Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:55

Deputat:araşdırmanı şərh edir: 'Bu o demək deyil ki, orda korrupsiya var'


OCCRP sənədlərində adı çəkilən sürücü Məhərrəm Əhmədovun evi
OCCRP sənədlərində adı çəkilən sürücü Məhərrəm Əhmədovun evi

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı yeni araşdırmasını açıqlayıb. Araşdırmada da deyilir ki, Azərbaycan hökuməti 2012 və 2014-cü illərdə 2,8 milyard dollar tranş edib. Bu pullardan Avropanın rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq və başqa məqsədlər üçün istifadə edilib.

AzadlıqRadiosu bununla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayevdən müsahibə götürüb. Deputat deyib:

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

– Birincisi, araşdırma haqda məlumatım yoxdur. İkincisi, belə bir şey yazılıbsa, başdan-ayağa cəfəngiyyatdır, belə bir şey ola bilməz. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti, onun inkişaf yolu əleyhinə atılan addımlardır, başqa bir şey deyil. Azərbaycan dinamik inkişaf yolundadır, Azərbaycan müxtəlif yollar axtarır ki, əhalisi daha da uğurlu həyat sürə bilsin, ərazi bütövlüyünü təmin etsin. Belə yazılar qərəzlidir. Müxtəlif dövlətlərin, onların xüsusi orqanlarının, müxtəlif qrupların əliylə mütəmadi Azərbaycan əleyhinə addımlar atılır. Bunun başında da erməni siyasəti, erməni lobbisinin imkanları dayanır. Çox mühüm əlaqələr hesabına Azərbaycana qarşı belə təhdidlər var. Qəti narazıyam. Belə şeyləri heç yaxın da buraxmıram. Azərbaycan öz yolu ilə gedir. Təəssüflər olsun ki, xarici düşmənlərlə yanaşı daxili düşmənlər yaranıb. Heç kim düşünmür ki, 1990-cı illərin əvvəlində biz bu problemləri yaşamışıq, Azərbaycanın başına gələnlər də nəyin hesabına olub.

Rövşən Rzayev
Rövşən Rzayev

– Rövşən bəy, siz araşdırma ilə tanış olmadığınızı desəniz də ordakı fikirləri birmənalı şəkildə rədd edirsiniz. Ancaq araşdırmada konkret şirkət adları, onların rəhbərlərinin adları çəkilir. Aparılan pul əməliyyatları haqda məlumatlar göstərilir.

– Göstərilir, var, istintaq da gedir. Bir var işin əsas hissəsi, bir də var yanında olan məsələlər. İşin kökünü qoyuruq kənarda, başlayırıq qıraqdan, filan şirkət belə edib-neyləyib. Kim neyləyib özü də getsin cavabını versin. Bu gün Azərbaycan dövlətinin iki problemi var – ərazi bütövlüyünü təmin etmək və xalqın gündəlik həyat tərzini yüksələn xətlə aparmaq. Dövlətdə, dövlətçilikdə başqa problem görmürəm. Bu cür təxribatçı əməlləri də, təbii ki, görürəm, izləyirəm. Buna da etirazımı bildirirəm.

Buna da bax:​ Əli Həsənov: "OCCRP kimi qurumların qərəzli mülahizələrdən ibarət materialları sifarişdir"

– Söhbət nüfuzlu bir jurnalist təşkilatının araşdırmasından gedir, ortada faktlar var, bankda sürücü işləyən bir adamın adına şirkət açılıb və ya...

– Mən sizi başa düşdüm. Bir sual da mən verim. “Human Rights Watch” da nüfuzlu təşkilatdır, onun hesabatlarında Dağlıq Qarabağdakı separatçı rejimi daha demokratik qurum kimi qəbul edirlər. Buna mövqeyiniz necədir? Mən bu qərəzli mövqeyi görürəmsə, ona qarşı hansı mövqedə dura bilərəm? Mən də istəyirəm ki, Azərbaycan uğurlu həyat sürsün, hər bir insan öz arzuları ilə uyğun həyat yaşasın. Mən də çox şey istəyirəm. Amma elə deyil, axı. Dövlət var, dövlətçilik var. Dövlət tək məni, sizi nəzarətdə saxlamır, o, hər şeyə cavabdehdir. Ona görə də dövlətin haqqında hər hansı xarici qurumun nəsə söyləməsi əsas ola bilməz. Bizdə olan problemlərin həllini isə yaxın zamanda görəcəyik.

– Rövşən bəy, dediniz ki, istintaq gedir. Söhbət son araşdırmadan gedir?

– Mətbuatda izləmişik ki, müxtəlif xarici dövlətlərin orqanları istintaq aparır. Nə bilim nəyi neynirlər. Azərbaycanın özündə prokurorluq yanında korrupsiya təşkilatı yaradılıb, ictimai təşkilat yaranıb, bu istiqamətdə mütəmadi işlər gedir. Amma eyni zamanda, bütün dünyada olduğu kimi, Azərbaycanda da mənfi hallar var, bunu heç kəs gizlətmir. Bunu hamımız bilirik. Hamımız da bunun uğrunda mübarizə aparırıq. Demək olmaz ki, Azərbaycan bütün məsələləri uğurla həll edib, amma iş gedir.

Buna da bax: Heydər Əliyev Fondunun Rumıniyadakı qaranlıq biznesi

– Siz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüsünüz. Jurnalist təşkilatının araşdırmasına görə, həmin pul köçürmələrindən həm də avropalı deputatları ələ almaq üçün istifadə olunub, onlara rüşvət, bahalı hədiyyələr verilib. AŞPA-dakı deputat kimi bu suçlamalarla bağlı siz nə deyə bilərsiniz?

– Mən AŞPA-da dəfələrlə çıxış etmişəm. Hər dəfə çıxışıma Fransadan olan deputatlar maneçilik törədiblər. O deputatların ya arvadı ermənidir, ya özünün nəyi ermənidir. Bu cür hallarla üzləşirik. Azərbaycan nümayəndə heyəti əlaqə qurursa, bu o demək deyil ki, orda korrupsiya halları var. Siz deyən məsələlərlə bağlı Italiyada araşdırmalar getdi, heç bir sübut da əldə olunmadı. Bunlar qərəzlidir, Azərbaycani zəiflətmək üçündür.

Rövşən Rzayev: "Birincisi, araşdırma haqda məlumatım yoxdur. İkincisi, belə bir şey yazılıbsa, başdan-ayağa cəfəngiyyatdır..."
Gözlə

No media source currently available

0:00 0:05:38 0:00
Direct-ə keçid

– Məsələ bundadır ki, Azərbaycan birinci dəfə deyil oxşar suçlamalarla üzləşir. Azərbaycan siyasi hakimiyyətinin ölkədəki insan haqları, siyasi azadlıqlarla bağlı müzakirələrdə sərt qərarlar qəbul edilməməsi üçün rüşvət verdiyi iddia olunur.

– Azərbaycan sizcə bunu nəyə görə getməlidir?

Buna da bax:​ Azərbaycanın 'qərbli siyasətçiləri necə satın alması' araşdırılıb

– Yəqin siyasi nüfuzunu qorumaqdan ötrü.

– Azərbaycanın imicinə nə olub ki? Azərbaycan etibarlı tərəfdaşdır, dünyaya açıq dövlətdir, dost dövlətləri var. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi üçün 150-dən çox dövlət ona dəstək verib. Ciddi məsələ bunlardır. Əli dedi, Vəli dedi, qeyri-ciddi məsələlərdir.

XS
SM
MD
LG