Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:47

'Quraqlıqdan necə qorunaq' sualını cavablamaq asan deyil?


Kürün quruması haqda fermerlər: 'Biabırçılıqdır. Bu saat əkindən gəlirəm, su yoxdur'
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Kürün quruması haqda fermerlər: 'Biabırçılıqdır. Bu saat əkindən gəlirəm, su yoxdur' (2023)

"Quraqlıq dövründə əkin sahələrini vaxtında suvara bilmədik. Bu da məhsulu azaltdı. Məhsuldarlığın yüksək olması fermerin ən böyük arzusudur. Qazancımız bundan asılıdır. Quraqlıq əkin sahələrimizdən proqnozlaşdırılan məhsulu götürməyə imkan vermədi".

Salyan rayonu Sarvan kəndinin sakini Natiq Qaraşov AzadlıqRadiosuna belə deyib. O, quraqlıq üzündən əkin sahələrini vaxtında və yetərli dərəcədə suvara bilmədiklərini, nəticədə sahələrin şoranlaşdığını deyir. N.Qaraşov dövlətdən qismən dəstək gördüyünü, ancaq bunun yetmədiyini bildirib: "Yerli icra orqanlarının təşəbbüsü ilə baş kanallar vaxtında qazıldı. Bu, bəlli dərəcədə əlimizdən tutdu. Əkinçilər olaraq gücümüzü səfərbər edib drenaj kanalların vaxtında təmizlənməsinə çalışırıq".

Dünya Bankının hesabatına görə, Azərbaycan quraqlığa qarşı müdafiəsizdir. Hesabatda burada quraqlıqların tez-tez yaşandığına da diqqət çəkilir. Ötən il Kürün səviyyəsi hədsiz azaldığından bir çox sahənin suvarılmasında ciddi çətinliklər olub.

"Suyun 40 faizi itkiyə gedir"

Əkinçi Natiq Qaraşov torpaq suvarma kanalları üzündən suyun 40 faizinin itkiyə getdiyini deyir: "Quraqlıqla mübarizəyə dəstəyi səbirsizliklə gözləyirik. Mübarizə üsulu kimi su ehtiyatının yığılmasını deyə bilərəm. Damcı üsulu ilə suvarma da işə yarayır. Bir də dəstək o ola bilər ki, suvarma kanalları torpaq olmasın, müəyyən borularla bunu etmək mümkündür ki, su itkiyə getməsin".

Xəzərin səviyyəsi 18 metr düşəcək: Milyonlarla insana təsiri olacaq
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

"Su qıtlığına görə Azərbaycan orta riskli qrupa aiddir"

Ekspert Ayan Şamçıyeva AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda quraqlığa təkcə iqlim dəyişikliyi deyil, kənd təsərrüfatında proseslərin düzgün aparılmaması, vaxtında çözüm yollarının tapılmaması da səbəb olur: "Azərbaycan quraqlıq gözlənilən ölkələrdəndir. Biz hazırda quraqlıq yaşayırıq. Xəzər dənizində suyun səviyyəsi azalır, bəzi rayonlarda quraqlıq üzündən su qıtlığı yaranır, şəhərlərə köç adi hal alır. Qısası, iqlim miqrasiyalarının olduğu bir ölkədəyik hazırda. Bu problemlər artdıqca iqlim dəyişikliyi daha da kəskinləşəcək. Su qıtlığına görə Azərbaycan orta riskli qrupa aiddir. Düşünürəm ki, bu da arta bilər".

Xəzər dənizində suyunun səviyyəsi sürətlə aşağı düşür. Son iki-üç əsrdə Xəzərdə səviyyə təxminən 10 metrədək azalıb. Təkcə son 10 ildə üç metr azalmadan söhbət gedir. Bu, iqlim dəyişikliyinin Azərbaycana təsiri sayılır.

Quraqlıq və iqlim dəyişikliyi

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib və Tərəflər Konfransının (COP) 29-cu toplantısı da Bakıda keçiriləcək.

"Azərbaycan COP29-a seçiləndən sonra öz planını yenilədi. Sadəcə, problem ondadır ki, həmin sənəddə yazılıb ki, biz öhdəlik olaraq 2050-ci ilədək istixana qazlarını 40 faiz (1990-cı il səviyyəsinə nisbətdə) azaltmalıyıq. Həmin sənəddə yaxın, orta, uzaq hədəflərin qoyulması, nəyin necə ediləcəyi ilə bağlı izahlar olmalıdır. Amma mən bir mütəxəssis kimi o sənəddə, təəssüf ki, bu suallarıma cavab tapa bilmədim. Qısaca, hələ də Azərbaycanın dövlət səviyyəsində təyin olunmuş trayektoriyası yoxdur. Varsa belə, bizim buna əlçatımlılığımız yoxdur", - A.Şamçıyevanın sözləridir.

Üç il öncənin statistikasına görə, Azərbaycanda istixana qazlarının həcmi 58.1 milyon tondur. Bu rəqəm 2000-ci ildə 42.2 milyon ton, 1990-cı ildə 78.9 milyon ton olub.

Dünya Bankının (DB) Azərbaycanda iqlim göstəricilərinə dair hesabatına da deyilir ki, indiki gedişat sürsə, ölkədə istixana qazlarının emissiyası 2050-ci ilədək (1990-cı illə müqayisədə) 30 faiz azalacaq. DB bunu Azərbaycanın iqtisadi strukturu ilə əlaqələndirir.

'Monopoliyadır, imkan vermirlər!' - Azərbaycanda külək enerjisi niyə zəif inkişaf edib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

"Azərbaycanın öhdəsinə karbohidrat istehsalını artırmaq düşür..."

İqtisadçı Asif İbrahimov bildirib ki, beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının müəyyən hesabatları heç də hər zaman gerçəyi əks etdirmir. O, yaşıl enerjiyə keçid və qalıq yanacaqlardan istifadə məsələsində Azərbaycanın balanslı işlər görməli olduğunu söyləyib: "İstixana effekti yaradan qazların emissiyalarının azaldılması və s. məsələlər ön plana çıxarılır. Amma bir məsələ də var - Yaşıl enerjiyə tam keçid dünyanın heç bir ölkəsində gerçəkləşdirilməyib. Rusiya Ukraynaya savaş açandan sonra Rusiyaya tətbiq olunan qadağa və sanksiyalar bəlli məhdudiyyətlər formalaşdırıb. 1979-cu ildən bəri İrana da onlarla sanksiya qoyulub. Bununla da regionda ən böyük tədarükçü Azərbaycan olur. Azərbaycanın öhdəsinə bir tərəfdən karbohidrat, yəni neft və qaz istehsalını artırmaq düşür, digər tərəfdən də ölkə ətraf mühitin qorunması üçün yaşıl enerjiyə keçməlidir. Bu istiqamətdə ölkə gerçəkdən balanslı işlər görməlidir".

İqtisadçı Pərviz Heydərovun fikrincə, istixana effekti yaradan qazların azaldılması, yaşıl enerjiyə keçid kimi məsələlərin həlli həm uzun zaman tələb edir, həm də yüksək texnologiya və sərmayə yatırımı: "Azərbaycan ənənəvi enerji resursları ölkəsi sayılsa da, COP29-a ev sahibliyi etməklə dünya ölkələri ilə birgə olduğunu nümayiş etdirir. Azərbaycanda karbon emissiyalarının azaldılması, eləcə də qalıq yanacaqdan asılılığı azaltmaq üçün gərəkli tədbirlər görülür".

"Neftdən asılılıq o vaxt bitəcək ki…"

P.Heydərov elektromobillərin ölkəyə gətirilməsinə görə rüsumların ləğv olunmasını, bərpaolunan enerji mənbələrindən istifadəyə çalışmaqla karbon emissiyalarının azaldılmasını belə tədbirlərdən sayır: "Qaldı Azərbaycanın neft asılılığından azad olması məsələsinə, biz dünyada gedən proseslərin içindəyik. Necə ki Avropanın inkişaf etmiş ölkələri, ABŞ başda olmaqla bərpaedilən enerji mənbələrindən istifadəyə can atırlar, biz də bu sahədə bütün vəzifələri yerinə yetirməyə hazır olduğumuzu göstərir və bu istiqamətdə addımlayırıq. Amma neftdən asılılıq o vaxt bitəcək ki, bu, qlobal miqyasda öz əksini tapsın. Yalnız ondan sonra bizdə görünməyə başlayacaq. Hələ dünya ənənəvi enerji resurslarından asılılıqdan qurtarmayıb, sadəcə, danışıqlar aparılıb. Ona görə də hələ bir müddət bizim əsas gəlirlərimizi neft və qaz resursları təşkil edəcək".

Ekspert A.Şamçıyeva Azərbaycanda neft sektorunun inkişafını istixana qazlarının emissiyasının azaldılmamasının əsas səbəbi sayır: "2016-cı ildə Azərbaycanda 40 faizdən 30 faizədək azalma oldu. Yəni hədəf yaxın idi, amma neft istehsalının artırılması və s. səbəblər səviyyəni yenə artırdı. Düzgün trayektoriya, yaxın, uzaq, orta hədəflər olmasa, bu arzulanmaz artım davam edə bilər".

Dünya Bankının hesabatına görə, dünyada istixana qazlarının emissiyası 1990-cı illə müqayisədə 2020-ci ilədək təxminən 50 faiz artıb. 2020-ci ildə göstəricilər 2019-cu ilə nisbətən aşağı olsa da, hələ də kritik sayılır. Bu böhranlı durumda Azərbaycanın da payı danılmazdır.

XS
SM
MD
LG