Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:54

Azərbaycan Demokratiya Sammitinə dəvət olunmayıb – Qərb mediası


ABŞ Prezidenti Co Bayden
ABŞ Prezidenti Co Bayden

"Politico"nun yaydığı siyahıda Türkiyə ilə yanaşı, Macarıstanın da adı yoxdur. Ancaq Çinin ərazisi sayılan Tayvan sammitə dəvət olunub.

ABŞ Prezidenti Co Baydenin dekabrın 9-10-da keçirməyi planlaşdırdığı virtual Demokratiya Sammitinə bir neçə həftə qalır. “Politico” dərgisi noyabrın 3-də həmin sammitə dəvət olunduğu bildirilən ölkələrin siyahısını yayıb.

Azərbaycan və Türkiyənin yer almadığı, Ermənistan və Gürcüstanın adlarının salındığı siyahı hazırda sosial şəbəkələrdə müzakirə olunsa da, AzadlıqRadiosu onun həqiqiliyini təsdiqlədə bilməyib.

"Politico" sammitlə bağlı planların ilkin mərhələdə olduğunu, vətəndaş cəmiyyəti qruplarının tədbirdən kənar qalmalarından gileyləndiklərini yazır.

İnternetin gələcəyi, texnologiya alyansı

“Politico”nun əldə etdiyi məlumata görə, Bayden komandası sammitdə “İnternetin Gələcəyi Uğrunda Alyans” adlı beynəlxalq alyans yaratmaq istəyir.

Politico-nun yazarı Nahal Tusi bu sammitin uzunmüddətli təsiri olub-olmayacağını araşdırıb. Məqalədə deyilir ki, ümumilikdə sammitlə bağlı ideyaların müxtəlifliyi Baydenin bir fikrini yada salır – avtoritarizmin yüksəldiyi bir məqamda dünyada demokratiyaların güclənməsindən ötrü azad və ədalətli seçki ritorikasından daha çox alət gərəkdir.

Karnegi Beynəlxalq Sülh Fondundan Stiven Feldşteyn də sammitin simvolikliyini vacib sayır: “Masada ilkin toplantının həll edə bilməyəcəyi xeyli məsələ var, məsələn, geriləmə müşahidə olunan daha zəif demoktratiyalarla nə etməli?”

Dərginin əldə etdiyi sənəddə texnologiya alyansı ətrafında müzakirə getdiyi bildirilir. Demokratiyaların başçılığı ilə belə bir alyans yaratmaq niyyəti isə Çin və Rusiya kimi avtoritar ölkələrdə İnternetə dövlət nəzarəti aləti kimi baxılmasını önləməklə izah olunur.

QHT-lərin harayı

“Politico” yazır ki, vətəndaş cəmiyyəti qrupları qlobal toplantıdan kənar qalmalarından məyusdurlar. Bəzi QHT liderləri və digər fəallar məktublar, memolar yazaraq onlara sammitdə vaxt ayırmaq üçün Ağ Evə təzyiq göstərirlər.

Ancaq vəziyyətdən xəbərdar mənbənin sözlərinə görə, administrasiya kənar qruplarla da fəal şəkildə işləyir, “sammit təkcə dövlət başçılarının toplantısı deyil”.

“Freedom House” insan haqları təşkilatının aparıcı rəsmisi Sara Repuççi deyib ki, “dekabrdakı tədbirin daha inkülziv olmaması utancvericidir”.

Azərbaycan bu təşkilatın hesabatlarında “qeyri-azad” ölkə kimi göstərilir. Hakimiyyət təmsilçiləri isə beynəlxalq insan haqları qurumlarının hesabatlarını qərəzli sayır, ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu deyirlər.

“Politico”nun yaydığı siyahıda Türkiyə ilə yanaşı Macarıstanın da adı yoxdur. Ancaq Çinin ərazisi sayılan Tayvan sammitə dəvət olunub.

Repuççi deyib ki, sammitin keçirilməsi azından Çin və Rusiya kimi güclənən avtoritar ölkədə siqnal göndərmək üçün vacibdir.

Yaxşı, pis, zalım

“The Bullwark” portalında Şay Xatiri “Demokratiya sammiti: Yaxşı, pis, zalım” adlı məqaləsində “Politico”nun yaydığı siyahınıtəhlil edir.

Müəllif Tayvanın siyahıya salınmasını, onunla müstəqil demokratiya ilə davranılmasını “yaxşı” hesab edir.

Pakistan, Maldivlər, Konqo Demokratik Respublikası kimi demokratiya sayılmayan, Freedom House-un uyğun olaraq “qismən azad”, “qismən azad”, “qeyri-azad” hesab etdiyi bu üç ölkənin dəvətlilər siyahısında olması isə, müəllifin fikrincə, “pis”dir.

'Freedom House' Azərbaycanı 'qeyri-azad' sayır
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

“Əfqanıstanda qalan Amerika vətəndaşlarının çıxarılması üçün Birləşmiş Ştatlara Pakistanın köməyi lazımdır. Ona görə də administrasiya Pakistanı demokratiya hesab etməlidir”, – müəllif yazır. Konqo isə iqlim dəyişikliyi üzrə siyasətdə tərəfdaşdır.

Macarıstanın siyahıya salınmamasını “zalım” hərəkət sayan müəllif baş nazir Viktor Orbanın mini-Putin olduğunu, ancaq Macarıstanın Pakistandan daha demokratik və azad ölkə sayıldığını yazır.

Əslən İrandan olan Xatiri Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində strateji araşdırmalar üzrə təhsil alıb.

XS
SM
MD
LG