrinədir. Çin Azərbaycana ən çox mal ixrac edən ölkələr arasında ikinci olan Türkiyəni üstələməkdədir. Birinci yerdə isə Rusiyadır. Ötən il Çin Azərbaycana 3.1 milyard dollar həcmində mal satıb. Bu, daha öncəki illə müqayisədə 40 faiz artım deməkdir.

"Biz daha çoxunu gözləyirik"

"Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələnməsinə qatılır, ancaq biz daha çoxunu gözləyirik", - Azərbaycan prezidentinin xarici işlər üzrə müşaviri Hikmət Hacıyev Pekində Çinin CGTN dövlət kanalına müsahibəsində belə deyib.

Göründüyünə görə, ticarət və sərmayənin artması Bakını bu son addımları atmağa həvəsləndirib. Azərbaycan on illərlə iqtisadiyyatında dominant rol oynayan hidrokarbon gəlirlərindən uzaqlaşaraq diversifikasiya yolunu tutmaq niyyətindədir.

Strateji əməkdaşlıq razılaşmasında Azərbaycanın Dünya Ticarət Təşkilatına tamhüquqlu üzvlüyünü Çinin dəstəkləməsi də nəzərdə tutulub. BRICS-ə üzvlük müraciəti isə yeni bazarlara da qapı aça bilər. BRICS-in yeni üzvlər qəbul etməsi, yaxud müraciətə baxılma müddəti ilə bağlı aydın bir prosedur olmasa da, qrup yanvar ayında İran, BƏƏ, Efiopiya və Misirin də üzvlüyünü qəbul edib. Bundan başqa, xeyli sayda ölkə quruma üzv olmaqda marağını dilə gətirib.

"Bu üzvlük Bakıya BRICS ölkələrinin iri və sürətlə böyüyən bazarlarına çıxışı genişləndirmək imkanı verə, ikitərəfli ticarət razılaşmaları və Azərbaycanın iqtisadiyyatına yatırımlarla bağlı yeni imkanlar yarada bilər", - Şiriyevin sözləridir.

"Əliyev bütün əsas oyunçularla yeni balans tapmağa çalışır"

AzadlıqRadiosunun "Exo Kavkaza" xidmətinin region üzrə eksperti Vadim Dubnov deyir ki, Pekinlə yaxınlaşmanı cəlbedici edən təkcə alış-veriş və yatırım məsələləri deyil. O qeyd edir ki, Çin regionun sürətlə dəyişən geosiyasi ortamında da Bakının güvənə biləcəyi önəmli tərəfdaşdır.

Çin Avropaya yüklərini Azərbaycandan daşımağa başlayır
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Qərb güclərinin iştirakının azalması, Rusiyanınsa diqqətinin Ukraynada apardığı müharibəyə cəmlənməsi Azərbaycana xarici siyasət sahəsində daha çox manevr imkanı qazandırıb. Nəticədə Bakı Türkiyə və İranla münasibətlərini dərinləşdirə, Çini bölgədə daha geniş rol oynamağa dəvət edə bilib.

"Əliyev mövqeyini dəyişdirərək Cənubi Qafqazdakı bütün əsas oyunçularla yeni balans tapmağa çalışır. Çinlə daha güclü əlaqələr Bakıya tamamilə eyni cəbhədə oturmamaq imkanı verir", - Dubnovun sözləridir.

Ancaq Bakı ilə Pekin arasında əlaqələrin isinməsi birtərəfli proses deyil.

Azərbaycan 2020-ci ildə Ermənistanla müharibədə uğur qazanandan bəri Çinin Cənubi Qafqaza marağı artıb və Pekin ümid edir ki, Bakının regionda güclənən mövqeyi daha çox sabitliyə yol açacaq, Çinin bölgədə investisiya və nüfuzunun artmasına imkanlar yaradacaq. Ermənistandan keçərək Azərbaycanı Türkiyə ilə birləşdirən əlavə marşrutlar belə imkanlardan biri ola bilər.

Azərbaycan öz geosiyasi mövqeyindən yararlanmaq üçün başqa imkanları da nəzərdən keçirir.

"Orta Dəhliz" Rusiyadan yan keçən Şərq-Qərb marşrutu rolunu oynasa da, Ukrayna müharibəsinin dünya ticarətini silkələməsi başqa alternativlərə marağı da çoxaldıb.

"Orta Dəhliz"in böyüməsi fonunda Moskva da Beynəlxalq "Şimal-Cənub" Nəqliyyat Dəhlizinə sərmayəni artırmaq haqda düşünür. Bu marşrut Rusiyadan Azərbaycana, oradansa İran və Hindistanadək gedib çıxmalıdır.

Orta Asiya, Aİ, Rusiya və İranla güclü ticarət bağları olan Çin istər "Orta Dəhliz", istərsə "Şimal-Cənub" marşrutu ilə bağlı marağını ifadə edib. Azərbaycan öz mərkəzi coğrafi mövqeyindən yararlanaraq bunların hər ikisindən mənfəət götürmək niyyətindədir.

"Əgər Bakı əvvəllər öz enerji resurslarından Qərblə münasibətlərində [rıçaq kimi] istifadə edə bilirdisə, indi artıq beynəlxalq ticarət dəhlizləri də Azərbaycanın xarici siyasətində strateji önəmli alətlərdir", - Varşavadakı İqtisadiyyat və Humanitar Elmlər Universitetinin müəllimi Nurlan Əliyev AzadlıqRadiosuna belə deyib.

XS
SM
MD
LG