Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:47

'100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Baş nazir Fətəli xan Xoyski [4-cü yazı]


Fətəli xan Xoyski
Fətəli xan Xoyski

Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Şəkidə doğulub. Ulu babası Cəfərqulu xan Xoy xanı olduğundan, bu soyadı daşıyıb. Təhsilini Gəncə (o vaxt Yelizavetpol – red) gimnaziyasında alıb. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir neçə il ixtisası üzrə çalışandan sonra Yelizavetpol quberniyasından Rusiyanın Dövlət Dumasına millət vəkili seçilib. Dumada “Müsəlman fraksiyası”nda çar Rusiyasının əsarəti altında yaşayan müsəlmanların - türklərin hüquqlarını müdafiə edib. 1918-ci ildə qurulan Zaqafqaziya Seyminin üzvü olub. Seymin dağılmasından sonra müsəlman-türk fraksiyası Tiflisdə toplaşıb Azərbaycan Milli Şurasını yaradıb. Mayın 28-də Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni açıqlayıb və hökuməti təşkil etməyi F. Xoyskiyə tapşırıb.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir? [1-ci yazı]

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Azərbaycan Cümhuriyyətinin ilk baş naziri olan Xan Xoyski bütün həyatı boyu Azərbaycanda hüquq və anlaşmaya tapınacaq bir dövlət qurmağa can atıb və Cümhuriyyət dönəmində heç bir siyasi partiyaya qatılmayıb. Çar parlamentində deputat olduğu dövrdə kadet, yəni konstitusiyalı demokratlar partiyasının üzvü olması da türk və müsəlman əhalinin istəklərinin daha geniş təbəqələrə çatdırmaq məqsədi daşıyıb. Cəmiyyətdə hüquq və azadlıqların uyumu, müxtəlif din, etnos və mədəniyyətlərin dialoqu Fətəli xandan ötrü, sadəcə, gəlişigözəl deyimlər deyil, azad və ləyaqətli yaşamın danılmaz şərtləri sayılıb…

XAN XOYSKİ TARİXÇİLƏRİN DİLİYLƏXan Xoyskidən bəhs edərkən, dönəmin çəkişməli mənzərəsindən söz açmaq vacibdir. Bütün dünyanın qaynadığı bir vaxtda cümhuriyyət sevdasına düşmək çoxunun gözündə bir dəlilik təsiri bağışlaya bilərdi. Axı çox yerdə bir dövlət qurmaq deyil, sadəcə, adi bir insan kimi sağ qalmaq savaşı gedirdi.

Tarixçi-alim Firdovsiyə Əhmədova həmin dövrdə Azərbaycanın durumuna diqqət çəkir: “İlk növbədə Bakını azad etmək lazım idi. Hökumətin maliyyəsi yox dərəcəsində idi. Ərazisi öz hakimiyyəti altında deyildi. İngilis-Britaniya hərbi qüvvələri, eser-menşevik-daşnakların hərbi qüvvələri - bunlara qarşı mübarizə aparmaq lazım idi. Yeganə istinad olunacaq beynəlxalq qüvvə Osmanlı idi. M.Ə.Rəsulzadənin başçılıq etdiyi heyət Osmanlıda Azərbaycan Cümhuriyyətinin nümayəndə heyəti idi. Nəzərdə tutulmuşdu ki, İstanbul konfransı açılsın. Rəsulzadə ilə Xan Xoyskinin o dövr məktublaşmalarına baxanda bütün bunlar üzə çıxır. İlk növbədə, Bakının azad edilməsi!”.

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

İKİNCİ HÖKUMƏT

“Daha sonra Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi, ölkədə hərbi vəziyyətin elanı, tarixi adların bərpası gerçəkləşdi. Ən önəmlisi, iyulun 15-də Fövqəladə Tədqiqat Komissiyası yaradılması barədə qərar verildi. I Dünya Müharibəsi dövründə Cənubi Qafqazda müsəlmanlara qarşı törədilmiş qarət və qırğınlar araşdırılacaqdı. Təbii ki, ağırlıq 1918-ci il mart qırğınlarının üzərinə düşürdü. Məktəblərin milliləşdirilməsi, dərsliklərlə təchiz və s. də gündəmdəydi. Və mən deyərdim ki, Azərbaycan dövlət quruculuğunun qanunvericilik funksiyasının beşiyi məhz ikinci hökumət dövrü ilə bağlıdır. Sonralar parlament açılanda, bu təməl üzərində həmin məsələlər həyata keçirildi”.

2-ci Dövlət Duması üzvləri. Oturanlardan soldan 1-ci Fətəli xan Xoyski, 5-ci Xəlil Xasməmmədov
2-ci Dövlət Duması üzvləri. Oturanlardan soldan 1-ci Fətəli xan Xoyski, 5-ci Xəlil Xasməmmədov

FƏTƏLİ XANIN ÖLÜMÜ

“1920-ci il iyunun 19-da Fətəli xan “Daşnaksütyun” partiyasının təmsilçisi olan qatil tərəfindən Tiflisdə öldürüldü. 1918-ci ilin yazından sentyabra - Bakı azad olunanadək ermənilər müsəlman əhaliyə qarşı kütləvi qırğınlar törətmişdilər. Osmanlı ordusu və sentyabrın 17-də Bakıya köçən Cümhuriyyət hökuməti nə qədər çalışsa da, -bu barədə Fətəli xan Xoylunun birbaşa sərəncamları və göstərişləri var, - əhalini qisasçılıq hislərindən qoruya bilməmişdilər... Ermənilər bu günün özündə də, özlərinə məxsus şəkildə 1918-ci il mart qırğınlarından bəhs olunanda, sentyabr hadisələrini yada salır, guya o dövrdə ermənilərin də kütləvi qətlindən bəhs etməyə çalışırlar. Və bu zəmində də, Fətəli xan Xoylunun o dövrdə hökumət başçısı olduğunu əsas götürərək, işğaldan dərhal sonra onu qətlə yetirdilər”.

Buna da bax: ‘100-ə nə qaldı?’: Nə üçün Gəncə? [3-cü yazı]

FƏTƏLİ XANIN MƏŞHUR DEYİMLƏRİ:

Azərbaycan Cümhuriyyətinin yaradılması münasibətilə deyib: “Bu gün öylə böyük və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görə bilməzdik. Hökumətin fəaliyyətində nə qədər qüsur və nöqsan olmuşsa da, yol göstərən işıqlı yıldızı bu olmuşdur: millətin hüququ, istiqlalı və xeyiri!”

1918-ci il sentyabrın 15-də Bakının azad olunması münasibətilə deyib: “Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və s. texnki qurğu, heç bir ingilis, heç bir qüvvə və havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır”. (“Azərbaycan” qəzeti, 19.IX.1918, №2)

Firdovsiyə Əhmədova: "İlk növbədə Bakını azad etmək lazım idi..."
Gözlə

No media source currently available

0:00 0:14:35 0:00
Direct-ə keçid

İNGİLİS GENERALI TOMSONLA FƏTƏLİ XAN XOYSKİNİN GÖRÜŞÜ

Nağı bəy Şeyxzamanlının “Azərbaycan İstiqlal mücadiləsinin xatirələri” kitabından (İstanbul.1964-cü il):

Buna da bax: Əli Kərimli: 'İlham Əliyev Cümhuriyyət dəyərlərinə sadiq olsaydı...' [video]

“Üç nəfərlik bir nümayəndə heyəti vaxtilə İran Ənzəlisinə sığınmış ingilis qüvvələrinin komandanı general Tomsonla görüşmək məqsədi ilə Ənzəliyə gedir. Birinci Dünya Müharibəsindən qalib çıxan ingilis qüvvələrinin məğrur generalı Tomson heyətlə müzakirə aparmağı lüzum görməyir və son söz olaraq «Bizim öyrəndiyimizə görə Azərbaycan xalqının ümumi arzusundan doğan bir respublika yoxdur. Ancaq Türk komandanlığının intriqası ilə təşəkkül tapmış bir hökumət vardır. Madam ki, siz bunun əksini iddia edirsiniz, o halda gəlib tədqiqat apararıq”, - deyir. Beləliklə, Azərbaycan xalqını və hökumətini saya salmayan general Tomson Ənzəlidə olan ingilis qüvvələrini Bakıya göndərir. Eyni zamanda rus generalı Biçeraxov da ruslardan və ermənilərdən təşkil olunmuş qüvvəsini Bakı limanına çıxarır. İngilislər və ruslar xalq arasında ayrı- ayrı məzmunlu bəyannamələr yayırlar. Ermənilər və ruslar sevinc içərisində şənlik etdikləri halda, Azərbaycan türkləri kədərli, dərdli halda hökumətlərinin nə qərar verəcəklərini gözləyirdilər. Belə bir vəziyyətdə Azərbaycanın Dövlət rəisi mərhum Fətəli xan general Tomsonla görüşür. Onların söhbətləri çox mübahisəli və sərt olur. General Tomson Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiqi olan rusların torpağına gəldiyini söyləyir. Fətəli xansa Azərbaycan xalqının qərarı və istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini və bunun bütün dünya dövlətlərinə bildirildiyini söyləyir. Fətəli xan sözlərinə davamla: “Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız”, - deyir. General Tomson da: “Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm” cavabını verir. Fətəli xan da: “Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm”, - deyir. Bu cavab qarşısında general Tomson tərcüməçiyə dönərək “Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə qurduğunuz Cümhuriyyətin ordusu hələ qurulmamışdır”, -deyir. Fətəli xan tərcüməçiyə: “General həzrətlərinə söyləyin ki, o, yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrinin nə olduğunu bilmir, ya da hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməzdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik” cavabını verir. Soyuqqanlı ingilis millətinin generalı məsələni belə görüb yumşaq danışmaq üsuluna keçir və «ancaq hökumət rəhbəriniz Mirzə Əsədullah bəy olacaq» deyir. Fətəli xan: «Qətiyyən ola bilməz. Bu təklifiniz bizim daxili işlərimizə müdaxilədir. Biz bu təklifı qəbul edə bilmərik» deyə onun sözünü kəsir. Hər iki tərəfin qəbul etdikləri anlaşma nəticəsində idarə Azərbaycan idarəsi olacaq. Bakı şəhərində yalnız ingilis hərbi qüvvələri qalacaq. İngilislərlə Bakıya gəlmiş rus generalı Biçeraxovun süvariləri ilə birlikdə Azərbaycanı tərk edəcək. Azərbaycan ordusu Bakı şəhərinə girməyəcək və Azərbaycan daxilində Osmanlı ordusu qalmayacaq...”

“Cümhuriyyət-100 davam edəcək.

XS
SM
MD
LG