Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:40

Azərbaycan olimpiadanı qızıl medalsız başa vurub


Azərbaycan idmançısı İrina Zaretska (sağ) və Misir idmançısı Feryal Abdelaziz, 7 avqust 2021, Tokio
Azərbaycan idmançısı İrina Zaretska (sağ) və Misir idmançısı Feryal Abdelaziz, 7 avqust 2021, Tokio

Karateçi İrina Zaretska “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Azərbaycanın aktivinə növbəti - üçüncü gümüş medalı yazdırıb.

61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İ.Zaretska Olimpiya çempionu adı uğrunda görüşdə Misir karateçisi Feryal Abdelazizə uduzaraq (0:2) gümüş medala sahib olub.

Qrup mərhələsində İ.Zaretska ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. O, növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub - 3:2. Üçüncü qarşılaşmada qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzan Azərbaycan karateçisi sonuncu döyüşdə türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı məğlub edib.

Qrupda keçirdiyi görüşlərin üçündə qələbə qazanan və bir qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Yarımfinalda Çin idmançısı Qun Lini 7:2 hesabı ilə məğlub edən İ.Zaretska həlledici mərhələdə iştirak hüququ qazanıb.

Beləliklə, Azərbaycan idmançılarının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb. Olimpiadaya 44 idmançı ilə qatılan bu komanda 3 gümüş və 4 bürünc medal qazanıb. Gümüş medalları Azərbaycanın aktivinə karateçilər Rafael Ağayev, İrina Zaretska, sərbəst güləşçi Hacı Əliyev yazdırıblar. Bürünc medallara isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges, yunan-Roma güləşçisi Rafiq Hüseynov və qadın güləşçi Mariya Stadnik sahib olublar.

Azərbaycanın Olimpiya komandası “Atlanta-1996”dan sonra ilk dəfə olimpiadanı qızıl medalsız başa vurub.

Bu Yay Olimpiya Oyunları rəsmi olaraq iyulun 23-də başlayıb.Olimpiada avqustun 8-dək davam edəcək.

"Tokio-2020" Yay Olimpiya Oyunları adından da göründüyü kimi 2020-ci ildə keçirilməliydi.Amma koronavirus pandemiyası üzündən təxirə salınmışdı.

Xatırlatma

Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Bu ölkənin Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

XS
SM
MD
LG