Ötən il Azərbaycanda çalışma icazəsi ilə yaşayan və çalışan əcnəbilərin sayında azalma qeydə alınıb. Həmin ilin əvvəlində ölkədə 5 min 466 xarici ölkə vətəndaşı rəsmi olaraq çalışırdısa, bu ilin əvvəlində onların sayı 5 min 287 nəfərə enib. Onların 86 faizi kişi, 14 faizi qadın olub.
Manatın xarici valyutalarla müqayisədə iki dəfə dəyər itirdiyi 2015-ci ildən sonra Azərbaycanda işləyən xaricilərin sayında ciddi azalma gözə çarpır. Məsələn, cəmi 4 il öncə - 2016-cı ildə Azərbaycanda çalışan əcnəbilərin sayı 9 min 480 nəfər idi. Bu o deməkdir ki, 2016-2020-ci illərdə 4 mindən çox xarici işçi Azərbaycanı tərk edib və ölkədəki əcnəbi işçilərin sayı 45 faizə yaxın azalıb.
Cədvəl: 2016-2020-ci illərdə Azərbaycanda fəaliyyət göstərən xarici işçilərin sayı
İl |
Azərbaycanda çalışan əcnəbi işçilərin sayı |
2020 |
5 min 287 |
2019 |
5 min 466 |
2018 |
5 min 48 |
2017 |
6 min 602 |
2016 |
9 min 480 |
Əcnəbilər ən çox hansı sahələrdə çalışırlar?
Rəsmi rəqəmlərdən aydın olur ki, ötən il Azərbaycanda xarici vətəndaşların ən çox fəaliyyət göstərdiyi sənaye sahəsi dəyişib. Əgər 2019-cu ildə ölkədə ən çox mədənçıxarma sənayesində xaricilərin əməyinə ehtiyac duyulurdusa, 2020-ci ildə tikinti sektoru ön plana çıxıb. Azərbaycanda çalışan toplam əcnəbi işçilərin 30 faizə yaxını və ya 1 min 544 nəfəri məhz tikinti sektorunda işləyib. Mədənçıxarma sənayesində çalışan əcnəbilərin sayı bu ilin əvvəlində 1 min 226 nəfər olub. Beləliklə, 2016-cı ildən bəri Azərbaycanda mədənçıxarma sənayesində çalışanların sayı 60 faiz azalıb və 3 min nəfərdən 1 min 226-a enib.
Bu sənaye sahəsi ilə bağlı diqqətçəkən daha bir maraqlı məqam Azərbaycanda əməkhaqqının ən çox məhz mədənçıxarma sənayesində olmasıdır. Burada orta aylıq əməkhaqqı təxminən 3 min 300 manatdır, yəni ölkə üzrə orta aylıq əməkhaqqı miqdarından təxminən beş dəfə yüksəkdir.
Maraqlıdır ki, toplam say azalsa da, ötən il bəzi sənaye sahələrində çalışan xarici işçilərin sayında artım qeydə alınıb. Məsələn, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışan xarici işçilərin sayı iki dəfə artıb - 150-dən 301-ə yüksəlib. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində çalışan əcnəbilərin də sayı 200 nəfərdən 326 nəfərə yüksəlib.
Cədvəl: 2020-ci ildə Azərbaycanda fəaliyyət göstərən əcnəbilərin iqtisadi fəaliyyət növləri üzrə bölgüsü
İqtisadi fəaliyyət növü |
Əcnəbi işçilərin sayı |
Tikinti |
1 min 544 |
Mədənçıxarma |
1 min 226 |
Emal sənayesi |
504 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
326 |
Ticarət və nəqliyyat vasitələrinin təmiri |
301 |
Təhsil |
297 |
Kənd təsərrüfatı |
204 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
202 |
Nəqliyyat və anbar təsərrüfatı |
121 |
İstirahət, əyləncə və incəsənət |
114 |
İnformasiya və rabitə |
113 |
Digər |
335 |
Əcnəbi işçilər ən çox hansı ölkələrdən gəlirlər?
Rəsmi rəqəmlərə görə, Azərbaycanda ən çox Türkiyə vətəndaşı olan əcnəbi işçilər fəaliyyət göstərir. Bu ilin əvvəlində ölkədəki əcnəbilərin 2 min 33 nəfəri və ya bütün xarici işçilərin 40 faizi Türkiyə vətəndaşı olub. Son iki ildə Türkiyədən Azərbaycana çalışmağa gələnlərin sayında ciddi artım var. 2018-2020-ci illərdə Azərbaycandakı türkiyəli işçilərin sayı 1 min 400 nəfərdən 2 min nəfərə çatıb, başqa deyimlə, 45 faizə yaxın artıb. Türkiyə vətəndaşlarından sonra Azərbaycanda ən çox Böyük Britaniyadan gələnlər fəaliyyət göstərir. Onların sayı 640 nəfərdir.
Cədvəl: 2020-ci ildə Azərbaycanda fəaliyyət göstərən əcnəbi işçilərin vətəndaşı olduqları ölkələr üzrə bölgüsü
Ölkələr |
Əcnəbi işçilərin sayı |
Türkiyə |
2033 |
Böyük Britaniya |
640 |
Hindistan |
293 |
Rusiya |
274 |
Filippin |
184 |
İran |
184 |
Çin |
147 |
Gürcüstan |
129 |
Ukrayna |
123 |
ABŞ |
115 |