Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:44

Son 10 ildə Azərbaycan əhalisi: Nə dəyişib?


Gənc ailələr nə zaman evə sahiblənəcək?
Gözlə

No media source currently available

0:00 0:06:11 0:00

Gənc ailələr nə zaman evə sahiblənəcək?

Dövlət Statistika Komitəsi (DSK) əhali statistikasının ötənilki yekununa dair hesabatını açıqlayıb. Bu hesabat son illərdə baş verən dəyişiklikləri görmək imkanı yaradır. 2011-ci ilin sonunda Azərbaycan əhalisinin sayı 9 milyon 111 min nəfər idi. On il sonra - 2021-ci ilin sonunda həmin göstərici 10 milyon 156 min nəfərə yüksəlib. Deməli, son 10 ildə Azərbaycan əhalisini sayı 1 milyon 45 min nəfər və ya 11.5 faiz artıb.

65 yaşdan yuxarı şəxslərin sayı çoxalır

Son 10 ildə ölkə əhalinin yaşlanması daha çox diqqət çəkir. Yaşlı vətəndaşlar toplam əhali arasında daha çox yer tutmağa başlayıb. Məsələn, 2011-ci ildə Azərbaycanda 65 yaşı aşan 528 min insan vardı. Bu, bütün ölkə əhalisinin təxminən 5.8 faizi idi. Ötən ilin sonunda Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin sayı 800 min nəfərə çatıb. Başqa deyimlə, həmin əhali 10 il içində xeyli artıb və 65 yaşı aşan şəxslər ölkə əhalisinin, az qala, 8 faizinə yaxınlaşıb.

Maraqlıdır ki, son illər ölkədə yaşlı şəxslərin sayı çoxalsa da, pensiya alanların sayı, tam tərsinə, azalıb. Belə ki, 2011-ci ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 831 min nəfər olub. 2021-ci ildə onların sayı 707 min nəfərə enib. Başqa sözlə, 10 il ərzində yaşa görə pensiya alanların sayı 124 min nəfər azalıb.

Ölkədə yaşlıların sayı çoxalsa da, yaşa görə pensiya alanların sayca azalması pensiya şərtlərinin ağırlaşdırılmasından qaynaqlanıb. 2017-ci ildə pensiya sisteminə dəyişikliklərdən sonra pensiya yaşı 65-ə yüksəldilib, üstəlik, ən azı, 25 il iş stajı istənib. Minimum pensiya kapitalı tələblərinin yüksəldilməsi də Azərbaycanda hətta 65 yaşı haqlayanların pensiya almasını çətinləşdirib.

Qanunvericilikdə minimum iş stajı və ya pensiya kapitalına sahib olmayan şəxslərə müavinət verilməsi nəzərdə tutulur. Rəsmi rəqəmlərdən aydın olur ki, pensiya ala bilmədiyindən yaşa görə müavinət təyin edilənlərin sayında ciddi artım var.

2011-ci ildə Azərbaycanda cəmi 17 min nəfər yaşa görə müavinət aldığı halda, 2021-ci ildə bu say 100 minə çatıb. Azərbaycanda yaşa görə pensiya hüququ əldə etməyənlərə verilən müavinətin məbləği cəmi 180 manatdır.

2011-2021-ci illərdə Azərbaycanda gənc əhalinin sayca azalması da diqqət çəkir. Belə ki, 2011-ci ildə Azərbaycanda 30 yaşdan aşağı vətəndaşların sayı 4 milyon 700 min nəfər idi. Həmin vaxt ölkə əhalisinin 51 faizi elə 30 yaşa çatmayan əhali qrupuydu. Ötən ilin sonunda ölkədə 30 yaşdan aşağı yaş qrupundakıların sayı 4 milyon 533 min nəfər olub. Deməli, 10 il boyunca bu yaş qrupundakıların sayı 170 min nəfərə yaxın azalıb. Hazırda ölkə əhalisinin cəmi 45 faizi həmin yaş qrupuna daxildir.

Ali təhsillilərin sayı artıb

Son 10 ildə ölkə əhalisinin təhsil səviyyəsində də dəyişikliklər gözə çarpır. 2011-ci ildə Azərbaycanda 897 min nəfər ali təhsilli şəxs olub. O vaxt ölkədə 15 yaşı aşan əhalinin 12.9 faizi ali təhsilliydi. Ötən ilin sonuna ölkədə ali təhsilli şəxslərin sayı 1 milyon 107 min nəfərə çatıb. Yəni, son 10 ildə ölkədə ali təhsilli şəxslərin sayı 210 min nəfər çoxalıb. Hazırda 15 yaşdan yuxarı ölkə əhalisinin 14.4 faizi ali təhsillidir.

2011-ci ildə 15 yaşdan yuxarı ölkə əhalisinin 8.8 faizinin orta ixtisas təhsili, 65 faizinin tam orta təhsili (11 illik), 13.4 faizininsə ümumi orta təhsili vardı (9 illik). 10 il sonra bu göstəricilər, uyğun olaraq, 8.8 faiz, 64.1 faiz və 12.6 faiz olub.

İkinci Dünya müharibəsindən bəri ilk dəfə

Son 10 ildə Azərbaycanda əhali statistikasında diqqətçəkən daha bir məqam kişi və qadınların sayıdır. Son illərdə Azərbaycanda qadınlarla müqayisədə kişi sayı daha çox sürətlə artır. Bu üzdən, ölkə əhalisi arasında qadın və kişilərin sayı arasındakı fərq getdikcə azalır. Məsələn, 2011-ci ildə Azərbaycanda qadınların sayı kişilərin sayından 77 min nəfər daha çox idi. Həmin vaxt ölkədə hər min kişiyə 1 min 17 qadın düşürdü. 2021-ci ilin sonunda Azərbaycanda qadın və kişilərin sayları arasındakı fərq cəmi 7 min nəfər olub. Nəzərə almaq lazımdır ki, İkinci Dünya müharibəsinədək Azərbaycanda kişilərin sayı qadınların sayından çox idi. Ancaq həmin savaşdan sonrakı illər ərzində ölkədə qadınların sayı kişilərdən çox olub. Son tendensiyaya əsaslanaraq demək olar ki, bu il hər hansı gözlənilməz hadisə baş verməsə, Azərbaycanda ilk dəfə kişi sayı qadınları sayca ötəcək.

XS
SM
MD
LG