Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:29

Su qiymətlərinin artırılması 'Azərsu'ya kömək etdimi?


2021-ci il fevralın 1-dən Azərbaycanda suyun qiyməti artırıldı. Tarif Şurası bir kubmetr su təchizatının tarifini əhali üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik olaraq müəyyən etdi. Tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik müəyyənləşdirildi. Bu, hər iki istiqamətdə qiymətlərin 100 faiz artırılması demək idi.

Tarif Şurası onda qeyd edirdi ki, qiymətlərin artırılması nəticəsində dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrılması dayandırılacaq və bu vəsaitin sərbəstləşməsinə imkan yaranacaq.

Tarif Şurası qiymət artımını su təminatının əhatə dairəsinin genişləndirilməsi, qurumun işçilərinin sosial müdafisəinin gücləndirilməsi, məhdud su resurslarından qənaətlə istifadə kimi arqumentlərlə əsaslandırırdı.

Tarif Şurasının hesablamasına görə, qiymət artımları hər abunəçinin aylıq xərclərini 5 manat artımalı idi. Bəs, qiymətlərin yüksəldilməsi Tarif Şurasının dediyi kimi, “Azərsu”nun dövlət büdcəsindən vəsait almasını dayandırmağa imkan veribmi?

Bir ildə 13 milyon manat subsidiya

Heç qiymət artımlarından sonra da “Azərsu” dövlətdən pul almağı dayandırmayıb. Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində deyilir ki, 2021-ci il ərzində dövlət büdcəsindən “Azərsu”ya 13 milyon manat subsidiya ödənilib. Yəni, qiymətlərin iki dəfə artırılmasına baxmayaraq, qurum dövlət büdcəsindən vəsait almaqda davam edib.

Xatırladaq ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir. Yəni, şirkət kifayət qədər çox sahədə və bütün əhali qrupları üçün xidmət göstərir. Bu səbəbdən, onun fəaliyyətinin səmərəli təşkilinin əhalinin keyfiyyətli xidmətlər almasında birbaşa rolu var.

"Azərsu"nun 7 milyard zərəri və bu yay da susuz qalan Bakı sakinləri
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Yarım milyardlıq zərər

Şirkətin maliyyə hesabatından aydın olur ki, “Azərsu”nun uyğun nəticələri bir o qədər ürəkaçan deyil. 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatına görə, dövlət şirkətinin illik xalis zərəri 552 milyon manatı ötüb.

Xatırladaq ki, 2020-ci ildə qurum cəmi 323 milyon manat zərər etmişdi. Yəni, bir il ərzində “Azərsu”nun zərərində 230 milyon manat artım qeydə alınıb. Ümumilikdə isə “Azərsu” ASC-nin yığılmış zərəri artıq 7 milyard 855 milyon manata çatıb.

Ötən il “Azərsu” suyun satışından 182 milyon 500 min manat gəlir əldə edib. Bu, bir il öncəylə müqayisədə 45 faiz artım deməkdir. Yəni, Tarif Şurasının qərarı “Azərsu”nun su satışından əldə etdiyi gəlirin 60 milyon manat artmasına gətirib çıxarıb. Qurumun kanalizasiya xidmətlərindən gəliri də ciddi artıb. Ötən il “Azərsu” kanalizasiya xidmətlərindən 70 milyon manat gəlir əldə edib. Bu, bir il ərzində 40 faizə yaxın artım deməkdir.

“Digər əməliyyat” xərcləri artır

“Azərsu”nun açıqladığı göstəricilər içərisində daha bir diqqət çəkəni odur ki, ötən il şirkətin göstərdiyi xidmətlərin dəyəri 40 faizdən çox artsa da, suyun maya dəyəri hətta iki faiz azalıb. Dövlət şirkətinin zərər etməsinin əsas səbəbi isə ötən il üzrə “digər əməliyyat” xərclərinin 2.6 dəfə artaraq 550 milyon manata, satış və paylanma xərclərinin isə 24.7 faiz artaraq 147 milyon manata yüksəlməsi olub. “Azərsu”nun inzibati xərcləri isə 30 faiz azalaraq 28 milyon 700 min manata enib.

Ötən il ölkədə su qiymətləri bahalaşsa da, yığım göstəricisi artıb. Belə ki, qurumun rəsmi açıqlamasına görə, 2021-ci ildə əhali istehlakçı qrupu üzrə yığım səviyyəsi 90.3 faizə bərabərdir. Yəni, əhali işlətdiyi suyun 90.3 faizinin ödənişini edib. Bu, 2020-ci illə müqayisədə 3 faiz artım deməkdir.

Yığım səviyyəsi Bakıda regionlara nəzərən daha yüksəkdir. Ötən il Bakı sakinləri arasında “Azərsu”nun yığım səviyyəsi 93.9 faiz olub. Regionlarda isə bu rəqəm 90.6 faizdir.

Bu qədər zərərə səbəb nədir?

Şirkət mətbuata açıqlamasında bu qədər böyük həcmdə zərərə uğramasını yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisilə əlaqələndirib.

“Azərsu” hesab edir ki, əsas investisiya layihələri başa çatdıqdan sonra şirkətin maliyyə vəziyyəti də yaxşılaşacaq.

Lakin müstəqil ekspertlər şirkətin fəaliyyətinin və maliyyə nəticələrinin səmərəsiz olmasını sadəcə böyük investisiya layihələri ilə əlaqələndirmirlər. Həm yerli müstəqil ekspertlər, həm də beynəlxalq qurumlar Azərbaycandakı dövlət şirkətlərində korporativ idarəetmə standartlarının mövcud olmamasını vurğulayırlar.

Bu standartlara ilk növbədə hesabatlılıq və şəffaflıq daxildir. Dövlət şirkətlərinin bir çoxunda müşahidə şuralarının fəaliyyət göstərməməsi, audit fəaliyyətinin səmərəsizliyi, maraq toqquşması kimi amillər bu qurumların effektiv fəaliyyətinə ən çox əngəl yaradan amillərdir. Çünki məhz bu amillərin nəticəsində korrupsiya və digər neqativ halların baş verməsinə zəmin yaradan idarəetmə mühiti formalaşır.

İqtisadçılar Azərbaycanda dövlət şirkətlərinin səmərəsiz fəaliyyətini həm də bazarda rəqabətin olmaması ilə əlaqələndirirlər. Bu baxımdan artıq uzun illərdir ki, dövlət şirkətlərinin özəlləşdirilməsi və ya idarəetməyə verilməsi məsələsi gündəmə gəlir.

XS
SM
MD
LG