Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:48

Bank kartlarının problemi nə idi...


Bankomat
Bankomat

Yanvarın 6-da Azərbaycanda bankomatlardan, POS-terminallardan və bankların mobil tətbiqlərindən istifadə zamanı məhdudiyyətlər yaranıb. Çoxsaylı şikayətlərə görə, "Azərikard" prosessinq mərkəzində problem səbəbindən bir neçə saat heç bir əməliyyat həyata keçirmək mümkün olmayıb.

Ə.Həsənov
Ə.Həsənov

"Mərkəzi Bank yoxlamalar aparmalıdır"

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov AzadlıqRadiosuna bildirib ki, əvvəl də oxşar problemlə üzləşib: "Mənim istifadə etdiyim bank kartlarım "Azərikard"a bağlıdır. Keçən il noyabrın 29-da eyni problem yaranmışdı. Mən Azərbaycanda deyildim, POS-terminalla ödəniş etmək istəyəndə ödəniş edə bilmədim. Oradan zəng etdim banka, dedilər ki, ümumi problemdir…".

Ə.Həsənov problemlərin həm də ölkədə normal bazar iqtisadiyyatının olmadığından qaynaqlandığını düşünür. Onun fikrincə, Mərkəzi Bank yaranmış problemlə bağlı yoxlamalar aparmalıdır: "Ötən il "Ödəniş sistemləri haqqında" Qanun qəbul olunub. Həmin qanunda qeyd olunub ki, Mərkəzi Bank istehlakçıların hüquqlarının müdafiəsinə nəzarət edir. İndi Mərkəzi Bank araşdırmalıdır ki, nə üçün belə şeylər baş verir".

Bu deyilənlərə Mərkəzi Bankdan münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanlıların nəğd pul sevgisi...
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

"Sırf texniki səbəb üzündən baş verib"

"Azərikard" MMC-dən "Turan"a bildirilib ki, bank kartları ilə bağlı problem sırf texniki səbəb üzündən baş verib: "6 yanvar 2024-cü il, saat 16:23-də "Azərikard" Prosessinq Mərkəzinin infrastrukturunun təkmilləşdirilməsi məqsədilə UPS avadanlıqlarının planlaşdırılmış yenilənməsi zamanı... 1 saniyəyə qədər gözlənilməz gərginlik sıçrayışı baş verib. Bu da cihazların sönüb və yenidən işə düşməsinə səbəb olub".

Məlumata görə, nəticədə, saxlama (storage) cihazlarının qeyri-adekvat davranışı səbəbindən sistem bloklanıb və xidmətlərində məhdudiyyətlər yaranıb: "Elektrik və gərginlik problemi dərhal həll edilsə də, "storage" avadanlığını dərhal blokdan çıxarmaq mümkün olmayıb".

"Azərikard"dan vurğulanıb ki, əsas prioritet məlumat itkisinin qarşısını almaq olduğundan prosessinqin bərpasına başlamazdan əvvəl lazımi testlər aparılması mütləq idi: "Bu, nisbi gecikməyə səbəb oldu. Nəhayət, saat 23:13-də prosessinqin tam fəaliyyəti bərpa edildi".

V.Qasım
V.Qasım

"Ölkədə məsuliyyətsizlik…"

İnternet texnologiyaları (IT) üzrə mütəxəssis Vahid Qasım isə deyir ki, "Azərikard"da həm texniki problem, həm kiberhücum ola bilərdi: "Amma mən təxmin edirəm ki, bu, sadə bir texniki problemdir. Texnoloji aləmdə bütün hər şey avadanlıqdan, proqramdan ibarətdir. Adətən... hansısa resurslarda çatışmazlıq əmələ gəldiyi zaman proqram təminatında donma baş verə bilər. Bununla əlaqədar bəzən bir neçə dəqiqə, bəzən isə bir neçə saat texniki problem yaşana bilir".

Ekspert hesab edir ki, bu, kiçik sistemlər üçün normal haldır: "Amma ölkə miqyasında olan sistemlər üçün bu, təbii ki, normal hal deyil və əvvəlcədən bu halların olma ehtimalı nəzərə alınmalıdır. Ona görə ehtiyat modullar olmalıdır və birində problem yaşanırsa, dərhal digərinə keçilməlidir".

Ancaq V.Qasımın fikrincə, Azərbaycan bank kartı əməliyyatlarında problemlərə hazır deyil və bu, ölkədə məsuliyyətsizlik olduğuna görədir: "Məsuliyyətsizlik ondan ibarətdir ki, bizdə istehlakçıların hüquqlarının qorunması yoxdur. Başqa ölkədə belə hal olduqda hər hansı istehlakçı məhkəməyə müraciət edə bilər ki, bir neçə dəqiqə ərzində əməliyyat edə bilmədiyinə görə bir neçə milyon zərərə düşüb... Bizdə məhkəmə sistemi problemli olduğuna görə bunu heç kim edə bilmir və qurumlar heç bir məsuliyyəti boynuna götürmürlər".

XS
SM
MD
LG