Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:52

Zelenski Azovstaldan evakuasiyanı təsdiqlədi


53 nəfərin yaralı olduğu bildirilir.
53 nəfərin yaralı olduğu bildirilir.

Sözü gedən Ukrayna hərbçilərinin əsir olub-olmadıqlarına dair rəsmi məlumat yoxdur

Mariupolda Azovstal zavodunu Rusiya müdaxiləçilərindən qoruyan Ukrayna əsgərlərinin təxliyəsi başlanıb.

Bu barədə xəbəri yayan Reuters agentliyi təxliyə avtobuslarının fotolarını dərc edib.

Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da təsdiqləyib.

Xəbər verilir ki, ümumilikdə Azovstal zavodunu 264 Ukrayna hərbçisi tərk edib. Onlardan 53-nün yaralı olduğu bildirilir.

Reuters-in məlumatına görə yaralıları Novoazovsk şəhərinə gətiriblər. Bu şəhər Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətindədir.

Bundan əvvəl yaralıların Novoazovsk şəhərinə aparıldığı barədə Rusiyanın Müdafiə Nazirlıiyi xəbər vermişdi.

Xəbər verilir ki, qalan 211 hərbçi humanitar dəhlizlə Yelenovka şəhərinə aparılıb. Bu şəhər də separatçıların nəzarətindədir.

Sözü gedən Ukrayna hərbçilərinin əsir olub-olmadıqlarına dair rəsmi məlumat yoxdur.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib ki, bu hərbçilərin evlərinə qaytarılması üçün əsirlərin dəyişdirilməsi prosedurundan istifadə olunacaq.

Uktrayna prezidenti Volodimir Zelenski Mariupoldan təxliyəni şərh edib:

"Ukrayna hərbçilərinin – Ukrayna Silahlı Qüvvələrinin, kəşfiyyatın, habelə danışıqçılar qrupunun, Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin səyləri ilə ümid edirik ki, bizim uşaqların həyatını xilas etmək mümkün olacaq. Vurğulamaq istəyirəm: bizə Ukrayna qəhrəmanlarının sağ qalması lazımdır. Bu, bizim prinsipimizdir. Düşünürəm ki, bunu hər bir adekvat insan başa düşəcək”.

Bundan əvvəl mayın 16-da Ukraynanın Azov batalyonunun komandiri Denis Prokopenko dərc etdiyi videoda bildirirdi ki, “həyatlarının qorunub saxlanması üçün bütün Mariupol qarnizonu ali hərbi komandanlığın təsdiq etdiyi qərarı yerinə yetirir və Ukrayna xalqının dəstəyinə güvənir”.

Qərarın konkret olaraq nədən ibarət olması bildirilmir.

Azovstaldakı Ukrayna əsgərləri təxliyə edilir?

Rusiyanın Müdafiə Nazirliyi Ukraynada mühasirədə olan Mariupoldakı Azovstal zavodundan yaralı Ukrayna əsgərlərinin çıxarılmasına dair Kiyevlə razılaşma əldə olunduğunu bildirir.

Rusiya nazirliyi bildirir ki, orada artıq “sakitlik rejimi” elan edilib.

Yaralı Ukrayna əsgərlərinin Donetsk separatçılarının nəzarətində olan Novoazovsk şəhərinə gətirildiyi xəbər verilir.

Bundan əvvəl belə bir razılaşma əldə olunduğuna dair separatçı komandirlərdən Aleksandr Xodakovski xəbər vermişdi.

Ukrayna tərəfi Rusiyanın bu məlumatı barədə heç bir şərh verməyib.

Bundan əvvəl Kiyev Azovstaldakı Ukrayna hərbçilərinin təxliyə edilməsinə dair danışıqlar aparıldığını bildirmişdi.

Azovstal-da 600 yaralı döyüşçünün olduğu bildirilir

Ukraynanın Mariupol şəhərində Rusiya hərbçilərinin mühasirəsində olan Azovstal zavodunda 600-dək yaralı ukraynalı döyüşçü var. Bunu Ukrayna Milli Qvardiyasından Denis Şleqa milli telemarafonun efirində deyib.

Onun sözlərinə görə, yüzlərlə yaralıdan 40-nın vəziyyəti çox ağırdır. Şleqa deyib ki, dərmanlar və tibbi alətlər “çatışmazlığı var”. O, vəziyyətin mürəkkəb olduğunu söyləyib, AzadlıqRadiosu-nun Ukrayna xidməti yazır.

Narkozsuz amputasiya

Mayın 15-də bu informasiyani Azovstal-da müdafiə olunanların həyat yoldaşları da onlayn mətbuat konfransında təsdiqləyib. Yekaterina Prokopenko, Yuliya Fedosyuk, Anna NaumenkoDarya Tsikunovanın sözləriə görə, ərləri gün ərzində bir stəkan texniki su içir, çox az ərzaq ehtiyatları qalıb. Onlar zavodda xeyli sayda ağır yaralı döyüşçünün dərman çatışmazlığından öldüyünü, narkozsuz amputasiya olunduqlarını deyiblər.

Həyat yoldaşlarını xilas etməyə çağıran qadınlar Türkiyəyə getməyi, Prezident Receb Tayyib Ərdoğanla görüşərək ondan ərləri üçün kömək istəməyi planlaşdırırlar.

“Nastoyaşeye Vremya” telekanalı Azov alayı (Ukrayna Milli qvardiyasının tərkibinə daxil olan ifrat sağçı könüllü qrup) döyüşçüsü Dmitri Kozatski ilə əlaqə yaradıb. O da Azovstal-da 600-700 yaralı döyüşçüdən 40-50-nin “kritik ağır vəziyyətdə”, təcili evakuasiyaya ehtiyacı olduğunu vurğulayıb.

Zavodun ərazisində döyüş gedir

Kozatski döyüş əməliyyatlarının “Azovstal”ın ərazisində getdiyini qeyd edir. “Bütün bunları düşmənin ağır artilleriyası, tanklar və aviasiya dəstəkləyir. Döyüşçülərimiz düşmənin maksimum bütün hücumlarını dəf edir”, – Azov döyüşçüsü danışıb

Azovstal Mariupolda Ukrayna müdafiəçilərinin sonuncu istehkamına çevrilib. Şəhərin böyük hissəsi Rusiya hərbçilərinin nəzarətinə keçib. Azovstal-da ərazi müdafiə dəstələri və sərhəd döyüşçüləri müdafiə olunur.

Ukrayna bu döyüşçülərin evakuasiyasına, onların işğal bitənədək qala biləcəkləri üçüncü ölkəyə göndərilməsinə çalışır. Belə bir evakuasiya təklifi ilə Türkiyə çıxış edib. Rusiya isə döyüşçülərin əsir düşməsini tələb edib. Hazırda ağır yaralıların rusiyalı əsirlərlə dəyişdirilməsi üzrə danışıqlar gedir.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Qərb ona ağır sanksiyalar tətbiq edir.

XS
SM
MD
LG