Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:27

Yataqxanadan köçürülməsini gözləyən 100 ailə


Arxiv fotosu
Arxiv fotosu

-

«Yataqxana keçmiş Lenin adına Toxuculuq Kombinatına məxsus olsa da, bu müəssisədən gəlib binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy vermirlər. 30-40 il kombinatda işləmişik, ancaq qaldığımız kiçik otaqların təhlükəli olması ilə heç kim maraqlanmır»

«Bu binanın azı 60 yaşı var. İstismar müddətini çoxdan başa vurub. Yaşamaq olduqca təhlükəlidir. Hər an binanın başımıza uçmaq təhlükəsi var. Armaturları da çürüyüb».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Lenin adına keçmiş toxuculuq kombinatının yataqxanası olmuş 2 saylı yataqxananın sakinləri deyir.

«30-40 İL KOMBİNATDA İŞLƏMİŞİK»

Yataqxana Xətai rayonu, Cavanşir küçəsi 10 ünvanda yerləşir. Burada azı 100 ailə yaşayır. Sakinlərin ümumi sayı isə azı 400 nəfərdir.

Yataqxananın sakini Ələsgər Hüseynovun sözlərinə görə, 40 ilə yaxındir ki, binanın divarları və tavanı çatlayıb. Bir tərəfinin özülü çöküb, zirzəmi isə çirkab su ilə dolub. Balkonlara çıxmaq da təhlükəlidir, binadan aralanmış vəziyyətdə olan balkonlar hər dəqiqə uça bilər:

30-40 il kombinatda işləmişik, ancaq qaldığımız kiçik otaqların təhlükəli olması ilə heç kim maraqlanmır. Problemin həllini bir-birinin üstünə atırlar

«Binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir çox qurumlara dəfələrlə şikayət etmişik. Ancaq maraqlanan olmayıb. Yataqxana keçmiş Lenin adına Toxuculuq Kombinatına məxsus olsa da, bu müəssisədən gəlib binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy vermirlər. 30-40 il kombinatda işləmişik, ancaq qaldığımız kiçik otaqların təhlükəli olması ilə heç kim maraqlanmır. Problemin həllini bir-birinin üstünə atırlar».

Bu ilin martında binanın 4-cü mərtəbəsində uçqun olub. Sakinlər bir neçə qurumun qapısını döyüb kömək istəsələr də, səslərinə səs verən olmayıb. Nəhayət, avqustun 27-də Prezident Administrasiyasının qarşısına toplaşıblar. Ancaq yenə müsbət nəticə əldə olunmayıb.

TAVAN ÇÖKÜB, MƏTBƏX DAĞILIB

Yataqxana sakini Elmira Əliyeva:

4-cü mərtəbənin tavanı çökdü. Nəticədə 3-cü mərtəbənin mətbəxi də dağıldı

«4-cü mərtəbənin tavanı çökdü. Nəticədə 3-cü mərtəbənin mətbəxi də dağıldı. Xətai Rayon İcra Hakimiyyəti də daxil olmaqla, bir neçə qurumdan gəlib mətbəxlərin qapılarını bağladılar. O vaxtdan yeməyi dəhlizdə hazırlayırıq».

Sakinin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dəfələrlə binaya baxış keçiriblər. Bu gedişlə binanın uça biləcəyini də deyiblər. 4-cü mərtəbədəki uçqundan sonra isə ailələrin bir neçəsi qorxudan evlərini tərk ediblər:

«Əvvəl dağılışdıq, hərəmiz bir dərəyə getdik. Ancaq qohum-qonşu evində nə qədər qalasan? Məcbur olub yenə hərə öz evinə qayıtdı. Bu binada 5 dəqiqədən sonra nə baş verəcəyini düşünəndə adamın canına üşütmə düşür».

«ÖZÜMÜZ DÜZƏLTMİŞİK»

Sakinlər bildirirlər ki, uzunmüddətli təmirsiz istismar nəticəsində binanın mühəndis-kommunikasiya xətləri də sıradan çıxıb. Əgər özləri qollarını çırmalamasaydılar, vəziyyətləri indikindən daha ağır olardı.

Elmira xanım:

«Kanalizasiya xətlərini özümüz düzəltmişik. Ancaq bacardığımız kimi düzəltmişik. Hər dəfə borular partlayanda bütün mərtəbələr çirkab sulara qərq olur. Uzunboğaz çəkmə, fəhlə əlcəyi geyinib, özümüzə əl qatıb düzəldirik. Çox keçmir ki, yenə partlayır. Yuxarı mərtəbələrdəki evlərdən aşağı evlərə çirkab su damır. Divarlar çat-çatdır, çox yerdən aralanıb, pilləkənlər sürüşüb və divardan aralanıb. Divarları nəmişlikdən kif basıb, üfunətdən burada yaşamaq olmur».

Xətai rayon İcra Hakimiyyətindən bildiriblər ki, binanın qəzalı vəziyyətə düşməsinin bir səbəbi də sakinlərin özbaşına artırma işləri aparmasıdır.

Qurum binada möhkəmləndirmə və təmir işləri aparmağı nəzərdə tutub.

Yataqxana binası 1958-ci ildə tikilib. 15 il əvvəl zəlzələ olanda özüldən silkələnərək qəzalı vəziyyətə düşüb.

XS
SM
MD
LG