Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:36

Azərbaycana kredit ayıran qurumlar


World Bank
World Bank

İqtisadiyyat Nazirliyi ötən il Azərbaycanın beynəlxalq maliyyə qurumlarından aldığı kreditlər barədə məlumatı açıqlayıb.

Dünya Bankı (DB), Asiya İnkişaf Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) əsas donorlar olub.

Dünya Bankı ilə «Magistral Yol-III» layihəsi üzrə 140 milyon ABŞ dolları və «Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi» layihəsi üzrə 66.7 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirmə sazişləri imzalanıb.

Buna da bax:​ Hökumətin 13 il əvvəl verdiyi qərar [video]

DB-nin Direktorlar Şurası «Cənub Qaz Dəhlizi» (CQD) çərçivəsində TANAP layihəsi ilə bağlı builki xərclərin maliyyələşdirilməsinə Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə 400 milyon ABŞ dolları, Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi vasitəsilə (hər ikisi DB qrupu üzvüdür) 750 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

Əsas istiqamətlər enerji və yol layihələridir

«Azərbaycanın elektrik enerjisi paylayıcı şəbəkəsinin genişləndirilməsi" layihəsi üzrə AİB-lə 750 milyon ABŞ dolları dəyərində kredit vəsaitinin ayrılmasını nəzərdə tutan çoxtranşlı maliyyələşmə mexanizminin (CMM) çərçivə sənədi, bu layihənin birinci tranşı çərçivəsində 250 milyon ABŞ dolları dəyərində kredit sazişi imzalanıb. AİB-in «Kontrtsiklik dəstək proqramı» çərçivəsində dövlət zəmanəti ilə 500 milyon ABŞ dolları həcmində kredit sazişi bağlanıb.

Buna da bax:​ İ.Əliyev: 'Azərbaycana kredit almaq problem deyil'

CQD çərçivəsində «Şahdəniz-2» qaz yatağının istismar xərclərinin maliyyələşdirilməsi üçün Azərbaycana özəl xətt üzrə 500 milyon ABŞ dolları, zəmanət üzrə 526 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını AİB-in Direktorlar Şurası ötən il təsdiqləyib.

2016-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankı «Avtomobil yollarının təmiri və bərpası» layihəsi üzrə 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılması haqda Azərbaycan hökumətinin müraciətinə müsbət cavab verib. Bu vəsait Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi magistral avtomobil yolunun birinci kateqoriyaya çatdırılmasına, yəni əlavə iki zolağın tikilməsinə yönəldiləcək.

Bank hökumətlə yanaşı, özəl şirkətlərə də kredit verib. AYİB Azərbaycan şirkətlərinin 9 biznes layihəsinə 63 milyon avro məbləğində kredit ayırıb. AYİB-lə münasibətlərdə proses birtərəfli olmayıb. Ötən il Dövlət Neft Fondu bankın səhm fonduna 100 milyon avro həcmində kapital yatırıb.

Buna da bax:​ Ekspert: 'İqtisadi siyasət iflasa uğrayıb'

2016-cı ilin iyununda Azərbaycan 254.1 milyon ABŞ dolları (bankın kapitalının 0.2541 faizi) həcmində iştirak payı ilə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) tamhüquqlu üzvü olub. Dekabrda bank 600 milyon dollarla TANAP layihəsinin maliyyələşdirilməsində iştirak qərarını təsdiqləyib.

Özəl bankların da «qapısı döyülür»

Ötən il Societe Generale, BNP Paribas və HSBC Bankının Fransa filialı ilə Azərbaycan hökuməti arasında «50 ədəd lokomotivin alınması» layihəsi üzrə 276 milyon 995 min avro dəyərində kredit sazişi imzalanıb.

İl boyunca ABŞ İxrac-İdxal Bankının zəmanəti ilə Amerikanın “Citibank” və “Bayern LB” banklarından dövlət zəmanəti ilə 192 milyon 289 min ABŞ dolları məbləğində kredit cəlb olunub. Bu vəsait 2007-ci ilin fevralında «Boeing» şirkəti ilə imzalanmış «Boeing 787-8» tipli sərnişin təyyarəsinin və 1 ədəd ehtiyat mühərrikinin alınması tələb olunan ödənişin həyata keçirilməsinə xərclənəcək.

Buna da bax:​ Azərbaycanın reytinqi 'zibil' səviyyəsində qalsa da...

"Societe Generale" Bankı ilə 151 ədəd «İveco Urban Way» markalı avtobusların alınması məqsədilə 32 milyon 205 min avro məbləğində kredit sazişi də imzalanıb.

Donorların 44 layihəsi var

İqtisadiyyat Nazirliyi ötən il boyunca 14 beynəlxalq maliyyə institutu ilə əməkdaşlıq çərçivəsində toplam məbləği 8 milyard 762 milyon ABŞ dolları dəyərində 44 layihənin icrasının davam etdirildiyini açıqlayıb. Bunların 7-nin icrasına ötən il başlanıb. Həmin layihələr üzrə cəlb olunan kreditin dəyəri 1,5 milyard dollara çatır.

Ekspert: «Sürətlə borclanma təhlükəlidir»

İqtisadçı Məhəmməd Talıblı Azərbaycan hökumətinin sürətlə borclanmasını təhlükəli sayır:

«Əvvəlki illərdə Azərbaycanın dövlət büdcəsinin xərclərində borcların qaytarılmasına ümumi xərclərin 0,5-3 faizi xərclənərdi. Bu ilsə borc ödəməyə 1,6 milyard manat – büdcə xərcləmələrində hər 10 manatdan 1 manatı sərf olunacaq».

Buna da bax:​ Doğrudanmı İlham Əliyev deyən kimi 'dünyada böhran var'? [video]

Ekspert manatın dollara nisbətdə dəyər itirməsini xarici borcların miqyasca artmasında ən təhlükəli amil sayır. Məhəmməd Talıblı DB başda olmaqla beynəlxalq maliyyə təşkilatlarını Azərbaycana verdikləri kreditlər üzərində vətəndaş cəmiyyəti təsisatlarının effektiv monitorinq işini təşkil etməməkdə qınayır. Onun fikrincə, bu amil ortaya şəffaflıqla bağlı problemlər çıxarır, şübhəli və riskyaradıcı məqamları gücləndirir.

XS
SM
MD
LG